Deputat Qalib Salahzadə: “Bunların rəhbərləri ilə bağlı məndə elə sözlər, elə sirlər var ki...”
“BİLGƏHDƏ EVLƏRİM, BAĞLARIM VAR”
01:16 / 17.05.2012
27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Hacı Qalib Salahzadənin APA-ya müsahibəsi
– Hacı Qalib Salahzadə deputat seçiləndən sonra həyatında nələr dəyişib?
– Dəyişən odur ki, məsuliyyət hissi artıb. Bundan əvvəl ətraf kəndlərdən nə üçünsə müraciət edənlərin sayı 50, 100, 200 olurdusa, indi bu say daha da çoxalıb. Bu da, dediyim kimi, məsuliyyəti artırır.
– Milli Məclisdəki fəaliyyətinizi necə qiymətləndirirsiniz? Söhbət çıxış etmək, təklif irəli sürmək, qanun layihəsi hazırlamaqdan gedir...
– Vallah, mən başım çıxmayan sahələrdən danışmıram. Mən durub orada həkimlikdən danışa bilmərəm. Təmsil olunduğum komitədə nə qədər bacarıram, təkliflər verirəm.
– Siz Regional məsələlər Komitəsində əsasən bələdiyyələrlə bağlı çıxışlar edirsiniz. Sizcə, bələdiyyələrlə bağlı daha nələr edilməlidir, yerli özünüidarəetmə orqanının səlahiyyətləri artırılmalıdırmı?
– Bələdiyyələr çalışırlar, get-gedə inkişaf var. Ancaq daha yaxşı ola bilər. İstərdim ki, bələdiyyələrə həm dövlət, həm də ayrı-ayrı təşkilatlar tərəfindən diqqət artırılsın.
– Deputat kimi təmsil olunduğunuz Sabunçu rayonuna bu yaxınlarda yeni icra başçısı təyin olunub. Onunla tanış olmusunuz?
– Mənim onunla əvvəldən də tanışlığım olub. İnsanlarla dolanmağı da yaxşıdır.
– Bəs, əvvəlki icra başçısı?
– Əvvəlki icra başçısı ilə də münasibətim əlaydı. Ona da Prezident Administrasiyasında vəzifə verdilər, ora getdi.
– Sizin deputat qərargahınız var?
– Var. Bundan əlavə, köməkçim ayda üç dəfə bütün kəndlərdə olur, bələdiyyələrə, icra nümayəndəliklərinə, məktəblərə baş çəkir. Orada nə ərizələr, nə şikayətlər olsa, alıb gətirir, kimə nə kömək lazımdırsa, eləyirik. Bu işlər mən deputat seçildiyim gündən belədir. Mən bir dəqiqə də olsa, seçicilərdən uzaq olmamışam.
– Müraciətlər əsasən hansı məsələlərlə bağlı olur?
– Vallah, əvvəllər eşidirdik ki, qaz, su, işıq problemi var. İndi bu cür problemlər yoxdur. Axırıncı dəfə mənə iki gün əvvəl bir qadın müraciət edib ki, evinin pəncərələrini və damının şiferini dəyişdirmək lazımdır. Mən də adam göndərib yoxlatdırdım, görmüşəm ki, bunun əri də var, uşaqları da... Müraciət edəndə elə bildim ki, tək qadındır. Məlum oldu ki, üzr istəyirəm, 40 yaşında lay divar kimi əri var. Demək istəyirəm ki, belə şeylər də olur. İnsanıq da.
– Seçicilər arasında Sizdən pul istəyən olur?
– Məndən heç kəs istəməyib. Bakı kəndlərində belə bir qayda var ki, pula ehtiyacı olan da heç kəsdən pul istəməz. İndiki vəziyyətdə də pul qazanmaq problem deyil. Bu dəqiqə Bilgəhdə, ya da Bakının başqa kəndində 500 manata işləmək istəmirlər. Bağban, qarovulçu işi... İndi 500 manata qarovulçu, ya da bağban tapa bilməzsən.
– Hacı Qalib Salahzadənin əsas gəlir yeri haradır?
– Mən deputat seçilməmişdən əvvəl bizneslə məşğul olmuşam. Hələ Sovet hökumətinin vaxtında “zavmaq” olmuşam, sonra sovxoz müdiri olmuşam. Mənim ticarət obyektlərim olub. Hazırda ticarət obyektlərim kiçik qardaşımdadır, ona bağışlamışam. Nə gizlədim, mənim həmişə pulum olub. Heç vaxt pul problemim, pula ehtiyacım olmayıb.
– Sizi mətbuatda daha çox “Şeyxin qudası” kimi təqdim edirlər. Bunu necə qarşılayırsınız?
– Bilirsiniz, hər kəs öz adıyla çağırılmalıdır. Məni Bakı kəndlərində Hacı Qalib kimi tanıyırlar. Düzdür, biz Şeyxlə qohumuq, qudayıq. Ancaq bundan əvvəl onunla uzun müddət dost olmuşuq. Ona qalsa, gərək mənə “Şeyxin dostu” deyəydilər... Mən həm də Şeyxə görə istəmirəm bu cür təqdim olunmağımı. Şeyx nəinki respublikada, dünyada hörmətli adamdır, hörməti çoxdur. Mən onunla xarici səfərlərdə olanda görmüşəm ki, kimlərlə görüşüb. Əlbəttə, mən onunla qohum olmağımla fəxr edirəm. Ancaq ki, kişini öz adıyla çağırarlar. Elə adam var tərbiyəsizlik edir, eləsi də var bilə-bilə, sataşmaq məqsədilə məni elə təqdim edir ki, bu adam Şeyxə görə tanınır. Mən Hacı Qalibəm. Bakı kəndlərində hələm-hələm nüfuz sahibi olmaq olmur, mənim isə həmişə hörmətim olub.
– Bu günlərdə mətbuatda Sizinlə Novella Cəfəroğlu arasında “söz müharibəsi” oldu. Həmin məsələ səngiyib, yoxsa davam edir?
– Mən səfirlərin müxalifətlə görüşü haqqında demişdim ki, evin kişisiylə söhbət edərlər. Həmin qadının adını çəkmədiyim halda, o, mənim ünvanıma təhqiredici ifadələr işlədib. Qadındır da... Qadın adama deyəndə ki, səni belə eləyərəm, elə eləyərəm, fikir verməzsən. Çünki qadındır, dediyi ilə əməli düz gəlməz. Ancaq kişi belə desə, pis olar. Çünki dediyi sözə əməl etməyə imkanı var. Mən o xanımın dediyindən belə başa düşdüm ki, müxalifət bunu öyrədib, ya neyləyib... Müxalifətin yazarı var, Tofiq Yaqublu. Götürüb yazı yazıb, Koroğlunu bu qadına tay edib. Bəzi kişilər doğrudan da evdə qadını Koroğlu kimi görür. Bu, ola bilər. Amma bunlar hamısı öyrədilmiş adamlardır. Məni yaxşı tanımırlar. Elə bilirlər ki, çıxıb mətbuatda danışacaqlar, mən də susacağam. Elə deyil. Müxalifət – həmin bu AXCP-Müsavat hakimiyyətdə olanda üstümə 200 avtomatlı göndərmişdilər. Gələnlərə də daxili işlər nazirinin müavini Qüdrət Paşayev rəhbərlik edirdi. Bunlar həmin adamlardır. Demişəm, yenə deyirəm: evin kişisi ilə söhbət edərlər.
– Novella Cəfəroğlu Sizin haqqınızda başqa açıqlamalar da verib. Deyib “Mütəllibovun vaxtında nə oyunlardan çıxırdı ki, Heydər Əliyev hakimiyyətə gəlməsin. Ona görə də məni özümdən çıxarmasın. Elə etməsin ki, açım sandığı, töküm pambığı”. O, Sizin haqqınızda hansı sandıqları açıb, hansı pambıqları tökə bilər?
– Mən həyatım boyu Ayaz Mütəllibovu görməmişəm. 1990-cı ildə sovxozlardan birində naxçıvanlı Fazil Rüstəmovu sədr seçdirmişəm. Onun üstündə də bizim başımız ağrıdı. Deyirdilər ki, naxçıvanlını seçdirmisən. Mən Ayaz Mütəllibov adlı adam görməmişəm, heç bir əlaqəm də olmayıb. O Novella – hansına ki, Koroğlu deyirlər – nə bilir, açsın desin də. Təkrar edirəm, nəyi bilir, açıb desin. Mən məsələn, bilirəm ki, Elçibəy o vaxtı onu yəhudi millətindən olan adamla evləndirib, toy eləyib. Mən bunu bilirəm və deyirəm. O da nə bilir, desin. Mənim Heydər Əliyevə də, Ayaz Mütəllibova da olan münasibətimi naxçıvanlılardan soruşmaq lazımdır, bakılılardan yox. Bir də ki hansı bakılının adını çəkirsən, deyirlər Ayaz Mütəllibovun adamı olub.
– Mətbuatda Sizə olan hücumları nə ilə əlaqələndirirsiniz?
– Bunların rəhbərləri ilə bağlı məndə elə sözlər, sirlər var ki... Qorxurlar ki, açıb danışaram. Mən də saxlayıram o söhbətləri. Onların rəhbərləri qorxu içində qalırlar ki, birdən Hacı açar həmin məsələləri. Vaxtilə onlar mənim yanımda “oşibka”lar buraxıblar axı... Heç mənə yaraşar bu? Nə düşmüsüz qorxuya? Bir kəlmə danışan kimi arvadları buraxıblar üstümə. Mən heç onun adını çəkməmişdim axı...
– Hələ deputat seçilməmişdən qabaq adınız torpaq iddiaları ilə bağlı məhkəmələrdə hallanırdı. Həmin məsələlər həll olundu?
– Bunlar hamısı boş şeylərdir. Bilirsiz necədir, adamı şantaj etmək üçün biri məhkəməyə verir, biri başqa yola əl atır... Həyatdı də, əlli dənə söhbət deyirlər... Axırda hər şey öz yerini alır da. Dəxli olmayan, öyrədilmiş adamlar idi. Bunların bir çirkin məqsədləri var idi ki, guya mən hansısa şeyi düz eləməmişəm. Mən Hacı adamam, mən Allahdan o qədər qorxuram ki, nə isə edəndə düşünmürəm kimsə buna görə sorğu-suala tutar. Yalnız fikirləşirəm ki, bunun Allah qarşısında cavab verməyi var. Hələ indiyədək bir hərəkətim olmayıb ki, ona görə xəcalət çəkim, yaxud kimsə mənə nöqsan tutsun. Yox, ola bilməz. Mən həmişə Allahdan qorxmuşam, qorxacam da.
– Siz özünüzü hakimiyyətin adamı sayırsınızmı?
– Mən Heydər Əliyevin adamıyam, Allah ona qəni-qəni rəhmət eləsin. Mənim bu gün həyatda nəyim varsa, buna görə Heydər Əliyevə minnətdaram. Bu gün bəzi insanlar bunu bilmirlərsə, çox böyük səhvə yol verirlər. Ölkədə bu cür işlər gördü, bu cür sabitlik qurdu. İndi də cənab prezidentimiz İlham Əliyev var. Mən hələ 1990-cı ildə sözümü demişdim, demişdim ki, Heydər Əliyev hakimiyyətə gələcək. Gəldi də. Bir də ki, adam kişi olar... Bəziləri deyir ki, öz hesabıma var-dövlət qazanmışam. Belələri yalan danışır. Nə qazanıbsa, Heydər Əliyevin hesabına qazanıb. Heydər Əliyev ölkədə sabitlik yaratmasaydı, iqtisadiyyatı inkişaf etdirməsəydi, həmin adamlar pul qazana bilməzdi.
– Neçə dəfə Həcc ziyarətində olmusunuz?
– Mən 1 dəfə Kəbə evində, 21 dəfə də Həcc ziyarətində olmuşam. Mən hər il gedirəm. Mənim qədər Həcc ziyarətində olan adam yoxdur Azərbaycanda.
– Həcc ziyarətində Şeyxülislam Allahşükür Paşazadədən də çox olmusuz?
– Şeyx Məkkəni bəlkə də 100 dəfə ziyarət edib. Amma Həcc ziyarəti başqa şeydir, gərək Həcc vaxtı Ərəfatda olasan.
– Həcc ziyarətinə bəzi şəxslər müəyyən təşkilatların, məsələn Qafqaz Müsəlmanları İdarəsinin hesabına gedir. Siz ziyarətə hər il öz hesabınıza gedirsiz, yoxsa güzəştli şərtlərlə getdiyiniz də olub?
– Mən nəinki öz hesabıma gedirəm, hətta 500-dən çox adamı ziyarətə göndərmişəm. Bunu özümün şəxsi pulumla etmişəm. Camaatı qonaq edəndən sonra özüm necə pulsuz gedə bilərəm?! Danışırlar ki, nə bilim Hacı Qalib Səudiyyə Ərəbistanının Kralı ilə dostdur, onu hər il Həccə Kral qonaq edir. Düzdür, rəhmətə getmiş Kralla 10-12 il əvvəl görüşmüşəm, amma dost olmamışam. Təxminən 20-30 hacı birlikdə onunla görüşmüşdük.
– Mətbuatda “Evsen Group”un sahibi, Sizin qohumunuz Əli Evsenin adının “İnterpol”un axtarışında olması barədə xəbərlər verildi, amma o özü axtarışda olmadığını bildirdi. Onunla görüşürsünüzmü?
– Əli Evsen xaricdədir, öz işləri ilə məşğuldur. Onun heç bir problemi yoxdur. Axtarışda olması-filan söhbəti də yoxdur.
– Siz daimi olaraq harada yaşayırsınız?
– Mənim daimi yaşadığım yer Bilgəh kəndidir. Bakı şəhərində də mənzilim var.
– Yəqin ki, mərkəzdə...
– Bəli, mərkəzdədir. 1988-ci ildə üçotaqlı ev almışam.
– Eşitmişik ki, Sizin Bilgəhdə üç, ya da dörd mərtəbəli eviniz var... Yəni ki villa...
– Evim var deyəndə ki, ev, həyət hamısı anamındı, atamdan qalıb. Bilgəhdə də özümün evlərim, bağlarım var. Mən internat uşağı deyiləm ki, deyim yetim oğlanam, heç kəsim yoxdur. Mənim atam da, babam da öz dövrlərinin zəngin adamları olublar. Onlardan qalanlar da mənimdir.
Bu yazı ( 69 ) - dəfə oxunmuşdur