12px14px16px18px

“ABŞ-ın Qəbələ RLS-dən istifadəyə dair heç bir planı yoxdur”

ABŞ-IN AZƏRBAYCANDA MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ ADAM STERLİNQ:“ABŞ BMT TƏHLÜKƏSİZLİK ŞURASININ ÜZVÜ KİMİ AZƏRBAYCANLA İRANA QARŞI SANKSİYALARIN TƏTBİQİ VƏ DİGƏR MƏSƏLƏLƏRLƏ BAĞLI MƏSLƏHƏTLƏŞMƏLƏR APARIR”

00:59 / 01.05.2012
ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Adam Sterlinqin APA-ya müsahibəsi

– Bu il Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi qeyd olunur. Azərbaycanın bu müddət ərzində əldə etdiyi nailiyyətləri necə dəyərləndirirsiniz?
– Bu suala cavab vermək üçün 20 il əvvəl Azərbaycan və ABŞ-ın harada olduğuna göz yetirmək daha faydalı olardı. Əvvəlcə, Azərbaycana baxaq. Ölkə öz müstəqilliyini çox mürəkkəb dövrdə bərpa edib. Diplomatik münasibətlər qurulduğu ilk dövrdən bəri ABŞ-ın əsas məqsədi Azərbaycana və onun güclü, çiçəklənən, suveren və müstəqil dövlət kimi inkişafına dəstək vermək olub. Başqa sözlə desək, ABŞ-ın əsas məqsədi, Azərbaycanın o dövrdə qarşısına qoyduğu məqsədlərlə üst-üstə düşürdü. Əgər biz Azərbaycana indi – 20 il keçdikdən sonra baxsaq, görərik ki, ölkəniz bu müddət ərzində güclü, çiçəklənən, suveren və müstəqil dövlət olmaq istiqamətində çox böyük məsafə qət edib. Ümidvaram və düşünürəm ki, Azərbaycanın bu inkişafında ABŞ-ın verdiyi dəstəyin də müəyyən rolu olub. Ümidvaram ki, azərbaycanlılar ABŞ-ın 20 il ərzində verdiyi bu dəstəyi təqdir edirlər. Bir neçə konkret məsələ var. Biz beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı son dərəcə uğurlu əməkdaşlıq etmişik. Azərbaycan və ABŞ əsgərləri Kosovo, İraq, indi isə Əfqanıstanda çiyin-çiyinə xidmət keçiblər. Azərbaycan Əfqanıstana yönəlik beynəlxalq səylərə böyük dəstək verir. Son 20 ildə Azərbaycanın iqtisadi uğurlarının fundamental əsaslarını təşkil edən Bakı-Tiflis-Ceyhan boru kəməri layihəsinin həyata keçirilməsinə dəstək mənim hökumətimin energetika sahəsində əməkdaşlıq siyasətinin əsas leymotivini təşkil edib. ABŞ Azərbaycanda iqtisadi və siyasi islahatlara dəstək istiqamətində işlər görüb. Biz bu 20 il ərzində ölkənizə çox saylı yardım göstərmişik və göstərməyə davam edirik. Ümumilikdə bu sahədə mənzərə çox pozitivdir.
– Bəs, Azərbaycanla ABŞ arasında münasibətlərin gələcək inkişaf prioritetləri hansılardır?
– Biz münasibətlərimizi daha da dərinləşdirmək və möhkəmləndirməkdə maraqlıyıq. Sözsüz ki, münasibətlərimizdə əsas prioritet beynəlxalq təhlükəsizlik məsələləri olacaq. Bu il bu, xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Beləliklə biz tərəfdaşıq və qlobal təhlükəsizlik məsələlərində bir-birimizlə məsləhətləşmələr aparırıq. İkincisi, mən mövcud iqtisadi gündəliyi xüsusi qeyd etmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycanın rəsmi şəxslərindən ibarət geniş tərkibli nümayəndə heyəti bir qədər əvvəl ABŞ-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının iclasına qatılmaq üçün Vaşinqtona səfər edib. Komissiyaya Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, ABŞ tərəfdən dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Robert Xormats sədrlik edib. İclasda iqtisadi məsələlərin geniş spektri müzakirə olunub. Qeyd etmək istəyirəm ki, müzakirə olunan məsələlər təkcə energetika sahəsində əməkdaşlıqla məhdudlaşmırdı. İqtisadi gündəlikdə üzərində işləməli olduğumuz çox sahə var. Əgər iki ölkə arasında ticarət münasibətlərinə nəzər salsaq görərik ki, son illər çox böyük ticarət sövdələşmələri həyata keçirilib. Azərbaycan Orbital Digital-dan rabitə peyki alıb. “AzAL” şirkəti bir neçə Boeing, o cümlədən iki yeni 777 Dreamliners təyyarəsi alıb. Bu iki alğı-satqı müqaviləsi Azərbaycan hökumətinin iki əsas prioritetinə uyğun gəlir və iqtisadiyyatın diversifikasiyasına uyğun sahələri-informasiya texnologiyaları və nəqliyyat sahəsini əhatə edir. Biz digər sahələrdə də Azərbaycan iqtisadiyyatının diversifikasiyasını dəstəkləyirik. Çünki buna Azərbaycanın inkişafını möhkəmləndirmək və energetika sahəsindən asılılığı aradan qaldırmaq vasitəsi kimi baxırıq. Biz diqqətimizi kənd təsərrüfatı sahəsinə cəmləşdirmişik və bu istiqamətdə işimizi davam etdiririk. İqtisadi gündəliyimiz çox zəngindir. Və əlbəttə, üçüncü əsas sahə kimi daxildə aparılan islahatlara, siyasi və iqtisadi islahatlara dəstəyi davam etdirəcəyik. Biz Azərbaycanda bu islahatlara yardım göstərmək üçün texniki yardım və siyasi dəstəyi davam etdiririk.
– Azərbaycanda insan hüquqları sahəsi hərdən beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur. Azərbaycanda demokratiya və insan hüquqları sahəsində tərəqqini necə dəyərləndirirsiniz?
– Siz ABŞ üçün əsas prioritetlərdən birini dəqiq ifadə etdiniz. Biz qəti şəkildə demokratik islahatları və insan hüquqlarının qorunmasını dəstəkləyirik. Bu, ABŞ hökumətinin mövqeyidir, çünki bilirik ki, beynəlxalq arenada ən güclü tərəfdaşlar – güclü demokratiyaya malik olan və insan hüquqlarına hörmətlə yanaşan ölkələrdir. Biz Azərbaycanla mümkün qədər güclü tərəfdaşlıq qurmaq istəyirik və buna görə də ölkənizdə bu sahədə islahatları dəstəkləyirik. Azərbaycan 20 il ərzində bu sahədə tərəqqiyə nail olub. Lakin görüləsi hələ çox iş var. Mənim hökumətim öz bəyanatlarında bizim narahatlığımızı açıq şəkildə ifadə edir. Son zamanlar jurnalistlərlə bağlı məsələlərə xüsusi diqqət ayrılıb. Biz Xədicə İsmayılova və İdrak Abbasov kimi jurnalistlərə təzyiqlərlə bağlı narahatlığımızı ifadə etmişik. Çox şadıq ki, Azərbaycanın rəsmi şəxsləri jurnalistlərə bu cür təzyiq halları ilə məşğul olmağın zəruriliyini etiraf edirlər və biz bu məsələlərlə bağlı ciddi təhqiqat aparmağa çağırırıq.
– “Cekson-Venik düzəlişi”nin və “907-ci düzəliş”in ləğvi perspektivləri necədir? Bu proses hazırda hansı mərhələdədir?
– “Cekson-Venik düzəlişi” sovet dövrünə aiddir və SSRİ-nin varisi olan ölkələrə şamil edilir. Hər şeydən əvvəl deməliyəm ki, bu düzəlişin Azərbaycana heç bir təsiri yoxdur, çünki ABŞ prezidentləri hər il bu düzəlişin müddəalarının tətbiqini təxirə salırlar. Adətən, ölkə Ümumdünya Ticarət Təşkilatına qəbul ərəfəsində olarkən, ABŞ Konqresi o ölkənin adını düzəlişin şamil edildiyi dövlətlər siyahısından çıxarır. Bunun üçün mütləq Konqresin razılığı lazımdır, ABŞ prezidenti bunu özbaşına edə bilməz. “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş” isə konkret olaraq Azərbaycana aiddir. 2001-ci ildən başlayaraq bu düzəlişin də tətbiqi hər il təxirə salınır. İki il əvvəl Bakıda səfərdə olan dövlət katibi Hillari Klinton “907-ci düzəliş”ə yenidən baxılmasına tərəfdar olduğunu bildirmişdi. Lakin bu, ABŞ qanunudur və onu ləğvini yalnız Konqres həyata keçirə bilər.
– ABŞ raket hücumundan müdafiə sahəsində əməkdaşlıq çərçivəsində Qəbələ RLS-dən Rusiya ilə birlikdə istifadə məsələsini nəzərdən keçirirmi?
– Prezident Obama, ondan əvvəl isə prezident Buş raket hücumundan müdafiə sahəsində Rusiya ilə əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər. Raket təhlükəsi həm Rusiya, həm ABŞ, həm Avropa ölkələrini təhdid edir, buna görə də buna qarşı birgə müdafiə olunmaq daha yaxşı olardı. Qəbələ RLS-in raket hücumundan müdafiə sahəsində istənilən əməkdaşlıqda müəyyən rol oynayıb-oynamaması məsələsi hazırda danışıqlar masasında deyil.
– Qəbələ RLS-in icarə müqaviləsinin uzadılması ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar uzanmaqdadır. ABŞ Qəbələ RLS-dən təktərəfli qaydada istifadə etməkdə maraqlıdırmı?
– Bu Azərbaycanla Rusiya arasında olan məsələdir. Bizim bu danışıqlarda nə marağımız, nə də rolumuz var.
– Bəs ABŞ Qəbələ RLS-dən təktərəfli qaydada istifadə etməkdə maraqlıdırmı?
– Hazırda belə planlarımız mövcud deyil.
– ABŞ-la Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq necə inkişaf edir? Yaxın zamanlarda birgə təlimlərin keçirilməsi planlaşdırılır?
– ABŞ-la Azərbaycan arasında hərbi sahədə əməkdaşlığa dair tədbirlər demək olar hər gün keçirilir. Səfirlikdə tam iş günü çalışan bir neçə zabit var, onlar mövcud hərbi əməkdaşlığı həyata keçirirlər. Yerlərdə əsgərlərlə təlimlər, konfranslar, treninqlər, dəyirmi masalar hər həftə keçirilir. Bununla da ölkələrimiz arasında hərbi sahədə yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Yerlərdə keçirilən təlimlərə gəldikdə, son zamanlar ABŞ-Azərbaycan ikitərəfli təlimlər formatının NATO üzvü olan ölkələrlə çoxtərəfli təlimlər formatına keçməsi tendensiyası müşahidə olunur. Məsələn, gələn ay Rumıniyada Azərbaycan, ABŞ və NATO üzvü olan digər ölkələrin iştirakı ilə birgə təlimlər keçiriləcək.
– Xəzərdə təhlükəsizlik infrastrukturunun yaradılması sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı necə həyata keçirilir?
– Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq aktiv şəkildə həyata keçirilir. Ölkələrimizin hökumətləri Xəzərin energetika infrastrukturunu təmin olunması istiqamətində çalışırlar. Ötən ilin oktyabrında energetika infrastrukturunun təhlükəsizliyinin təmin olunmasında maraqlı olan qurumların nümayəndələrindən ibarət heyət ABŞ-a səfər edib, ABŞ-ın öz energetika infrastrukturunu müxtəlif risklərdən necə müdafiə etdiyi ilə tanış olub. Azərbaycandan olan nümayəndə heyəti ABŞ Sahil Mühafizəsinin obyektlərinə, dəniz neft platformasına baş çəkib, iki il əvvəl Meksika körfəzində qəzanın nəticələrin aradan qaldırmış amerikalı mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Bununla da onlarda energetika infrastrukturunu necə müdafiə etmək və ölkəmizin bu məsələdə Azərbaycana necə kömək göstərə biləcəyi barədə təsəvvür formalaşıb. Hökumətlərimiz hazırda bu sahədə hansı proqramların həyata keçirilməsini müəyyənləşdirmək üzərində çalışırlar.
– ABŞ-ın Azərbaycanın hava məkanında istifadə edərək Əfqanıstana daşınan yüklərin miqdarını artırmaq niyyəti varmı?
– Azərbaycan Əfqanıstana tranzit yüklərin daşınmasında ABŞ və NATO-nun əla tərəfdaşıdır. ABŞ Nəqliyyat Komandanlığı və hərbçiləri Azərbaycanı tərəfdaş qismində yüksək qiymətləndirir. Biz Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıyıq. Yüklərin miqdarının artırılıb-artırılmayacağını demək hələlik tezdir, çünki yüklərin həcmi bir çox faktorlardan asılı olaraq dəyişir. Lakin ABŞ Azərbaycanla tranzit yükdaşımalar sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
– Hazırda bu istiqamətdə yalnız qeyri-hərbi yüklər daşınır, Azərbaycanla hərbi yüklərin tranzit daşınması ilə bağlı danışıqlar aparılırmı?
– Xeyr.
– İran probleminə toxunmaq istərdik. ABŞ İrana qarşı sanksiyaların tətbiqi ilə əlaqədar Azərbaycanla məsləhətləşmələr aparırmı?
– Hökumətlərimiz arasında İrana qarşı sanksiyaların tətbiqi ilə əlaqədar məsləhətləşmələr çoxdan keçirilir. ABŞ anlayır ki, Azərbaycan İranla həmsərhəd ölkə olduğuna görə xüsusi duruma malikdir. Və bu amillər müzakirə olunur. Azərbaycanla bu dialoq ölkənizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilə əlaqədar yeni xarakter alıb. İranın nüvə proqramı bütün beynəlxalq ictimaiyyətə meydan oxumaqdır. Təhlükəsizlik Şurası beynəlxalq təhlükəsizliyə qarantiya verən əsas orqandır. Bununla da BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal səviyyədə Azərbaycanın da üzərinə xüsusi məsuliyyət düşür. Biz əlbəttə ki, İranın təhdidlərinə veriləcək cavablar, tətbiq olunacaq sanksiyalarla bağlı BMT Təhlükəsizlik Şurasının digər üzvləri kimi Azərbaycanla da məsləhətləşmələr aparırıq.
– ABŞ-ın Azərbaycanda səfiri postuna yeni namizədin irəli sürülməsinə münasibətiniz necədir?
– ABŞ səfirliyi səfirin olmasının ABŞ-Azərbaycan münasibətlərində əhəmiyyətini qəbul edir. Bu səbəbdən prezident Obamanın aprelin 26-da Azərbaycana növbəti səfir kimi Riçard Morninqstarın namizədliyini irəli sürməsini alqışlayırıq. Lakin namizədlik prosesdə yalnız ilk addımdır. ABŞ Konstitusiyasına əsasən, Senat səfir vəzifəsinə olan namizədləri təsdiqləməlidir. Beləliklə, namizədlik barədə son qərarı Senat verəcək.
– ATƏT-in Minsk Qrupu həmsədrlərinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozulmasına ilə bağlı son bəyanatını necə şərh edərdiniz?
– Həmsədrlərin aprelin 27-də verdiyi bəyanatda münaqişənin danışıqlar yolu ilə sülh nizamlanmasının alternativinin olmadığı dəqiq şəkildə ifadə edilib. Biz bütün tərəfləri 1994-cü ildə imzalanmış atəşkəs haqqında razılaşmaya riayət etməyə və konfliktin eskalasiyasına gətirib çıxara biləcək cavab tədbirləri görməkdən çəkinməyə çağırırıq.



Bu yazı ( 146 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar