12px14px16px18px

Obama Azərbaycanda səfir vəzifəsinə namizədini irəli sürdü

ABŞ PREZİDENTİ KONQRESƏ AZƏRBAYCANDA SƏFİR VƏZİFƏSİNƏ DÖVLƏT DEPARTAMENTİNİN AVRASİYADA ENERJİ MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ RİÇARD MORNİNQSTARIN NAMİZƏDLİYİNİ TƏKLİF ETDİ

05:47 / 28.04.2012
ABŞ Prezidenti Barak Obama Konqresə Azərbaycanda səfir postuna Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın namizədliyini təklif edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza olub. Obamanın səfir təyin etdiyi Brayzanın namizədliyi Senat tərəfindən dəstəklənmədiyindən o, Azərbaycandakı missiyasını başa vurub.
“Media forum” saytı Barak Obamanın Azərbaycanda səfir vəzifəsinə Riçard Morninqstarın namizədliyini irəli sürməsinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun münasibətini öyrənib.
Əli Həsənov bildirib ki, Riçard Morninqstar Azərbaycanı, o cümlədən Cənubi Qafqazı və Xəzər hövzəsini yaxşı tanıyır: “Çünki bu regionlarda reallaşdırılan və həyata keçirilməsi planlaşdırılan energetika, transmilli nəqliyyat-kommunikasiya layihələri ilə bağlı keçirilən konfranslarda, tədbirlərdə ABŞ-ı həmişə Riçard Morninqstar təmsil edib. Hesab edirəm ki, bölgənin siyasi, iqtisadi, sosial durumu haqda onun informasiyası yetərincədir. O, ABŞ-ın Azərbaycandakı siyasətini, maraqlarını, enerji siyasətini, dünyanın buradakı enerji maraqlarını çox yaxşı bilən, kifayət qədər təcrübəli bir diplomatdır. Riçard Morninqstarın namizədliyinin irəli sürülməsi, təsdiqi ABŞ-ın daxili işidir, kimi istəsələr, həmin şəxsi də Azərbaycana səfir təyin edəcəklər. Səfir təyinatı Senatın təsdiqindən də keçməlidir. ABŞ-ın Bakıdakı səfiri vəzifəsinə Azərbaycanı, bölgəni yaxşı bilən diplomatın namizədliyinin irəli sürülməsini müsbət dəyərləndiririk. Təyinat olsa, onu yaxşı qarşılayacağıq”.
Rəsmi Bakının ABŞ-ın yeni səfirindən gözləntisinə gəlincə, Əli Həsənov deyib ki, xarici ölkələrin Azərbaycana təyin olunan səfirlərinə, diplomatik nümayəndəlik rəhbərlərinə ilk növbədə obyektiv olmağı arzulayırlar: “Onlar Azərbaycanı obyektiv dəyərləndirsinlər, öz ölkələrinə Azərbaycanla bağlı ən doğru, dürüst, tam təsdiqlənmiş informasiyalar versinlər, fəaliyyətləri dövründə öz dövlətləri ilə Azərbaycan arasındakı münasibətləri yaxşılaşdıracaq, inkişaf etdirəcək və hər iki tərəfin maraqlarına xidmət edəcək sahələrə daha çox diqqət yetirsinlər. Səfirlər iki ölkənin münasibətlərini pozan, bu münasibətləri mənfi istiqamətə yönəldən məsələlərlə məşğul olmamalıdırlar, belə hərəkətlərə yol verməməlidirlər. Açığını deyim ki, son zamanlar bəzi xarici ölkələrin diplomatik missiyalarının Azərbaycandakı fəaliyyətinə qiymət verməli oluruq. Bu da təəssüf doğurur. Çünki diplomatlar bəzən subyektiv mülahizələrin təsiri altına düşürlər və öz ölkələrinə Azərbaycan haqda ən yaxşı, obyektiv informasiyanı vermirlər, müsbət rəy formalaşdırmırlar. Ona görə də yeni səfirin ilk növbədə ABŞ-Azərbaycan arasındakı münasibətlərin sözün həqiqi mənasında tendensiyasını, prioritetlərini müəyyənləşdirib həyata keçirmək sahəsində öz bacarıq və qabiliyyətindən maksimum istifadə etməsini gözləyirik”.



Bu yazı ( 195 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar