12px14px16px18px

“Molla Nəsrəddin” jurnalı və dövri mətbuata münasibət məsələsi

10:02 / 28.03.2012
II YAZI

XX əsrin ilk onilliklərində Azərbaycan dövri mətbuatı sahəsində çox mürəkkəb, qarma-qarışıq bir vəziyyət hökm sürürdü. Bu söz xüsusilə millətçi elita mətbuatına aiddir. “Həyat” və “Füyuzat”dan sonra bir tərəfdən qatı türk millətçiliyi cəbhəsi tutmuş “Yeni füyuzat” (1910-1911), “Şəlalə” (1913-1916) kimi qəzet və jurnallar, o biri tərəfdən də elita məfkurəsi ilə demokratik məfkurə arasında tərəddüd edən “Tərəqqi” (1908-1909), “Tazə həyat” (1907-1908), “İttifaq” (1908-1909) kimi qəzetlər çıxırdı.
1905-1907-ci illərin məlum hadisələrindən sonra elita mətbuatı sahəsində ən çox fəallıq göstərən, eləcə də öz fəaliyyətində “Molla Nəsrəddin” mövzusuna xüsusi yer ayıran jurnalist və yazıçılardan biri Haşım bəy Vəzirov idi. 1868-ci ildə Şuşada anadan olan Haşim bəy Vəzirov ilk təhsilini ata-anasından, Molla Həmid və Mirzə Əlinin xüsusi məktəblərində alıb. Şuşa şəhər məktəbini qurtararaq, İrəvan seminariyasına daxil olub. Tələbə ikən ilk qələm təcrübələrinə başlayıb, “Məktəb tərbiyəsi”, “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil” əsərlərini yazıb. Seminariyanı bitirdikdən sonra bir neçə il İrəvan vilayətinin müxtəlif yerlərində müəllimlik və müfəttişlik edib. 1890-cı illərdə Şuşaya gələrək, “Rus–Azərbaycan” məktəbində ana dilindən dərs deyib. Bu zamanlar “Kaspi” və “Novoye obozrenie” qəzetlərində, “Sbornik materialov dlya opisaniya plemyon i mestnostey Kavkaza” məcmuəsində məqalələr çap etdirib, Şekspirin “Otello” faciəsini və bəzi başqa əsərləri azərbaycancaya çevirib. Şuşa bələdiyyə idarəsinin üzvü olduğu vaxt camaatın narazılığı nəticəsində hökumət H.Vəzirovu beş illiyə Stavropola sürgün edib. 1905-ci ildə Bakıya qayıdıb, “İrşad” qəzetində məqalələr çap etdirməyə başlayıb, bir müddət bu qəzetin məsul redaktoru olub. Az sonra H.Vəzirov Molla Pənah Vaqifin seçilmiş şeirlər məcmuəsini çap etdirib.
1907-ci ildən “Tazə həyat” adlı qəzet nəşr etməyə başlayan H.Vəzirov sonralar hökumətin təqibləri nəticəsində tez-tez qəzetinin adını dəyişdirməli olub (“İttifaq”, “Səda”, “Sədayi-həqq”, “Sədayi-vətən” və sair). 1911-ci ildə o, “Kavkazist” adlı rus dilində cəmisi yeddi nömrəsi çıxmış bir qəzet nəşr edib. Bu qəzetlərdən çoxu H.Vəzirovun milyonçu Murtuza Muxtarovun vəsaiti ilə aldığı “Tərəqqi” mətbəəsində çap olunub. 1911-ci ildə hökumət əleyhinə təbliğatda təqsirləndirilən bir çox Bakı jurnalisti ilə birlikdə H.Vəzirov da həbs edilib bir ayadək həbsxanada saxlanılıb. 1914-1915-ci illərdə o, “Məzəli” adlı satirik jurnal buraxıb. H.Vəzirov 1916-cı ildə Bakıda vəfat edib.
Otuz ilə qədər davam edən ədəbi-jurnalist fəaliyyətində H.Vəzirov daim ideya tərəddüdləri içində olan, çox vaxt mühafizəkar ideologiyanın təsiri altında yazan tipik elita ziyalısı idi. H.Vəzirov Azərbaycanın bir çox şəhərlərini gəzib xalq həyatı ilə yaxından tanış olandan sonra, feodal-patriarxal münasibətləri, kapitalizmin törətdiyi faciələri göstərən bəzi kəsərli məqalələr, felyetonlar yazmışdı. O, “Məzəli” jurnalının səhifələrində də imperialist müstəmləkəçilər əleyhinə bir sıra qüvvəli satirik yazılar dərc etdirmişdi. Lakin H.Vəzirov bədii yaradıcılığında naturalizm yolu ilə getdiyi kimi, publisist əsərlərində də mühüm ictimai məsələlərdən daha çox, cəmiyyətin ayrı-ayrı xırda nöqsanları üzərində dayanırdı. Onun tənqidi çox vaxt liberal mahiyyətdə olurdu. “Keyfim gələndə” sərlövhəsi, “Birisi” imzası ilə yazdığı felyetonların əsas məzmunu məişətdəki eybəcər hallar, şəhər təsərrüfatının vəziyyəti idi.
1910-1911-ci illərdə Əhməd Kamalın redaktorluğu ilə Bakıda nəşr olunan “Yeni füyuzat” jurnalı “Füyuzat”ın yolunu davam etdirirdi. Ə.Kamal Türkiyəyə getmiş jurnalist Əhməd bəy Ağayevlə müntəzəm əlaqə saxlayıb, onun türkçü fikirlərini Azərbaycanda yaymağa çalışırdı. Ə.Ağayev isə o zaman İstanbulda “Biz nə istəyiriz” mövzusunda etdiyi məruzədə turançıların “birləşdirici” proqramından danışaraq deyirdi: “...Yaxında Qafqazyada müqəddəs bayrağımızı görəcəyiz.
Fərq oraya bayraq yalnız getməməli, eyni zamanda, türk fikri, türk hissi, türk lisanı da bərabər getməlidir” (Ə.Mirəhmədov “Azərbaycan ədəbiyyatına dair tədqiqlər”).
“Yeni füyuzat” Ə.Kamaldan başqa, Əlipaşa Səbur, Axundu Yusif Talıbzadə, Akif Səfvət və başqalarının yaxından iştirakı ilə çıxırdı. Burada çap olunan bədii əsərlər əsas etibarilə milli məzmunlu, ruhlu şeirlərdən ibarətdir. Jurnalın ədəbi-ictimai mövqeyi haqqında təsəvvür almaq üçün onun Tolstoya münasibəti ilə tanış olmaq kifayətdir. L.İ.Tolstoyun bütün həyat və fəaliyyətindən yalnız “tolstoyçuluq” təlimini alıb, öz səhifələrində təlqin edən “Yeni füyuzat” yazıçının böyüklüyünü, zəkasını onun “fənalığa qarşı müqabilə edilməməsi” haqqında təlimində görürdü.
1912-1914-cü illərdə çıxmış “İqbal” qəzetində ideyaca bir-birinə tam zidd olan yazıçılar iştirak edirdilər. Qəzetin başçıları M.Ə.Rəsulzadə və Sənətulla İbrahimov kimi millətçi juranlistlər idi. Lakin “İqbal”da Seyid Hüseyn, A.Şaiq, A.B.Yusifzadə kimi tərəqqipərvər yazıçıların da əsərləri tez-tez çap olunurdu. Ona görə bu qəzetin səhifələrindən bir tərəfdən, “sənət sənət üçün” şüarı təbliğ edilir, mətbuat və ədəbiyyatda millətçiliyi qüvvətləndirmək cəhdi hiss olunur, o biri tərəfdən realizm və xəliqilik prinsipləri əsasında yazılan əsərlərə yer verilir, mühafizəkar ədəbi, ictimai və fəlsəfi məfkurələr tənqid edilirdi.
Sahibkar İ.Aşurbəylinin pulu və macəraçı türk jurnalisti Xalid Xürrəm Səbribəyzadənin redaktorluğu ilə çıxan “Şəlalə” (1913-1914) jurnalı da əsasən Azərbaycan xalqının, ədəbiyyatının və dilinin ümumtürk ideyası altında inkişaf etdirilməsini zəruri sayırdı: “...Osmanlıda zəngin bir ədəbiyyat vardır. Qafqazda nə var?”, – deyə qaba iştirakçılıq yolu tutmuş “Şəlalə” dönə-dönə iddia edirdi ki, azərbaycanlıların guya, heç ədəbiyyatları yoxdur.
Azərbaycan mədəniyyətinə qeyri-obyektiv münasibətin nəticəsi idi ki, “Şəlalə” öz səhifələrinin əsasən gəlmə yazıçıların, çox vaxt mistik türk müəlliflərinin əsərləri ilə doldururdu. Jurnal Azərbaycan burjuaziyasının mənafeyinə uyğun ədəbiyyatın, mücərrəd romantizmin ilhamvericisi idi.
Mollanəsrəddinçi müəlliflərin müntəzəm surətdə Azərbaycan uşaq mətbuatından söz açdıqlarını da müşahidə edirik. Belə mətbu orqanların naşirləri və redaktorları Azərbaycanın ən görkəmli maarif xadimləri idi. Məsələn, “Dəbistan”ı (1906-1907) Ə.İ.Cəfərzadə və M.H.Əfəndizadə, “Rəhbər”i (1906) Mahmud bəy Mahmudbəyov, bunlara nisbətən daha çox ömür sürmüş “Məktəb”i (1911-1917) isə Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə çıxarırdı.
Demokratik mətbuatın başqa orqanları kimi, bu jurnallar da çox ağır bir şəraitdə çap olunurdu. “Məktəb” naşirlərinin xüsusi mətbəəsi vardı: “Dəbistan” və “Rəhbər” isə çox böyük çətinliklə çap olunurdu. Nərimanov, Sabir, Səhhət, Köçərli, Divanbəyoğlu və başqaları həmin jurnallara böyük əhəmiyyət verdiklərinə görə, onların nəşrinə həvəslə kömək edirdilər.
Birinci nömrəsi 1906-cı il aprelin 16-da çıxan “Dəbistan”ın nəşrə başlaması maarif dostları üçün bir bayram oldu. O günlər redaksiya çoxlu təbrik teleqramı aldı. “Dəbistan” jurnalı ayda iki dəfə, geniş bir proqramla çap olunurdu. Birinci nömrədə verilən proqram məqaləsində göstərildiyi kimi, jurnal uşaqların “öz hallarına dair gülməli və ibrətamiz hekayələr və mənzumələr” çap etməklə onların “zəif və bivüsət əql və dərrakələrini gücləndirməyi” və onlarda “gözəl hisslər və təcrübələr” yaratmağı özünə məqsəd seçmişdi. “Dəbistan”a əlavə şəklində “Valideynə məxsus vərəqə” də çap olunur ki, orada ev tərbiyəsindən danışılırdı.
Bədii ədəbiyyat “Dəbistan” səhifələrində əsas yer tuturdu. Çap olunan əsərlər əsasən Azərbaycan yazıçılarının şeir və hekayələrindən, rus və Şərq ədəbiyyatı nümunələrindən ibarət idi. Əsərlərin çoxu maarifə, məktəbə, tərbiyə məsələlərinə aid idi. Tərcümələr içərisində Cəlaləddin Ruminin “İbrət və müqabilə” mənzuməsi (tərc. A.Şaiq), Krılovun “Xoruz və qutu”, “Qarğa və tülkü” və sair təmsilləri (tərc. A.Səhhət və R.Əfəndiyev), Puşkinin “Çöl xanımı” hekayəsi (tərc. M.H.Əfəndizadə) və başqa əsərlər vardı.
Elm və texnika nailiyyətlərinə həsr olunan yazılarda-coğrafiya, fizika və heyvanata aid oçerklərdə qitələrdən, saat, kompas kimi şeylərin mənşəyindən, əhəmiyyətindən və sairdən bəhs olunurdu. H.Zərdabinin nağılvari oçerkləri “Dəbistan”ın balaca oxucularını heyvanat aləmi ilə tanış edirdi.
Uşaqlara nümunə olmaq üçün çap etdiyi bioqrafik yazılarla jurnal Edisson, Kolumb, Əbu Əli Sina, Nəvai, Hafiz, S.Ə.Şirvani, H.Zərdabi kimi görkəmli simaların həyatını işıqlandırırdı.
Düzdür, “Dəbistan” səhifələrində bəzi dindar, mühafizəkar müəlliflərə də yer verilməsi, ideya istiqamətinə müəyən dərəcədə mühafizəkar təsir göstərirdi. Buna baxmayaraq, həmin jurnalın nəşri mətbuat tarixində mütərəqqi bir hadisə idi. Təsadüfi deyil ki, “Dəbistan”ın bağlanmasını Mirzə Ələkbər Sabir böyük təəssüflə qələmə alıb.
“Dəbistan”dan sonra çıxan “Məktəb” də “uşaqların əxlaqına, biliyinə kömək edən, onların əhval və həyatından bəhs edən, irəliləməsinə səbəb olan” bir jurnal idi. “Məktəb” ayda iki dəfə çıxırdı. Əsas müəllifləri Süleyman Sani Axundov, A.Səhhət, Əli Nəzmi, A.Şaiq, Ş.Əfəndizadə və başqaları idi. Onun səhifələrində N.Nərimanov və H.Zərdabinin də bir sıra əsərləri çap olunub.
“Məktəb” jurnalı öz oxucularını Azərbaycan və rus ədəbiyyatı ilə, görkəmli cəmiyyət, elm və maarif xadimlərinin həyatı ilə tanış edir, səhifələrində lətifələrə, ibrətamiz parçalara, tapmacalara geniş yer verirdi.
“Molla Nəsrəddin”in nəşrinə məxsusi önəm verən, eləcə də mollanəsrəddinçilərin dönə-dönə bəhs etdikləri qəzet və jurnallar sırasında siyasət-fəhlə mətbuatı nümunələri də xüsusi yer tutur. Çox ağır jandarm və senzura təqibləri şəraitində nəşr olunan bu mətbuatın tarixi rolu ondan ibarətdir ki, o, çar mütləqiyyəti, mülkədar ağalığı əleyhinə aparılan azadlıq döyüşlərinə istiqamət verirdi. Xalqın siyasi cəhətdən maariflənməsi, mübarizə aparan qüvvələrin səfərbərliyə alınması və təşkili, inqilaba düşmən olan hər cür mürtəce, opportunist məfkurələrin ifşa və darmadağın edilməsi kimi vəzifələrin yerinə yetirilməsində bu mətbuatın müstəsna xidməti var.
Qeyd edək ki, 1906-cı ilin may ayından etibarən Azərbaycan dilində ilk leqal bolşevik qəzeti “Dəvət” nəşr olunmağa başlayıb. “Hümmət” təşkilatı 1906-cı il dekabrın 16-dan 1907-ci il martın 26-na qədər “Təkamül” qəzetini, o da hökumət tərəfindən bağladılandan sonra, 1907-ci il avqustun 22-dən həmin ilin sentyabrına qədər “Yoldaş” qəzetini nəşr etdirib. “Yoldaş”ın rəsmi redaktor-naşiri “Hümmət” təşkilatının banilərindən biri olan Əsədulla Axundov (1873-1927) idi. “Dəvət” və “Təkamül”ü nəşr edə bilmək, həm də bu qəzetləri leqal surətdə çıxarmaq üçün isə hümmətçilər sazişçi ziyalılardan olan İ.Aşurbəyov və M.Hacınski ilə müvəqqəti və şərti müqavilə bağlayıblar. Bunlardan birincisi “Dəvət”in, ikincisi isə “Təkamül”ün rəsmi naşiri və redaktoru olsa da, əslində hər iki qəzetin ideya istiqamətini bolşevizm təyin etdiyi kimi, nəşriyyatın qalan işləri də eyni məktəbdən idarə olunurdu. Siyasət mətbuatının ən fəal xadimləri N.Nərimanov, S.Əfəndiyev, M.H.Möhsünov (C.Müsəvi), Əsədulla Axundov və başqaları idi.
Ana dilində buraxılan və inqilabi ideyalar təbliğ edən qəzetlər Azərbaycan ictimai, fəlsəfi və bədii fikrinin inkişafına böyük təkan verib. Təsadüfi deyil ki, Azərbaycanın qabaqcıl, dünyagörüşlü adamları inqilabi məzmunlu qəzetlərin nəşrə başlamasını böyük bir sevinclə qarşılayıblar.
“Dəvət” qəzeti hələ birinci nömrəsində Azərbaycanda partiyalı mətbuatın məqsəd və vəzifələrini aydınlaşdıraraq yazırdı ki, qəzetin əsas məqsədi əzilən insanları öz hüquqlarını tanımaq dərəcəsinə çatdırmaq və onları öz işində mahir eləməkdir, zəhmətkeşlərin “siyasi və iqtisadi hüquqları uğrunda” mübarizə aparmaqdır. “Bizim qəzetimiz ancaq o sinfin xeyrinə xidmət edəcəkdir ki, öz zəhmətlərinin rənci ilə güzəran edir, bilafərqi-millət və məzhəb...”.
“Dəvət”dən sonra çıxan “Təkamül” də eyni məsləkə sadiq qalıb birinci nömrəsində “Nəyə xidmət ediriz?” sərlövhəsi altında yazırdı: “Bizim xidmət etdiyimiz, yolunda can qoyub, onun hər bir mənafeyi və hüququnun qarovulunda durduğumuz haman işçilər, haman füqərayi-kasibədir. Biz hər bir surət və şəkildə olsa, zülmü-təəddinin, cəbr və zorun əleyhinə iş görəcəyiz”.
Bu məqsədə çatmaq üçün, fəhlə mətbuatı zəhmətkeşlərin ağır zülm altında yaşadıqlarını göstərir, çarizmi, istismarçı sinifləri, burjua tərəfdarlarını ifşa edir, kütlələri azadlıq uğrunda qəti vuruşlar aparmağa çağırırdı.
“Fəhlə məişətindən” kimi ümumi sərlövhə altında verdiyi materiallarda siyasət mətbuatı fəhlə sinfinin dözülməz həyat şəraitini, “Qafqazın qəlbi olan Bakıda” baş verən fəhlə tətillərini, kapitalistlər əleyhinə başlanmış qəhrəman mübarizələri təsvir etməklə, böyük tərbiyə işi aparırdı. “Yoldaş” qəzeti fəhlələri başa salırdı ki, onların “zəhmətinin səmərini özləri deyil, xozeyinlər – sərmayədarlar yeyirlər”, “fəhlə dilənçi kimi dolanır, sərmayədar isə təşəxxüs satır, sərmayədar çalışır ki, fəhlələrdən olduqca artıq şirə çəksin”.
İnqilabi mətbuat Azərbaycan kəndlərindəki dəhşətli zülm və aclığı, “isti otaqlarda profrans vurmağa məşğul olub, qonşusunda: Ana, mənə çörək ver!”, – deyən uşaqlara qarşı laqeyd bəyləri, xanları və mülkədarları rüsvay edirdi.
“Siyasi mübarizə”, “Tətil nədir?”, “Bir tətilə dair” kimi sərlövhələrlə dönə-dönə xüsusi məqalələr nəşr etmək, Bakıdakı fabriklərdə baş verən tətillərin böyük əhəmiyyətini göstərmək yolu ilə partiya mətbuatı kütlələri siyasi cəhətdən fəallaşdırmaq, inqilabi hərəkata cəlb etmək vəzifəsini yerinə yetirirdi. “Təkamül” qəzeti “Tətil nədir?” sərlövhəli məqaləsində yazırdı ki, əlac – birlik, ittifaq, ittihad (etmək) və sərmayədar, yaxud zülmkar ilə mütəffiqən dava və mübarizədir”. Fəhlə sinfinə zülm edənlər əleyhinə fəal, qəhrəmancasına mübarizə üsullarını öyrədən qəzet göstərirdi: “Bəqta ki, hökumət tərfindən zülm, əzab, sitəm, zor, cəbr, vəhşilik, qırğın və qeyri qəbih işlər baş verir və artıq dərəcəyə çatır və fəhlə sinfinin səbri davam eləmir, onda fəhlə sinfi hökumətə bir qəhrəmananə ən uca səda ilə, ən ötkün bir karastı ilə etiraz edib, zülmün binasını silkələyir”. “Dəvət” yazırdı ki, artıq ac və yuxusuz, canından bezar olan əməkçi insanlar “xoşbəxtlik və hürriyyət qazanmaq” üçün qəti vuruşlara başlayıblar.

Rufik İSMAYILOV
Bakı Dövlət Universitetinin doktorantı












Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar