12px14px16px18px

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu jurnalistlərin ümidlərini doğruldur

APARICI KİV RƏHBƏRLƏRI KİVDF-NIN 3 ILLIK FƏALIYYƏTINI MƏTBUATIN INKIŞAFI BAXIMINDAN MÜSBƏT DƏYƏRLƏNDIRIRLƏR

00:41 / 04.04.2012  
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından 3 il ötür. Dövlət başçısı İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə belə bir mühüm dövlət qurumunun yaradılması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun gücləndirilməsi məqsədindən irəli gəlib.
Fond ölkədə fikir plüralizminin, söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin səmərəli təşkili sahəsində həyata keçirilən dövlət siyasətinə müvafiq olaraq öz fəaliyyətini “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət Dəstəyi Konsepsiyası”na uyğun qurmuş, bu mühüm sənəddən irəli gələn vəzifələri uğurla reallaşdırıb. Cəmi 3 il müddətində kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, jurnalist peşəkarlığının yüksəldilməsi, habelə KİV-lərin dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə cəlb edilməsi məqsədilə redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyi göstərilmişdir.
Movqe.az saytı Fondun 3 illik fəaliyyəti ilə bağlı ölkənin aparıcı kütləvi informasiya vasitələrinin və mətbuat qurumlarının rəhbərlərindən münasibət öyrənib.
 Aslan ASLANOV,
AzərTAC-ın baş direktoru
– Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində qazandığı böyük uğurlar, ölkəmizin dünya birliyində nüfuzu, irimiqyaslı möhtəşəm layihələrin təşəbbüskarı olması Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını, ölkəmizin informasiya məkanında layiqincə təmsil olunmasını ön plana çəkir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılması günün tələblərinə cavab verən mühüm addım, ölkəmizdə KİV-lərə göstərilən qayğının təzahürüdür.
Yarandığı vaxtdan bu günə qədər Fond qarşısına qoyulan əsas məqsəd və vəzifələri, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesində fikir söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım etmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəni gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək vəzifələrini layiqincə yerinə yetirmiş, ölkəmizin informasiya məkanında, jurnalist birliyində nüfuz qazana bilib.
Fondun həyata keçirdiyi mühüm layihələr, çoxsaylı tədbirlər, müxtəlif təşkilat və qurumlarda media rəhbərləri ilə mütəmadi görüşlər, aktual mövzularda müsabiqələr kütləvi informasiya vasitələri ilə bağlı qarşıya çıxan problemlərin həll olunmasına xidmət edib, Azərbaycan jurnalistikasının inkişafına böyük fayda verib. Bu gün üçilliyini qeyd edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, qurumun icraçı direktoru Vüqar Səfərliyə Azərbaycanımızın inkişafı və çiçəklənməsi naminə gördüyü şərəfli işdə, kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olan fikir, söz ,sərbəst düşüncə və məlumat azadlığının dəstəklənməsində yeni uğurlar arzulayıram.  
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri, Fondun Müşahidə
Şurasının üzvü:
– Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətdə olduğu üç il ərzində təkcə media ilə bağlı dövlət qurumu kimi yox, ümumilikdə media cameəsinin tərkib hissəsi kimi özünü doğrultmağı bacardı. Jurnalistlər Fonda yaratdıqları təşkilat gözü ilə yanaşdılar. Təbii ki, medianın mahiyyətindən irəli gələrək baxışlar da fərqli oldu. Qurumu qınayanlara da, fəaliyyətini təqdir edənlərə də rast gəlindi. Böyük hesabla hər iki tərəfi birləşdirən ümumi cəhət isə səsləndirdikləri iradların, nöqsanların, irəli sürdükləri təkliflərin KİVDF-nin daha sistemli, ardıcıl və səmərəli fəaliyyətinə kömək göstərmək niyyəti üzərində qurulması idi. Təsadüfi deyil ki, indi də Fondla bağlı fikirlər doğma münasibətdən qaynaqlanan istək və arzuların ifadəsi kimi meydana çıxır. Neçə ki, bu arzular var, qurum yaşayacaq, özünün mütərəqqi missiyasını davam etdirəcək.
Ötən 3 ildə KİVDF-nin bir neçə mərhələni özündə birləşdirən, əslində gedilməsi uzun müddət tələb edən məsafəni çox böyük sürətlə keçdiyini söyləmək mümkündür. Əvvəla, qurum bəzilərinin düşüncələrində canlandırdıqları və ara-sıra dillərinə də gətirdikləri media ilə bağlı dövlət orqanının mümkünsüzlüyü təsəvvürünün yanlışlığını isbatladı. İkincisi, Fond sırf müstəqil xətt yeridərək müxtəlif qütblərə bölünmüş media vasitələri arasında hər hansı ayrı-seçkiliyə yol vermədi. Reallaşdırdığı tədbirlər Azərbaycanın qələm sahiblərinin monalit komandasının formalaşmasında çox ciddi rol oynadı. Bu gün KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsi, eləcə də ayrı-ayrı kütləvi informasiya vasitələrinin layihələrini maliyyələşdirməsi ənənəsi jurnalist ictimaiyyətinin cəmiyyət üzvlərini düşündürən məsələlərə vahid, kompleks münasibət nümayişi baxımdan önəmlidir. Bütün bunlar isə Azərbaycan dövlətinin, şəxsən Prezident cənab İlham Əliyevin təkcə mediaya qayğısının bariz nümunəsi deyil, eyni zamanda ölkəmizdə hüquqi, vətəndaş cəmiyyəti quruculuğuna böyük töhfəsidir.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru:
– Azərbaycan dövləti ölkədə azad, demokratik mətbuatın inkişafının təminatçısı olduğunu tarixi əhəmiyyətli addımlar atmaqla dəfələrlə sübuta yetirib. Müstəqil medianın dövlət tərəfindən dəstəklənməsi konsepsiyasına uyğun olaraq, 3 il əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması milli mətbuatımızın maliyyə və peşəkarlıq problemlərinin aradan qaldırılmasına layiqli töhfə olub.
İlk gündən qarşısında duran vəzifələrin həllinə inam və təşəbbüskarlıqla girişmiş Fond qısa müddətdə özünü azad mətbuatın dostu və himayəçisi kimi tanıdıb. Ümummilli maraqları üstün tutan, ciddi oxucu auditoriyası olan populyar dövri nəşrlər Fondun maliyyə yardımı ilə cəmiyyətin azad, maneəsiz informasiya tələbatının ödənilməsinə töhfələrini artırıblar. İldə bir neçə dəfə keçirilən jurnalist yazıları müsabiqələri getdikcə daha çox qələm sahibini fəal yaradıcılığa cəlb edir, onların şəxsi büdcələrinə əlavə gəlir qazandırır. Belə müsabiqələrdə qəzetimizin əməkdaşları da daim qaliblər sırasında olurlar. Fondun ölkəmizdə jurnalist peşəkarlığını yüksəltmək, media-dövlət və media-xalq arasında əlaqələrin ahəngdarlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər də cəmiyyətdə rəğbətlə qarşılanır.
Vüqar RƏHİMZADƏ,
“İki sahil” qəzetinin
baş redaktoru, Fondun
Müşahidə Şurasının sədr müavini:
– “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq ölkə Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. 22 may 2009-cu il tarixli sərəncama əsasən isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru, eyni zamanda Müşahidə Şurasının üzvləri təyin edildi. Dövlət Dəstəyi Fondunun yaradılmasının əsas məqsədi azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.
Fəaliyyətə başlamasından cəmi 3 il keçməsinə baxmayaraq Fond tərəfindən həyata keçirilən tədbirlər tək mətbuat işçiləri deyil, ictimaiyyətin bütün təbəqələri tərəfindən yüksək qiymətləndirilir, təqdir olunur. Fondun, Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə günümüzün aktual sahələrinə, reallığını əks etdirən ayrı-ayrı mövzulara aid fərdi yazı müsabiqələrinin təşkili, qaliblərin pul və diplomlarla mükafatlandırılması müstəqil mətbuatın inkişafına, jurnalist peşəkarlığının artırılmasına, yaradıcı mühitin inkişafına yönəlmiş ən mütərəqqi addımlardır. Fond eyni zamanda müxtəlif mövzular üzrə layihə müsabiqələri keçirir. İstər layihə, istərsə də fərdi yazı müsabiqələrinin əsas məqsədi jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılmasıdır.
Bir əsas məqamı da qeyd edək ki, milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində dövlət başçısı İlham Əliyevin mətbuat tarixində ilk dəfə olaraq jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamı bu sahənin əməkdaşları tərəfindən daha böyük sevinclə qarşılandı. Sərəncamda da Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, daim dövlətin diqqət və qayğısı ilə əhatə olunması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlərin həyata keçiriməsi xüsusi qeyd edilir. Sənədə əsasən mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Sözsüz ki, bu, böyük diqqət və qayğıdır. Hazırda nəzərdə tutulan binada inşaat işləri davam etdirilir. Hər bir sahədə yüksək nəticələrin əldə olunması, ilk növbədə, işçilərin sosial vəziyyətindən, onlara göstərilən diqqət və qayğıdan asılıdır. Prezident İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək bu sərəncamı mətbuat işçilərini daha səylə çalışmağa, üzərlərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirmələrinə, azad, sağlam rəqabətin güclənməsinə geniş imkanlar yaradacaq.
Hikmət BABAOĞLU,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru:
– 3 il öncə Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində olduqca əhəmiyyətli bir hadisə idi. Azərbaycanda siyasi yönümündən və mövqeyindən, mövzu rəngarəngliyindən, fikir müxtəlifliyindən və müxalifliyindən asılı olmayaraq, bütün qəzetlərə Fond vasitəsilə yardım göstərilməsi, əslində, Azərbaycan mətbuatının inkişafı üçün yaradılmış əlverişli mühit olmaqla bərabər, mətbuatın inkişafını şərtləndirən və onu stimullaşdıran başlıca istiqamət olmuşdur.
Ötən dövr ərzində KİVDF bir sıra mühüm layihələri gerçəkləşdirib. Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edən istiqamətlər üzrə müxtəlif yazı müsabiqələri, ümumi kütləvi tədbirlər keçirmiş, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı və milli yaddaşda, yeni yetişən nəslin yaddaşında milli-mənəvi dəyərlərimizin möhkəmlənməsi və zənginləşməsi ilə bağlı müxtəlif yazıların yazılması üçün stimullaşdırıcı metodlardan istifadə edib. Beləliklə də, istər mətbuat tariximizin inkişafı, istərsə də Azərbaycan xalqının milli maraqlarının təmin olunması baxımından mətbuat vasitəsilə çox ciddi işlər görülüb.
Bununla yanaşı, müxtəlif yazı müsabiqələri keçirilən zaman ölkənin jurnalist ictimaiyyəti ən nüfuzlu nümayəndələri, tanınmış qələm sahibləri ekspert qismində yazıların qiymətləndirilməsinə cəlb edilərək burada obyektiv kriteriyalar və yanaşma nümayiş etdirməklə ədalətli mühit də formalaşdırıb. Hesab edirik ki, ötən dövr ərzində Fondun gördüyü işlər yüksək qiymətləndirilməlidir.
Rəşad MƏCİD,
“525-ci qəzet”in baş redaktoru, Fondun Müşahidə Şurasının üzvü:
– Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması mediamız üçün çox müsbət bir addım oldu. Azərbaycanın yazılı mediası iqtisadi cəhətdən çətinlik çəkdiyindən ölkə və ictimaiyyət üçün vacib olan mövzuları işıqlandırıla bilmirdi. Əvvəlcə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət Dəstəyi Konsepsiyası”nın təsdiqlənməsi, sonra isə prezidentin sərəncamı ilə belə bir Fondun yaradılması biz media rəhbərlərinin bu sahədə uzun illər keçirdiyi narahatlığa son qoydu. Fond yeni yaranmasına, gənc olmasına baxmayaraq, üç il ərzində böyük işlər görüb. Əvvəla, qəzetlərin həyata keçirmək istədiyi layihələrin dəstəklənməsi, bunun üçün maliyyə ayrılması indiyədək mətbuatda ya zəif işıqlandırılan, ya da heç işıqlandırılmayan bir sıra mövzuların geniş işıq üzü görməsinə səbəb olub. Bu da ictimaiyyət üçün çox vacibdir. Eyni zamanda ildə bir neçə dəfə jurnalistlər arasında müsabiqələrin keçirilməsi, jurnalistlərin mükafatlandırılması da Fondun gördüyü böyük işlərdən biridir. Bu müsabiqələr jurnalistlərə xeyli stimul verir, onlardan daha yaxşı yazmaq, peşəkarlığını artırmaq tələb edir.
Jurnalistlərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirlər onların bir-birilə təmasına, isti münasibətlərin yaranmasına kömək edir. Həmçinin bir sıra KİV rəhbərlərinin və jurnalistlərinin bəzi xarici ölkələrə səfərlərinin təşkili həmin ölkələrdə bu fondların təcrübəsini öyrənmək baxımından əhəmiyyətlidir.
Jurnalistlərə prezident tərəfindən ayrılan vəsait hesabına yaşayış binasının tikilməsi də Fonda həvalə olunub. Hesab edirəm ki, Fond bu işin öhdəsindən bacarıqla gələcək və Azərbaycan jurnalistlərinin üzləşdiyi sosial-məişət problemlərinin aradan götürülməsində bu hadisənin də böyük rolu olacaq. Fondu 3 illiyi münasibətilə təbrik edirəm, bu qurumda çalışan bütün əməkdaşlara uğurlar arzulayıram.
Aydın QULİYEV,
“Bakı xəbər” qəzetinin
baş redaktoru: 
– Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 3 ildə geniş təhlillər üçün əsas verən fəaliyyətlər göstərdi. Onun perspektivinə nikbin yanaşan bütün dövlət, ictimai və media dairələrinin ümidlərini doğrultdu. Əvvəlcədən bədbin və qərəzli mövqe tutanları isə öz fikirlərində ciddi düzəlişlər etməyə məcbur qoydu. Fondun 3 illik uğurlarında Müşahidə Şurasının bütünlüklə rolunu qeyd etməklə yanaşı, onu da deməliyəm ki, şəxsən Fondun icraçı direktoru ona göstərilmiş etimadı doğrultdu. Fondun fəaliyyətini yüksək səviyyədə təşkil etməklə müstəqillik tariximizdə çox az rast gəlinən təqdirəlayiq bir dövlət təşkilatı nümunəsi yaratdı – sıfırdan heç bir ənənə olmadığı halda ciddi bir dövlət qurumu quraraq işlək mexanizm halına gətirmək nümunəsi.
Fond 3 illik fəaliyyəti ilə onun yaradılmasına qərar vermiş Prezident Administrasiyasının, şəxsən Prezident İlham Əliyevin mətbuatın inkişafında səmərəli kurs götürdüyünü təsdiqlədi. Fərdi jurnalistlər və redaksiyalararası müsabiqələrlə mətbuatın çox ehtiyac hiss etdiyi maddi problemlərin böyük hissəsinin həllinə şərait yaratdı. Evsiz jurnalistlər üçün hazırda icra olunan mənzil tikintisi layihəsi bənzəri olmayan layihə kimi tarixə düşəcək. Müsabiqələr üçün seçilmiş mövzular medianın müstəqilliyinə xələl gətirmədən bütün Azərbaycan mətbuatında dövlətçilik və ictimai mənafelərin sistem şəklində həyata keçirilməsini təmin edir.
Fondun mühüm nailiyyətlərindən biri də digər dövlət qurumları ilə media arasına daha sağlam və işlək münasibətlərin əsasını qoymaq və davam etdirməkdir. Buraya Fondun Azərbaycan mətbuatı ilə dünya mətbuatı arasında əsasını qoyduğu və getdikcə intensivləşən əlaqələrini də xüsusi əlavə etmək lazımdır. Tam məsuliyyətlə deyə bilərik ki, indi Fondun timsalında mətbuatın güvənc yeri var.
Elçin MİRZƏBƏYLİ,
“Xalq Cəbhəsi” qəzetinin
baş redaktoru:
– “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və bu Konsepsiyanın təməl prinsiplərindən biri kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuat tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Milli mətbuatın inkişafı ilə bağlı elmi əsaslara söykənən mükəmməl bir konsepsiyanın hazırlanması və qəbulu, eləcə də Fondun yaradılması Azərbaycan dövlətinin milli mətbuatın, müstəqil medianın inkişafında maraqlı olduğunu bir daha sübuta yetirdi.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətdə olduğu 3 illik qısa zaman kəsiyi qəbul edilən qərarların doğruluğunu və önəmini tam mahiyyəti ilə ortaya qoyur. Fondun qısa müddətdə ayrı-ayrı dövlətlərin təcrübəsindən yararlanaraq və milli mətbuatımızın özünəməxsus xüsusiyyətlərinə əsaslanaraq daim inkişafda olan bir quruma çevrilməsi Azərbaycan mətbuatının qarşısında dayanan bir çox problemlərin həllinə təkan verdi. Bu müddət ərzində mətbuatın, xüsusilə də çap mediasının maddi-texniki bazası nəzərəçarpacaq dərəcədə genişləndi, jurnalistlərin sosial problemlərinin həlli istiqamətində önəmli addımlar atıldı. Fondun aparıcı media rəhbərlərinin iştirakı ilə ölkənin müxtəlif rayonlarında təşkil etdiyi görüşlər, aparılan müzakirələr mətbuatla dövlət qurumları və ictimaiyyət arasında etimadlı münasibətlərin qurulması üçün əlverişli zəmin yaratdı.
Zənnimcə, Fondun fəaliyyətində nəzərə çarpan əsas və önəmli məqamlardan biri də jurnalist peşəkarlığının artırılması istiqamətində həyata keçirilən layihələrin dəstəklənməsi və bu prosesin daim nəzarətdə saxlanılmasıdır. Bu baxımdan Fondun icraçı direktorunun, Fondun Müşahidə Şurasının və bütün əməkdaşlarınının fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu 3 il müddətində Fondun bundan sonrakı fəaliyyəti üçün çox möhkəm bünövrə qurulub və bu bünövrə üzərindən Azərbaycan mətbuatının inkişafı üçün mühüm addımlar atılıcaq.
Elşən ŞİRİNOV,
“Azadlıq” qəzetinin
məsul katibi:
– Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ötən 3 ildə mətbuatın inkişafı istiqamətində xeyli iş görüb. Bura mətbuatla bağlı müxtəlif səpkili layihələrin maliyyələşdirilməsindən tutmuş, media və məmurlar arasında münasibətlərin tənzimlənməsi, fərdi jurnalist yazılarının keçirilməsinə qədər bir çox addımları aid etmək olar. Mediada son dövrlərdə azərbaycançılıq ideyasının təbliği, Dağlıq Qarabağ münaqişəsilə bağlı həqiqətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, milli-mədəni dəyərlərimizin qorunması və s. mövzularda yazıların artmasında Fondun xüsusi xidmətləri var. Hesab edirəm ki, Fond ənənəsinə sadiq qalaraq, bundan sonra da mətbuatla bağlı səmərəli fəaliyyətini davam etdirəcək.
Natiq MƏMMƏDLİ,
“Kaspi” qəzetinin redaktoru:
– KİVDF-nin yaranmasını mətbuatın inkişafında yeni bir mərhələ kimi qiymətləndirirəm. Fondun sistemli fəaliyyəti müstəqil medianın iqtisadi dayaqlarının möhkəmləndirməsinə, jurnalistlərin sosial durumun yaxşılaşdırılmasına yönəlib. Üç il ərzində fondun keçirdiyi müsabiqələrdən, habelə qəzetlərə ayrılan yardımlardan mətbuatın demək olar ki, bütün zümrələrini təmsil edən qələm adamları yararlanıblar. Siyasi baxışına, dəsti-xəttinə görə fərq qoymadan bütün media qurumlarına eyni prinsiplə yanaşılması onu göstərir ki, məqsəd yalnız qəzetlərin iqtisadi dayaqlarını möhkəmləndirmək deyil, eyni zamanda cəmiyyətdə plüralizmə şərait yaratmaqdır.
İnanırıq ki, medianın müasir çağırışlara cavab vermək baxımından tələbləri artdıqca, Fondun da fəaliyyəti daha geniş spektri əhatə edəcək. Qısa dövrdə əldə olunan uğurlar isə göz qabağındadır. Ən böyük uğur ondan ibarətdir ki, fond ona bəslənilən ümidləri doğrulda bilib.
Ələsgər SÜLEYMANOV, 
“Yeni Musavat” qəzetinin
baş direktoru: 
– Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldığı vaxtdan bu yana keçən iki il ərzində mühüm fəaliyyətlərə imza atıb. KİV-lərin, xüsusən də yazılı media vasitələrinin maddi-texniki bazasının zəifliyinin Azərbaycanda söz və mətbuat azadlığının möhkəmləndirilməsi, müstəqil medianın inkişafının yolunda dayanan əsas maneələrdən biri olduğu ilə hamı razılaşır. Bu baxımdan KİVDF-in qəzetlərə istər birdəfəlik maliyyə yardımlarının ayrılması, istərsə də müsabiqəli əsasda müxtəlif layihələri maliyyələşdirməsinin əhəmiyyəti qeyd edilməlidir. Həmin birdəfəlik maliyyə yardımları hesabına qəzetlər öz texniki avadanlıqlarını qismən də olsa yeniləyə bilib. Fondun ildə iki dəfə müxtəlif sahələri əhatə edən mövzular üzrə elan etdiyi müsabiqədə qalib gələn layihələrin maliyyələşdirilməsinin də əhəmiyyəti qeyd edilməlidir.
KİVDF-in vaxtaşırı olaraq jurnalistlər üçün elan etdiyi fərdi yazı müsabiqələrinin əhəmiyyətini də qeyd etməliyəm. Bu müsabiqə bir tərəfdən jurnalistlərin özlərini fərqli araşdırma mövzularında sınamasına, digər tərəfdən aldıqları pul mükafatı hesabına öz sosial problemlərinin bir qismini həll edə bilməsinə imkan verir. Fondun bu cür müsabiqələri davam etdirməsi yaxşı olardı, ancaq fikrimizcə daha çox ictimai rezonans doğura biləcək mövzular da müsabiqələrə çıxarılmalıdır və bu istiqamətdə redaksiyalardan təkliflər alınmalıdır.
Fondun fəaliyyətində yaddaqalan məqamlardan biri də şübhəsiz ki, jurnalistlər üçün mənzil tikintisinə yönələn layihədir. Ölkə prezidenti Fondun bu təşəbbüsünə dəstək verib və artıq jurnalistlər üçün binanın tikintisi gedir. Ümid edirik ki, belə təşəbbüslər gələcəkdə də davam edəcək, jurnalistlərin mənzilə sahib olmasını, normal qazanc əldə etməsini mümkün edən iqtisadi mexanizmlər formalaşacaq. Fonddan əsas gözləntilərimiz isə mətbuatın maddi vəziyyətinin yaxşılaşması üçün daha effektli yol kimi onlara reklam gəlirlərinə çıxış imkanları yaradılması, yayım şəbəkəsi və keyfiyyətli çap baxımından mövcud olan problemlərin həllinə yönələn fəaliyyətdir. Çünki bunsuz güclü müstəqil mətbuatın yaradılması mümkün olmazdı.
Nurəddin HEYDƏROV,
“Azadinform” İnformasiya
Agentliyinin baş direktoru:
– Ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək məqsədini həyata keçirən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu fəaliyyət göstərdiyi müddətdə xeyli uğura imza atıb. Fond, ilk növbədə, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən layihələri maliyyələşdirməklə medianın inkişafına əhəmiyyətli dəstək olub.
Fondun hər il təşkil etdiyi fərdi jurnalist müsabiqələrini bu baxımdan qeyd etmək kifayətdir. Bu müsabiqələr müxtəlif KİV-lərdə çalışan media işçilərinin qabiliyyət və bacarığını yüksəltməklə yanaşı, onların sosial problemlərinin həllinə də yardımçı olur. Bundan əlavə, Fond il ərzində iki dəfə qəzetlərin müxtəlif layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə həyata keçirir. Məqsəd mətbuatın inkişafına dəstək vermək, cəmiyyət üçün maraq doğuran mövzuların işıqlandırılmasına şərait yaratmaqdır. Nəhayət, prezidentin ayırdığı vəsait hesabına jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün binanın tikintisini xüsusi olaraq qeyd etməliyik.
Təbii ki, iş olan yerdə narazılıqlar da, söz-söhbətlər də olur. Bu baxımdan bəzən Fondun adı ətrafında, gördüyü işlər haqqında narazılıqlar eşidilir. Bəzən ağı qoyub qara yazanlar tapılır. Bəzən Fondun gördüyü işlərə, həyata keçirdiyi uğurlu layihələrə kölgə salmaq istəyənlər olur. Öncə qeyd etdiyim kimi, iş olan yerdə söz-söhbətlər də olmalıdır. Əks halda inkişafdan söhbət gedə bilməz.  
Ötən müddət ərzindəki fəaliyyəti bir cümlə ilə qiymətləndirsək deyə bilərik ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu həm mətbu orqanların, həm də çoxsaylı jurnalist ordusunun ümidlərini doğrultmağa layiqincə xidmət edir.
 
 



Bu yazı ( 131 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar