12px14px16px18px

“Öz millətin haqda nalayiq bir fikir oxuyur,ya eşidirsənsə, başını atıb rahat yata bilməzsən”

02:22 / 26.05.2012
 
Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur.
(VI söhbət)

Artıq bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim edilir. Bu söhbətlərin hər birində nazirin təkcə təhsillə yox, həm də müxtəlif sahələrlə bağlı əhatəli və fərqli fikirləriylə tanış oluruq. Bütün söhbətləri birləşdirən ümumi cəhət Misir müəllimin səmimiliyidir. Həmsöhbətimin yeri gələndə zarafatı da, kövrəkliyi də, cəmiyyətin bəzən doqma kimi qəbul elədiyi köhnə qəliblərə etirazı da, gələcəyə aid nikbin fikirlərini oxucularla bölüşməyi də özünə rahat şəkildə “icazə verməsi” söhbətlərin hərtərəfli alınmasına səbəb olur.
Söhbətlərimizin birinin sonunda, onun təbirincə desək, yazı-pozusundan danışan Misir müəllim öz rəhbərliyi ilə tərtib olunmuş “Azərbaycanın təhsil nazirləri” kitabını mənə təqdim edəndə doğrusu, bir az çaşmışdım. Adətən vəzifə adamlarının sələflərini unutdurmağa çalışmasına öyrəşdiyimizdən bu kitab mənə qəribə görünmüşdü. Kitabı vərəqlədikcə, ordakı məlumatlarla tanış olduqca, təhsil naziri postu ilə bağlı yaranan müxtəlif sualları Misir müəllimə ünvanladım və həmin mövzu ətrafında söhbətimiz ötən şənbə çap olundu. Lakin nazirin təhsilin tarixi ilə bağlı araşdırmalarının nəticələri bu kitabla bitmir. Mayın 3-də geniş təqdimat mərasimi keçirilən “Azərbaycan təhsil tarixi” üçcildliyi bu istiqamətdə aparılan tədqiqatın uğurlu nəticəsi sayıla bilər. Təqdimatda Azərbaycan bomondunun kitab haqda müsbət rəylərini dinlədikcə “ən yaxşı tənqidçi müəllif özüdür” düşüncəsiylə gələcək söhbətlərimizdə bu mövzuya toxunacağımızı fikirləşirdim. Ötən şənbə Misir müəllim özü də demişdi ki, “...məni təhsilin tarixini yazmağa vadar edən bir neçə səbəb var, yeri gəldikcə onları sizə açıqlayacağam”...
Beləliklə, “Azərbaycan təhsil tarixi”nin (I cild) yazılma tarixçəsi, kitabda təsvir olunan dövrün ümumi mənzərəsi, bu günlə fərqli və oxşar tərəfləri barədə söhbətimizi oxuculara təqdim edirik. 

Pərvin: Misir müəllim, “Azərbaycanın təhsil nazirləri” kitabınız barədə olan ötən söhbətimizdə təhsil tarixinə aid araşdırmalarınızdan danışmışdınız. Bu günlərdə “Azərbaycan təhsil tarixi” adlı üçcildliyinizin təqdimat mərasimi oldu. İstərdim bu kitabın yazılma ideyası, tarixçəsi barədə danışasınız. 
Misir Mərdanov: Təhsilin tarixi barədə yazmaq ideyasının ilk rüşeymləri 80-ci illərin sonunda, Milli Azadlıq Hərəkatının başladığı dövrdə yaranmışdı. Bu, milli duyğularımızın oyandığı, alovlandığı bir vaxt idi. Tariximizi, hətta ən qədim dövrlər haqqında həqiqətləri olduğu kimi bilmək istəyirdik. Mənə qəribə gələn və ağrıdan hətta ən yaxın tariximizi də dəqiq bilməməyimiz idi. Əksər mənbələr xalqımızın tarixi ilə bağlı təhrif olunmuş məlumatlar verirdi. Təhsilin tarixinə aid isə sanballı, həqiqətləri özündə əks etdirən araşdırmalar çox az idi. 
Pərvin: O zamana kimi tarixçi alimlərimiz, yaxud gənc tədqiqatçılardan təhsil tarixini araşdıran olmamışdı?
Misir Mərdanov: Balaca kitabçalar şəklində hansısa konkret dönəmi əhatə edən tədqiqatlara rast gəlmək olardı. Amma sovet dövrünün tələbi ilə müxtəlif məlumatlar xalqa səhv çatdırılırdı. Məsələn, xatırlayıram ki, 1969-cu ildə o zamankı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi ərəfəsində tarixçi alim Xəlil Əlimirzəyevin “Azərbaycan Dövlət Universiteti 50 ildə” monoqrafiyası işıq üzü görmüşdü. Biz universitetin yaradılmasına cəhdlərin 1918-ci il Xalq Cümhuriyyəti zamanından başlaması və bir illik müzakirələrdən sonra 1919-cu ildə gerçəkləşməsini yalnız o kitabın çapından sonra bildik. Bundan təxminən 20 il sonra universitetin riyaziyyat müəllimi Səfər İbrahimovun arxiv materialları əsasında hazırladığı “Bakı Dövlət Darülfununu” adlı kitabı da bu faktı təsdiq etdi və millətə bəlli oldu ki, Azərbaycanın ilk ali təhsil müəssisəsinin yaradılması yolunda Xalq Cümhuriyyətinin qurucuları hansı çətinliklərlə üzləşiblər. Amma bu kitablara qədər bir çox yazılarda universitetin yaranması da sovet hökumətinin xidməti kimi qələmə verilirdi. Təbii ki, bir çox faktların bu cür təhrif olunması, xalqın öz tarixini dəqiq bilməməsi məni düşündürür, təhsilin tarixini araşdırmağa, yazmağa sövq edirdi.
Pərvin: Birdən-birə böyük araşdırma aparıb “Azərbaycan təhsil tarixi” kimi irihəcmli kitab yazmaq çətin olardı yəqin ki...
Misir Mərdanov: Təbii. İllərlə bu istiqamətdə çalışıb işə yanaşmaq lazım idi. Xatirimdədir ki, Bakı Dövlət Universitetinin 75 illiyi ərəfəsində (o zaman universitetdə prorektor vəzifəsində işləyirdim) rektor Murtuz Ələsgərov və professor Fazil Vahidovla birlikdə   “Bakı Dövlət Universiteti” monoqrafiyasını çap etdirdik. Sonralar rektor işlədiyim vaxt, ötən söhbətlərimizdə də söz açdığımız “Bakı Dövlət Universiteti və Heydər Əliyev” kitabını Əli Əhmədovla birgə yazmışdıq. İstər bunların yazılması prosesi, istərsə də sadəcə, maraq üçün oxuduğum, rast gəldiyim müxtəlif materiallar təhsilin tarixinə aid irihəcmli, hərtərəfli kitab yazmaq istəyimi daha da artırırdı. Açığını deyim ki, o dövrdə ali məktəbdə işlədiyimdən məni daha çox təhsilin bu pilləsi ilə bağlı olan məsələlər maraqlandırırdı.
Pərvin: 1998-ci ildə Azərbaycan Müəllimlərinin I Qurultayında təhsilimizin tarixi ilə bağlı geniş məruzə etmişdiniz. Bu məruzəni də haqqında danışdığınız tədqiqat istiqamətində uğurlu iş hesab etmək olar?
Misir Mərdanov: Şübhəsiz. Bəlkə də əslində başlanğıc elə həmin məruzə idi. Yaxşı xatırlayıram, məruzədən sonra indiki Heydər Əliyev Sarayının foyesinə, təhsil sərgisinə baxmağa çıxanda ulu öndərimiz məruzəni müsbət qiymətləndirib “təhsilimizin tarixi mütləq yazılmalıdır” – demişdi. Elə bir uzaqgörən adamdan belə söz eşitmək həm məsuliyyətimi, həm də bu işə marağımı xeyli artırmışdı.
Bu istiqamətdə düşüncələrimi qətiləşdirən hadisələr çox olub. Kitabı vərəqləyəndə bəziləri yadıma düşür. 1999-cu ilin payızında Qori Müəllimlər Seminariyasının 80 illik yubileyini keçirməyimizi xatırlayıram. Həmin vaxtlar Qazaxdan bu yubileyin keçirilməsilə bağlı təklif gəlmişdi. Biz də təbrik məktubu hazırladıq və müavinim Elmar Qasımov tədbirdə iştirak etdi. Yubiley mətbuatda da işıqlandırıldı. Bir neçə gün sonra prezident Heydər Əliyev mənə seminariyanın yubileyinin ən yüksək səviyyədə Bakıda keçirilməsini və xalqımıza Qori Müəllimlər Seminariyasının Qazax filialının xidmətləri barədə ətraflı məlumat verilməsini tapşırdı.
Bundan sonra seminariya və onun Qazax filialının tədqiqatçısı, professor Fikrət Seyidovla görüşüb xeyli məlumat aldım, kitabları ilə tanış oldum, bu materiallar əsasında həmin tədbir üçün məruzə hazırladım. Bu məruzəni də növbəti təkan hesab etmək olar. 
Pərvin: Kitabda Manaf Süleymanovdan təsirlənmələr, sitatlar çoxdur. Onun ilk baxışdan təhsilə az aidiyyatı olan əsərləri diqqətinizi nə ilə cəlb etmişdi? 
Misir Mərdanov: Manaf Süleymanovla da elə o vaxtlar görüşmüşdüm. Mənə “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını hədiyyə etmişdi. Bəlkə də ilk baxışdan o kitablarda tarixin başqa tərəfləri daha çox təsvir olunur. Lakin bununla yanaşı, təhsilimizə aid başqa kitablarda rast gəlinməyən faktlar da çoxdur. Manaf Süleymanovun əsərlərində məni yuxusuz gecələr keçirməyə vadar edən çoxlu əhvalatlar oxumuşam. Birini heç unutmuram: Hacı Zeynalabdin Tağıyev rus çarı III Aleksandrın taxtaçıxma mərasimində iştirak etmək üçün Zaqafqaziya müsəlmanları adından nümayəndə kimi Rusiyaya göndərilibmiş. Mərasim zamanı Nazirlər Sovetinin sədri çarın sağ tərəfində dayanıb, qonaqları bir-bir ona təqdim edirmiş. Tağıyev müsəlman libasında onlara yaxınlaşanda bu adam elə bilir ki, Hacı rusca bilmir, rus dilində deyir, “Zati-aliləri tanış olun, vəhşi xalqın nümayəndəsidir”. Əlbəttə, Hacı Bakıda böyümüşdü və rus dilini yaxşı bilirdi. Hacı cavabında deyir ki, biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, çoxəsrlik zəngin tarixə malikdir.
Bundan sonra Hacı Zeynalabdin Tağıyev bütün həyatını Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafına həsr etdi. Mənim özümə isə bu əhvalatın necə təsir etməsini sözlə ifadə edə bilmirəm. İnanın tam səmimi və pafossuz deyirəm, əgər öz millətin haqda nalayiq bir fikir oxuyur, ya eşidirsənsə, başını atıb rahat yata bilməzsən. Mənim əlimdən bu gəldi, qarşıma məqsəd qoydum ki, ömrümün sonuna qədər xalqımın təhsil tarixi ilə bağlı həqiqətləri dünyaya çatdırmağa çalışım. Bu istiqamətdə sistemli araşdırmalarımı 2000-ci illərin əvvəllərindən aparmağa başladım.
Pərvin: Misir müəllim, bu sahəyə bağlı adam kimi təhsilin tarixi ilə maraqlanmağınız, müxtəlif mənbələrə müraciətiniz təbiidir. Amma bütün bunları sistemləşdirmək, yazmaq asan iş deyil. Kitabın ön sözünü esse üslubunda yazmısınız. Bundan əlavə, təsvir olunan dövrə, hadisələrə də müəllif münasibətinizi müxtəlif məqamlarda bildirirsiniz. Yəqin ki, bir riyaziyyatçı üçün bütün bunları etmək daha çətin olar və gərgin əmək sayəsində başa gələr...
Misir Mərdanov: Haqlısınız. Mən yazıçı, yaxud publisist deyiləm. Ona görə fikirlərimi istədiyim şəkildə sözə çevirib yazmaq xeyli vaxt və əziyyət tələb edirdi. Amma bu kitabın yazılmasının bir çox cəhətdən faydası oldu. Təsəvvür edin ki, mən bu yaşımda kompyuterlə sərbəst işləmək, mətn yığmaq öyrəndim (gülür). Tam səmimi deyirəm, bu kitabların hər səhifəsini kompyuterdə şəxsən özüm yığmışam. Elə təkcə əlyazmalarımı ortaya qoysam, redaktələrə baxsanız, ümumi təsəvvürünüz yaranar.  
Pərvin: Bəzən yazarlar yazı aurası yaratmaq üçün müxtəlif vasitələrə əl atırlar. Kimisi musiqidən, poeziyadan, kimisi də təbiətdən təsirlənir. Bəs siz bu cür məsuliyyətli işə köklənmək üçün nələrdən, yaxud kimlərdən təsirlənirdiz?
Misir Mərdanov: Əsasən, oxuduğum kitablar təsir edirdi. Bəzilərində maraqlı nələrsə görüb həvəslənirdim, düşünürdüm ki, bu barədə fikirlərimi yazmalıyam. Amma bəzilərində, deyək ki, sovet idealogiyası təsiri altında yazılmış kitablarda səhvlər görürdüm, hərdən lap hirslənirdim, təhsilin tarixinə aid həqiqətlərin gələcək nəslə düzgün çatdırılması çox narahat edirdi məni.
Bir daha təkrar edirəm, Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” və “Azərbaycan milyonçuları”, Qılman İlkinin “Bakı və bakılılar” kitablarından xeyli bilgilər əldə etmiş və təsirlənmişəm. 
Pərvin: Misir müəllim, yeri gəlmişkən deyim ki, bir oxucu kimi məni sevindirən məsələ bu kitabda təhsilə ən kiçik faydası olan adamlardan tutmuş Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilər, Həsən bəy Zərdabi kimi ziyalılara qədər hər kəs haqqında qızırğanmadan bəhs etməyinizdir.
Misir Mərdanov: Qeyd edim ki, haqqında danışdığımız birinci cild yenidən işlənəcək. Gördüyünüz kimi, bu cildin həcmi o birilərindən daha kiçikdir. Bu adamlar haqqında lazımi qədər yazmağa, bilinməsi vacib məlumatları, tarixi faktları oxuculara çatdırmağa çalışmışam. Amma hər halda o dövrə aid kifayət qədər mənbələrin olmaması müəyyən məhdudiyyətlər yaradıb. İndi isə zaman-zaman yeni mənbələr araşdırıb tapırıq, ona görə dediyiniz tarixi şəxsiyyətlər haqqında daha geniş araşdırma aparıb gələcəkdə bu cildi yenidən işləyəcəyik.
Pərvin: Kitabın ön sözündə ziyalılara, xeyriyyəçilərə münasibətimizə aid maraqlı bir paralel verilir və müəllifin təəssüfü hiss olunur. İstanbulda türklərin təhsilə para xərcləmiş Kadır Hası möhtəşəm şəkildə son mənzilə yola salması və bizim xeyriyyəçilərimizə laqeydliyimiz, biganəliyimiz...
Misir Mərdanov: Mən hələ də o hadisənin təsiri altındayam. Baxmayaraq ki, bu, 2007-ci ildə baş vermişdi. Rəsmi səfərdən qayıdarkən, təsadüfən İstanbul hava limanında Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəllə rastlaşdım. Onu çox hüznlü, kefsiz gördüm. Səbəbini soruşanda belə izah etdi: “İstanbulda Kadır Has adlı məşhur bir türk iş adamı haqq dünyasına qovuşub. O, bu millətin təhsilinin inkişafına para xərcləməkdən zövq alırdı, çətin zamanlarda Türkiyədə məktəb tikintisinə 600 milyon vəsait sərf etmiş, təhsilimizi yüksəklərə qaldırmışdı. Ona görədə bu gün Türk xalqının bütün kişiləri – sıravisindən tutmuş, baş bakana, prezidentə kimi onun cənazəsinin altına girməli, çiyinləri üzərinə alaraq, layiq olduğu yüksəkliyə qaldırmalıdır” (kövrəlir). Məni düzgün başa düşün, o zaman Süleyman Dəmirəldən bu sözləri eşidəndə, eynən indiki kimi duyğulandım və ani olaraq xalqımın balalarının təhsil almasına milyonlarla pul xərcləyən Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərimizi və onların övladlarının taleyini xatırladım. Təəssüf ki, biz vaxtında onları layiq olduqları zirvəyə qaldıra bilmədik: bir qismi vətəndən uzaqlarda son dəfə “Azərbaycan” deyərək gözlərini yumdu, digərləri isə öz vətənində biganəliyin qurbanı oldu, övladları ehtiyac içində yaşadı, milyonçunun dilənçi balalarına çevrildilər.
Pərvin: Amma Misir müəllim, siz özünüz bir xalq məsəlini çox deyirsiz ki, “haqq nə qədər nazilsə də, üzülməz”... Zaman özü bu adamların qiymətini verir bəlkə də... 
Misir Mərdanov: Əlbəttə... Zaman keçdi, xalqımız yüz illərlə uğrunda mübarizə apardığı müstəqilliyini əldə etdi, öz milli-mənəvi dəyərlərinə sahib çıxdığı kimi, tarixdə mühüm rol oynamış şəxsiyyətlərin də haqlarını müəyyən mənada özlərinə qaytardı. Tağıyevin evinin – bugünkü Tarix Muzeyinin ölkə başçısının tapşırığı ilə təmir etdirilməsi də bu qəbildən olan işlərdəndir. Yeri gəlmişkən, bu kitabları yazmaqda məqsədlərimdən biri də xalqımızın tarixində baş vermiş çoxsaylı hadisələri yada salmaqla onları sanki “oyatmaqdır”.
Pərvin: Kitabda millət olaraq haqqımızın əlimizdən alınmasının təhsil sahəsində də aydın görünməsini müxtəlif yerlərdə vurğulayırsınız. Deyək ki, XX əsrin əvvəllərində azərbaycanlıların dövlət məktəblərində dərs deməsinin yasaq olunması və s. Sovet dövründə bu məsələlər ciddi şəkildə ört-basdır edilirdi. Belə faktları necə əldə etmisiniz?
Misir Mərdanov: Bu dediyiniz məsələ məni çox incitmişdi. “Kafkazskiy Vestnik” qəzetinin nömrələrini arxivlərdə oxuyarkən çox təəccüblənmişdim. Təsəvvür edin ki, çar Rusiyası dövründə hətta Sultan Məcid Qənizadə, Rəşid bəy Əfəndiyev kimi ziyalılar da dövlət məktəblərində dərs deyə bilmirdilər. Ümumiyyətlə, azərbaycanlılara bu məktəblərdə işləmək yasaq idi. Onlar ancaq dini, yaxud kənd məktəblərində müəllimlik edə bilərdilər. Bəlkə də bütün bu ürəyimi ağrıdan məsələləri həm də oxucularımla bölüşüb yüngülləşmək üçün yazdım. Yazdıqca Səməd Vurğunun “Nələr çəkmiş başın sənin, bilinməyir yaşın sənin...” misrası fikrimdən çıxmırdı.
Pərvin: Misir müəllim, etiraf edim ki, bu kitabı oxuyandan sonra indi bəlkə də bizə gənc olaraq adi gələn bəzi məsələlərə münasibətim dəyişildi. Deyək ki, bu gün yeni məktəblərin tikilməsi, hər kəsin istədiyi ali məktəbdə oxumaq imkanı sadə görünür bizə. Amma o dövrdə təkcə qızlar məktəbini açmaq üçün H.Z.Tağıyev necə çətinliklərlə, hücumlarla üzləşmişdi...
Misir Mərdanov: Doğrusu, mən də bu gün ali təhsillilər arasında qızlarımızın çoxluğunu görəndə sevinirəm və H.Z.Tağıyevə rəhmət oxuyuram. O, doğrudan da, bu məktəbin açılışı üçün çox çalışmışdı. İlk növbədə imperator III Aleksandra müraciət etmiş və rədd cavabı almışdı. II Nikolay taxta çıxdıqdan sonra Hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın həyat yoldaşı Aleksandra Fyodrovnaya çox bahalı hədiyyə və Bakıda qızlar məktəbi açmaq barədə xahişnamə göndərir. Balaca bir siyasət də işlədir ki, (məktəbə Nikolayın xanımının adının verilməsi) etiraz etməsinlər. Uzun sürən mübahisələrdən sonra məktəbin açılmasına icazə verilir. Hacı iki il ərzində məktəb üçün bina tikdirir. Bina 1900-cü ildə artıq hazır olsa da, məktəbin açılması üçün H.Z.Tağıyev daha bir il mübarizə aparır və 1901-ci ildə məktəb 58 nəfər şagirdlə fəaliyyətə başlayır. Məktəbin ilk müdiri böyük maarifçi Həsənbəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova idi.
Pərvin: Bu kitabın birinci cildində diqqətçəkən məsələlərdən biri də Şərq və Qərb mədəniyyətini, təhsilini müqayisə etməyinizdir. Həm də bir az mühafizəkar şərqli kimi üstünlüyü bura verməyiniz...  
Misir Mərdanov: Təkcə mən deyiləm ki, bu cür düşünən. Dünyanın məşhur tədqiqatçı alimləri də deyiblər ki, şərqdə təhsillə bağlı humanist, demokratik fikirlər qərbdən xeyli əvvəl formalaşıb və inkişaf edib. Mən də bunu ictimaiyyətə çatdırmaq istəmişəm. Tarixi mənbələr sübut edir ki, orta əsrlərdə Qərb ölkələrində kilsənin fitvası ilə yeni fikirli insanlar tonqallarda yandırılarkən, Şərqdə, o cümlədən Azərbaycanda azad fikirlilik, dünyəvi elmlər maneəsiz inkişaf edirdi. İngilis şərqşünas alimi U.M.Uott “Orta əsr Avropasına İslamın təsiri” kitabında yazırdı ki, Şərq alimlərinin tədqiqatları olmasaydı, Avropada elm və fəlsəfə belə sürətlə inkişaf edə bilməzdi. Amerika alimlərindən biri isə Nəsrəddin Tusi haqqında yazırdı: “Əgər Qərb alimləri Tusinin nələr yaratdığından xəbərdar olsaydılar, o zaman öz kəşflərini yeni hesab etməzdilər. Çünki təhsil-tərbiyə sahəsində XIV-XV əsrlərdə Qərb humanistlərinin irəli sürdüyü ideyaların bir çoxu daha mükəmməl, humanist və demokratik şəkildə XIII əsr Azərbaycan alimi Nəsrəddin Tusi tərəfindən irəli sürülmüşdü”. Təəssüf ki, uzun illər bu kimi çoxsaylı faktlar təhrif olunaraq millətimiz dünyaya mədəniyyətsiz, ölkəmiz isə başdan-başa savadsızlar ölkəsi kimi təqdim edilmişdi.
Pərvin: Elmlərin beşiyinin məhz Şərqdə olması barədə yazılar, araşdırmalar çox olub. Amma sizin əsas fikirləri bir kitabda cəmləşdirməyiniz oxucu üçün faydalıdır. Həm də qərbin ideallaşdırdığı adamları obyektiv qiymətləndirməyiniz maraqlıdır... 
Misir Mərdanov: Bir sadə misal deyəcəyəm. Yəqin sizin də uşaqlıqdan yaxşı yadınızda olar, Vladimir İliç Leninin “Oxumaq, oxumaq, yenə də oxumaq” şüarı. Bunu o zamanlar o qədər deyir, reklam edirdilər ki, indiyə kimi çoxlarının dilinin əzbəridir. Amma Lenindən on üç əsr öncə İslam dininin banisinin “İnsan beşikdən məzara qədər elm öyrənməlidir, onun sorağı ilə lazım gələrsə, Çinə qədər getməlidir”, sözlərini çox az adam bilir. Çünki bu fikirlər insanlara çatdırılmayıb. Yeri gəlmişkən deyim ki, kitabda şərq dünyasının böyük şəxsiyyətləri Əbu Əli İbn Sina, Əbdülhəsən Bəhmənyar, Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif haqqında məlumat verilir. Bu böyük şəxsiyyətlərin orta əsrlərdə məktəb və mədrəsələrin yetirmələri olması xüsusi məqamdır. Oxucuların buna diqqət etməsini istərdim. 
Pərvin: Yazılarınızdakı ayrı-ayrı ifadələrdə də sizin hadisələrə münasibətiniz aydın görünür. Məsələn, Azərbaycanın sovet imperiyasının tərkibinə qatılmasını “Azərbaycanın işğalı” kimi ifadə etməyiniz... 
Misir Mərdanov: Əlbəttə, bu, işğal idi. Özü də təkcə torpaqlarımızın yox, həm də ruhumuzun, mənəviyyatımızın, təhsilimizin, dilimizin, mədəniyyətimizin işğalı idi. XIX əsrin əvvəllərində “Gülüstan” və “Türkmənçay” müqavilələrinə əsasən Rusiyanın tərkibinə daxil olan Şimali Azərbaycan İslam-Türk dünyasından ayrıldı, nəticədə rus-Avropa elmi mədəni fikri Şərq xarakterli Azərbaycanın mədəni, ictimai təfəkkürünü üstələdi. Təsəvvür edin ki, Qafqazda tətbiq edilən ümumi ruslaşdırma siyasəti ilə bərabər, azərbaycanlıların gələcəkdə xristianlaşdırma siyasətinin həyata keçirilməsi də nəzərdə tutulurdu. Azərbaycanlı uşaqları rus məktəblərində oxudub, onlardan rus təbiətli “uçitellər” hazırlamaq istəyirdilər. Bu ideyanı həyata keçirmək məqsədi ilə XIX əsrin birinci yarısında Şuşada, Nuxada ( Şəki), Bakıda, Gəncədə, Naxçıvanda, Şamaxıda, Qubada və Lənkəranda üç sinifdən ibarət Qəza məktəbləri açıldı. Qəza məktəblərində o dövrün ənənəvi məktəblərindən (mollaxanalardan) fərqli olaraq, dünyəvi elmlər öyrədilirdi. Həmin dövrdə çar hökuməti özünün müstəmləkəçilik siyasətini həyata keçirərkən, dini təhsil verən, mədrəsələrdən və dünyəvi məktəblərdən fərqlənən yeni tip məktəblərin – “müsəlman” məktəblərinin açılmasını nəzərdə tutmuşdu. Bu məqsədlə 1948-ci ildə Tiflisdə ilk müsəlman məktəbi olan Əliyə (şiə), 1949- cu ildə isə Öməriyyə (sünni) məktəbləri açıldı. Onların ayrı-ayrılıqda təşkil etdikləri “sünni” və “şiə” məktəbləri çox qorxulu və zərərli bir təmayülün yaranmasından xəbər verirdi. Bütün bu faktları öyrənəndə ağıla “işğal”dan başqa söz gəlmir.  
Pərvin: Manaf Süleymanovun kitablarından təsirləndiyinizi dediniz. Başqa hansı müəlliflərin əsərlərindən istifadə etmisiniz?
Misir Mərdanov: Əhməd Seyidov, Hüseyn Əhmədov, Əjdər Ağayev, Fərrux Rüstəmov, Əmrulla Paşayev, Fuad Axundov, Əsəd Yaqubi, Əyyub Tağıyev, Əsgər Zeynalov və başqalarının kitablarını oxuyub bəhrələnmişəm. Amma yenə də hansısa tanış olmadığımız faktlar, kitablar qarşıma çıxır. Məsələn, bu günlərdə Nərmin Tahirzadənin kitabı ilə tanış olmuşam ki, birinci cildin təkrar işlənməsi zamanı bu əsərdən mütləq istifadə olunacaq. Çünki burada maraqlı və bizə məlum olmayan faktlar var.
Bundan əlavə Anar, Sabir Rüstəmxanlı kimi ziyalılarımızla məsləhətləşmişəm. Məsələn, kitaba “Rüşdiyyə” məktəbləri barədə məlumatların daxil edilməsi Anarın məsləhəti ilə olub.  
Pərvin: Misir müəllim, kitabın məziyyətlərindən biri də təkcə indiki Azərbaycan Respublikası coğrafiyasına daxil olan ərazilərdəki təhsilin ümumi mənzərəsini yazmaqla kifayətlənməməyinizdir. Burda indi Azərbaycanın hüquqi sərhədlərindən kənarda qalan İrəvan, Göyçə, Borçalı, Dərbənd və s. ərazilərdə təhsilin tarixi barədə də məlumat verirsiz. Amma Güney Azərbaycandakı təhsilə az yer ayırmısınız. Bu nə ilə bağlıdır?
Misir Mərdanov: Bu, İran arxivlərində işləmək məhdudiyyətindən irəli gəlir. Hər vaxt, lazımi informasiyanı əldə edə bilmədiyimizdən Azərbaycanın bu tarixi ərazilərinin təhsilini kifayət qədər yaza bilmədim.
Pərvin: Kitabda müxtəlif şəkillərə, məktublara, əmr və nizamnamələrə rast gəlinir ki, yəqin təhsil naziri olmasaydınız, bunları əldə etmək çətin olardı...
Misir Mərdanov: Əlbəttə. Təqdimat mərasimində də dedim ki, kitabın yazılmasında tutduğum vəzifə mənə çox kömək olub. Başqa cür olsaydı, yaza bilməzdim bu kitabları. Müxtəlif arxivlərə yazdığım məktublara zamanında cavab verilməsi, lazımi adamlarla tez, rahat əlaqə saxlamaq imkanı məhz burada çalışdığım üçün mümkün oldu. Bundan əlavə, nazirliyin də əməkdaşları bu işdə mənə xeyli kömək ediblər.
Pərvin: Bu cild haqqında bir məqamı da demək istərdim – kitabda 450 nəfər Azərbaycan ziyalısının siyahısı var və təkcə elə bunun özü bir kitablıq informasiya deməkdir... 
Misir Mərdanov: Bunu vurğulamağınıza görə təşəkkür edirəm. Fikrimcə, bu siyahı Azərbaycanda sovet hakimiyyəti qurulan dövrdə “inqilaba qədər Azərbaycanda ali təhsillilərin sayı cəmi 60 nəfər idi” deyənlərə tutarlı cavab kimi qiymətləndiriləcək.



Bu yazı ( 356 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar