12px14px16px18px

Sədrlik Ermənistandan Azərbaycana keçir

00:03 / 14.04.2012

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) bu ilin may ayında Ermənistanda keçiriləcək növbəti 39-cu zirvə toplantısında Dağlıq Qarabağla bağlı məsələ qaldırıla bilər. APA-nın məlumatına görə, bunu Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, QDİƏT PA-nın sədr müavini Asəf Hacıyev deyib. O bildirib ki, təşkilatın nizamnaməsinə uyğun olaraq hər 6 aydan bir sədrlik dəyişdirilir. QDİƏT PA-nın ötən ilin noyabrında keçirilən toplantısında sədrlik Albaniyadan Ermənistana keçib. Bu il mayın 24-26-da assambleyanın növbəti toplantısının Ermənistanda keçirilməsi nəzərdə tutulur. Bu zaman təşkilata sədrlik Ermənistandan Azərbaycana keçəcək. A. Hacıyev bu ilin noyabrında QDİƏT Baş Assambleyasının iclasının Bakıda keçiriləcəyini söyləyib: “Ermənistanda mayın 5-də parlament seçkiləri olacaq. Ermənistanda son seçkilərdə böyük problem yaşanıb, 10-a yaxın insan öldürülüb, 50-ə yaxın insan həbsxanaya salınıb. Bu seçkilərin nəticəsindən asılı olaraq assambleya toplantısının İrəvanda baş tutub-tutmayacağı bəlli olacaq. Əgər seçkilər yenə bu cür problemli olarsa, düşünmürəm ki, toplantı baş tutsun. Hələ bu tədbirə qatılmaq üçün dəvətnamə göndərilməyib. Nizamnaməyə uyğun olaraq bu təşkilatda münaqişələr müzakirə olunmur. Amma buna baxmayaraq, Azərbaycan nümayəndə heyəti hər iclasda Dağlıq Qarabağ məsələsinə toxunur. Təbii ki, bu iclasda da elə olacaq. İqtisadi inkişafa mane olan səbəblərdən biri də Dağlıq Qarabağ məsələsidir. Amma təəssüf ki, iqtisadi təşkilat olduğundan burada Dağlıq Qarabağ məsələsi ilə bağlı qərar qəbul oluna bilmir”.



Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar