12px14px16px18px

Aktyorun dostu və düşməni

12:35 / 01.02.2012  
Aktyorun bir neçə dostu və düşməni var. Onlardan biri də gözlərdi. Gözlər aktyorun həm dostu, həm də düşmənidir. Burada söhbət tamaşaçıların – kənardan baxanların gözlərindən getmir. Məhz aktyorun öz gözlərindən gedir. Boş yerə deməyiblər ki, gözlər qəlbin aynasıdır. Elə ağlın da, təfəkkürün də, bir sözlə – gözlər insanın (bizim üçün hal-hazırda araşdırma hədəfi olan aktyorun) daxili dünyasına bir cüt qapı, pəncərədir. Tamaşaçı aktyorun daxili dünyasına bax elə ordan baxır. Elə burdaca bütün məsələlər korlanır, ya da əksinə. Necə deyərlər, açılır sandıqlar, tökülür pambıqlar. Ol səbəbdəndir ki, bəzi aktyorlar gözlərini gizlətməyə çalışırlar. Çünki bir lətifədə deyildiyi kimi (hərçənd ki, bu lətifənin aktyorlara birbaşa aidiyyatı yoxdur) onların gözlərindən qafataslarının arxa tərəfləri görünür. Bəzilərində də başlarının içində səliqə ilə asılmış bir neçə kitab vərəqi buna mane olur. Amma elə ki tərəf-müqabili danışır, onun sözləri aktyorun bir qulağından girib o birindən külək kimi çıxanda, bu külək o səliqə ilə asılmış vərəqləri yellədir və yenə də gözəl bir mənzərə açılır – qafa tasının arxa tərəfi – içəridən. Aktyor var ki, onun gözlərində bu mənzərəni görmək üçün qalın bir cəngərlik keçmək lazımdır. Onun gözlərində nəinki bir-iki səliqə ilə asılmış vərəq, tərəf müqabilinin dediyi sözlərin analiz olması, tamaşanın rejissor yozumu, bütöv tamaşanın ali məqsədini, ana xəttini, hətta aktyorun yaratdığı obrazın həyatını başdan-başa görmək olar. Bax burda deyirsən ki, bu aktyor səhnədə nə etdiyini, rejissorun ondan nə istədiyini anlayır. Hələ bir qəbil aktyorlarda var ki, nə bundandı nə ondan. Səhərdən axşamacan ele hey oxuyur. Hərdən sual verirsən həmin hissəni sənə əzbərdən danışır – Stanislavski, Meyerhold, Vaxtanqov fərq etməz. Amma nə bəla ki, anlamır. İndi deyə bilmərəm bunlar birincilərdən yaxşıdı, yoxsa pis. Hərdən də düşünürəm ki, buna da şükür. Heç olmasa bunların nə vaxtsa anlamaq ümidi var. Nə isə mətləbdən çox uzaqlaşmayaq. Bir də baxırsan ki, aktyor sözləri çox gözəl səsləndirir, səsi teatrın binasından kənarda da eşidilir, hətta rəqs etməyi də var. Amma neyləyəsən ki, gözləri bomboş. Həddindən artıq şişirtmə olsa da deyəcəyəm ki, nişangahsız snayperə bənzəyir. Heç kimə lazım deyil. Çünki bu tip aktyorda elə həmin snayper kimi bəxtəbəxt atəş edir. Çünki hədəf almağa nişangahı (gözləri) yoxdu. Necə deyərlər, tutdu – qatıq, tutmadı – ayran. Əsl qiyamət o vaxt başlayır ki, bu haqqında danışdığımız “aktyor” səhnədə gözlərin mənalandırmaqla məşğul olsun. Özü də özünə inanmadan elə yalançı sifətlər alır ki, adamın yazığı gəlir. Başa düşmək istəmir ki, məsələ onun gözlərinin rəngində deyil, başının içindədir. Mən inanıram ki, həmən o sözü gedən “aktyor” heç də bizdən az əziyyət çəkmir. Zarafat deyil bütün tamaşa boyu o yalançı gözlərlə tamaşaçılara tərəf baxmalıdır. Əgər baxa bilirsə. Ya da ki, hansısa bir vasitə ilə həmişə gözlərini gizlətməlidir. Ya yerə baxmalıdır, ya da göyə. (Təbii ki, burada rejissorun yozumundan, obrazın daxili halından irəli gələn səbəblər istisna olunur) O ki, qaldı digər aktyora,onun işi lap asandır. Çünki o, səhnədə gözlərini oynatmaqla deyil, obrazının nümayişi ilə məşğuldur. Bu iki növ aktyor səhnədə bir oyunu xatırladır. Boş və dolu qutu. Təbii ki, rejissor da hamı kimi (deyəsən bir balaca mübaliğəyə yol verdim) dolu qutunu seçir (ya da seçməyə çalışır). Çünki hədiyyə (uğur) ordadır. Boş qutunu da seçənlər olur, qutunun zahiri gözəlliyinə görə. Ceyhun DADAŞOV aktyor


Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar