12px14px16px18px

Hüseynbala Mirələmov: “Mənəviyyatımızı işğal etməkdə olan yabançı meyllərin fəsadları Qarabağ müharibəsinin vurduğu zərbədən daha təhlükəli ola bilər”

Müsahibimiz millət vəkili, yazıçı Hüseynbala Mirələmovdur

11:08 / 08.05.2012

–Hüseynbala müəllim, bir millət vəkili, bir söz adamı və bir vətəndaş olaraq, bəşər mədəniyyətinin yaranmasında, onun tərəqqisində mühüm yerə malik olan, həmçinin təkrarsız təbiəti, iqtisadi potensialı ilə seçilən Azərbaycanın dünya düzənindəki indiki və gələcək perspektivləri barədə nə düşünürsünüz?
– İlk öncə qeyd edim ki, hazırda ölkəmiz dünyanın ən böyük enerji layihələrinin həyata keçirildiyi bir ölkə kimi nəinki özünün, eyni zamanda mənsub olduğu Qafqaz və Xəzər regionunun dünya birliyinə inteqrasiyasında mühüm rol oynayır. Bu gün Azərbaycan dünyaya işıq bəxş edən müqəddəs bir məkandır. Xəzər dənizindən Avropaya uzanan neft kəmərləri dünyaya işıq, nur daşıyır.Qlobal siyasətdə dünyanın ən önəmli geopolitik mərkəzlərindən biri hesab olunan qədim Odlar Yurdu dünya birliyinə təkcə maddi sərvətləri ilə deyil, həm də zəngin mənəvi sərvətləri ilə inteqrasiya olunmaqdadır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə milli mədəniyyətin klassik nümunələri ilə dünya mədəni irsinə layiqli töhfələr verib. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur. Təsadüfi deyil ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edildi. Həmin ilin martında Bakıda keçirilən “Muğam aləmi” I Beynəlxalq Muğam Festifalı bu klassik sənətin müasir ifaçılarını bir araya gətirdi, Şərq və Qərb mədəniyyətlərinin təmasında mühüm hadisə oldu. Ötən il Bakıda Mədəniyyətlərarası dialoqa həsr olunmuş ümumdünya forumunda Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildə Azərbaycanın qədim şəhəri Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsinin gözlənildiyini qeyd edərək dedi ki, “müsəlman ölkələri arasında Azərbaycan bir çox uğurlara imza atıb. Azərbaycan qadınları müsəlman Şərqində ilk dəfə səsvermə hüququ qazanıb. Şərqin ilk operası Azərbaycanda yazılıb. Azərbaycan həmçinin müəyyən mədəni və siyasi ilklərə imza atmış ölkədir. Azərbaycan həm də Avropa Şurasının üzvüdür və bu onu göstərir ki, Qərblə Şərqi, iki sivilizasiyanı birləşdirə biləcək ölkələrdən biridir...
–Axı, bir məsələ də var ki, ölkəmiz 24 ilə yaxındır , müharibə vəziyyətindədir və müharibə hələ də həll olunmamış qalır...
–Doğrudur, hələ də zəngin torpaqlarımız işğal altındadır. Ancaq bununla belə, hamımızda bir daxili əminlik var ki, torpaqlarımızı erməni faşistlərinin işğalından azad edəcəyik. Bu inamı isə bizə mənəvi gücümüz, iqtisadi potensialımız diktə edir. Lakin ən təhlükəli müharibə mənəviyyatda gedən müharibədir. Biz yad təsirlərin mənəvi işğalına məruz qalmamalıyıq. Mənəviyyat dedikdə, ilk növbədə insanın və cəmiyyətin mənəvi dəyərləri və ənənələri, dini baxışları, vətənpərvərliyi və qeyri-maddi mədəniyyətə münasibəti başa düşülür. Azərbaycan müsəlman ölkəsidir. Çox təəssüf ki, son vaxtlar bəzi dövlətlərdə “müsəlman”, “İslam” terminlərini mənfi mənada işlədirlər. Bu onu göstərir ki, cəmiyyətdə və beynəlxalq aləmdə mənəvi ekoloji tarazlıq pozulub. Onu da deyim ki, mənəviyyatın ekologiyası insanın şəxsiyyət kimi formalaşmasına son dərəcədə güclü təsir edir. Azərbaycan İpək yolunun üstündədir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və iradəsi sayəsində tarixi İpək yolunun bərpası ideyası reallığa çevrildi. 2020-ci ilədək Böyük İpək yolu dünyanın bütün turistlərinin üçdə birini qəbul edə bilən marşruta çevriləcək. Demək, ölkəmiz təkcə coğrafiyasına görə deyil, həm də mədəniyyət və düşüncə aktuallığına görə Şərqlə Qərb sivilizasiyalarının ortaq məkanı, vəhdət ərazisidir...
–Burada bir faktı heç cür danmaq olmaz ki, İpək yolu ilə Azərbaycan iqtisadiyyatının dirçəlişinə təkan verəcək imkanlarla yanaşı, elə bu yolla da mənəviyyatımıza yad təsirlərin, daha qorxulu meyllərin ayaq açması da qaçılmazdır...
–Bilirsiniz, sağlam mədəni-mənəvi mühit formalaşdırmaq və onu qoruyub saxlamaq qloballaşma şəraitində heç də asan məsələ deyil. Azadlıq və demokratiya adı altında böhtana və şantaja rəvac verənlər unutmamalıdırlar ki, cəmiyyət gec-tez ağı qaradan seçə bilir. Mənəviyyatımızı işğal etməkdə olan yabançı meyllərin fəsadları Qarabağ müharibəsinin vurduğu zərbədən daha təhlükəli ola bilər. Ona görə də mənəviyyat ekologiyasının qorunması müasir dövrün ən qlobal problemlərindən biridir. Bayağı mədəniyyətlərin ayaq açıb yeridiyi, xarici ölkələrdən milli-mənəvi mühitimizə yabançı olan təsirlərin gücləndiyi bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə həyəcan təbili çalmaq lazımdır.İstər qədim Azərbaycan eposlarında, istərsə müasir ədəbiyyat nümunələrində dərin əxlaqi-mənəvi keyfiyyətlər dönə-dönə tərənnüm edilir, böyük insani nəsihətlər verilir. “Kitabi-Dədə Qorqud”, dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “İsgəndərnamə”si, məşhur astronom və filosof Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin əsərlərində söylənilən dərin fikirlər etik təfəkkürün, əxlaqi-mənəvi dayaqların o dövrlərdə və sonrakı zamanlarda da cəmiyyətdə möhkəmlənməsinə xidmət göstərib. Bədii və müdrik sözün qüdrətiylə təsdiq etmişlər ki, uğurlu gələcəyin yolu mədəniyyətdən, bilik, elm və yaxşı tərbiyədən keçir...
–Bu yerdə onu da qeyd etmək lazımdır ki, bu, həm də bəşəri problemdir...
–Açıq şəkildə qeyd etməliyəm ki, azadlıq və demokratiya adı altında həqiqətin tam inkarına rəvac verənlər abır-həya etmədən özlərinin kimliyini unudurlar. Əli ibn Əbu Talibin də dediyi kimi, “həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir”. Ancaq ən dəhşətlisi budur ki, belələri xalqlar arasında mənəvi ekologiyaya ziyan vururlar. Misal üçün götürək elə bir müddət Fransa Senatı tərəfindən qəbul edilən və sonradan elə həmin ölkənin Konstitusiya Şurası tərəfindən rədd edilən qondarma “erməni soyqırımı”nı inkar edənlərə tətbiq edilən məlum qanunu. Bu sənədin yalnız Türkiyəyə və ya türk dünyasına şamil olunduğunu düşünənlər elə əvvəlcədən kökündən yanılırlar. Çünki bu başdansovdu qərar hər şeydən öncə “iradə azadlığı cinayətdir” fikrinə əsas verir. Məntiqlə belə çıxır ki, ilk növbədə Fransa parlamentində bu qanunun əleyhinə olan 70-dən çox deputat cəzalanmalıdır. Bu düşünülməmiş və gülünc addım Qərbi Avropada azadlıq və demokratiya Çarçısı olan bütün dövlətlərin mənəvi aləmi haqqında formal təsəvvür yaratmağa əsas verir. Ona görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, ATƏT-in və Avropa Birliyinin bu məsələ ilə əlaqədər təşkilatlarının Fransa Senatının qərarı ilə bağlı vaxtında reaksiya verməməsi və obyektiv mövqelərini bildirməməsi yolverilməz haldır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıb. İslam etikanı çox yüksəkliklərə qaldırır, insanların yaşam tərzinin, belə demək mümkündürsə, mənəviyyat ekologiyasının bir sıra vacib prinsip və qaydalarını irəli sürür və təbliğ edir. Bar verən ağacı kəsmək, insan qanını tökmək ən böyük günahdır. Babalarımızın bizə ötürdüyü milli-mənəvi dəyərlərin çoxu İslamdan götürülüb və İslam da sonuncu din, Quran isə sonuncu səmavi kitab olduğundan İslam dini və Quranla gələnlər dünyanın sonuna kimi öz müasirliyini itirməyəcəklər. Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirlərindən birində deyildiyi kimi, “Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıb. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli əxlaqi mentalitetimizdir. Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir”. Milli-mənəvi dəyərlər adət-ənənələrlə nəsildən-nəslə ötürülən yazılmamış qayda-qanunlardır, onların mənfi ünsürlərdən qorunması və təbliğində yaradıcı insanların rolunu ulu öndər hələ sovet dönəmində yüksək qiymətləndirirdi. Heydər Əliyevin fəaliyyətində də milli tarixə, mədəni irsə qayğı, xalqın milli ruhunun, qan yaddaşının dirçəldilməsi mühüm yer tuturdu. Məhz onun himayəsi sayəsində xalqımızın qəhrəmanlıq tarixini əks etdirən filmlər kinomuzun əsas mövzusu oldu. “Nəsimi”, “Babək, “Dəli Kür” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı. O, milli kökə bağlı Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov, Anar, Elçin kimi istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar ədəbiyyatın milli varlığımızla, dəyərlərimizlə bağlı mövzularını uğurla işləyib inkişaf etdirirdilər. O, deyirdi ki, “biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”...
– Yeri gəlmişkən, mənəviyyat ailə, cəmiyyət, maariflənmə, məfkurəçilik əxlaqi, ictimai-siyasi və vətənpərvərlik işi vasitəsilə əldə edilir...
–Bildiyiniz kimi, vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətindən, onun tarixi, milli və mədəni dəyərləri üçün qürur hissi keçirməsindən, doğma vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmasından və onun müdafiəsinə hər an hazır olmasından ibarətdir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər vaxtı ilə deyirdi ki, “bizim hamımızın bir vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. Mənəvi ekoloji problemlər ictimai mühitin əhval-ruhiyyəsinə, cəmiyyətin maddi-mənəvi sərvətinə, eləcə də dövlətin və beynəlxalq aləmin müvafiq qurumlarının fəaliyyətinə maneələr yaradır. Bəşər həyatı və insanın mədəni səviyyəsi onun həyat təhlükəsizliyi ilə ölçülür, siyasi güc, mövqe və sərvət sahibi olmaq insan zəkasını korşaltmamalıdır. Bəşər oğlu ağıl və mühakimə işığıyla hərəkət etməlidir. Mədəniyyətin dialektikası mənəvi istehsalın xüsusiyyəti ilə sıx bağlıdır. Yaşadığımız dövrdə dünyadakı iqdtisadi böhranların səbəbi, əslində, həm də mənəvi problemlərlə bağlıdır. Dünyanın bir tərəfində bazarlar vaxtı keçmiş yeyinti məhsulları ilə tığ vurulduğu halda, o biri tərəfində milyonlarla insan açlıqdan və susuzluqdan əziyyət çəkir. Lokal və qlobal ekoloji tarazlığın pozulması ifrat istehsal və istehlakın insanın maddi və mənəvi tələbatından artıq olması və sair dünyanı narahat edir. Mənəviyyatın ekologiyası ilk növbədə dünya həyatında harmoniyanın bərpası üçün lazımdır. 21-ci əsr xalqların, sivilizasiyaların, fərqli mədəniyyətlərin bir-biri ilə qovuşacağı əsr hesab olunur. Qlobal sivilizasiyaya doğru dünya inkişafı prosesində milli dövlətlərin rolunun azalması deyil, əksinə, artması və güclənməsi bu inkişafı bütün istiqamətlərdə təmin edən tendensiyadır. Xalqları tanıdaraq məşhurlaşdıran həm də onların milli mədəniyyəti, milli-mənəvi dəyərləridir. Qloballaşma tendensiyasının eyni zamanda xalqların milli-mənəvi dəyərlər sisteminə yönəlmiş təhdidləri şəraitində bu məsələlərə əvvəlkindən daha da çox diqqət yetirilməsinin vacibliyi ortaya çıxır. Azərbaycanda bu reallıq nəzərə alınmaqla ölkədə uğurla gerçəkləşdirilən mədəniyyət konsepsiyası təkcə paytaxt Bakıda deyil, ümumən regionlarda da mənəvi-intellektual yüksəlişi təmin edir. Nailiyyətlərlə yanaşı, mənəviyyat sahəsində ölkəmizin qarşısında mühüm vəzifələr durur.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar