12px14px16px18px

Jurnalistika IV hakimiyyət rolunda

Cahangir MƏMMƏDLİ
14:32 / 18.04.2012
I YAZI
Müasir dövrdə mətbuat, kütləvi informasiya vasitələri cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir. Bunlardan başlıcası hakimiyyətin fəaliyyətinə münasibətlə bağlıdır. Media bu fəaliyyəti daim nəzarətdə saxlamaqla, hakimiyyətin cəmiyyəti narazı sala biləcək bütün işlərini aşkarlamaqla insanların diqqətini bu nöqsanlara yönəldir. Jurnalistika öz tarixi inkişaf mərhələlərində hansı dövrdə, hansı ölkədə həqiqətə necə xidmət edib? – bu tarixi izləmək bizim inidiki mövzumuzun predmeti deyil. Lakin bir məqamı buradaca qeyd etməliyik ki, jurnalistika öz yaranışından həqiqətə xidməti qarşısına məqsəd qoyub. Tirajlanan sözün məsuliyyəti böyükdür: sözü deyən üçün də, haqqında söz deyilən üçün də. Söz azadlığına hakimiyyətin hücum və təzyiqlər tarixi sözün tirajlanması prosesindən sonra daha ciddi, müntəzəm, təşkilati xarakter almışdır. Çünki tirajlanma aşkarlıq deməkdir, aşkarlıq isə hakim dairələrə sərf etməyən keyfiyyətdir. Jurnalistika özünün mahiyyətində sosial məsuliyyət keyfiyyətini saxlayır. Sosial məsuliyyət mahiyyəti, beləliklə, yalnız jurnalistin deyil, bütövlükdə jurnalistikanın missiyasındadır. Hətta burada missiya epitetini messiya ilə də əvəzləmək olar: messiya – xristian təliminə görə haçansa göydən enib “allah səltənəti” yaradacaq mistik xilaskarı nəzərdə tutur. Əlbəttə, mübaliğə çox böyük görünə bilər. Lakin jurnalistikanın tarixi inkişaf yolunda, onun söz azadlığı, aşkarlamaq uğrunda apardığı mübarizə anları KİV-in messiyaçı missiyası barədə də düşünməyə əsas verir. Doğrudan da, əgər jurnalistikanın demokratiya dəyərlərinin formalaşmasında ən ciddi rolu olan ictimai institut kimi qəbul edilməsi heç kimdə şübhə doğurmursa və əgər demokratik dəyərlərin formalaşması və cəmiyyətdə maneəsiz işləməsi misilsiz bir keyfiyyət kimi qiymətləndirilirsə, onda jurnalistikanın messiya xidmətini də inkar etmək çətindir. Jurnalistikaya bu keyfiyyət hardan gəlir? Bizcə, ilk növbədə onun cəmiyyət qarşısında götürdüyü öhdəliklərdən. Rus tənqidçisi V.Belinski jurnalı kafedraya bənzədirdi. Bu bənzətmədə kafedranın dini təlimlərdə istifadə edilən nəsihət kürsüsü anlayışı nəzərdə tutulur. Bizcə, bütövlükdə jurnalistikanı kafedraya bənzətmək olar. Çünki jurnalistika fərdləri deyil, kütləni, cəmiyyəti kamilliyə çağırır. Yaranışından sözü sərbəst, azad ifadə etmək hüququ uğrunda hakim dairələrlə ölüm-dirim mübarizəsinə girən jurnalistika, əslində, cəmiyyəti, onun üzvlərini, onu idarə edənləri kamil görmək arzusunun gerçəkləşməsini istəmişdir. Əlbəttə, eyni arzu, eyni istək, bütövlükdə sənətin,xüsusilə bədii sənətin mahiyyətinə də daxildir. Bədii söz sənətinin böyük korifeyləri cəmiyyətin kamilləşməsi yolunda min bir zillət çəkmişdir. Böyük Nizaminin yaradıcılıq kredosunu təşkil edən ədalətli şah, qadının ictimai həyatda fəal yeri, əməkçi insanı qiymətləndirmək istəyi kimi üç ciddi keyfiyyətin üçü də cəmiyyətin kamilləşməsinə xidmət edir. Şairin “Nuşirəvan və bayquşların söhbəti”, “Zalım padşahla zahidin dastanı”, “Sultan Səncər və qarı” kimi əsərlərini şeirlə yazılmış aktual publistikanın bu gün də təsir edən, bu gün də tərbiyələndirən nümunəsi kimi qiymətləndirmək olar. Amma bir məsələ də var: sənət əsərinin tirajı heç vaxt jurnalistikanın tirajı qədər olmur. Bəlkə də bir anlayış kimi izahında jurnalistikanın tirajlanma keyfiyyəti xüsusi qeyd edilməlidir. Bədii söz sənətinin məhdud oxucusu olduğu halda, ümumiyyətlə bədii sənət əsəri fərdi təsirə malik olduğu halda, jurnalistika kütləvi təsir göstərir. Jurnalist yaradıcılığının ötürücüsü olan obyektlərə heç də nahaqdan kütləvi informasiya vasitələri adı verilmir. “Bütün olanlara baxmayaraq indiki vaxtda mətbuat, ictimai rəyin formalaşmasında ən ciddi təsir gücü olan bir qurumdur. Ancaq mətbuat ictimai rəyi əks etdirdiyi qədər, onu formalandırma meyli də daşımaqdadır” (Atilla Girgin. Qazeteçiligin Temel İlkeleri. İstanbul, “Der” yayınları, 2008). Buradan belə bir nəticə çıxır ki, “mətbuatın ictimai vəzifəsi, xəbər vermək, məlumatlandırmaq, öyrətmək, nəzarət etmək, tənqid etmək, əyləndirmək, beləliklə, ictimai rəyin formalaşmasında iştirak etmək və yaranan bu ictimai rəyi açıqlamaq formasında müəyyən edilə bilər. Deməli, jurnalistikanın, kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri çox güclüdür və geniş radiusu təşkil edir. Belə bir möhtəşəm gücə malik ictimai, kütləvi institut ictimai həyatın kamilləşməsi üçün öz üzərinə öhdəliklər götürür. Bu öhdəliklərdən biri və başlıcası onun nöqsanları aşkar etmək və göstərmək işi ilə bağlıdır. Jurnalistikanın “dördüncü hakimiyyət” rolunda çıxış etməsi bu vəzifədən irəli gəlir. Nəzəriyyəçilərin gəldiyi nəticəyə görə kütləvi informasiya vasitələrinin əsas məqsədi bilgiləndirmək, əyləndirmək, başlıcası isə həqiqəti tapmağa kömək etmək, hakim dairələrin fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Jurnalistika cəmiyyətin qanunvericilik, icra və məhkəmə sistemi olan üç böyük institutundan sonra “dördüncü hakimiyyət” kimi qiymətləndirilir. Çünki KİV qeyd etdiyimiz hakimiyyət strukturlarının da işinə nəzarəti öz üzərinə götürmüşdür. Bu, qədimdən günümüzədək belədir. KİV informasiya verib aşkarlamaqla nəzarət edir. “İctimaiyyətin nəzarətində nə qədər çox informasiya olsa, cəmiyyət bir o qədər açıq və aşkar olar”. Bu informasiyanı almaq işində “cəmiyyət üzvünün ən çox ümid bəslədiyi şey – peşəkar kütləvi informasiya vasitələridir ki, hər yerə baş vura bilir, gündəlik informasiya axınını “ələkdən keçirib”, ictimai maraq kəsb edən xəbərləri seçir və yığcam, təmiz, məsuliyyətlə ona çatdırır” (Ümumdövlət davranış etikası sistemləri. Bakı, 2000) . Bunun üçün mətbuatın azadlığı ilkin şərtdir. Azad mətbuat müstəqil məhkəmə hakimiyyəti ilə eyni səviyyədə dayanır. Mətbuatın azadlıq dərəcəsi onun dövlət məmurlarının fəaliyyətinə nəzarət etməklə, xalqın mənafeyinin qoruyucusu funksiyasını necə yerinə yetirməsi ilə ölçülür. “IV hakimiyyət” funksiyasını qazanmaq üçün KİV ilk növbədə cəmiyyətin etibarını qazanmalıdır. Cəmiyyətin etibarını qazanmaq üçünsə jurnalistlər səylə işləməlidirlər. Cəmiyyətin etibarını qazanmaq üçün onlar hər gün öz obyektivliyini, müstəqilliyini və peşəkarlığını, nümayiş etdirməlidirlər. Yalnız belə halda dördüncü hakimiyyətə çevrilmək mümkündür. Jurnalistikaya “dördüncü hakimiyyət” anlayışını ilk dəfə ingilis filosofu və publisisti Edmund Berk (1729-1797) gətirmişdir. Özü çox səs-küy salmış pamfletlər müəllifi olan E.Berk hələ 1776-cı ildə işlətdiyi bu ifadə ilə jurnalistikanın hakimiyyətə, hakim dairələrin fəaliyyətinə nəzarət funksiyasını nəzərdə tuturdu. Mahiyyətindən də göründüyü kimi, jurnalistika bu epiteti rəsmi qaydada deyil, öz üzərinə götürdüyü öhdəliklə qazanıb. Ona görə də jurnalistikanın müasir nəzəri problemlərinin tanınmış araşdırıcılarından olan Y.Proxorov belə bir fikrində haqlıdır ki, “jurnalistikanın “dördüncü hakimiyyət” təsəvvürü elmi anlayışdan çox obrazlı ifadə kimi qəbul edilir. Lakin anlayış artıq elmi-nəzəri ədəbiyyatda da görünməyə başlayır və jurnalistikanın ictimai həyatda getdikcə artan rolu bu obrazlı ifadəni reallığa çevirməkdədir. Qeyd edək ki, jurnalistikanın “dördüncü hakimiyyət” rolu onu özündən əvvəlki üç hakimiyyət strukturuna təbii olaraq müxalif vəziyyətinə gətirib çıxarır. Təsadüfi deyil ki, ciddi politoloji fikir belə bir həqiqəti təsdiqləyir ki, demokratik cəmiyyətdə mətbuat həmişə hakimiyyətin opponentidir. Hətta, “son zamanlar kütləviləşən fikirlərə görə ABŞ mətbuatı hakimiyyətə qarşıdır və bu da çox təbii bir haldır. Hətta, belə münasibətləri normal və sağlam adlandıranlar da az deyil. Ən çox bu fikirləri yürüdən jurnalistlərin özləridir” (Media və hakimiyyət. “RUH” Jurnalistləri Müdafiə Komitəsinin nəşri. Bakı, 2002) Lakin jurnalistlər heç də öz mənafeləri üçün deyil, cəmiyyətin mənafeyi naminə hakimiyyətə oponent rolunu öz üzərlərinə götürməli olurlar. Dünyanın ən demokratik ölkələrində də adətən məmurlar jurnalistləri sevmirlər. ABŞ-da tədqiqat aparan həmkarlarımızdan biri səfərdən qayıdandan sonra yazır: “Amerikalı həmkarlarım deyirlər ki, rəsmilər jurnalistləri sevməyə bilər, amma onlar bilir ki, əvvəl-axır bizimlə işləyəcəklər” (Könül Xəlilova. Amerikada dövlət rəsmiləri ilə jurnalistlər arasında münasibətlər necə qurulub?. “525-ci qəzet”, 11 yanvar 2003). Jurnalist-tədqiqatçı daha sonra yazır: “Fakt haqqında həqiqəti söyləmək bütün cəmiyyətlərdə olduğu kimi, demokratik ABŞ-da da hər zaman mümkün olmur, daha dəqiq desək, sərf etmir. Kimə? Əlbəttə ilkin olaraq həmin fakta dair informasiyaya sahib olan rəsmiyə...” “Amerikada da rəsmilər hərdən informasiya verərkən adlarının gizli saxlanmasını istəyirlər”. Çünki hakimiyyət heç vaxt aşkarlanmanı sonadək sevmir. Jurnalistikanı “IV hakimiyyət” kimi qiymətləndirənlər onun hakimiyyət üzərində nəzarətini, hakimiyyətə qarşı skeptik (onun işinə şübhə ilə yanaşmaq), tənqidi münasibətini, hətta provokator rolunu nəzərdə tuturlar. Demokratik cəmiyyətdə jurnalistikanın əsas vəzifələrindən biri də adətən öz işi ilə bağlı informasiyanı gizləməyə cəhd göstərən hakimiyyəti daim kütlənin nəzarətində saxlamaqdır. Demokratik cəmiyyətin əsas prinsiplərindən biri budur ki, hakimiyyət daim nəzarət altında olmalıdır. Jurnalistika ona görə hakimiyyətə oponent mövqedə dayanır ki, o, həmin hakimiyyətiin fəaliyyəti barədə geniş ictimaiyyətin fikir tribunası rolunu oynayır. Jurnalistikanın qeyd etdiyimiz “dördüncü hakimiyyət” rolu nəzarətin bu tipini nəzərdə tutur. KİV-in “dördüncü hakimiyyət” missiyası ictimai fikirdə son vaxtlar elə möhkəmlənməyə başlamışdır ki, hətta 1996-cı ildən Rusiyada “Çetvertaya vlast” adlı jurnal da nəşr olunur. Professor Y.P.Proxorovun da qeyd etdiyi kimi, elə bu jurnalın ilk nömrəsindəcə jurnalist və sosioloq L.Varustinin “Dördüncü qol: dövlətçilik ağacında mətbuatın yeri” məqaləsi dərc olunmuşdur. Deməli, jurnalistikanın “dördüncü hakimiyyət” rolu barədə yayılan obrazlı – publisistik fikir nəzəri əsaslar qazanmaq yolundadır. Əslində, hakimiyyət dövlət institutlarından ibarətdir. Yuxarıda qeyd olunan üç əsas hakimiyyət institutu – qanunvericilik, icra, məhkəmə – demokratik dövlətin atributlarıdır. Bu hakimiyyət strukturlarının hər birinin rəsmi dövlət statusu var. “Dördüncü hakimiyyət” kimi xarakterizə edilən jurnalistikanın isə belə rəsmi statusu yoxdur. Onun “rəsmi statusu” ictimai rəy yarada bilmək və məhz ictimai rəy vasitəsilə nəzarət edə bilmək keyfiyyətindədir. Sivilizasiyanın yeni inkişafı cəmiyyətin, dövlətin, dünyanın idarə olunmasında informasiyanın rolunu qabartmaqdadır. İnformasiya isə birbaşa jurnalistika ilə bağlıdır. Cəmiyyətin idarə olunmasında heç də hər cür informasiya deyil, daha çox geniş auditoriyaya çatan informasiya rol oynayır. Bu qeyri-rəsmi hakimiyyət çox zaman cəmiyyətə rəsmi statuslu hakimiyyət qollarından daha artıq təsir göstərir. Məsələnin Azərbaycan təcrübəsinə diqqət edək. 1999-cu ildə Azərbaycan Milli Məclisi – yəni bizim indi haqqında bəhs etdiyimiz hakimiyyət qollarından biri – KİV haqqında Qanun layihəsini müzakirə edirdi. Layihənin müzakirəsi zamanı millət vəkillərindən daha artıq bir qüvvə ilə mətbuat və televiziyada bu qanunun təkmilliyinə cəhd göstərdi. Hətta bu cəhdlər Qanunun qəbul olunmasından sonra da davam etdi və nəticədə Milli Məclis KİV haqqında Qanuna bəzi düzəlişləri yenidən müzakirəyə çıxarmalı oldu. Daha bir misal: 1990-cı illərin ortalarında Azərbaycan Respublikası Nazirlər Kabinetində topdansatış ticarətlə bağlı vergilərin artırılmasını nəzərdə tutan qərar hazırlandığı barədə özəl telekanallardan biri informasiya proqramında məlumat yaydı. Birinci informasiyada baş idarədən heç bir reaksiya gəlmədi. İstehlakçıların ziyanına ola biləcək bu qərarın hazırlanması barədə etibarlı nyus-meykerdən aldığı məlumatı həmin özəl telekanal həftəboyu informasiya proqramlarında bir neçə dəfə təkrar etdi. Nəhayət, Nazirlər Kabineti sədrinin müavini efirdə görünməyə məcbur oldu və belə bir qərarın istehlakçıya daha çox zərər vuracağını etiraf edərək bu barədə müzakirələrin dayandırıldığını bildirdi. 2011-ci ilin lap ilk günlərində ölkədə benzinin qiymətinin qaldırıla biləcəyi ətrafında şayələrin baş alıb getdiyi zaman Azərbaycan mediası dövlət strukturlarının bu sahədə fikirlərini – yəni benzinin qiymətinin qaldırılmayacağı barədə qəti sözlərini gündəmə çıxartdı və əlbəttə, əgər hakimiyyətin belə bir fikri vardısa da medianın təpkilərilə ondan imtina etməli oldu. Dünya praktikasında və eləcə də Azərbaycanda məhkəmə işlərinin, məhkəmə qərarlarının jurnalistikanın cəhdi ilə korrektə olunması faktları da çoxdur. Jurnalistika dövlətin bir çox sahələrdə idarə fəaliyyətinə müdaxilə edir. Habelə, jurnalistika cəmiyyətin bütün digər qeyri-dövlət strukturlarının da işinə müdaxiləsi ilə seçilir. Bəs jurnalistikaya bu hakimiyyəti, bu “səlahiyyəti” kim verir? Jurnalistikanı cəmiyyətin, onun hər bir üzvünün azad tribunası hesab etsək, onun bütün mahiyyətində belə bir keyfiyyət aydınlaşır: Kütləvi informasiya vasitələri mahiyyətcə xalq jurnalistikasıdır. “Deməli, onun əsas işi xalqın iradəsini və xalqın hakimiyyətini gerçəkləşdirməkdir. Təsadüfi deyil ki, son əlli ildə jurnalistikada “ictimai maraq” və onun təmin edilməsi ilk sırada durmaqdadır. Beynəlxalq jurnalistika nəzəriyyəsində “xalqa söykənən jurnalistika” daha yüksək qiymətləndirilir. Belə jurnalistika xalqı ayırmaq deyil, onu birləşdirən materiallar dərc edir, jurnalistə deyil, jurnalistin düşündüyünü deyil, cəmiyyətə lazım olan materialları ona təqdim edir. Beləliklə, jurnalistika xalq hakimiyyətini təmsil edir. A.Tokvil hələ yüz əlli il əvvəl demişdi ki, “xalqdan sonra birinci hakimiyyət mətbuatdır”. Ancaq, yenə də qeyd etmək lazım gələcəkdir ki, əvvəlki üç hakimiyyət seçki yolu ilə legitim olduğu halda KİV bu legitimliyə malik deyil. Lakin əgər dövlət demokratik dəyərlərə malikdirsə, xalq hakimiyyətinin təmsilçisi olan jurnalistikanı çox geniş və imkanlı fəaliyyət hüquqları ilə təmin etməlidir. Azərbaycan dövləti və onun demokratik qarantı olan Prezident İlham Əliyev mili mətbuatımızın 130 illik yubileyindəki çıxışında medianın hakimiyyətə nəzarət funksiyasını nəzərdə tutaraq dövlət strukturlarının rəhbərlərini jurnalistlərin hər cür tənqidinə, keçid dövründə azad mətbuatın formalaşması naminə, hətta onların təhqirlərinə də dözməyə çağırmışdı. Bu, dövlətin mətbuat azadlığına verdiyi sonsuz önəm kimi qiymətlidir. Və demək olar ki, bütün demokratik dövlətlər KİV haqqında qanunun prinsipləri ilə bu öhdəliyi yerinə yetirirlər. Bu qanun elə bir fəaliyyət mexanizminə malik olur ki, jurnalistika dövlətin üç legitim hakimiyyət strukturalrının işinə xalqın, ictimaiyyətin nəzarəti rolunu oynaya bilir. Jurnalistikanın “dördüncü hakimiyyət” mahiyyəti də buradan doğur. Y. Proxorov haqlı olaraq jurnalistikanın çox geniş dövlət, hakimiyyət işlərinə “müdaxiləsini” hərtərəfli “monitorinq” adlandırır. Xalqın bilmək hüququnu məhz jurnalistika təmin edir. Buradan isə jurnalistikanın hakimiyyətin opponenti rolu meydana çıxır. Belədə jurnalist özü ictimai ekspert vəzifəsini yerinə yetirir. Hakimiyyətə müdaxiləsi ilə jurnalistika həm də ictimai məsləhətçi rolunu ifa edir. Jurnalist həkim kimi əlini həyatın nəbzi üstündə saxlayır, öz diaqnozunu qoyur, cəmiyyət “orqanlarının müalicəsinin” strategiya və taktikasını təklif edir, ictimai sağlamlığın qorunmasının yollarını göstərir. Bütün bunlara nə dərəcədə əhəmiyyət verilməsi isə diaqnozun, təkliflərin, mülahizələrin inandırıcılığından çox asılıdır. Jurnalistika habelə müxtəlif spektrli fikirlərin tribunasıdır. Müxtəlif fikirlilik, plüralizm demokratik cəmiyyətin aparıcı atributudur. Plüralizm olan yerdə avtoritar hakimiyyətin arzuları bitir, totalitarlıq sona yetir. Bütün bunları isə KİV yerinə yetirməyə qadırdir. Xalqın bilmək hüququnu təmin edən jurnalistika onun öz fikrini ifadə etmək hüququnu da möhtəşəm tribuna kimi təmin edir. Xalqın öz fikrini ifadə etmək hüququ onun eşidilməsi hüququ ilə yekunlaşır. KİV bunu da öz öhdəsinə götürür: eşitmək istəməyənləri eşitməyə məcbur edir. Vətəndaşların bilmək, demək və eşidilmək hüquqlarının nəticəsi cəmiyyətin demokratik dəyərlərə sahib olmasına gətirib çıxarır. Jurnalistika hansı yollarla həqiqətə nail olur? İnformasiyanı, hakimiyyətin fəaliyyətini aşkarlamaq yolu ilə. Bu üsullardan ən ciddisi son vaxtlar çox effektli olan jurnalist təhqiqatlarıdır. Jurnalist təhqiqatı hakimiyyətin kəskin opponenti kimi qiymətli nəticələrə gətirib çıxarır. Çünki bu janr məhz ictimai marağın, cəmiyyət marağının ifadəçisi kimi qiymətləndirilir. Ən ideal hakimiyyət strukturlarında da jurnalistikanın incə mətləbləri açıqlama, araşdırma istəyi arzuolunmaz hadisədir. Çünki jurnalistika məhz bu yerdə hakimiyyətin opponenti kimi çıxış edir. Bu mənada jurnalistika demokratiyanın eşidən qulağı, görən gözü, danışan dilidir. IV hakimiyyət keyfiyyəti həm də jurnalistin sosial məsuliyyətindən doğur. Jurnalistin sosial məsuliyyəti anlayışı son vaxtlar istər peşənin nəzəri sahəsində, istərsə də praktikasında çox işlək ifadəyə çevrilmişdir. Lakin bu anlayışın özü qətiyyən yeni deyil. Jurnalistin sosial məsuliyyəti anlayışı hələ XVIII əsrin ortalarından İngiltərə jurnalistlərinin dilində geniş işlənmişdir. Bəs “jurnalistin sosial məsuliyyəti” nəyi nəzərdə tutur? Bu suala doğru cavab əvvəlcə “sosial” termininin mahiyyətini aydınlaşdırmağı tələb edir. Latınca “socialis” sözü “ictimai” mənasında olub, insanların həyat və cəmiyyətlə əlaqəsini nəzərdə tutur. Jurnalistin sosial məsuliyyəti onun cəmiyyətə, insanlara öz peşə bucağından münasibəti deməkdir. Onun bu xarakteri peşənin meydana gəldiyi çağdan formalaşmış və nəsillər dəyişkənliyi ilə yeni keyfiyyətlər qazanaraq günümüzə daha önəmli mahiyyətlə gəlib çıxmışdır. Təsadüfi deyil ki, xeyli vaxtdan bəri, hətta, “jurnalist mentaliteti” kimi bir problemlə də üzləşməli olmuşuq. Peşə özünüdərkinin struktur və xarakterini, özünətələbin və özünümüəyyən etmənin bütün perimetlərini özündə əks etdirən jurnalist mentaliteti problemi günümüzdə getdikcə daha çox diskussiyalara səbəb olmaqdadır. Bu mentalitet jurnalistin demokratik cəmiyyətdə yerini dərk etməsini, informasiyanın təqdimi prinsiplərini, özünün “IV hakimiyyətin” əməkdaşı hissini, söz azadlığına elmi-hüquqi münasibətini, plüralizmə həssaslığını, informasiya siyasətində tolerantlığı, informasiya mübarizəsi ilə “informasiya müharibəsi” arasındakı səddi bilməyi, cəmiyyət üçün ciddi əhəmiyyəti olan problem barədə susmamağı və s. vacib məqamları nəzərdə tutur. İnformasiya texnologiyasının multimedia çağında bütün bu məsuliyyət birə-beş artır. Jurnalist yayılmaq üçün ona təqdim olunan materialların məzmununa görə, ictimai önəmli faktlar, olaylar və hadisələr barədə ictimaiyyətə vaxtında və dürüst məlumat verilməsinə görə vətəndaşlar, cəmiyyət qarşısında məsuliyyət daşıyır. Vətəndaşların informasiya almaq hüququnun təmin edilməsi jurnalistin əsas vəzifəsidir. Jurnalistin sosial məsuliyyət tarixi peşənin özünün formalaşdığı dövrdən də əvvələ düşür. Dünya təcrübəsində meydana gələn ilk qəzetlərin yaranışından çap texnikasının ixtirasının üzə çıxarılması ilə bağlı tirajlanan sözün məsuliyyəti ortaya çıxır. Bütün dünya ölkələrinin qəzet təcrübəsinin tarixi göstərir ki, tirajlanmanın formalaşması dövrü ilə jurnalistin sosial məsuliyyət öhdəliyi tarix etibarilə üst-üstə düşür. Xalqda belə bir deyim var: “Söz ağzından çıxanadək sənindir, ağzından çıxandan sonra sən onun sahibi deyilsən”. Bu inkarolunmaz həqiqət jurnalisti də sosial məsuliyyətə çağıran, dediyi sözə məsuliyyət daşımağı tövsiyə edən postulata çevrilir. Digər tərəfdən və əsas olaraq, jurnalistin sosial məsuliyyəti onun cəmiyyət qarşısında boynuna götürdüyü yükdür. Özü də bu, ağır yükdür. Həm də bu öhdəlik, bu yük altruist adamın – öz maraqlarını başqasının maraqlarına qurban verən, cəmiyyətə təmənnasız xidmət öhdəliyini boynuna çəkən adamın yüküdür. Klassik jurnalistlərin çox böyük dəstəsi məhz bu tipli peşəkarlar olmuşdur. Jurnalistika kommersiya tipinə, biznesmenlərin qazanc mənbəyinə xeyli sonralar çevrilmişdir. Hətta məsələn, Azərbaycan jurnalistikası tarixində jurnalistin sosial məsuliyyət ənənəsi o qədər güclü, o qədər önəmli və davamlı olmuşdur ki, bu sahədə altruistlərin tükəndiyi, bu sahənin kəskin şəkildə biznes mənbəyinə çevrildiyi indiki çağda ziyalıların böyük bir hissəsi jurnalistikanın biznes keyfiyyətini qəti şəkildə qəbul etmir. Bu günkü jurnalistikanın funksiyaları sırasında olan maarifləndirmə keyfiyyəti naşirin daha çox biznes maraqlarına xidmət edirsə, Azərbaycan klassik jurnalistikasında bu funksiya, sözün həqiqi mənasında, jurnalistin, naşirin xalqa xidməti, millətə xidmət missiyası idi. Buna ən parlaq və ən aydın illüstrasiya H.B.Zərdabinin fəaliyyəti ola bilər. Həsən bəy Zərdabi yaradıcılığının və eləcə də Azərbaycan jurnalistikası tarixinin tədqiqatçıları belə bir fikri yekdil olaraq vurğulayırlar ki, “Əkinçi” ilk növbədə onun redaktorunun maarifçilik ideyalarından doğmuşdur. Bu yerdə H. Zərdabinin, onun yaratdığı “Əkinçi” qəzetinin, bütövlükdə jurnalistika tariximizin əvəzolunmaz və namuslu tədqiqatçısı professor Şirməmməd Hüseynovun yeni müstəqilliyimizin lap ilk illərində H. Zərdabi haqqında yazdığı bir məqaləni bütöv halda təqdim etməyə bilmədik: “Qəzet gərək xalqın aynası olsun” “Azərbaycan dilində ilk milli qəzet olan “Əkinçi”nin birinci nömrəsi 116 il bundan əvvəl, 1875-ci il iyulun 22-də Bakıda çapdan çıxmışdır. Şübhəsiz ki, bu faktın özü xalqımızın ictimai-siyasi və mənəvi həyatında əlamətdar hadisə olmuşdur. Axı, milli qəzetin yaradılması hər bir xalqın milli varlığının ən böyük göstəricisi, tərəqqi və təkamülünün vacib şərtidir. Həsən bəy Zərdabinin xidməti məhz bundan ibarətdir ki, o, çox çətin olan bu yolda ilk əməli addım atmışdır. H.Zərdabi Azərbaycan xalqının görkəmli oğullarından biri, həqiqi vətənpərvər, dərin təhsil görmüş adam idi, təkcə Azərbaycanın deyil, həm də xarici ölkələrin tarixinə və mədəniyyətinə mükəmməl bələd idi. Fəal maarifçilik işi aparan, milli mənəvi sərvətin zənginliklərini, azadlıq və tərəqqi ideyalarını geniş kütlələrə çatdırmağa çalışan H. Zərdabi dərk edirdi ki, bu mühüm vəzifənin öhdəsindən kəndlinin də, ziyalının da başa düşəcəyi dövri nəşr daha yaxşı gələ bilər. O, məqalələrinin birində bu barədə belə yazırdı: “hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun...yaxşı-yamanlığını aşkar eləsin”, xalqın “hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün”. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaradarkən bu prinsipi əsas götürmüşdü. Qeyd etmək lazımdır ki, qəzetin oxucuya doğru yolu heç də qısa və asan olmamışdır. “Əkinçi”nin ilk nömrəsini dörd il ərzində neçə-neçə qapıları döyəndən, yeni nəşrin əleyhdarlarına qarşı inadla mübarizə aparandan sonra buraxmaq mümkün olmuşdu. Qəzet ayda iki dəfə çıxır və böyük rəğbətlə qarşılanırdı. Bəlkə də çox adam bilmir ki, redaksiyanın bütün kollektivi...cəmi bir nəfərdən–Həsən bəyin özündən ibarət idi. O, həm məqalələrin əksəriyyətinin müəllifi, həm redaktor, həm korrektor, həm də mətbəə fəhləsi idi. Üstəlik, qəzetin bütün xərcini öz maaşından ödəyirdi. Bu barədə heç düşünmüsünüzmü ki, Moskva Universitetinin məzunu, tanınmış bəy ailəsinin övladı olan 30 yaşlı bu cavan oğlanı o zaman belə bir fədakarlığa sövq edən nə idi? Bu sualın cavabını H.Zərdabinin öz məqalələrində tapmaq olar. O, ürək ağrısı ilə yazırdı: “Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axır gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur”. Həsən bəy bu əlacı qəzet buraxmaqda gördü.
Cahangir MƏMMƏDLİ




Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar