12px14px16px18px

“Kitablarımızın təkcə Güneydə deyil, bütün Azərbaycanda yayılmasına çalışırıq”

BİNAB ŞƏHƏRİNDƏKİ “İŞIQ” KİTAB EVİNİN NÜMAYƏNDƏSİ BƏHMƏN XALİQİ ƏDƏBİYYATIN VƏ KİTABIN TƏBLİĞİ NAMİNƏ DAVAMLI FƏALİYYƏT GÖSTƏRDİKLƏRİNİ DEYİR

13:10 / 30.07.2011
Güney Azərbaycandan olan yazar və naşir, oradakı “İşıq” kitab evinin təmsilçisi Bəhmən Xaliqi Binab şəhərində anadan olub. Ali təhsilini Güney Azərbaycanda başa vurduqdan sonra B.Xaliqi mətbuatda fəaliyyətə başlayıb. Bugünlərdə redaksiyamızın qonağı olan Xaliqi deyir ki, ədəbiyyat sahəsi ilə yaxından tanışlıq onu Binab şəhərində yerləşən “İşıq” kitab evinə gətirib. B.Xaliqinin sözlərinə görə, əməkdaşlıq etdiyi “İşıq” kitab evində 10 kitab artıq çapdan çıxıb, 70-dən artıq kitab isə artıq çapa tam hazırdır. Sadəcə həmin kitablar dövlət tərəfindən lisenziya verildikdən sonra çap olunacaq. Bu ölkənin qanunlarına görə, kitab yalnız dövlət tərəfindən verilən xüsusi lisenziyadan (mücəvviz) sonra çapa gedə bilər. İşıq üzü görən kitablar haqqında məlumat verən B.Xaliqinin dediyinə görə, bunlar Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, xalq yazıçısı Elçin Əfəndiyevin 6 cildlik “Ədəbi düşüncələr” kitabı, xalq şairi Söhrab Tahirin əsərləridir. Bununla yanaşı, kitab evi şairə Nuridə Atəşi, şair-tərcüməçi Rəşid Təhməzoğlu, gənc yazarlar Günel Mövludun, Sevinc Pərvanənin və Nərmin Kamalın da yaradıcılığına müraciət edib. Kitab evində hazırda “Yüz şair, yüz şeir” qəzəl antologiyası, Anarın “Dantenin yubileyi” əsəri, tənqidçi Aydın Talıbzadənin əsərləri çapa hazırlanır. Kitab evinin əməkdaşı dahi şairlər Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Xaqani Şirvaninin əsərlərinin bir məcmuədə artıq çap olunduğunu, növbəti məcmuənin də yaxınlarda işıq üzü görəcəyini deyib. Dünya ədəbiyyatına da müraciət olunduğunu söyləyən B.Xaliqi bildirib ki, kitab evində Orxan Pamukun əsərlərindən ibarət kitab da lisenziya verildikdən sonra işıq üzü görəcək.
“İşıq” kitab evinin fəaliyyətinin əsas məqsədlərini B.Xaliqi bu cür açıqlayıb: “Əsas məqsədimiz keyfiyyətli iş ortaya qoymaqdır. Kitabları nəfis tərtibatda hazırlayıb çap etmək asan iş deyil. Kitab çapa hazırlanan zaman biz hər xırda nüansın üzərində dayanır, götür- qoy edirik. Bir sözlə, gördüyümüz işin qüsursuz alınması üçün əlimizdən gələni edirik. Bundan başqa, kitab nəşri və poliqrafiya sahəsində əməkdaşlığımızı genişləndirmək qarşıda duran ən başlıca məqsədlərdəndir. Çünki biz kitablarımızın təkcə Güneydə deyil, bütün Azərbaycanda yayılmasına çalışırıq. Düzdür, istər kitab çapında, istərsə də poliqrafiyada müəyyən çətinliklərlə üzləşməmək mümkün deyil. Ancaq bütün çətinliklərə baxmayaraq, biz işimizi davam etdirir, çətinlikləri dəf etməyə çalışırıq”.
Azərbaycanda uşaq ədəbiyyatının zəif inkişaf etdiyini bildirən B.Xaliqinin dediyinə görə, bu sahəni daha da genişləndirmək, inkişaf etdirmək lazımdır: “Azərbaycanda uşaq ədəbiyyatı geniş inkişaf etmədiyindən biz “İşıq” kitab evi olaraq bu sahə üzrə iki kitab hazırlamışıq. Lisenziya verilməsini gözləyən daha bir neçə kitab da artıq çapa tam hazırdır. Həmin nağıllarda çox maraqlı rənglər və bədii formalar seçərək tarix və yarımtarixi rəvayətləri uşaqların yaş səviyyəsinə uyğun təsvir edir. Nağılların məziyyəti ondadır ki, müəllif nağıllar vasitəsilə yurdumuzun qədim dövrdə başına gələn tarixi hadisələr haqqında uşaqlara maraqlı bilgilər verir. Uşaqlar ulu keçmişini ilkin olaraq nağıllar vasitəsilə öyrənirlər. Ona görə də belə nağıllar uşaqların əqli inkişafına müsbət təsir göstərir. Fikrimcə, belə nağılların Azərbaycanda geniş şəkildə yayılmasına böyük ehtiyac var”. B.Xaliqi qeyd edib ki, uşaq ədəbiyyatı ümumən ədəbiyyatın ayrılmaz tərkib hissəsidir, bunu təcrid eləmək şərti işdir: “Uşaq ədəbiyyatının oxucularının zövqünü oxşayan rəsmlərin müəllifi Xanım Sələhşurdur”.
“İşıq” kitab evinin əməkdaşı Bəhram Sürgün haqqında söz açan B.Xaliqi bildirib ki, B.Sürgün çağdaş Azərbaycan ədəbiyyatının həm Güneydə, həm də Quzeydə maddi və mənəvi cəhətdən zənginləşməsi, yayılması üçün əhəmiyyətli işlər görür: “Bəhram Sürgünün ümdə amalı Azərbaycan ədəbiyyatının inkişafı, bu sahənin bütün dünyada təbliğidir”.
Dünya Azərbaycanlı Yazarlar Qurumunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney şöbəsinin rəhbəri Sayman Aruzun kitab evinin fəaliyyətindəki əhəmiyyətli rolundan danışan B.Xaliqinin sözlərinə görə, çap olunan kitabların böyük əksəriyyəti S.Aruzun sayəsində əldə olunur. Kitab evinin Binab şəhərində yerləşdiyini söyləyən nümayəndə Güney Azərbaycanda iyirmidən çox şəhərlə sıx əlaqənin olduğunu və çap olunan kitabların da həmin şəhərlərdə yayımlandığını deyib.
Hüsniyyə İSMƏTQIZI




Bu yazı ( 170 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar