12px14px16px18px

İnqrid Delterne: “Avropa Yayımlar Birliyinin imicinə xələl gələcəyinə inanmıram”

00:28 / 15.05.2012
 
Mayın axırlarında Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçiriləcək. Bu ölkəni insan hüquqlarının pozulmasına görə tez-tez tənqid edirlər. Xanım İnqrid Delterne “Eurovision” mahnı müsabiqəsini təşkil edən Avropa Yayımlar Birliyinin rəhbəridir. O, “Şpigel-onlayn”a verdiyi müsahibədə müsabiqənin keçirilməsi yerinin seçimini əsaslandırır və xəbərdarlıq edir ki, bu müsabiqəyə siyasi don geydirilməsi onu məhv edə bilər.

– Xanım Delterne, “Eurovision” mahnı müsabiqəsini təşkil edən Avropa Yayımlar Birliyinin (EBU) Baş Assambleyası 2010-cu ildə Azərbaycanda jurnalistlərin həbs edilməsini və qorxudulmasını pisləyən, Azərbaycanın hakimiyyət orqanlarını bu cür hüquq pozuntularına qarşı tədbirlər görməyə çağıran qətnamə ilə razılaşmışdı. İki ildən sonra həmin tələblər təmin edilmişdirmi?
– Jurnalistlərin qorxudulması, əvvəllər olduğu kimi, indi də davam edir və hələ çox iş görülməlidir.
– Bu qətnamənin az da olsa, səmərəsi olmuşdurmu?
– Müsbət səmərəni nə ilə ölçmək olar? Keçən həftənin çərşənbə günü biz burada, Cenevrədə Azərbaycanda KİV azadlığı mövzusunda konfrans keçirmişdik. Həmin konfransda Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənovun təmsil etdiyi hökumətin Azərbaycanın və xarici ölkələrin qeyri-hökumət təşkilatları ilə bir stol arxasında əyləşməsi və hər bir mühüm problemi müzakirə etməyə hazır olması faktının özü dialoqa başlamaq arzusunun böyük olmasına dəlalət edir. Dialoq isə həmişə düzgün istiqamətdə ilk yaxşı addımdır.
– İştirakçılar buna başqa cür baxırlar. Məsələn, “Human Rights Watch” bəyan edir ki, siz tribunanı hökumətə təqdim etmisiniz. Onlar iddia edirlər ki, Avropa Yayımlar Birliyi “Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin pisləşməsi barədə hər hansı birbaşa və dəqiq şərh verməyib”, bu isə EBU-nun həmin prinsiplərə sadiq olmasına şübhə oyadır. Azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərovun dediyinə görə, onda elə təsəvvür yaranır ki, Avropa Yayımlar Birliyi Azərbaycan hökumətinə işləyir.
– Mən bunu başa düşə bilmirəm. Mənim üçün vacib olan hökumətin orada iştirak etməsi idi, çünki bu fakt tədbirin əhəmiyyətini və effektivliyini tamam başqa səviyyəyə qaldırır. Nəticədə hökumət dedi ki, tənqidi mövqe tutan jurnalist Xədicə İsmayılovaya qarşı onu hörmətdən salmaq kampaniyasını “biabırçılıq” hesab edir və məmurlar vəziyyəti aydınlaşdırmaq üçün nə mümkündürsə, hamısını edirlər. Biz həm də Milli Yayım Şirkəti – Azərbaycan İctimai Televiziyası (İTV – “Vestnik Kavkaza”) ilə konkret iş barədə razılığa gəlmişik. Buraya, məsələn, proqramlarda fikir plüralizmini inkişaf etdirmək yolları barədə bizim aparacağımız ustad dərsləri daxildir.
– Öyrətmək barədə bu ideya hələ 2010-cu ildə EBU-nun qətnaməsinə daxil edilmişdi. Burada söhbət Azərbaycan hökumətinin hər gün, sadəcə, təkrarladığı minimal standartlar və bəyanatlar barədədir.
–Xeyr, bu tədbirlər həqiqətən həyata keçiriləcək, lakin bizim Birliyə 56 ölkə daxildir. Biz 2010-cu ildən fəal işləyirik, lakin Azərbaycan işimizin yeganə istiqaməti deyil. Biz “Ərəb baharı”na ciddi diqqət yetirmiş, idarəetmə resurslarını oraya yönəltmişdik. Çünki Misir, Liviya və Tunisdəki Yayım Şirkətləri EBU-nun üzvləridir.
–Tənqidçilər deyirlər ki, bu il “Eurovision” mahnı müsabiqəsini keçirəcək İctimai Televiziyanın fəaliyyəti o qədər birtərəfli və iqtidarpərəstdir ki, bu şirkət EBU-nun qaydalarını pozur. Siz öz üzvlərinizin proqramlarını yoxlayırsınızmı?
–Bu işi sistematik aparmırıq. Yalnız konkret informasiya olduqda yoxlama aparılır. Biz Misirin yayım planını yoxlamışıq və İctimai Televiziya barəsində də eyni işləri görmüşük.
–Bəs nəticə necə olub?
–Bizə aydın oldu ki, biz İctimai Televiziyanın jurnalistlərini əlavə olaraq öyrətməliyik.
–Bu o deməkdir ki, nəticə o qədər də ürəkaçan deyil.
–Elədir, lakin bu, başqa ölkələrə də aiddir.
–Siz deyirsiniz ki, söz azadlığına tərəfdarsınız, lakin EBU-nun üzvləri bu prinsipə riayət etməyəndə, təşkilatımız onlara qarşı heç bir sanksiya tətbiq etmir.
–Söhbət söz azadlığından və mətbuat azadlığından gedəndə, problem çox vaxt yayım şirkətində deyil, hökumətdə olur. Siz EBU-nun üzvü olan hər bir şirkətin öz ölkəsində məhz nə edə biləcəyini nəzərə almalısınız. Mən təkcə Azərbaycan haqqında danışmıram. Mən, məsələn, Belarus haqqında danışıram, orada dövlət həqiqi jurnalistikanın inkişafına əsla maraq göstərmir. EBU-nun əsas ideyası istisna deyil, həmrəylikdir. EBU inanır ki, davamlı iş və daimi dialoq uzunmüddətli perspektivdə yaxşılaşmaya aparır.
–“Eurovision” mahnı müsabiqəsinin televiziya direktoru Yorgen Frank deyir: “Biz yaxşılığa doğru dəyişikliklərin və demokratik hüquqların tərəfdarıyıq. Biz Avropada bunun uğrunda mübarizə aparırıq. Lakin biz bu prosesdə fəal iştirak etmirik, bunu başqalarına saxlayırıq”. Siz bu fikri izah edə bilərdinizmi?         
–Frank musiqi müsabiqəsinə cavabdehdir. O, EBU barədə deyil, “Eurovision” haqqında danışır. “Eurovision” zəngin ənənələri və dəqiq qaydaları olan tədbirdir. Bu müsabiqədə qalib gələn ölkə növbəti müsabiqəni təşkil edir. Mən burada işlədiyim müddətdə bu qayda dəyişməyəcək. Əgər biz “Eurovision”a siyasi don geydirsək və bəzi üzvlərə ikinci növ vətəndaşlar kimi yanaşsaq, əgər onlara desək ki, onların ölkəsində baş verənlər bizim standartlara uyğun olmadığı üçün onlar bu müsabiqəni keçirə bilməzlər, onda “Eurovision” ölüb gedəcək. Bu, körpülər yaradan tədbirdir. Lakin bu heç də o demək deyil ki, bizim, bir təşkilat kimi, həqiqi demokratiyada müstəqil və müxtəlif KİV-lərin mövcud olması barədə dəqiq təsəvvürümüz yoxdur.
– Başqa sözlə, “Eurovision” siyasi sistemindən asılı olmayaraq, istənilən ölkədə keçirilə bilər?
– Bəli, bizim üzvümüz olan istənilən ölkədə.
– Başqa sözlə, hətta Belarusda da.
– Sözsüz, İttifaqın bugünkü mövqeyi belədir.
– EBU özü bu yaxınlarda bildirmişdi ki, “Eurovision” 1969-cu ildə İspaniyada Frankonun hakimiyyəti dövründə keçirilmişdi. Siz bununla demək istəyirsiniz ki, EBU tənələrdən qorxmur?
– “Eurovision” istisnasız olaraq hamını cəlb etməyə çalışan televiziya tədbiridir. Bu tədbir ayırmır, əksinə,birləşdirir.
– EBU Azərbaycan hökumətindən zəmanət alıb ki, o, “Eurovision” zamanı İnsan Haqları haqqında Konvensiyanın şərtlərinə hörmət edəcək və bütün iştirakçıların və jurnalistlərin azadlığını və təhlükəsizliyini təmin edəcək. Qalan vaxtlarda qanuna hörmət edilməyən bir ölkədə qanunlara süni surətdə mini-riayət edilməsinə nail olmaq abırsızlıq deyilmi?
– Bu tənqid həqiqətə uyğun olsaydı, onu qəbul edərdim. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin göstərişlərinə riayət etməyi öhdəsinə götürmüş 47 ölkənin üzv olduğu Avropa Şurasının üzvüdür və deməli, bütün ölkədə tətbiq edilən İnsan Hüquqları haqqında Konvensiyanı imzalayıb.
– Bəs, onda nə üçün siz xüsusi olaraq əlavə təminatlar xahiş etmisiniz?
– Mənim bütün ölkə və onun 9 milyonluq əhalisi üçün qanuni təhlükəsizlik tələb etmək hüququm yoxdur. Mən yalnız xahiş edə bilərəm ki, tədbir təhlükəsiz şəraitdə keçsin və tədbirdə iştirak edən hər kəsin təhlükəsizliyinə zəmanət verilsin.
– Başqa sözlə, yaxın həftələrdə hökumətin əleyhinə çıxış edənlər həbs olunsa və bunun “Eurovision” iştirakçılarına və tamaşaçılarına aidiyyəti olmasa, bu, “Eurovision” üçün əhəmiyyət kəsb etməyəcək?
– Düşünürəm ki, qanuna riayət edənlərə dinc yolla etirazını bildirməyə icazə veriləcək.
– Rejimin tənqidçilərinin paralel olaraq təşkil etdikləri “Demokratiyaya nəğmə oxu” musiqi festivalını dəstəkləyirsinizmi?
– Yox. Burada bizim mövqeyimiz neytraldır.
– Eyni zamanda, “Eurovision” bir daha Azərbaycan hökumətinin ruporu rolunu oynayır. Halbuki sizin nümayəndələr Bakıda təhlükəsizlik barədə sayıqlayırlar, ya da iddia edirlər ki, evləri müsabiqənin keçiriləcəyi “Crystal Hall”ın yaxınlığında yerləşdiyi üçün sökülən insanlar lazımi kompensasiya alacaqlar. 
– Mən məsələnin ədalətlə nizama salınıb-salınmadığını bilmirəm. Bunu şərh edə bilmərəm. Qeyri-hökumət təşkilatları bu məsələni hökumətlə araşdırmalıdırlar.
– Sizcə, EBU-nun imicinə xələl gəlməyəcəkmi?
– “Eurovision”un Azərbaycanda keçirilməsindən AYB-in imicinə zərrə qədər də ziyan dəyəcəyinə inanmıram. Bu tədbir bir çox ölkələrə diqqəti özlərinə cəlb etməyə imkan verəcək. Təkcə Azərbaycan deyil, bütün ölkələr müsabiqədən özlərini yaxşı tərəfdən göstərmək üçün istifadə edəcəklər. Bu düzgündür. Biz elə bu müsahibənin alınması və sizin Azərbaycanda və EBU-da insan haqları məsələsi ilə maraqlanmağınız faktına görə “Eurovision” a minnətdar olmalıyıq.
Söhbəti apardı:Ştefan Niggermayer,“Şpigel-onlayn”
 
 



Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar