12px14px16px18px

“Müəyyən bir auditoriya hər zaman çap mediasını izləyəcək, qəzetlərə üstünlük verəcək”

“PARİTET” QƏZETİNİN BAŞ REDAKTORU CƏMALƏDDİN QULİYEV: “TƏLƏBƏLƏRİ VƏ GƏNCLƏRİ OXUCU KÜTLƏSİ OLARAQ QAZANMAQ ÜÇÜN ZƏRURİ İŞLƏR APARMALIYIQ”

00:56 / 18.05.2012
– İstərdik, qəzetinizin yaranması və fəaliyyəti haqqında qısa məlumat verəsiniz. – “Paritet” qəzeti 1999-cu ilin avqust ayında təsis olunub. İlk dövrlər həftədə iki dəfə, sonradan həftədə üç dəfə nəşr olunmağa başlamışıq. Tiraj göstəricilərində dəyişiklik olsa da, dövrilik olduğu kimi qalıb. Müstəqil ictimai-siyasi qəzet olaraq hadisələrə obyektiv yanaşmağa çalışırıq. Qəzetdə xəbərlər və araşdırmalar üstünlük təşkil edir. İctimai-siyasi qəzet olaraq bütün yaş və sosial təbəqədən olan oxuculara ünvanlanırıq, konkret yaş kateqoriyasına, sosial təbəqə deyil auditoriyamız. – Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun mətbuata ayırdığı qrantların və keçirdiyi layihələrin Azərbaycan mətbuatının inkişafındakı rolunu necə dəyərləndirirsiniz? “Paritet” qəzeti Fondun layihələrində necə iştirak edir? – 12 ilə yaxındır ki, bu qəzetdəyəm. KİVDF təsis olunmamışdan əvvəl də, biz mediayla, QHT-lərlə, Qarabağ problemi ilə, etnik icmalarla və diasporla bağlı daim rubrikalarımız vardı. İndi informasiya bolluğu olduğu üçün bu rubrikaları daimi verə bilmirik. Amma ən azından çalışırıq ki, həftədə bir dəfə də olsa bu yazılar qəzetdə işıq üzü görsün. Sadaladığım rubrikalar əvvəllər qəzetin daxili imkanları hesabına reallaşdırılırdı. Məhdud texniki imkanları və işçı potensialı ilə bu bir qədər çətin idi. Bu daha çox qəzetin tanıtımı və oxucu auditoriyasının genişləndirilməsi üçün nəzərdə tutulmuşdu. İndi isə KİVDF-nin konsepsiyası hazırlanarkən 19 istiqamətdə layihənin həyata keçirilməsi nəzərdə tutulub. On ildir ki bizim hazırladığımız layihələr də bu konsepsiyada öz əksini tapır. Hazırda disporla bağlı layihəni də KİVDF-nin maliyyəsi hesabına təşkil edirik. Bundan əvvəl fondun dəstəyi ilə regionların inkişafı, tolerantlıq və Qarabağ münaqişəsi ilə layihələr hazırlayırıq. Bütün bunlar mətbuatın inkişafı üçün çox böyük töhfədir. Məsələn bizim imkanımız yox idi ki, regonlarla və ya diaspor yazılarını hazırlamaq üçün hansısa səfərlərə gedək və ya araşdırmanın aparılması üçün əməkdaşımıza lazım olan maliyyəni ayıraq. Bu baxımdan fondun maliyyəsinin nəinki bizim qəzetin, bütövlükdə Azərbaycan mətbuatının inkişafına birbaşa təsiri var. Qoyulmuş tələblərə əsasən, yalnız o qəzetlər qrant müsabiqələrində iştirak edə bilərlər ki, yayılma məhdudiyyətləri olmasın, üzərində maliyyə sanksiyaları olmasın və Mətbuat Şurasının “qara siyahı”sına düşməsinlər. Bu özlüyündə məhz ciddi mətbuatın inkişafını dəstəkləmək üçün tətbiq olunan məhdudiyyətlərdir. Ən böyük stimul maddi stimuldur. Dövlət tərəfindən maddi stimul olmazsa ciddi layihələrdə iştirak etmək çətindir.90-cı illərin sonunda Azərbaycan mətbuatında “sarılaşma” tendensiyası başladı, eləcə ciddi qəzetlərin sonuncu səhifələrinə baxsaydınız, bu tendensiyanın şahidi olardınız. Bütün bunlar daha çox oxucu və reklam cəlb etmək üçün atılan normal addımlar idi. Amma keçid dövrünü yenicə başa vurmuş Azərbaycan cəmiyyətini qayğılandıran onlarca problem, Qarabağ kimi böyük problemi var. Dövlətin bu sahədə həyata keçirdiyi işlərin işıqlandırılması üçün ya yeni qəzetlər yaranmalı idi ya da mövcud nəşrlər həmin mövzulara yer ayırmaq şərtilə dəstəklənməli idi. Optimal variant kimi ikinci yola üstünlük verildi. Dövlətin mətbuatın inkişafında maraqlı olması əsas verdi ki, KİVDF yaransın. Mediada hansı sahələrin inkişafına daha çox ehtiyacın olduğu mətbuat nümayəndələrinin iştirakı ilə müzakirə edildi və sözügedən konsepsiya da belə kollektiv müzakirələrin nəticəsi olaraq meydan çıxdı. Məsələn, uşaq mətbuatının inkişafı dövlət dəstəyi olmadan mümkün deyil. Yaxud ümumrespublika nəşri iddiasında olan qəzetlər daha çox paytaxt xəbərlərinə üstünlük verirlər. Biz regionlarla bağlı layihəmiz zamanı monitorinq aparanda məlum oldu ki, qəzetlər regionlarla bağlı xəbəri o zaman verir ki, orda hansısa kriminal hadisə və ya təbii fəlakət olsun. Amma deyək ki, regionların turizm ehtiyatlarının təbliği üçün dövlət dəstəyinə ehtiyac var. – Sizcə, diaspor mətbuatı erməni təbliğatına qarşı bir vasitəyə çevrilə bilərmi? Sizin qəzetdə diasporla bağlı yazıların çoxluğunu nəzərə alaraq diaspora mətbuatının mənzərəsini necə qiymətləndirərdiniz? – Azərbaycan Prezidenti “Jurnalistlərin dostu” elan olunanda öz çıxışında qeyd etmişdi ki, artıq media da diplomatiyamız kimi müdafiədən hücuma keçməlidir. Ancaq bu təkcə diaspor mətbuatının görəcəyi iş deyil. Çünki diaspor mətbuatı adətən, sahəvi olur, daha çox Vətənlə diaspor arasında əlaqə qurmağa, diasporda yaşayanların vətəni, dilini, dinini, mədəniyyətini unutmamasına çalışır. Xaricdə Azərbaycan mediası daha çox saytlarla və kiçik nəşrlərlə təmsil olunur. Vaxtilə Almaniyada Nurəddin Qərəvi adlı cənublu soydaşımız öz şəxsi vəsaiti hesabına “Ana dili” adlı bülleten çap etdirirdi. Amma bunlar erməni təbliğatına qarşı mübarizə aparacaq gücdə deyillər, heç təyinatları da bu deyil. Sadəcə xaricdə yaşayan azərbaycanlıların öz dilini, tarixini unutmamasına xidmət edirlər. Prezident də çıxışında qeyd etmişdi ki, azərbaycanlilarin xarici KİV-də çıxışlarını artırmaq, onların xarici mediada çalışmalarını təşviq etmək lazımdır. Məsələn, Rusiyanın aparıcı nəşrlərində çoxlu azərbaycanlı çalışır.Onların fəaliyyəti daha çox təbliğata və mübarizəyə hesablanmalıdır, əsasən xarici media vasitəsiylə sözümüzü deməliyik. Hətta hansısa QHT elə bir layihə hazırlamışdı ki, xarici KİV-də çalışan həmvətənlərimizi virtual olara bir yerə yığsın. Yəni, bu istiqamətdə fəaliyyətimizi qurmalıyıq. – Azərbaycan çap mediasının ən vacib problemlərini nədə görürsüz? İnternet saytlarının inkişafı oxucu sayının azalmasını sürətləndirirmi? – Azərbaycan mətbuatında tirajın azalması ilk növbədə 2000-ci illərin əvvəlində latın əlifbasına keçidlə əlaqədar ortaya çıxdı. Müəyyən yaşdan olan oxucu kütləsi vardı ki, kirillə çap olunmuş çap mediasını oxuyurdu, amma latın şriftlərini oxumaqda çətinlik çəkirdi. Bundan əlavə dildə baş verən sürətli terminoloji dəyişikliklər zamanı oxucular nəzər alınmır. Heç kim müəyyən auditoriyaya ünvanlanmaq istəmir, ümumnəşr arzusundadır. Auditoriyanın düzgün müəyyənləşdirilməsi də vacibdir. Bütün bunlar oxucuların sayının azalmasına gətirib çıxardı. Bunun internetin inkişafıyla əlaqəsi yoxdur. Yeni yetişən oxucu kütləsini cəlb etmək üçün qəzetlərin heç bir xüsusi layihəsi yoxdur, gəncləri və tələbələri oxucu kütləsi olaraq qazanmaq üçün zəruri işlər aparmalıyıq. İnternet mediası mətbuatı bir qədər üstələsə də, heç zaman tamamilə əvəz edə bilməyəcək. Amma son dövrlərdə yenidən tiraj artımı müşahidə olunur. Elə adını çəkdiyimiz fondun layihələrinə qatılmaq üçün şərt kimi qoyulan tiraj göstəricisini 500 nüsxədən 2500 nüsxəydək yüksəldiməsi bunu sübutudur. Bədbinliyə qapılmağa ehtiyac yoxdur. Televiziya yarananda da kinonun, teatrın sıradan çıxacağını söyləyirdilər, halbuki teatrlara hələ də gedirlər. Müəyyən bir sabit auditoriya var ki, hər zaman çap mediasını izləyəcək, qəzetlərə, kağız kitablara üstünlük verəcək. – Mətbaut Şurasının səlahiyyətləri çərçivəsində reket qəzetlərlə mübarizə barədə nə düşünürsünüz? – Reket nəşrlər məhkəmə qərarlarına o qədər də reaksiya vermirlər, nəinki Mətbuat Şurasının qərarlarına. Mətbuat Şurasının qərarlarının effekti var ki, ona qarşı da çıxışlar meydana gəlir. Azərbaycanda reket qəzetlərin olması cəmiyyətin tam sağlam olmamasından irəli gəlir. Korrupsiya qarşı Mübarizə İdarəsinin açıqladığı faktlara baxın, digər sahələrdə də dələduzluq üstündə nə qədər həbs olunan var. Belə dələduzluq jurnalistikada da var. Cəmiyyət saflaşdıqca jurnalistika və digər sahələr də nizama düşəcək. Mətbuat Şurasının reket jurnalistlərə qarşı mübarizəsi yəqin ki daha güclənəcək. – Sizcə, “Evrovision” yarışması ilə bağlı ölkəmizə gələn jurnalistləri Azərbaycan mediasının inkişaf səviyyəsi qane edəcəkmi? – Ümid edirik ki, gələn jurnalistlər də, Azərbaycanda bu məsələlərə qarşı qərəzsiz yanaşacaqlar. Çünki Azərbaycan mediasının inkişafını və keçdiyi şərəfli yolu danmaq ədalətli olmaz. Cənubi Qafqazın ilk ingilisdilli resurslarından biri Azərbaycandadır, bu bölgənin ən böyük informasiya portalı Azərbaycanın payına düşür, informasiya agentliklərinin populyarlığı, “ATV İnternational”ın fəaliyyəti, İctimai Televiziyanın belə mötəbər yarışa təşkilatçılıq etməsi Azərbaycan mediasının inkişafının göstəricisidır, o başqa məsələdir ki, bu inkişaf bizim özümüzün arzu etdiyimiz səviyyəyə hələlik çatmayıb.
PƏRVİZ




Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar