12px14px16px18px

İrəvanda Azərbaycan mətbuatı: “Bürhani-həqiqət”95

11:16 / 27.01.2012
II YAZI

“Bürhani-həqiqət” jurnalının maraqla oxunan yazıları sırasında İrəvanın tanınmış ziyalısı, müəllimi, Cabbar Məmmədzadənin həyat və peşə təcrübəsi, mütaliəsi sayəsində geniş təsəvvürə malik olduğu tərbiyə mövzunda qələmə aldığı silsilə məqalələr diqqəti cəlb edir. Məcmuənin bütün saylarında verilmiş bu yazılar uşaqların ailədə düzgün tərbiyə olunmasında, böyüdülməsində valideynlərə məsləhət formasında qələmə alınmışdır. Və görünür, bu məsləhətlər müəllifin həm də müşahidələrinə əsaslandığından zamanında böyük təsir gücünə malik olmuşdir. C.Məmmədzadə ilk yazısında tərbiyəyə aid bir kitabın belə olmadığı zamanda bu ağır yükü öz öhdəsinə götürdüyünü bildirir. Tərbiyənin nə demək olduğunu, lüğəti mənasını açan müəllif sadə bir dildə oxucuları ilə həmsöhbət olur. Onun bu mövzuda yazdığı nəsihətamiz məqalələrində insanın tərbiyəsilə bağlı çox maraqlı, gərəkli məsələlərdən söhbət açdığını görürük. Müəllif, ailədə tərbiyənin düzgün qurulmamasının səbəbini cəhalətdə görür.
C.Məmmədzadənin tərbiyə mövzusunda qələmə aldığı əsərləri özünün zənginliyi, dilinin axıcılığı, sadə təsviri ilə yadda qalır. Xüsusən də ev mühitindən kənara çıxmayan analar üçün böyük əhəmiyyət kəsb edir. Onlara sağlam həyat tərzini, ailə-məişət mədəniyyətini, ustalıqla öyrədir. Bu məqalələri toplum halında nəzərdən keçirəndə sadə dildə yazılmış dərslik təsiri bağışlayır. Hekayət formasında yazılmış məqalələr bəzən də bir əsərdən götürülmüş ədəbi parça təsiri bağışlayır.
Vahidin jurnalın əksər saylarında yer alan “Quşlar” məqaləsi insanların min bir əziyyətlə becərdiyi bağlara bostanlara həşaratların yetirdiyi zərərdən bəhs edir. Bu həşaratların yaranması, artıb-çoxalması, qidalanmasını elmi şəkildə izah edən müəllif insanlara onlardan qorunmağın yollarını başa salır. Vahidin “Qanadlı düşmənlərimiz” məqaləsi isə çirkab, natəmizlik içərisində yaşayan cücülərin cürbəcür xəstəlik daşıyıcıları olmasından bəhs edir. Müəllif həşaratların növünü, artımını, insana verdiyi əziyyətləri onların keçirdiyi həyat tərzinin timsalında təsvir edir. Eləcə də onları məhv etməyin yollarını göstərir.
“Bürhani-həqiqət”də bu mövzuyla bağlı Təhvilin də “Qansoran müsahiblər”, “Ümummillətlərin düşməni”, “Bizim ev düşmənləri” kimi yazıları yer almışdır.
Təbiətin öz qanunauyğunluqları və sirləri, bunların insanlar tərəfindən öyrənilməsinin zəruriliyi, bir çox canlıların həyat və məişətimizdə zərərləri və əhəmiyyəti məsələləri bu mövzuda yazılmış publisistik əsərlərin məğzini ifadə edir.
“Ağrılar nə ilə sakitlənir” tibbi mövzuda yazılmış məlumat xarakterli bir məqalədir. Həmin dövrdə insanların kəskin bədən ağrılarından çəkdiyi əzabların çarəsini düşünən ziyalılar əldə etdikləri tibbi məsləhətlərlə soydaşlarını məlumatlandırmağa çalışırdılar. Yazı müəllifi bir qədər keçmişə qayıdaraq dişlərin kəlbətinlə çəkildiyini, bunun dözülməz ağrılar və yeni xəstəlikərə səbəb olduğunu xatırladaraq əsas mətləbə keçir. Müxtəlif səbəblərdən olan ağrıların və şiş xəstəliklərinin əlacı kimi amerikalı mütəxəssis, təbib V.F.Jeraldın müalicə üsullarından bəhs edərək, onun təcrübəsindən istifadəni məsləhət görür.
“Hükəmanın məişət barədə fikirləri”ində insanın mənəvi zənginliyi, əxlaqi keyfiyyətlərinə diqqət yetirilir. “Səlim təb, uca ağıl, iti huş, həlim və gözəl xülq, təmiz insaf və möhkəm ixtiyar, bular hamısı həman insanı səadətə çatdıran dövləti-mənəviyyədir ki, heç bir dövləti-zahiri, mülk, mal, şöhrət və şan ona əvəz ola bilməzlər...” Müəllim imzası ilə yazan müəllif bu mövzuda insanlara tərbiyəvi əhəmiyyət daşıyan fikirlərini açıqlamışdır. Ciddi və bu gün üçün aktual səslənən məqalədə müəllif mənəvi təmizliyi, saflığı əmlak, mal-dövlətlə müqayisə edir. Burada müəllif həyatın özündə yaşanılan ibrətamiz bir mənzərəni açıqlayaraq bildirir ki, bəziləri səhərdən axşamadək qarışqa kimi əziyyətə qatlaşıb işləyir, dövlətini artırır. Hansı ki, dağıtmağa vərəsə hazırlanıbdır. Dövlətli atanın övladı yaxşı tərbiyə almadığına görə mənəvi boşluğa, ətalətə düçar olur. Beləliklə də insanın həyatda mənalı yaşaması üçün mənəvi zənginliyin vacibliyi vurğulanır.
Jurnalda diqqəti cəlb edən yazılardan biri “Yetim cücə” imzasıyla (Əli Məhzun Hacı Zeynalabdinzadə Rəhimovun imzasıdır Ş.N.) “Hərdənbir” başlığı altında təqdim olunan “Lüğətin lüğəti”dir. Müəllif burada bir cümləlik fikirdə, bir sözün məntiqi şəkildə açmasında belə azərbaycanlıların ictimai mənşəyini, siyasi vəziyyətini çox dəqiqliklə ifadə edir. Mövcud siyasi rejimin azərbaycanlıları məhrumiyyətlərə düçar etməsi, soydaşlarımızın aqibəti bütün tamlığı ilə açıqlanır.
Ə.Məhzun özünün geniş mütaliəsi sayəsində topladığı hikmətli fikirləri “Həkimanə sözlər”də toplayıb nəşr etdirmişdir. Onun uzun illər bir çox əsərlərdən seçib topladığı ibrətamiz kəlamların insanın dünyagörüşünün, mədəniyyətinin, əxlaqi dəyərlərinin inkişafına təsiri böyükdür. Görkəmli şəxsiyyətlərin, yazıçı, filosofların həyatın sınaqlarından çıxmış fikirləri həm də insanın zənginləşməsi və kamilləşməsində böyük rol oynayır. Seçmələrdən seçmələr: “Bir əsərin ki yaradanı insan ola, mümkünmüdür ki, onda heç bir eyib və nöqsan olmaya” (Sinan paşa). “Övladın təişi atadan, tərbiyəsi anadan bəklənir” (Ayişə Vüslət). “Nöqsanını bil, ya bir işə başlama əvvəl, ya başladığın karı pəziray, xitam et” (Ziya paşa). “Bəzi cocuqlar güllərin ən gözəl qönçəsinə ariz olduqları kimi, məhəbbət də ən saf və ali olan ruhlarda bitutər edər” (Şekspir). Müdriklərin fikirlərindən götürülən bu kəlamlar insanı düşünməyə və onlardan bəhrələnməyə çağırır.
“Açıq müxabirlər”də jurnala yazı göndərən müxbirlərə düqqət göstərən nəşrin sahibi bu yazılara ədalət prizmasından yanaşır. Jurnalın məqsədinə müvafiq olanlara qayğı göstərir, zəif əsərləri, jurnalın ideyası ilə səsləşməyənləri nəşr etməyəcəyini bildirir.
“Bürhani-həqiqət”də dərc olunmuş yazıların əksəriyyəti əhatə etdiyi mözunun genişliyi, məlumat zənginliyinə, xüsusən də xalqın ictimai şüurunun formalaşması, milli özünüdərk prosesinə təkan verməsi baxımından böyük əhəmiyyətə malikdir.
“Məsləkimiz bacardıqca hamını anlayıb və istifadə edə biləcəyi asan bir şivə ilə yazmaq beş-üç nəfərə deyil, bəlkə də ümumə mənfəət yetirməkdir”, deyən Ə.Rəhimov “Bürhani-həqiqət”in məsləkinə zərrəcə xələl gətirməyərək özünün qısaca ömrü ilə İrəvanın ictimai-siyasi həyatında, milli şüurun formalaşmasında müstəsna əhəmiyyətə malik olmuşdur. Qeyd olunduğu kumi, jurnalda İrəvanın o dövrdə azərbaycanlılıq cəmiyyətinin böyük bir parçası ifadə olunub və bunlar həmin dövrün ictimai-ədəbi mühitinin fərqli bir aspektdən tədqiq olunması üçün tutarlı mənbədir. Təəssüf ki, XIX əsrin sonu, XX əsrin səksəninci illərinə qədər İrəvan ədəbi mühitinin tədqiqində dərinliklərə varmaq, onun özəlliklərinin məntiqi mahiyyətini açmaq sahəsində hələ yetərincə araşdırmalar aparılmamışdır. Bu istiqamətdə tarixi sənədlərin izi ilə bir çox ictimai-siyasi hadisələrə aydınlıq gətirilməsinə baxmayaraq hələ ötən yüzilliklərin qatı açılmayan sənədləri özünün araşdırılmasını istəyir. Heç kəsə gizli deyil ki, Sovetlər birliyi dövründə arxivlərimizin içərisində işləyən ermənilərin səyləri nəticəsində İrəvan quberniyası ilə bağlı çox qiymətli sənədlər, şəcərə tarixini yaşadan məxəzlər məqsədli şəkildə məhv edilmişdir.
Jurnalla bütövlükdə tanışlıqdan, onun hər bir sayının və yazılarının tədqiqindən bir daha aydın oldu ki, həmin dövrdə İrəvan azərbaycanlılarının həyatında, ictimai-mənəvi taleyində böyük təsir gücünə malik olan bu jurnalla bağlı Əli Məhzunun çox arzuları, ideyaları hələ qönçə ikən xəzana döndü. Bu ideyalar vətən, millət təəssübkeşliyi ilə çırpınan, yazıb-yaradan və fəaliyyət göstərən insanın qəlbinin səsi, harayı idi. Bu səbəbdən də “Bürhani-həqiqət” İrəvanın ədəbi abidələri sırasında şərəfli bir yer tutur.

Şəfəq NASİR





Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar