12px14px16px18px

Əli Əhmədov: “Qarabağ münaqişəsinin həllinin mürəkkəbliyi konfliktin həllinin uzadılması üçün əsas yarada bilməz”

05:35 / 28.04.2012
Müsahibimiz Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədovdur

– Əli müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona son səfərindən xeyli vaxt keçsə də, bu səfər ətrafında müzakirələr, narahatlıqlar hələ də davam etməkdədir. Daha doğrusu, onun İrəvanda səsləndirdiyi “ Dağlıq Qarabağın taleyini “Qarabağ xalqı” müəyyət etməlidir” fikri Azərbaycan cəmiyyətinin bütün kəsimlərində birmənalı qarşılanmayıb. Bu baxımdan, Lavrovun regiona səfəri və səfər zamanı səsləndirdiyi məlum bəyanatlarla bağlı ciddi narahatçılıq kecirmək üçün əsaslar varmı, eyni zamanda, bu bəyanatlar daha çox nəyə hesablanıb?
– Bilirsiniz, mövqiyimizi dəfələrlə açıq şəkildə bildirmişik. Ancaq səxsən mən Azərbaycan vətəndaşı olaraq yenə də bu məsələyə özümün münasibətimi bildirmək istəyərdim. Məsələ orasındadır ki, ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması missiyasını öz üzərinə götürdüyü 20 il ərzində münaqişənin dinc yolla tənzimlənməsi üçün çox ciddi fəalliyyət göstərə bilməyib. Həqiqət bundan ibarətdir. Bunu da Azərbaycanda – istər Azərbaycanın siyasi xadimləri, istər ictimai xadimləri, istər sadə vətəndaşları birmənalı şəkildə etiraf və qeyd edirlər. Mən belə hesab edirəm ki, buna son qoyulmalıdır və buna necə son qoymaq lazımdırsa, onun üzərində də düşünmək gərəkdir. Yəni, bu format səmərəlidirmi, münaqişənin həllinə kömək edə bilirmi və sair ?!
Rusiyaya gəlincə, bu ölkə də Minsk qrupunun həmsədrlərindən biridir və təbii ki, münaqişənin nizama salınması ilə bağlı öz üzərinə böyük öhdəliklər götürüb. Əgər münaqişə bu günə qədər nizama salınmayıbsa, elə bu öhdəliklərin yerinə yetirilməsi ilə də bağlı ciddi problemlər var. Rusiya xarici işlər nazirinin də Ermənistanda olarkən Qarabağın taleyi ilə bağlı, Minsk qrupunun həmsədrinin dilindən səslənməli olmayan bir fikri səsləndirməsini, təbii ki, yaxşı hal saymaq olmaz. Həm beynəlxalq hüquq baxımından, həm real gerçəklər baxımından məsələnin tamam başqa bir müstəvidə həll olunması ədalətli sayıla bilər.
Bütün bunlara baxmayaraq, Lavrovun belə bir fikir səsləndirməsi, təbii ki, Azərbaycan vətəndaşları tərəfindən ciddi etirazla qarşılanmalıydı və belə də qarşılanıb. Mən deməyə çətinlik çəkirəm ki, Lavrovun bu fikri Rusiyanın həmsədr dövlətlərdən biri kimi rəsmi mövqeyidir, yoxsa, yox, amma onu da bildirmək istəyirəm ki, Rusiyanın rəhbərliyi bu vaxta , ən azından bu bəyanat səsləndirilənə qədər Qarabağ münaqişəsinin nizama salınmasında ədalətli mövqe tutduğunu, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını bəyan edib. Yenə də inanmaq istəyirəm ki, Rusiyanın bir dövlət olaraq, eyni zamanda, Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin nizama salınmasında mövqeyi Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipinə əməl edilməsi üzərində qurulub. Mən ən azından buna ümid edirəm və güman edirəm ki, belə də olmalıdır.
– Bəs, ondan cəmi bir neçə gün sonra Azərbaycana səfər edən digər Rusiya yetkilisi – Federasiya Şurasının sədri Valentina Matviyenkonun fikiləri ilə bağlı nə deyə bilərsiniz? O bildirir ki, Qarabağ münaqişənin həlli çox mürəkkəbdir, yəni, konflikt hələ də uzana bilər...
– Münaqişənin mürəkkəbliyi ilə əlaqədar xanım Matviyenkonun səsləndirdiyi fikirdə yenilik yoxdur. Əgər mürəkkəb olmasaydı, münaqişə 20 il ərzində öz həllini tapardı. Amma münaqişənin həllinin mürəkkəbliyi münaqişənin həllinin uzadılması üçün əsas yarada bilməz. Ən azından mən bunu da vurğulamaq istəyırəm ki, münaqişənin nizama salınması üçün vasitəçi kimi missiya üzərinə götürmüş dövlətin yüksək rütbəli rəsmi nümayəndəsinin belə bir fikir səsləndirməsi yolverilməzdir. Ən azından münaqişənin həll olunması missiyasını üzərinə götürən dövlətin rəsmi nümayəndəsi bu münaqişənin tezliklə həll olunması üçün səylər ortaya qoyacağı haqqında bəyanatlar verməlidir.
Əks bəyanatın verilməsi, hesab edirəm ki, bütövlükdə vasitəçilik məntiqinə və missiyasına uyğun gəlməyən bir yanaşmadır. Amma yenə də mən ümidvar olduğum bildirmək istəyirəm ki, – nə dərəcədə bu ümid üçün əsaslar var, onu da deməyə çətinlik çəkirəm – , Minsk qrupu, onun həmsədrləri münaqişənin nizama salınması üçün səylərini bundan sonra çox güman, artıracaqlar. Ən azından mən bunu Rusiyanın dəfələrlə bəyan etdiyi mövqeyə instinad edərək demək istəyirəm.
– Yeri gəlmişkən, belə fikirlər də var ki, ATƏT-in Minsk qrupu formatı BMT Təhlükəsizlik Şurası və yaxud, Avropa İttifaqı formatı ilə əvəzlənsin. Sizcə, bu tənzimləmə formatı mümkündürmü?
– Biz dəfələrlə Minsk qrupunun bu formatda səmərəli şəkildə fəaliyyət göstərə bilməməsi haqqında fikirlərimizi və narahatçılığımızı ifadə etmişik. Şəxsən mən də yenə həmin fikirdə qalıram. Minsk qrupunun həmsədrlik institutu səmərəli fəaliyyət göstərə bilmir. Bu, birmənalı şəkildə belədir. Yəqin ki, bunun səbəbləri üzərində düşünərkən, eyni zamanda, format məsələsinə gəlib çıxırıq. Formatın dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər , o cümlədən, Fransanın həmsədrliyinin Avropa İttifaqı tərəfindən əvəzlənməsi haqqında fikirlər səsləndirilib. Başqa fikirlər də səsləndirilib.
Hər halda bu fikirlər çox səsləndirilib, bunları təhlil etmək fikrində deyiləm. Mən də mövqeyimi , o cümlədən , Fransa ilə əlaqədar mövqeyimi dəfələrlə səsləndirmişəm. Hər halda Minsk qrupu fəaliyyətində dəyişiklik etmək zorundadır. Etməsə bunun alternativi münaqişənin hələ uzun illər uzanmasıdır.
KAMİL






Bu yazı ( 54 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar