12px14px16px18px

Ziyafət Əsgərov: “Heç kim razı ola bilməz ki, kimsə onun ölkəsinə şərtlə gəlsin”

00:48 / 04.05.2012
 
Müsahibimiz Milli Məclis sədrinin birinci müavini  Ziyafət Əsgərovdur
 
– Ziyafət müəllim, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasserin “Eurovision”nu boykot çağırışını necə dəyərləndirirsiniz? Nəzərə alaq ki, bu çağırışı Avropanın nüfuzlu dövlətinin və qurumlarından birinin təmsilçisi edib...
 
– Hər bir vətəndaş kimi mən də bu çağırışa mənfi yanaşıram. Başqa cür ola da bilməz. Avropa Şurası Parlament Assambleyası kimi bir qurumun təmsilçisinin belə bir çağırışla çıxış etməsi həm təəssüfləndirici, həm də heç bir ədalətə sığmayan bir haldır. Bu gün söhbət mahnı müsabiqəsindən gedirsə, onun ətrafında siyasi diskussiya açmağın özü doğru deyil.
 
– Ştrasser dəfələrlə Azərbaycana gəlmək istəsə də, onu buraxmayıblar. Bəlkə o, bu çağırışla ona olan münasibətə bu cür adekvat cavab vermək istəyir?
 
– Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, onun ölkəyə gəlməsi ilə bağlı heç bir qadağa, heç bir problem yoxdur. O məruzəçidir və istənilən vaxtı gələ bilər. Ancaq bildiyim qədər onun bəzi şərtləri olub. Heç kəs razı olmaz ki, kimsə onun ölkəsinə şərtlə gəlsin. Bu həm də diplomatik qaydalara sığmır.
 
– Ştrasserin Almaniya kimi nüfuzlu dövlətin təmsilçisi olması onun bu çağırışına başqa dövlətlərin dəstəyinə gətirib çıxara bilərmi?
 
– Ştrasser nə Almaniya dövləti, nə də alman xalqının iradəsinin ifadəçisidir. Mən inanmıram ki, hansısa ölkələrin təmsilçiləri onun bu çağırışına əməl edəcəklər.
 
– Yeri gəlmişkən, son zamanlar Almaniyadan Azərbaycan hakimiyyətinin ünvanına sərt tənqidlər gəlir. Azərbaycan Avropa İttifaqının əsas dövlətlərindən birinin tənqidlərinə necə yanaşır?
 
– Bilirsiniz, Almaniyada sadəcə, bəzi qruplar Azərbaycana qarşı qərəzli yol tutublar. Mən bu proseslə bağlı bəzi məsələləri araşdırmışam. Almaniyada müəyyən qüvvələr Azərbaycana qarşı qərəzli yol tuturlar. Onların öz maraqları var.
 
– Almaniya, konkret qeyd etdiyiniz həmin dairələr Azərbaycandan nə istəyirlər?
 
– Açıq deyirəm ki, Azərbaycanın inkişafı bəzi qrupları qane etmir. Azərbaycan BMT kimi bir qurumun Təhlükəsizlik Şurasının üzvü seçilib. Azərbaycanda böyük mədəniyyət hadisəsi – “Eurovision- 2012” olacaq. Sentyabr ayında qızlar arasında dünya çempionatı olacaq. Son iki iki ildə dünya səviyyəli tədbirlərin keçirilməsi Avropada bəzi dairələri narahat edir. Tarix nöqteyi- nəzərindən yanaşanda görürlər ki, Azərbaycan qısa zamanda böyük uğurlara imza atıb. Ona görə də Azərbaycana təzyiq etmək üçün bəhanələr tapırlar.
 
– O zaman yaxşı olmazdımı ki, bu kimi dairələrə belə bəhanələr verilməsin...
 
– Min dənə bəhanə tapacaqlar. Söhbət nə siyasi məhbus, nə də insan haqları söhbətidir. Burada ölkəni gözdən salmaq məqsədi var. Əgər doğrudan da siyasi məhbus məsələsi onları narahat edirdisə, bunu danışıqlar masasına çıxara bilərdilər. Hüquq-mühafizə, məhkəmə orqanları ilə danışmaq olardı. Amma məsələ bu, deyil. İndi biz neyləyək, inkişafdan qalaq? İldən-ilə iqtisadi inkişafımız güclənir.
 
– Amma bir məsələ də var ki, beynəlxalq qurumların hesabatlarında Azərbaycanda korrupsiya və rüşvətxorluğun səviyyəsinin də ildən-ilə artdığı yazılır...
 
– Bu da ölkəmizə qarşı qərəzli mövqedən irəli gəlir. Azərbaycanda korrupsiya ilə mübarizədə dövlətin başçısı siyasi iradə ortaya qoyub. Milli Məclis tərəfindən qanunverici baza formalaşdırılıb. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir.
 
– Cəmiyyətin müəyyən kəsimində belə bir də fikir var ki, korrupsiya və rüşvətxorluqla mübarizə daha effektli aparılsaydı, bu gün ən azı 3-4 yüksək ranqlı şəxs, nazir həbsxanada olardı...
 
– Bunlar da həmin təşkilatların dediklərinin təkrarıdır. Konkret nazirlərdən yapışırlar. Onlar da bu xalqın övladlarıdır. Xalq düşməni deyillər.
Siz deyə bilərsinizmi ki, hansı nazir korrupsiya ilə məşğul olur? Ümumi danışmayın, konkret faktla danışın...
 
– Hesablama Palatası “Azərenerji”də korrupsiya faktı aşkarlamışdı...
 
– Nazirliklərin gördükləri işləri də dəyərləndirmək lazımdır.   Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etsəniz, sizə məlumatlar verilər. Korrupsiya ilə mübarizədə dövlət əməli addımlar atır. Mən hesab edirəm ki, Azərbaycan hökuməti və bu hökumətin tərkibinə daxil olan nazirliklər gözəl işləyirlər. Hansısa qüsuru nazirin ayağına yazmaq da doğru deyil.
 
– Ölkədə vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunması da bu gün əsas müzakirə mövzularından biridir...
 
– Azərbaycanda sərbəst toplaşmaq azadlığı qanunla tənzimlənir. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda da göstərilir ki, icra hakimiyyəti Bakının müxtəlif yerlərində müvafiq yerlər ayırır. Müxalifət də bu hüququndan istifadə edə bilər. Səbail rayonunda ayrılıb, gedib iki dəfə mitinqlərini keçirdilər. Ancaq müxalifət indi yenidən mərkəzi istəyir. 2-3 yer var, oranı istəyirlər. Həmin yerlərdə mitinq keçirmək mümkün deyil. Bakı şəhərinin mərkəzində nə qədər tikinti işləri gedir. Mitinqin mərkəzdə keçirilməsi şəhərin təsərrüfat həyatının pozulması deməkdir.
 
– Eyni zamanda, vətəndaşların mülkiyyət hüquqlarının pozulması da narahatlıq doğuran hallardandır. Qanunverici hakimiyyətin təmsilçisi kimi bu narahatçılığı bölüşürsünüzmü?
 
– Azərbaycanda bu qədər işlər görülür, tikintilər gedir, abadlıq işləri aparılır. Niyə,axı, bəziləri bu işləri görmürlər, ancaq problem axtarırlar? Mülkiyyət hüquqları ilə bağlı kifayət qədər aydınlıq gətirilib. Kimin mülkiyyət hüququ ilə bağlı kimin narazılığı varsa, məhkəməyə üz tutsun. Nəhayət, qanunla yaşamağı öyrənməliyik.
 
– Vətəndaş əlində evinin sökülməməsi ilə bağlı məhkəmə qərarını ortaya çıxarır, amma evi sökülür...
 
– Mən belə hallara inanmıram...
 
– Sizin də təmsilçisi olduğunuz parlamentin mülki qanunvericiliyə etdiyi dəyişiklikdə park tikintisi dövlət ehtiyacı kateqoriyasına daxil deyil. Elə isə nədən dövlət ehtiyacı adı ilə vətəndaş mülkiyyətindən məhrum edilir?
 
– Mən hüquq-mühafizə orqanının nə də məhkəmə orqanının nümayəndəsi deyiləm. Bu proses barədə də detallı məlumatım yoxdur. “Qış Bulvarı” ilə bağlı bircə onu bilirəm ki, vətəndaşlar onlara verilən kompensasiyadan razı qalıblar. Mən narazılıq barədə eşitməmişəm...
Mən eyni zamanda evi başına uçurulan vətəndaşı da görürəm. Bu vətəndaşa deyirlər ki, ay vətəndaş bu ev sənin başına uçur pulunu, yaxud yeni evinin açarını al get. Əksəriyyət buna qane olur. Bəzi adamlar var ki, çox istəyir. Bu da olmaz axı. Nə qədər çox versən, tələb edəcək ki, artır. Qiymətləndirmə var və bu qiymətləndirmə bazar qiymətinə uyğun da qiymətləndirilir. İndi kimsə 10 kvadratlıq evinə 80 min istəyirsə, bu, mümkün deyil axı?!
 
KAMİL
 
 
 



Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar