12px14px16px18px

“Azərbaycan reallığında heç bir internet saytını qəzetə rəqib görmürəm”

ƏMƏKDAR JURNALİST NATİQ MƏMMƏDLİNİN SÖZLƏRİNƏ GÖRƏ, MÜASİR “KASPİ” ÖZ SƏLƏFİNİN ƏNƏNƏLƏRİNİ DAVAM ETDİRMƏYƏ, ÜMUMMİLLİ QƏZET PROFİLİ İLƏ FƏALİYYƏT GÖSTƏRMƏYƏ ÇALIŞIR

01:34 / 15.03.2012
 
– Ötən il “Kaspi” qəzetinin 130 illik yubileyi qeyd olundu, bu tarixi dövrə nəzər salanda hansı məqamları qeyd etmək istərdiniz?
– 1881-ci ilin əvvəllərindən işıq üzü görən “Kaspi” qəzeti rus dilində nəşr olunan Azərbaycan mətbu orqanlarından biri idi, ilk baş redaktoru Kuzmin olub. “Əkinçi” qəzeti fəaliyyətini dayandırdıqdan sonra uzun illər ana dilli mətbuatın işıq üzü görməsində fasilə yaranmışdı, müəyyən qəzetlər az vaxtda çap olunsa da, davamlılığı olmamışdı. Bütövlükdə Azərbaycanın ictimai fikrini ifadə edən, Qafqaz müsəlmanlarının problemlərindən bəhs edən mətbu orqan yox idi. “Əkinçi”nin bağlanmasından “Şərqi-rus”un çapına qədər uzun müddət ana dilli nəşrin yolunu gözləmək lazım gəldi. Bu vaxtda əsasən rusdilli qəzetlər nəşr olunurdu və onların arasında ən populyarı, Zaqafqaziya müsəlmanları arasında, ümumiyyətlə Rusiyanın müsəlmanlar yaşayan digər ərazilərdə, Orta Asiyada, hətta Hindistanda, Yaxın Şərqdə ən çox yayılanı “Kaspi” olub. Qəzetin redaksiyasında ilkin dövrlərdə daha çox qeyri millətlərin nümayəndələri çalışıb və bir qayda olaraq rus mədəniyyətini təbliği ilə məşğul olub. Qəzet əvvəl həftədə iki dəfə, sonra isə gündəlik nəşr olunub. 1881-ci ildən 1897-ci ilə qədər də “Kaspi” qəzetində azərbaycanlılar çalışıb. Həsən bəy yazılarını Zərdabdan məhz bu qəzet üçün göndərirdi. Məhəmmədağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Ceyhun Hacıbəyli bu qəzetdə çıxış ediblər. M.Şaxtaxtinski bir müddət qəzetə redaktorluq da edib. Əhməd bəy Ağayev isə qəzetin ədəbiyyat və mədəniyyət şöbəsinin redaktoru idi. 1897-cı ilin sonlarında Hacı Zeynalabdin Tağıyev 57 min rubla qəzeti mətbəəsiylə birgə alır. Tağıyev istəyirdi ki, həm Zaqafqaziya, həm Rusiya müsəlmanlarının ziyalılarının toplaşdığı bir mətbu orqan olsun, səsləri hər tərəfdən gəlsin və bu ziyalıları bir beyin mərkəzi ətrafında birləşdirmək üçün Həsən bəy Zərdabini Bakıya gətirmək istəyirdi. “Əkinçi” bağlandıqdan sonra Həsən bəy mətbuatdan kənar düşmüşdü, 10 ildən çox idi ki, əyalətdə yaşayırdı və aqrar məsələlərlə bağlı müxtəlif məqalələr yazırdı. Tağıyev də “Kaspi” qəzetini məhz Zərdabiyə görə almışdı. 1907-ci ilə qədər “Kaspi”nin de-fakto baş redaktoru Həsən bəy Zərdabi olub. Zərdabinin nəfəsi bu qəzetdə duyulan kimi o, Topçubaşovu qəzetə dəvət edir. Topçubaşov mətbuat içini bilməsə də, həm Həsən bəyin yaxın silahdaşı idi, həm də qohumu idi. O, hüquqşünas idi, vəkilliklə məşğul idi. 1897-cı ildə qəzet alınanda 6 ay Karyaginin imzası ilə nəşr olunub. Mətbuat işini mənimsədikdən sonra Topçubaşov özünü baş redaktor, publisist kimi göstərə bilir. Elə onun bu fəaliyyətinə görə, qəzetə “müsəlman Kaspisi” deyirdilər. Qəzetdə müsəlmanları maarifləndirən, onların hüquqlarını müdafiə edən yazılara geniş yer verilirdi. O dövrün tərəqqipərvər insanları “Kaspi”nin ətrafında cəmləşmişdilər. Onlar xüsusi şəkildə qeyd edirdilər ki, müsəlmanları oyatmaq, maarifləndirmək, onların hüquqlarını müdafiə etmək üçün rusdilli mətbuatın gücündən istifadə etmək lazımdır. “Kaspi” qəzeti milli maraqlardan çıxış edən rusdilli mətbuat orqanlarından biri idi.
Burada Topçubaşovun şəxsiyyətinin rolunu xüsusi qeyd etmək lazımdır. O, tək jurnalist yox, Dövlət Dumasına seçilməmişdən əvvəl də, sonra da Rusiya müsəlman ziyalılarının qabaqcıllarından idi. Qəzet Rusiya müsəlmanlarının tribunasına çevrilmişdi. Topçubaşovdan sonra da, qəzet bir müddət istiqamətini dəyişmədi. 1918-ci ildə ermənilər mart qırğınları zamanı müsəlmanlar arasında informasiya qıtlığı yaratmaq üçün qəzetin indiki Sabir heykəlinin yanında yerləşən mətbəəsini yandırdılar. Bu mətbəədə digər qəzetlər, həm də “Açıq söz” nəşr olunurdu. Lakin qəzet fəaliyyətini bərpa edir və 1919-cu ilə qədər nəşr olunur. Ümumilikdə 38 illik çap fəaliyyəti dövründə “Kaspi”nin 10 mindən çox nömrəsi işıq üzü görüb. O dövrdə nəşr olunan “Kaspi”nin tirajı da indikindən iki dəfə çox idi – gündəlik 10 min tirajla işıq üzü görürdü. “Kaspi”ni yaşatmaq bir neçə amilə görə vacibdir. Birincisi, “Əkinçi” qəzetindən sonra “Kaspi”nin təxminən 300-dən çox sayı məhz Zərdabinin imzasıyla işıq üzü görüb, yəni bu, onun mətbuat irsinin bir növ davamıdır. Digər tərəfdən “Kaspi” Azərbaycan tarixini öyrənmək üçün əsas mənbələrdən biridir. XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinin inkişafı, ilk dəmir yolunun çəkilişi, 1905-ci il erməni-müsəlman qarşıdurması, 1918-ci il mart qırğınları ilə faktlar “Kaspi”nin səhifələrində əksini tapıb.
– 80 illik fasilədən sonra “Kaspi” qəzetinin fəaliyyətini bərpa etmək, bu məsuliyyətin altına girmək nə dərəcədə çətin idi?
– 1999-cu il mart ayında “Kaspi” qəzeti fəaliyyətini bərpa edib. Bu qəzetin ilk yaradıcılarının da ən böyük arzusu Azərbaycan dilində qəzet çap etdirmək olub. Hətta 1891-ci ildə Qafqaz Senzoruna təklif olunmuşdu ki, “Kaspi” qəzetində çap olunan yazılarıın tatar dilli (Azərbaycan türklərinin dili o dövrdə elə adlanırdı) variantı hazırlanaraq “Çıraq” adıyla çap etdirək. Senzor buna qəti şəkildə etiraz etmişdi ki, “Kaspi”də yazılanların tatar dilinə tərcüməsi böyük təhlükə yarada bilər. Üstündən təxminən bir əsr keçdikdən sonra “Kaspi” qəzeti fəaliyyətini ana dilində bərpa etdi. Təbii ki, bu böyük missiya, məsuliyyət idi. Çünki Azərbaycan tarixində ad qoymuş bir qəzetin irsini davam etdirmək həm keçmiş irsi yaşatmaq, həm də yeni dövrün tələblərinə cavab vermək çətin idi. Belə böyük ənənəsi olan qəzetin yeni dövrdə fəaliyyəti böyük iş idi.
– İndiki “Kaspi” qəzetinin funksiyası əsasən hansı istiqamətdədir? Tarixi “Kaspi” qəzeti ilə müqayisə etdikdə hansı ənənələr davam etdirilir?
– Tarixi “Kaspi” qəzeti rus mədəniyyətinin təbliğatçısı idi. Əsasən Rusiya yönümlü, Avropa tipli qəzet idi. Ədəbiyyata geniş yer ayırırdı. Məsələn, Üzeyir Hacıbəyova qarşı kompaniya aparıldıqda, bəzi qəzetlər Üzeyir bəy tənqid edildikdə “Kaspi” maarifpərvər addım ataraq, onun operettalarını nəşr edirdi. Eləcə də rus ədəbiyyatının ilk nümunələri Azərbaycan oxucusuna bu qəzet vasitəsilə çatdırılıb. İndi də qəzet o kursun davamı olaraq ədəbiyyata daha geniş yer ayırır, “Ədəbiyyat əlavə”miz nəşr olunur. İkinci vacib məqam odur ki, tarixi “Kaspi” qəzeti cəmiyyətdə baş verən bütün hadisələr münasibətdə həmişə orta xətt seçib. Sovet dövründə tədqiqatçılar yazırdılar ki, bu qəzet burjua mətbuatıdır, burjua maraqlarından çıxış edir. Ancaq qəzetin sahibi Tağıyev olduğu üçün əslində qəzet milli maraqlardan çıxış edirdi. Biz də bu gün bu ənənəni davam etdiririk. Üçüncü cəhət isə odur ki, “Kaspi” qəzeti o dövrdə redaksiya kimi təşkilatlanmış yeganə mətbu orqan idi. Yəni qəzetlər o vaxta qədər müxtəlif şəhərlərdə pərakəndə şəkildə nəşr olunurdu. Tarixi “Kaspi”nin strukturu necə formalaşmışdısa bizim redaksiya da ona uyğun fəaliyyət göstərir. Digər tərəfdən, “Kaspi” qəzeti açıq müzakirələrə, fərqli fikirlərə hər zaman yer ayıran qəzet olub. Məsələn, o dövrdə Şaxtaxtinskiylə Əhməd bəy Ağayev arasında polemikalar bu qəzetin səhifələrində işıqlandırılırdı, ermənilərin “Baku” qəzetinin antimilli fəaliyyətini bu qəzet ifşa edirdi. Bu gün də müasir “Kaspi” qəzeti həmin plüralizm ənənələrini davam etdirir. Çalışırıq ki, bir varis kimi ümummilli qəzet formatında fəaliyyət göstərək. Tarixi və indiki “Kaspi”nin oxucuları müəyyən səviyyənin insanları olub, elitanın daha çox oxuduğu qəzet olub.
– Elektron əsri olduğu üçün qəzetə, sözə maraq, inam azalır. Belə bir şəraitdə çap mediasının rəqabətə davamlılığını necə qiymətləndirərdiniz?
– Bu mövzu dünyada tez-tez müzakirə olunduğu üçün bizə də gəlib çatır. Mənim fikrimcə, dəyişən qəzetin forması ola bilər, məzmun isə tamamilə eyni qalacaq. İstər virtual, istərsə də çap mediasında formadan asılı olmayaraq məzmun eynidir. Media bir formadan digərinə keçir və bu zaman jurnalistika geriyə yox, qabağa gedir. İrəliyə gedən jurnalistikanın da tələbləri nədirsə, biz də o tələblərə cavab verməyə çalışırıq. Digər tərəfdən internetlə mətbuatı müqayisə edəndə bir nüansı unudurlar. Xəbərin ötürülməsi sürətinin artması qəzetlə rəqabət kimi qələmə verilməməlidir. Qəzet yalnız informasiya ilə işləyən orqan deyil, xəbər bülleteni deyil. Qəzet araşdırmaya, maraqlı publisist yazılarına yer ayrılırsa, xəbəri özünəməxsus formada işləyib ictimaiyyətə çatdırırsa, geniş ictimai müzakirələrə yer verirsə çap mediasının vaxtının keçməsi barədə danışmaq hələ tezdir. Elektron mediadakı rəqabət qəzetlə deyil, xəbərin operativ çatdırılmasına görə xəbər saytları arasında kimin qabağa düşməsi uğrunda gedən rəqabətdir. Bəzən elə olur ki, saytlarda yazılan xəbər operativ olsa da, birmənalı şəkildə “şok” effektə hesablanır, balans pozulur, qərəzli alınır. Biz elə xəbərə istinad etmirik. Bu gün kəmiyyət baxımından rəqabəti hesablayan sayğaclar, “Google”nin statistikası var. Ancaq elektron medianın keyfiyyətinin göstəricisi qəzetlərin, çap mediasının onlara nə qədər istinad etməsi ilə ölçülür. Qəzetlər əgər elektron medaianın verdiyi xəbəri mötəbər hesab edərək, ona istinad edirlərsə, bu, həmin elektron medianın nüfuzunun göstəricisidir. Məsələn, informasiya agentliklərindən birində xəbər gedəndə, onlar bizdən xahiş edirlər ki, qəzetdə həmin xəbərdən istifadə edək və yaxud hansıa dövlət qurumu agentlikdə məlumat yerləşdirirsə, eyni xəbərin bizim də qəzetdə çap olunmasını istəyir. Əgər agentlikdə xəbər oxunursa, internetə daxil olanların hamısı xəbər oxuyandırsa, o zaman niyə belə xahişlər eşidirik? Qəzetin üstünlüyü nədir? Qəzetin yaxşı abunə sistemi var, satış mexanizmi var. Ola bilsin qəzetin oxucu sayı elektron medianın oxucusundan az olsun. Ancaq qəzetin auditoriyası daha dayanaqlı, etibarlıdır. Konkret olaraq biz qəzetin tarixi imicini korlayaraq hansısa ucuz məlumat yerləşdirmirik. Çünki bilirəm ki, bununla səviyyəli, stabil oxucumun zövqünü korlaya bilərəm. Amma saytlar məcburdur ki, hansısa ciddi xəbərin oxunması üçün onun yanında üç dənə erotik xəbər də versin. Azərbaycan reallığında heç bir internet saytını qəzetə rəqib görmürəm. Elə bir sayt yoxdur ki, narahat olaq ki, bizim oxucumuzu azaldacaq. Sadəcə qəzetin rəqabətə davamlılığını bir az da artırmaq, satışının optimal variantlarını tapmaq, qəzetin maya dəyərinə çəkilən xərcləri azaltmaq lazımdır. Kollektivin stimullaşdırılması üçün onların sosial problemlərini həll etmək lazımdır. Qəzet demokratik cəmiyyətin əsas atributudur, ifadə, söz azadlığının ən vacib elementidir. Qəzetin sıradan çıxması haqqında söhbət gedə bilməz. Sadəcə işimizi təkmilləşdirmək üçün yeni innovativ təşəbbüslər haqqında düşünməliyik.
– Sizcə diffamasiyanın ləğvi Azərbaycan mediasında keyfiyyət dəyişikliyini hansı tərəfə dəyişə bilər?
– Diffamasiya haqqında qanunun qəbul edilməsi Azərbaycanın beynəlxalq aləmdə imici üçün vacibdir. Mənim düşüncəmə görə isə diffamasiya haqqında qanunun qəbulu bizim mətbuatın tələbləri arasında ön planda dayanmır. İnanmıram ki, bu qanunun qəbulu hanısa keyfiyyət dəyişikliyi edəcək. Bəzi qəzetlər var ki, onlar dezinformasiya sahəsində ixtisaslaşıblar, həmin qəzetlərin oxucuları ancaq söyüş, iftira, təhqir oxuyurlar. Sabah o qəzetlər söyüşün, qarğışın tonunu bir qədər aşağı salsalar, onları heç kim oxumayacaq. Cəmiyyətin müəyyən təbəqələri var ki, bu qəzetləri stress atmaq üçün oxuyurlar. Bizim mətbuat üçün diffamasiyanın qəbulu nə dərəcədə vacibdirsə, bir o qədər onun effektlıi olacağını gözləməyə dəyməz. İnanmıram ki, diffamasiya qanunun qəbulu bütün jurnalistləri məsuliyyətli edəcək. Sadəcə perspektivdə ola bilsin ki, bu qanun hansısa üstünlüklər qazandırsın.
– Son dövrlərdə xarici mətbuatda “Eurovision”a görə Azərbaycanın nüfuzuna zərbələr kimi qiymətləndirilən xəbərlər yayılır. Eyni zamanda milli mətbuatda da bu informasiyalara yer ayırırlar. Sizcə, bu məlumatlar hardan qaynaqlanır?
– “Eurovision” elə böyük hadisədir ki, mətbuatın ondan yazmamağa haqqı yoxdur. Bizim də borcumuzdur ki, bu hadisəni işıqlandıraq. Amma bu müsabiqə haqqında xarici ölkələrin bəzilərində formalaşdırılan rəyin bizim mətbuatda yazılanlarla, bizim istəyimizlə əlaqəsi yoxdur. Xaricdə formalaşdırılan ictimai rəyin məqsədi ölkəmizi gözdən salmaqdır. Azərbaycanın uğurunu qısqanan və bunu istəməyənlər elə kompaniya aparırlar ki, bu uğura kölgə salsınlar. İndi “Eurovision”a qarşı təbliğat aparanların qısa tarixcəsinə nəzər salaq, onlar Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkiləndə də, deyirdilər ki, Azərbaycanın o qədər nefti yoxdur, bu kəmər heç vaxt rentabelli olmayacaq. Və yaxud Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkiləndə də eyni şeyi deyirdilər. İndi də “Eurovision”a qarşı eyni reaksiyaları görürük. Yarışmanın bir mədəniyyət hadisəsi kimi mahiyyət bir kənarda qalıb, müxtəlif siyasi bəyanatlar səsləndirilir. Arqument olmadığından çox gülməli və ucuz söz oyunundan istifadə edirlər. Məsələn yazırlar ki, hansısa rayonun hansısa kəndində su problemi var, heç belə bir ölkədə “Eurovision” keçirtmək olarmı? Yaxud da Bakıda sahibsiz itləri “Eurovision”a görə öldürürlər. Məni narahat edən odur ki, belə əlaqəsiz və cəfəng fikirləri peşəkar qələmi olan, xaricdə oxuyub gələn jurnalistlərimiz yazırlar. Onlar peşəkarlıqlarını məhz bu istiqamətdə göstərirlər, bu adamlarda çatışmayan ən böyük cəhət milli təəssübkeşlik hissinin olmamasıdır. “Eurovision”a qarşı aparılan təxribatlara yeganə dəstək də Yerevandan gəldi, yalnız Ermənistan bu müsabiqədən imtina etdi. Deməli, mətbuatda gedən bu yazıların sifarişçisinin kim olduğunu axtarmağa ehtiyac yoxdu. Azərbaycanda çörəyi elə ermənipərəstlikdən çıxan, özlərini hüququ müdafiəçiləri adlandıran kəslər arzulayırdılar ki, “Eruovision” boykot edilsin. Niyə görə başa düşmək istəmirlər ki, bütün bu görülən abadlıq işləri ölkənin inkişafı üçündür, o səkilərdən biz keçirik, o parklarda biz dincəlirik. “Eurovision” rəsmiləri də dəfələrlə deyirlər ki, bu mədəniyyət yarışmasını siyasiləşdirmək olmaz. Bu müsabiqə xalqların mədəni yaxınlaşması üçün nəzərdə tutulub. Əgər “Eruovision”a qarşı çıxanların səsi varsa, məharətlərini səhnədə göstərsinlər, qəzet səhifələrində yox.
– Medianın inkişafı üçün nəzərdə tutulan layihələrdən biri də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondudur. Bu fondun gördüyü işlərin perspektivini necə qiymətləndirirsiniz?
– KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu sistemli şəkildə fəaliyyət göstərir. Bu fond mətbuatın inkişafına dövlət konsepsiyasını həyata keçirtmək məqsədilə yaradılıb. Hesab edirəm ki, fond o konsepsiyada nəzərdə tutulan tələbləri yerinə yetirmək üçün səylə çalışır. Bunun qəzetçi kimi öz işimizdə də hiss edirik. Arzu edərdik ki, bunu daha çox hiss edək. Ümid edirəm ki, konsepsiyada nəzərdə tutulan digər müddəaları kompleks şəkildə yerinə yetirməklə daha çox nəticə əldə etmək olar. Keçirilən müsabiqələrin formatında rəngarənglik olmalıdır, digər tərəfdən cəmiyyət və media münasibətlərini intensivləşdirmək üçün yeni layihələr fikirləşmək lazımdır. Bu fond qəzetlərin, yazılı medianın yeganə ümid yeridir. İstərdik ki, fondun büdcəsi arzularımız və tələblərimizə uyğun olaraq daha çox olsun. Son zamanlar çoxlu fondlar yaradılıb. Misal olaraq Elm Fondu, Gənclər Fondunu göstərmək olar. Ancaq bunların arasında KİVDF çevik praktiki fəaliyyətinə görə fərqlənir. Medianın sürətli inkişafı tələb edir ki, bu fondun büdcəsi artsın.
– Azərbaycan mətbuatında “reket” jurnalistikası deyilən bir anlayış var. Bu jurnalistlərə qarşı Mətbuat Şurası mübarizə aparsa da, onları tamamilə sıradan çıxarmaq mümkün deyil. Üstəlik bu işdə vətəndaşların da günahı var. Sizcə, bu mübarizəni effektiv etmək üçün daha hansı üsullardan istifadə etmək lazımdır?
– Bu mübarizə Mətbuat Şurası müstəvisində aparılır və ictimai tənbeh funksiyası daşıyır. Ancaq bu kifayət etmir. Bəzi media ekspertləri hesab edir ki, “reket” sözü özlüyündə Cinayət Məcəlləsində yer alan ifadə olduğu üçün bununla hüquq müstəvisində mübarizə aparılmalıdır. Mən də fikrin tərəfindəyəm. “Reket” jurnalistlərə ictimai tənbeh nə qədər olsa da, bu insanlar yenə də eyni addımı artırlar. Vətəndaşların rolu məsələsinə gəlincə isə, onu deyim ki, bu qüvvələri qidalandıran mənbələr var. Biz bu mənbələrin kim olduqlarını çox yaxşı bilirik. Bu mənbələrə qarşı da mübarizəni Mətbuat Şurası yox, cəmiyyət aparmalıdır. Bu mənbələrin əksəriyyəti vaxtilə işdən qovulmuş dövlət məmurlarıdır. Onlar adamları ləkələmək üçün qisasçılıq məqsədilə “reket” jurnalistlərə pul ötürürlər, donos yazdırırlar, məqsədyönlü şəkildə bu addımları ataraq “reket” jurnalistlərə sadəcə ünvan göstərirlər. “Reket” mətbuat satışa çıxmır, abunəsi yoxdur. Bəs necə maliyyələşirlər? Deməli çirkli pullarla dövrlüyünü qoruyub saxlayır, bu pullar isə ancaq çirkli yollarla pul qazanan insanlarda var. Bu işlə məşğul olan insanlara qarşı mübarizəni Mətbuat Şurasından daha çox prokurorluq orqanları aparmalıdırlar.
– Mətbuatın inkişafına dövlət dəstəyi artır. Jurnalistlərin mənzil-məişət problemlərinin yoluna qoyulması üçün görülən işlər hansı perspektivlər vəd edir?
– Cənab prezident gözəl təşəbbüslə çıxış edərək jurnalistlərə yaşayış binasının tikilməsi üçün vəsait ayırıb. Hazırda Bayıl qəsəbəsində jurnalistlərə yaşayış binası artıq inşa olunur. Bu bina məhz mənzilə ehtiyacı olan jurnalistlər üçün nəzərdə tutulub. Təbii ki, mənzillər tam şəffaf qaydada, həqiqətən də mənzilə ehtiyacı olan və ləyaqətli jurnalistlərə verilməlidir. Arzu edərdik, bu layihələrin davamı gəlsin, jurnalist fəaliyyətinin qiymətləndirilməsi baxımından bunlar çox vacibdir.
Pərviz SADIQOV



Bu yazı ( 419 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar