12px14px16px18px

Çin və İran “qatil dövlətlər”in önündə gedirlər

08:19 / 29.03.2012
Ötən gün Beynəlxalq Əfv Təşkilatı 2011-ci ildə dünyadakı edam hökmləri ilə bağlı məlumat yayıb. Lent.az-ın “BBC”yə istinadən məlumatına görə, ölüm hökmləri ən çox Yaxın Şərq ölkələrində icra olunub. 676 nəfər rəsmi olaraq edam olunub, 18,5 min nəfər isə ölüm kameralarında hökmün icrasını gözləyir. Bu saya Çində edam olunmuşlar daxil deyil. Çünki rəsmi Pekin ölüm hökmü çıxarılmışların və edam olunmuşların siyahısını açıqlamır. Belarus, Vyetnam, Monqolustandakı rejim başçıları da edam etdiyi vətəndaşlarının sayını gizli saxlayır. Mənbə bildirib ki, dəyərləndirmələrə əsasən, Çin Xalq Respublikasında hər il bir neçə min vətəndaş edam olunur. Bu isə ölüm hökmü icra olunan dövlətlərdəki edamların cəmindən çoxdur. Təşkilatın baş katibi Salil Şetti “BBC”yə bu barədə deyib: “Ölüm hökmlərinin icra olunduğu 20 ölkə bizə məlumdur. Bu isə o deməkdir ki, 178 dövlətdə edam hökmü yoxdur”.
Ölüm hökmləri bu üsullar icra olunur – güllələnmə, asılma, zəhərli iynənin vurulması, elektrik stulunda oturulma, boyunun vuruluması. Məlumata əsasən, ötən il daşqalaq üsulu tətbiq olunmayıb. Qurumun hesabatına əsasən, 2011-ci ildə 676 nəfər (2010-cu ildə isə 527 nəfər) edam olunub. Yaxın Şərqdə edamların sayı bir dəfə yarım artıb.
Hesabatda bildirilib ki, son bir ildə İranda insan hüquqlarının pozulması geniş vüsət alıb, edamların sayı artıb. Məlumata əsasən, 2011-ci ildə İranda 360 nəfərin edam olunması barədə rəsmi məlumat yayılıb. Bundan başqa 247 nəfərin də gizli şəkildə zindanlarda edam olunması barədə etibarlı dəlil-sübutlar mövcuddur. Dünyanın bir çox ölkəsində edamların sayı azaldığı halda İranda edamların sayı artır. Ötən il İranda edam olunanların arasında 18 yaşına çatmamış 7 yeniyetmə olub. Onların 3-ü Tehranda, qalanları isə ölkənin başqa bölgələrində edam edilib. Hesabatda İran zindanlarında müttəhimlərdən etiraf almaq üçün onlara işgəncələr verildiyi də vurğulanıb. O da bildirilib ki, son bir ildə İranda edam olunanların üçdə ikisi narkotik maddələrin satışında və ya qaçaqmalçılığında təqsirli bilinənlərdir. Səudiyyə Ərəbistanında 82 nəfər (2010-cu ildə 55 nəfər), İraqda 68 nəfər edam edilib. Qurum hesabatında vurğulayıb ki, “ərəb baharı” Liviya, Suriya və Yəməndən məlumatların əldə edilməsində çətinlik yaradıb.
“Qatil – dövlətlər” arasında ilk yeri Çin və İran tutur, onlardan sonra Şimali Koreya, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Somali və təəssüf ki ABŞ gəlir” – deyə, Salil Şetti bildirib. 2011-ci ildə ABŞ-da 43 edam (2010-cu ildə 40 nəfər) hökmü icra olunub.





Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar