12px14px16px18px

“Cənubi Qafqazda İsrailin Azərbaycandan başqa ciddi tərəfdaşı yoxdur”

YURI BOÇAROV: “İNDI BÜTÜN DÖVLƏTLƏR İNFORMASİYA MÜHARİBƏSİ APARIR, BU MÜHARİBƏDƏ NƏ QAYDA VAR, NƏ VİCDAN”

01:02 / 04.05.2012

İsrailli politoloq Yuri Boçarovun APA-nın yaxın şərqə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

– İsrail-Azərbaycan münasibətlərinin indiki mərhələsini necə qiymətləndirirsiniz?
– Mənə elə gəlir ki, biz əməkdaşlığın zirvəsindəyik. Təbii ki, istəyərdim ki, münasibətlər daha da yaxşı, geniş olsun. İstəyərdik ki, əlaqələrimiz rəhbərlik səviyyəsindən daha geniş müstəviyə, xalq səviyyəsinə çıxsın və iş adamlarını, turistləri, mədəniyyət, təhsil sahələrini əhatə etsin. Düşünürəm ki, bizim xarici işlər naziri Aviqdor Libermanın Bakıya son səfəri əlaqələri bir çox sahələrdə daha da genişləndirmək məqsədi daşıyırdı. Buna nümunə kimi bir sıra imzalanmış müqavilə və memorandumları göstərmək olar.
– Azərbaycanı İsrailin Cənubi Qafqazda əsas tərəfdaşı saymaq olarmı?
– Bölgədə İsrailin Azərbaycandan başqa ciddi tərəfdaşı yoxdur. Çünki Cənubi Qafqazda Azərbaycandan başqa nə güclü respublika, nə güclü lider var. Düzdür, biz hamı ilə dost olmaq istəyirik, həmçinin Ermənistan və Gürcüstan ilə. Lakin bu ölkələr ilə əlaqələrimizi Azərbaycanla olan əlaqələrimizlə müqayisə etmək olmaz. Amma məni daha çox Azərbaycan KİV-də gedən bəzi fikirlər narahat edir. Onlar deyirlər ki, İran-Ermənistan əlaqələri genişləndikcə, Azərbaycan-İsrail əlaqələri daha da genişlənir. Yəni, bizimlə yalnız İranı qıcıqlandırmaq üçün dostluq əlaqələri saxlayırlar. Əgər sabah İran Ermənistanla əlaqələri kəssə, biz də bunu etməli olacağıq?
– Dağlıq Qarabağ münaqişəsinin həllinə dair İsrailin mövqeyi necədir? İsrail Ermənistanı təcavüzkar dövlət kimi tanıyırmı?
– Mən sadəcə bizim bəzi siyasətçilərin fikirlərini təkrarlaya bilərəm. Bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağın müstəqilliyini isə çətin ki, kimsə tanısın. Aviqdor Liberman Bakı səfəri zamani belə dedi: “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və münaqişənin sülh yolu ilə çözülməsinin tərəfdarıyıq. Biz ümidvarıq ki, münaqişənin həlli ədalətli olacaq”. Mənim bu sözlərə əlavə edəcək bir sözüm yoxdur. Lakin mənim qarşılıqlı sualım var. Dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması torpaqların qaytarılmasında Azərbaycana necə kömək edəcək? Düşünmürəm ki, bütün dövlətlərin münasibətlərinin səviyyəsi – hansı ki, Qarabağ məsələsində hər hansı bir mövqeyi tuturlar Ermənistanın BMT Təhlükəsizlik Şurasında təcavüzkar ölkə kimi tanıdılmasına kömək edəcək. Əgər bu alınmasa, onda nəyə görə dünyaya Ermənistanın təcavüzkar kimi göstərmək üçün bu qədər güc və vəsait xərclənməlidir? Düşünürəm ki, dünya onsuz da kimin kim olduğunu bilir. Amma bu cür hallarda dünya liderləri vicdan və sağlam düşüncəyə yox, iqtisadiyyat və siyasi dividentlərə üstünlük verirlər. Nə vaxt ki, bir çox “maraqlı tərəflərin” Ermənistanın imperiya ambisiyalarına marağı itəcək, o zaman da Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin formulu tapılacaq.
– ABŞ-ın nüfuzlu “Foreign Policy” qəzetində guya Azərbaycanın öz hərbi aerodromlarını İsrailə icarəyə verməsi barədə məqalə dərc olunub. Bu nə dərəcədə həqiqət ola bilər?
– Suala sualla cavab verəcəyəm. Bu, kimə sərfəlidir? Azərbaycanla İsrailin guya İrana qarşı birgə hazırlıqlara başlaması barədə “məxfi məlumatı” ictimaiyyətə açıqlamaqda kim maraqlı ola bilər? Azərbaycan və İsrailin kifayət qədər siyasi və iqtisadi düşmənləri var. Və sirr deyil ki, Azərbaycanın rifahı və zənginliyi bir çoxlarının yuxusunu qarışdırıb. Və bir çoxları öz siyasi və iqtisadi maraqları naminə respublikada iqtisadi və siyasi sabitliyi pozmağı arzulayırlar. Biz hamımız müharibə vəziyyətindəyik. İnformasiya müharibəsindəyik. Bu müharibədə nə qayda var, nə vicdan. Bu müharibədə əsas silah təxribat və rəzalətdir. Sizə əvvəlcə böhtan atırlar, sonra isə özünüzə bəraət qazanmağa məcbur edirlər. Burada özünü müdafiə etməyin mənası yoxdur, burada ancaq hücum etmək lazımdır. Bəzi Azərbaycan rəsmilərinin bəyanatları xoşuma gəldi. Onları bir frazada cəmləşdirmək olar: “Bizim şəxsi məsələlərimizə burnunuzu soxmayın, öz problemlərinizlə məşğul olun”.
Bunun nə dərəcədə həqiqət olduğunu isə biz ən yaxşı halda hadisələr başa çatdıqdan sonra biləcəyik. Əgər həmin hadisələr ümumiyyətlə baş verəcəksə. Ola bilsin ki, heç vaxt bilməyək.
– İranla müharibə başlayacağı təqdirdə İsrailin Azərbaycanın köməyinə ehtiyacı olacaqmı? Azərbaycan tərəfi İranla dostluq münasibətlərinin olduğunu söyləyib.
– Mənə elə gəlir ki, müharibə başlamazdan əvvəl bütün “maraqlı” tərəflər hər şeyi əvvəlcədən razılaşdıracaqlar. Bəlkə də müharibə indiyə kimi o səbəbdən başlamayıb ki, tərəflər hələ razılaşmaya gəlməyiblər. Fikrimcə, İsrail Azərbaycanın enerji potensialından sülh dövründə istifadə etməkdə maraqlıdır. Çünki müharibə vaxtında Yaxın Şərqin siyasi və iqtisadi qruplaşmalarının mümkün olan sanksiyalarına görə bu potensialdan istifadə etmək çətin olacaq. Düşünürəm ki, sizi “Azərbaycan Ermənistanla müharibə etsə, İsrail Azərbaycanın tərəfini tutacaqmı?” sualı maraqlandırmalıdır. Məncə bu suala hə demək daha asandır, nəinki yox demək.
– Regionda müharibənin başlanması İsraili Türkiyə kimi dövlətlə də üz-üzə qoyacaq. Son dövrlərdə iki dövlət arasında münasibətlər heç də yaxşı deyil.
– Əgər siz İran ilə müharibəni nəzərdə tutursunuzsa, onda düşünürəm ki, bu məsələ Azərbaycan ilə eynidir. İsrail özü İrana zərbələr endirə bilər, amma müharibəni yalnız ABŞ başda olmaqla koalisiya tərkibində davam etdirəcək. Bu zaman biz çox güman ki, Türkiyə ilə koalisiya daxilində tərəfdaş olacağıq. Əgər biz Suriyadakı hadisələrdən danışırıqsa, hansı ki, hadisələr artıq dünya ictimaiyyətinin və ölkə rəhbərliyinin nəzarətindən çıxıb, onda qəribə olsa da, bizim Türkiyə ilə mümkün müharibədə eyni maraqlarımız var. Əgər Bəşər Əsəd hakimiyyəti İsrailə qarşı hərbi təxribata əl atsa, düşünmürəm ki, Türkiyə rəhbərliyi ona kömək etsin.
– İsrail Knesseti Xocalı soyqırımını tanımağa hazırlaşırmı? Belə bir təkliflə deputatlar çıxış ediblərmi?
– Əmin deyiləm ki, bizim Knessetimiz hansısa soyqırımı tanımağa hazır olsun. Məncə yaxın 4-5 ay ərzində Knesset daha çox vaxtından əvvəl keçiriləcək seçkilərlə məşğul olacaq. Seçkilərdən sonra koalisiya hakimiyyəti qurulan kimi bu məsələni müzakirə etmək olar. Prinsipcə, bu gün Knessetdə bu məsələnin həllini öz üzərinə götürə biləcək insanlar var. Məsələ yalnız təşəbbüsdədir. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) xətti ilə edilən müraciətlər istisna olmaqla, onlara heç kim heç vaxt rəsmi olaraq müraciət etməyib. Azərbaycan diaspora nümayəndələrinin bu məsələdə lobbiçilik etmək imkanı var, lakin təşəbbüskar biz olmamalıyıq.




Bu yazı ( 131 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar