12px14px16px18px

Dəyişməz funksiyaların dəyişən texnologiyası

00:46 / 13.03.2012
 
I YAZI
 
Jurnalistika özünün inkişaf tarixində bir sıra inqilabi sıçrayışlar yaşamışdır. Qəzet istehsalı, tirajlanma texnikasının yaranması, vaxtı ilə möcüzə təsiri bağışlayan radionun, sonra isə televiziyanın meydana gəldiyi tarixi məqamlar buna sübutdur. Bu möcüzələrin daha bir heyrətamiz faktı dünya jurnalistikasında On layn – anlayışı ilə ifadə edilən internet sistemi ilə əlaqədardır.
Jurnalistika dünya informasiya sistemi adlanan internetlə bağlı özünün yeni dövrə, yeni eraya keçid mərhələsini yaşayır. Qlobal planda dünya jurnalistikası yeni keyfiyyətə keçir ki, bu da bir neçə faktla bağlıdır: Əvvəla, jurnalistin fəaliyyəti ilə, informasiyanın maksimum operativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə, ikincisi, qloballaşma ilə. Sputnik texnologiyası informasiyanın yer kürəsinin istənilən nöqtəsində fərdi istehlakçıya çatdırılmasına şərait yaradır. Beləliklə, müasir kütləvi kommunikasiya vasitələrinin tədqiqatçıları indi qloballaşma, texnologiya anlayışları üzərində daha çox dayanırlar.
Yeni əsrin başlanğıcında mətbuatın, qəzet jurnalistikasının taleyi barədə narahatlıqlar da qeyd olunur. XXI əsrdə qəzet yaşayacaqmı? Məsələn, ABŞ-da gündəlik qəzetlərin tirajlarının getdikcə azalma tendensiyası bu suala müsbət cavaba imkan vermir.
Dövrü nəşrlərə, xüsusilə qəzetə münasibət xeyli dəyişilməkdədir. Dünyanın bütün nöqtələrində televiziyanın güclü inkişafı informasiyanın canlı variantının üstün tutulmasını əsaslandırır. Belə şəraitdə qəzetlərin hətta yeni üsul kimi görünən elektron versiyaları da köməyə gəlmir. Adamlar nisbətən daha çox həftəlik qəzetlərə, daycestlərə üstünlük verməyə başlamışlar.
Amma necə olsa, texnologiyanın inkişafı qəzet istehsalının da xarakterində özünü göstərir. Qəzet özünün kompüterə köçürülən və isti-isti oxucuya çatdırılan elektron versiyasına keçmişdir. İndi normal qəzetlərin hamısının elektron versiyaları var. İnkişaf etmiş ölkələrdə elektron qəzetlərə məmnuniyyətlə abunə olurlar. Çünki elektron qəzetlər daha müxtəlif və rəngarəng materiallar verir, geniş auditoriyaya ünvanlanır, sərhəd tanımır, bəzən çevik şəkildə, hətta, hər saatbaşı yeniləşir və s.
Dünyanın populyar qəzetlərinin elektron variantları indi adi hal almışdır.
Bundan başqa, XXI əsrin ilk çağında ayrıca elektron qəzetlər də meydana gəlmişdir ki, artıq print (çap) mediası belə qəzetlərlə rəqabətə girə bilmir.
İlk vaxtlar elektron qəzetlərə ancaq kompüterə malik imkanlı oxucuların əli çatırdı. İndi kompüterin say sürəti yaxın gələcəkdə elektron qəzetlərin oxucularının ciddi şəkildə artacağından xəbər verir. XXI əsrin başlanğıcı mobil telefonların da KİV sisteminə daxil olmasını şərtləndirdi. Kompüterli, fakslı bu telefonlar internet şəbəkəsinə qoşula bilir və peyk vasitəsilə, naqilsiz istənilən informasiyanı alır.
Jurnalistikada rəqabət getdikcə güclənir. Televiziya öz inkişafı prosesində bir sıra çətinliklərlə də üzləşir. Söhbət kabel və sputnik televiziyalarının ciddi rəqabətindən gedir.
İnformasiya texnologiyalarının müasir inkişafı ənənəvi televiziyanın yeni bir modelini meydana gətirməkdədir: İnternet- televiziya. İnternet televiziya şəbəkə vasitəsiylə yüz minlərlə, milyonlarla insanın yaydığı və bütün planetin istehlakçısına çevrildiyi elektron informasiya vasitəsi kimi qiymətləndirilir. Bu sahənin nəzəri mütəxəssisi Aleksey Qarmatinin dediyi kimi “İnternet televiziya açıq, daim inkişafda olan, çoxsaylı xırda və orta video-istehsalçıların öz proqramlarını təqdim etdiyi şəbəkədir”. İnternet-TV müstəqil studiyaların, qrupların hazırladığı müxtəlif tipli və müxtəlif məzmunlu videomaterialların yayımlandığı vasitədir.
İnternet- televiziyanın meydana gəlməsi ilə onlarca yeni termi formalaşmağa başlamışdır. Bu sırada internet-yayım, internet-kanal, videohostinq (audiovizual vasitələrlə informasiyanın yayılması), ənənəvi (efir) internet kanalı, müstəqil (şəbəkə) internet kanalı (yalnız internetdə yayımlanır və efir analoqu yoxdur) və s. anlayışları misal gətirmək olar. Əlbəttə, informasiya texnologiyasının müasir inkişafı bir tərəfdən bu anlayışların tez-tez dəyişməsinə, yeni məzmun kəsb etməsinə səbəb olur, digər tərəfdən tamamilə yeni anlayışları meydana çıxarır. Bununla belə internet- televiziyanın artıq tarixi də formalaşmışdır. “Veb- internetin çox məşhur ideoloqlarından və yaradıcılarından biri olan Tim O.Reyllinin tədqiqatında internet-televiziyanın inkişafını iki mərhələyə ayırmaq olar: “2000-2001-ci illər internet-televiziyanın təzəcə meydana çıxması və dərhal ona tələbatın artması, 2001-ci ildən bu tərəfə – internet-TV-nin formalaşması və özünü təsdiqi”.
Bir az da geriyə qayıtsaq, deməliyik ki, internetin xronologiyasında internet-translyasiya 1992-ci ildən başlayır. Bu sahədə ilk təcrübələri Men ştatı (ABŞ) universiteti jurnalistika fakültəsinin tələbələri meydana qoymuşlar. Həmin ilk nümunədə jurnalist tələbələr özlərinin 10 dəqiqəlik xəbər bloklarını şəbəkəyə çıxarmış, böyük auditoriya qazanmış və beləliklə, internet-TV-nin əsasını qoymuşlar. 1999-cu ildə “Net-Aid”-in dünyanın məşhur pop-ulduzlarının konsertini təqdim edən blokları şəbəkəyə çıxmışdır. Bundan sonra Kanadada, İngiltərədə, digər ölkələrdə təşəbbüskarlar artmış və beləliklə internet-televiziya öz texniki və yaradıcılıq imkanlarını formalaşdırmışdır.
İnternet-televiziyasının prinsipləri və xüsusilə əlverişli texnalogiya imkanları onu getdikcə populyarlaşdırır. İnternet-televiziya istifadəçilərə daha geniş seçim imkanı verir. Adi efir televiziyasından fərqli olaraq bu vasitə ilə internet tamaşaçıları özləri yayımçı statusu qazana bilərlər. Bu keyfiyyət hüdudsuz sayda müəllif və internet kanalların yaradılmasına imkan verir. Ən maraqlısı da budur ki, internet- yayımçı dərhal birbaşa tamaşaçı ilə münasibət yaradan kommunikasiya kanalı alır və bu zaman hətta internet- provayderdən və kabel operatorundan da asılı olmur. İnternet- televiziyanın hər hansı texniki həlli istifadə avadanlığından maksimum az asılı olur. Habelə texnologiyanın xarakteri internet televiziyanı qlobal auditoriyaya ünvanlayır və onu sərhədsizləşdirir. Belə halda proqramların yayımında heç bir hüquq pozuntusu da baş vermir.
İnternetin özü sərhədsiz və hüdudsuz azad informasiya vasitəsi olduğu kimi, onun ötürdüyü televiziya da sərhədsiz və hüdudsuzdur, azad və hüquqi cəhətdən sərfəlidir. Doğrudur, bu gün bəzi ölkələrdə internet televiziyasının lisenziyalaşdırılması ətrafında da söhbət gedir. Lakin bu tip televiziya efir televiziyasının internet analoqudur. Əlbəttə, onun xüsusi yaradıcılıq studiyaları, konsepsiyası, jurnalist, reportyor kollektivi, bir sözlə analoji strukturu olmalıdır. Artıq bəzi demokratik ölkələrdə meydana çıxmağa başlayan internet-televiziyanın bu tipoloji xarakteri də yaxın zamanlarda tam azad yayım imkanı qazanacaqdır.
Efir televiziyalarının internet televiziyası ilə rəqabətinin ilkin üsullarından biri onların internet vasitəsilə də yayımının təşkilidir. İndi beynəlxalq aləmdə internetlə yayımlanmayan az televiziya kanalı tapmaq olar. Bununla belə internetlə yayılan efir televiziyası ilə internet televiziyasının texniki fərqi çoxdur və sonuncunun hər bir vətəndaşı yayımçıya çevirmək imkanı onu daha çox populyarlaşdırır.
Mütəxəssislər hələ bir neçə il əvvəl bu fikrə gəlmişlər ki, internet-televiziya ənənəvi televiziyanı üstələyə bilər. Jurnalistikanın gələcək inkişaf proqnozlarını verən professor Y.N.Zasurski hələ 2002-ci ildə yazırdı: “Bu günkü ənənəvi efir televiziyası internetin intəhasız imkanlarından doğan yeni texnoloji vasitələrin, xüsusilə internet- televiziyanın qarşısında narahatlıq keçirməyə başlamışdır”.
Həqiqətən də şəbəkə televiziyasının üstünlükləri çoxdur. Qeyd etdiyimiz kimi, birinci üstünlük auditoriyanın həcmi ilə bağlıdır. Aydındır ki, efir televiziyaları reklam bazarında ən çox auditoriya probleminə diqqət yetirir. Dünyada peyk-ötürücülərin getdikcə çoxaldığı, planetin çoxçeşidli telekanallarına hər kəsin baxa bilməsinə yaranan texniki şərait ayrı-ayrı ölkələrin telekanallarını çox sərt rəqabət mühitinə salmışdır. Bu gün fəaliyyət göstərən CNN international və BBC World, maliyyə-iqtisadi xarakterli CNBC və Bloomberq TV, habelə iri regional xəbər telekanalları- Euronews, CNN, və s. kanalların dünya TV sistemindəki xüsusi çəkisi bu rəqabəti getdikcə gücləndirməkdədir.
Belə bir şəraitdə məhəlli “telekanallar özlərinin iflasa məhkum olduqlarını” dərk edirlərsə, qlobal telesetlət daha çox internet–TV-nin qarşısında uduzacaqlarını görməyə başlamışlar. Sərhədsiz və məhdudiyyətsiz internet şəbəkəsi öz işini görməkdədir. Son vaxtlarda isə “Wiki Laiks” saytının bütün dünyada yaratdığı məlum təlatüm internetə marağı xeyli artırması ilə internet-televiziyanın da auditoriyasının–istehlakçılarının birdən-birə genişlənməsinə stimul vermişdir. Ənənəvi efir televiziyasının peyk-ötürücüyə çəkdiyi xərcin problemini internet-televiziya yaşamır. Deməli, hələlik mövcud olan bəzi xırda texniki detallar-səs problemi, təsvirin tam dəqiq parametrlərlə təqdimi və s. kimi məsələlər həll olunmaqla internet-televiziya hüdudsuz auditoriyası ilə öz hegemonluğunu göstərəcəkdir. Bununla da indiyədək “qlobal mediakompaniyalar” anlayışının “qlobal” epiteti öz mənasını itirəcəkdir.
İnternet-televiziya indiyədək daha çox Web-sahiblərin şəxsi məzmun daşıyan materiallarını şəbəkəyə çıxarırdı. Lakin son bir neçə ildə şəbəkə TV informasiyanın daha çox ictimai maraq kəsb etdiyini nəzərə almağa başlamışdır. Belə bir cəhəti dərk etmişdir ki, “xəbərlər mediaməhsul içərisində birinci yer tutur və onun istehlakçısı həmişə sabitdir. İlk vaxtlar xəbərləri beynəlxalq xəbər agentlikləri, sonra radioxidmətlər, daha sonra qlobal telesetlər, indi isə onlayn- şəbəkə sistemi satmağa başlamışdır”. Y.N. Zasurskinin gəldiyi nəticəyə görə, qələbə sonuncunundur.
İnternet-televiziyanın növbəti üstünlüyü onun interaktivliyi ilə bağlıdır. Əlbəttə, efir televiziyası da son dövrlərdə interaktivlik problemi yaşayır və bu tip televiziyalar ayrı-ayrı proqramlarda studiya auditoriyası, telefon bağlantıları, son vaxtlarda isə internet vasitəsilə aparıcı-tamaşaçı dialoqunu təmin etməyə çalışmaqdadır. Lakin bütün bunlarla belə interaktivlik şəbəkə televiziyasının ən əsas xüsusiyyətlərindən biridir. “İnternet-televiziya auditoriya ilə ünsiyyətdə əvəzsiz bir modeldir və bu artıq özünün heç nə ilə müqayisəyə gəlməz imkanlarını göstərməkdədir. Heç kimin müdaxilə edə bilməməsi və tam müstəqillik İnternet-TV-auditoriya əlaqələrini yüksək şkalaya qaldırır”. İnternet-TV proqramına tamaşa edən istehlakçı proqram haqqında fikirlərini nəinki studiya ilə, habelə müxtəlif saytlarda əlaqə saxladığı adamlarla da bölüşə bilər.
ABŞ tədqiqatçıları Keys, Deger və Meygelin belə fikirləri var: “Biz öyrəşmişik ki, efir televiziyası tamaşaçıdan heç bir aktivlik gözləmir: kresloya söykən və gözlə ki, səni nə zaman əyləndirəcəklər. Şəbəkə televiziyası isə nəzərdə tutur ki, proqramın hazırlanmasında belə tamaşaçı iştirak edəcək. Bir vaxtlar şəbəkə tamaşacısı nəyə baxmağı özü seçirdi, sonra bu TV onlara studiyadakı qonaqlarla əlaqə saxlamağı və dialoqa girməyi təklif etdi, indi isə o rakursu və kadrın ölçüsünü də özü seçməyə başlayıb. Bundan əlavə, tamaşaçı əgər kamerası varsa, özünün qiymətli bildiyi videomaterialını da müstəqil şəkildə həmin proqrama daxil edə bilər ki, bu görüntüləri də yer kürəsinin istənilən sakini izləyə bilər”. Bütün bunlar və üstəgəl digər texniki imkanlar internet televasitələri sistemində yerini möhkəmləndirəcək.
Ənənəvi televiziyanın efirə çıxması üçün xüsusi tezlik icazəsi- lisenziya da internet televiziyasına gərək olmayacaq. Əlbəttə, bu gün Azərbaycan şəraitində də internet televiziyasının provayder problemi, bu növ informasiya vasitəsinə lisenziya və s. kimi problemlər gündəmdədir. Ancaq nəzərə alsaq ki, internetin imkanları neçə milyonlarla videoinformasiya mərkəzinin yerləşməsinə imkan yaradır, onda lap yaxın gələcəkdə internet-TV-nin şəbəkəyə çıxarılması qarşısında heç bir süni maneə olmayacaq.
Ekranda jurnalist məharətinin əsasını söz – insanın fikir və duyğularının səslə ifadə etməyin müstəsna qabiliyyəti təşkil edir. Sözün TV-dəki müxtəlif funksiyalarını belə müəyyənləşdirmək olar: “Bu, natiqin, hekayətçinin, həmsöhbətin, təbliğatçının, diktorun, şərhçinin, şahidin, dünyagörmüş adamın sözüdür”. Təkcə insanın ekranda çıxış etdiyi televiziya rollarının sadəcə sadalanması TV-nin nitq spesifikası və TV ekranında səslənən nitqin bütün janr və formalarının, eləcə də üslubi çalarlarının elmi sistemləşdirilməsinin çətinliyini sübut edir. Bu çətinliklər televiziyanın strukturunun çoxjanrlılığı, onun estetik sisteminin, yəni dilinin, buradakı sözün mürəkkəb semantik xüsusiyyətləri ilə bağlıdır. Təsvir və səslə müşayət olunan bu söz həm də, üslubi çalarlara malikdir. Məhz bu üslubi çalar sözün həqiqi mənasını, incə fikri belə ən əlverilşli dil vasitəsilə gözəl bir formada auditoriyaya çatdırmağa imkan verir. Hər bir jurnalist, aparıcı, rejissor bunu bilməli və üslubi formalara ciddi riayət etməlidir.
TV-nin fəaliyyəti hər zaman mübahisə obyekti olub: dünən də, bu gün də. Xüsusən mütəxəssislər və müstəqil mətbuat daim televiziyalara xalqın, cəmiyyətin güzgüsü olduğunu xatırladırlar. Efirdə jurnalistika çərçivəsindən kənara çıxmalar, qeyri-etik hərəkətlər, dil xətaları, şablonçuluq, bir-birlərini təkrarlamalar tamaşaçının nəzərindən qaçmır. Verilişlərin bir-irinə bənzəməsi və digər bu kimi hallar tamaşaçıları kanalı dəyişdirməyə vadar edir. Televiziya ilk növbədə mədəniyyətdir, dəqiqlikdir. Və o da danılmaz faktdır ki, seçim çox böyükdür. Azərbaycanda fəaliyyət göstərən televiziyalarla yanaşı tamaşaçılar xarici telekanalları da izləyə bilirlər.
“Məlumdur ki, müasir dövrdə, məsələn, texnikanın geniş inkişaf etdiyi ABŞ kimi bir ölkənin də iri şəhərlərində efir telekanallarının sayı 80-90-nı keçmir. Şəbəkə üçün videoxəbərləri isə hər kəs hazırlaya və daxil edə bilər”.
Bu televiziya tamaşaçının arxivə müraciətini, ona digər xidmətlər təklif olunmasını, yayımın konkret ünvana ötürülməsini, yayım üçün efir tv-sindən qat-qat az xərc çəkməsini, reklam bolluğu əldə edilməsini və s. təmin etmək baxımından da böyük perspektivlər vəd edir. İnformasiya texnologiyasının bu günkü inkişaf nəbzini tutmağa və internet televiziyası kimi perspektivli bir informasiya vasitəsinin bizi gözləyən tələblərinə hazır olmalıyıq.
Bütün bunlar sübut edir ki, artıq özünün texniki baxımdan tipoloji xarakterini müəyənləşdirmiş İnternet televiziyası lap yaxın gələcəkdə informasiya siyasətinə görə də xüsusi tipoloji mahiyyətinə sahib olacaqdır.
KİV-in beynəlxalq meylləri onu göstərir ki, XXI əsrin lap ilk illərində qəzet, televiziya, radio – bunların hamısı inkişaf prosesindədir. İnformasiyalaşmaq prosesində KİV texnologiyası sənayesinə malik ölkələrin əhalisi daha irəlidə gedir. Ayrıca götürülmüş ölkədə də əhalinin texnikaya sahiblik dərəcəsinə görə informasiyalaşması prosesində təbəqələşmə davam edir.
Beynəlxalq miqyasda jurnalistikanın getdikcə biznesə daha çox çevrilməsi jurnalistin ənənəvi sosial məsuliyyətinin üstündən xətt çəkir. Dövlət KİV-nin informasiyanı idarə etmək təşəbbüslərinin çox-çox azalması ilə müşayiət olunan demokratik ölkələrdə KİV-in kommersiya maraqları dəqiq və obyektiv informasiyanın təqdimində problem yaradır. Bu problem Avropa Şurasının 1990-cı illərdə tövsiyə etdiyi ictimai televiziyanın bütün gücü ilə gündəmə gəlməsini şərtləndirən fakta çevrilir.
KİV texnologiyasının sürətli inkişafı ilə informasiyanın sürətli ötürülməsi prosesi jurnalistin faktlara başdansovdu münasibətinə də şərait yaradır. XXI əsr jurnalistin peşə etikasını bütün zamanlardakından artıq gündəmə gətirir.
XXI əsr jurnalistikası habelə sürət jurnalistikasıdır. İnternet şəbəkə mətbuatını və şəbəkə KİV-ini meydana qoydu ki, bunlar da öz növbəsində jurnalistikanın yeni istiqamətlərini müəyyənləşdirir. Şəbəkə – On-Line jurnalistikası redaksiyaların işini indi xeyli başqa cür qurmağa, xüsusilə, bəzi şöbələrin ixtisarına, yeni vəzifələrin meydana gəlməsinə səbəb olub.
Əlbəttə, bütün bunlarla belə, jurnalistika yenə də özünün əsas funksiyasını – cəmiyyəti məlumatlandırmaq və baş verən hadisələrdən onun baş çıxarmasına kömək etmək vəzifəsini yerinə yetirməlidir. Bu funksiyanın yerinə yetirilməsi üçün mütəxəssislər, peşəkarlar hansı texnologiyanı seçəcək – bu, onların öz işidir.
Yuxarıda dediyimiz kimi, “yeni jurnalistika” anlayışı özünü daha çox “On- Line” stilində göstərir. Çünki qeyd etdiyimiz şəbəkə jurnalistikasında informasiya selinin maneəsiz və sürətlə ötürülməsi məhz bu üsulla bağlıdır. Bu jurnalistika zəminində reportyor daha vacib və daha çox informasiya toplamaq, daha çox informasiya ötürmək imkanı qazanır. Əlbəttə, əslində “On-Line” jurnalistikasında da jurnalist ənənəvi vəzifələri yerinə yetirir. Lakin belə halda iş tez görülür və səmərəli olur.
On-Line-telekompüter əlaqələrinin operativ, interaktiv rejimidir. Hərfi mənası xəttin içində, birbaşa, daim yeniləşən məlumatlar bazası, cari informasiyanı təqdim edən xidmət deməkdir.
XXI əsrin şəbəkə jurnalistikası KİV-də çox ciddi faktlardan biri olan jurnalist araşdırmalarına yaxşı şərait yaradır. İnternet vasitəsilə istənilən informasiyanı əldə etmək, həm də saniyələr və dəqiqələr müddətində əldə etmək jurnalistin KİV bazarı tələbləri qarşısında fəaliyyətinə misilsiz kömək edir.
2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində baş verən terror hadisələri zamanı dağıdılan ticarət mərkəzləri binalarının strukturu, bu terror aktlarını törətməkdə suçlandırılan Bin Ladenin şəxsiyyəti və s. məsələlər barədə tez və operativ, əsaslı və geniş bilgilər bütün kütləvi informasiya vasitələri üçün, xüsusilə vizual vasitələr üçün ictimai maraq baxımından son dərəcə böyük önəm kəsb edirdi. Bu işdə “On-Line” jurnalistikasının imkanları ağlasığmaz dərəcədə geniş oldu.
2002-ci il oktyabrın 23-də Moskvada teatr mərkəzində yeddi yüzdən çox tamaşaçının çeçen terrorçuları tərəfindən girov götürülməsi ilə bağlı hadisə barədə ilk məlumatı Rusiya telekanalları internet saytından almışdılar.
XXI əsr jurnalistikasının çox ciddi keyfiyyət dəyişikliklərindən biri KİV-in konvergenliyi ilə bağlıdır. Konvergenlik anlayışının özü jurnalistikaya təzə şamil edilməkdədir. Konvergenliyin getdikcə öz yerini möhkəmlətməsi jurnalistikanı və jurnalist peşəsini lazımsız bir şeyə çevirməyəcək ki? Bu sual indi kommunikativistika elmində ciddi mübahisələr doğurur, jurnalistləri narahat edir. Bu yerdə jurnalistikanın yuxarıda xatırlatdığımız inqilabi sıçrayış məqamlarını xatırlayaq. Bu sıçrayışlar tarix boyu nə qədər çox və nə qədər kəskin olsa da, prinsiplər dəyişməmişdir. Ən ciddi texnoloji dəyişikliklər dövründə belə jurnalist əməyi, jurnalist istedadı öz mövqeyini qoruyub saxlamışdır.
Uzun illərin təcrübəsi göstərir ki, yeni texnika və texnologiya, əslində daha çox jurnalistin əməyinin yüngülləşməsinə, onun topladığı, işlədiyi informasiyanı istehlakçının daha asan və daha tez qəbul etməsinə şərait yaratmışdır. O da məlumdur ki, kütləvi informasiya vasitələri indiki səviyyəsinə heç də birdən-birə, həm də kompüterin meydana çıxması ilə gəlməmişdir. Sivil informasiyalaşma uzun illərin yol gəldiyi inkişaf mərhələsidir. 500 il bundan əvvəl informasiyanın yazı şəklində konservasiyası, yayımı ilə bağlı möcüzə heç də indiki texnologiya barədə möcüzələrdən kiçik olmayıb. Kütləvi kommunikasiyanın elə bir inkişaf mərhələsi olmayıb ki, özündən əvvəlki formasiyanın texnologiyasından istifadə etməmiş olsun.
Diqqətlə izlədikdə görünür ki, radionun meydana gəlməsi ilə qəzet dünyasının keçirdiyi narahatlığı televiziyanın yaranması ilə radio özü də yaşamışdır. Ancaq ciddi rəqabət onların hər ikisinin qoşa fəaliyyətini mümkün etmişdir. Eləcə, əvvəldə qeyd etdiyimiz kimi, İnternet də qəzeti sıxışdırmaq deyil, onun elektron versiyalarının yaranmasına səbəb olmaqdadır.
Məsələn, Finlandiya, Norveç və s. kimi şimal ölkələrinin nümunələri göstərir ki, əhalinin qəzetə, onun elektron versiyasına müraciətinin miqdarı ilə İnternetə qoşulan abunəçilərin sayı bir-birinə çox yaxındır.
XXI əsrin jurnalistikasında interaktivlik faktı çox önəmli sırada durur. İnteraktivlik XX əsrin lap sonunda meydana çıxmış olsa da, onun səmərəli inkişafı XXI əsrin ilk illərinə düşür.
KİV-in ümumdünya tarixi inkişaf yolunda informasiya ünvana ancaq birtərəfli qaydada ötürülmüşdür. Doğrudur, bir sıra xırda çalarları da unutmaq olmaz: redaksiyalara oxucu məktubları, radio ya telefon zəngləri və s. lakin bunları müasir anlamda başa düşdüyümüz interaktivlik kimi qəbul etmək çətindir. Bunlar, olsa-olsa, əks əlaqənin elementləridir. Bugünkü mənada interaktivlik elektron jurnalistikasının auditoriya ilə texnoloji vasitələrlə operativ, birbaşa əlaqəsini – əks əlaqəsini nəzərdə tutur.
Bu gün sürətlə çoxalmaqda olan ictimai informasiya xidməti qurumları kompüter texnikasının köməyi ilə informasiya istehlakçılarının KİV-lə interaktiv əlaqələrini təmin edir. Belə xidmət qurumları digər informasiya kompaniyaları ilə qarşılıqlı əlaqə yaradaraq onların informasiyasını geniş diapazonda təqdim edir. Dünyanın çox güclü informasiya agentlikləri ictimai informasiya xidmətləri vasitəsilə sonsuz auditoriyaya çıxa bilir. 
ABŞ-ın CNN yayım korporasiyası xeyli vaxtdır ictimai informasiya xidməti qurumlarından birinin vasitəsilə öz abunəçilərilə interaktiv əlaqə saxlayır. Yayım korporasiyasının gündəlik “Falk back lise” interaktiv tok-şousunda tamaşaçılar telefon zəngləri, faks, On-line – rejimi vasitəsilə jurnalistlərlə interaktiv münasibətdə olurlar. Studiyadakı tamaşaçıların da bu interaktiv foruma qoşulduqlarını nəzərə alsaq tamaşaçı – jurnalist əlaqəsinin miqyasını başa düşmək olar.
Cahangir MƏMMƏDLİ
 



Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar