12px14px16px18px

Fuad Muradov: “Ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri tamamilə yanlışdır”

MÜSAHİBİMİZ GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASININ SƏDRİ,MİLLİ MƏCLİSİN ÜZVÜ FUAD MURADOVDUR

00:42 / 26.04.2012
– Bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir.
– Gənclər siyasəti çərçivəsində həyata keçirilən dövlət proqramlarının üstünlüyü və əhəmiyyəti nədən ibarətdir?
– Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar, layihələr həyata keçirilir. Xatırladım ki, Prezident İlham Əliyev 2005-ci il avqust ayının 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyırdı. 2005-2009-cu illəri əhatə edən bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və s. məsələlər əksini tapırdı. Proqramın tələblərinə uyğun olaraq bu istiqamətdə qarşıda duran bütün vəzifələrin dəqiqliklə həyata keçirilməsində birbaşa dövlət başçısının yaxından iştirakı ilə və nəzarəti altında uğurlu addımlar atılıb. Eyni zamanda Prezidentin qərarı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsi dövlətimizin gənclərə olan münasibətinin ifadəsidir. Ölkəmizdə gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının yüksəldilməsi məsələsinə daim diqqət yetirilir. Bu baxımdan dövlət gənclər siyasətinin mühüm istiqamətini gələcək nəslin intellektual səviyyəsinin artırılması ilə bağlı işlərin həyata keçirilməsi təşkil edir. Ölkədə həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində gənclərimizin təhsil səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Prezidentin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməsi bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb.Ötən il aprelin 21-də Prezident İlham Əliyevin bir qrup gənclə görüşünü isə Azərbaycan gəncliyinin həyatında yeni bir mərhələnin başlanğıcı hesab etmək olar.
– Gənclər Fondunun yaradılması haqqında sərəncam imzalanıb. Eləcə də, müxtəlif bölgələrdə Gənclər Mərkəzi tikilib istifadəyə verilir. Bütün bunlar gənclərin cəmiyyətdə fəal bir təbəqə kimi inkişafına nə dərəcədə təsir göstərəcək?
– Bəli, bir müddət öncə dövlət başçısı Gənclər Fondunun yaradılması haqqında sərəncam imzaladı və fondun fəaliyyəti üçün vəsait ayrılıb. Gənclər Fondunun yaradılması bizim gənc nəsil üçün çox vacibdir. Burada söhbət yalnız təşkilatlanmış gənclərdən getmir, bu fərdi şəkildə gənclər üçün önəmli bir məsələdir. Hazırda dövlət başçısının sərəncamı ilə əlaqədar işlər gedir və fond yaxın vaxtlarda öz fəaliyyətinə başlayacaq. Qeyd etdiyiniz kimi ölkəmizin bölgələrində Gənclər Mərkəzi yaradılır. Cənab Prezident bir sıra rayonlara səfəri zamanı artıq belə mərkəzlərin açılışını edib. Ümumiyyətlə, regionların inkişafı proqramı çərçivəsində də bu işlər gedir. Gənclərimiz bölgələrdə çox fəaldırlar. Onlar üçün idman mərkəzləri, mədəniyyət obyektləri tikilib istifadəyə verilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bütün rayonlarda Gənclər evi və Gənclər mərkəzləri yaranacaq. Məqsəd gənclərimizin bir araya gəlməsi, müəyyən müzakirələr aparması üçün ünvan yaratmaqdır. Bu mərkəzlərdə həm kompüter mərkəzi, həm konfrans zalı, həm də digər imkanlar yaradılır ki, gənclərimiz bundan maksimum istifadə etsinlər. Ümumiyyətlə, bütün bunlar artıq Azərbaycanda gənclər siyasətinin yeni mərhələsinin başlaması deməkdir.
– Bu gün gənclərimizin beynəlxalq müstəvidə özünütəsdiq imkanları hansı səviyyədədir?
– Azərbaycan gənci XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. Avropa Gənclər Forumunun üzvüyük, İslam Konfransı Təşkilatının gənclər strukturunda Azərbaycan qədər fəallıq göstərən az ölkə var. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırlar. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədrliyi ilə Rusiyada AMOR adlı gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatın dünyanın böyük dövlətlərində Azərbaycan həqiqətlərini çatdırmasında rolu xüsusi vurğulanmalıdır. Eləcə də, Benilüks ölkələrində, ABŞ-da, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə gənclərimiz Azərbaycanı uğurla təmsil edirlər. Ötən illərdə gənclərlə bağlı böyük beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.
– Mayda Bakıda “Eurovision” mahnı müsabiqəsi keçiriləcək. Amma bu tədbir ərəfəsində bəzi qüvvələr ölkəmiz əleyhinə anti-təbliğatla məşğuldurlar...
– Bu gün Azərbaycan güclənir, müstəqil siyasət yürüdür. Bir sıra daxili və xarici qüvvələr bundan qıcıqlanır. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində həmin qüvvələr fəallaşaraq ölkəmizə qarşı kampaniya aparırlar. Amma onların ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri tamamilə yanlışdır. Təəssüf ki, bu prosesdə Azərbaycanın inkişafını, güclü dövlət olmasını istəməyən xarici qüvvələrə daxilimizdə də dəstək verənlər var. Bir sıra dairələr bu nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsindən sui-istifadə etməyə çalışırlar. Həmin dairələrə daxilimizdən yalnız kiçik bir qrup dəstək verir. Gənlərimizin mütləq əksəriyyəti isə bu tədbirin ölkəmizdə keçirilməsinə çox sevinir. Bu gənclərin “Eurovision” mahnı müsabiqəsinin “Fan klubu” fəaliyyət göstərir. Bu klubda sağlam gənclər yığışıb müxtəlif təşəbbüslər göstərirlər. Onların Azərbaycan sevgisi gözəl nəticələr verir. Çox sevindiricidir ki, belə gənclərimiz çoxluq təşkil edir və ölkəmizin tərəqqisinə öz töhfəsini vermək istəyirlər. “Eurovision” mahnı müsabiqəsinə ölkəmiz çox ciddi şəkildə hazırlaşır. Hesab edirəm ki, kiçik bir qrupun Azərbaycanın nüfuzuna zərbə vurmaq cəhdləri iflasa uğrayacaq. Gənclərimizin mütləq əksəriyyətinin müxalifətin çirkin niyyətlərinə dəstək verməməsi bu fikri təsdiqləyir. Bu gün gənclərimiz həmin qüvvələrin “Eurovision” ərəfəsində ölkəmizə qarşı apardığı kampaniyanı pisləyir. Hazırda Azərbaycan Gənclər Təşkilatları Milli Şurasında 72 gənclər təşkilatı birləşib. Milli Şurada birləşən gənclər hər zaman, o cümlədən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan təbliği ilə fəal məşğul olur. Onlar bu prosesdə İKT-nin imkanlarından tutmuş bir çox vasitələrdən istifadə edərək ölkəmizi beynəlxalq aləmdə təbliğ edirlər. Bu təbliğat işində xalqımızın zəngin tarixi və mədəniyyəti, milli adət-ənənələri, eləcə də müasir dövrdə Azərbaycanın inkişafı ilə bağlı məlumatlar öz əksini tapır. Nüfuzlu mahnı yarışması ərəfəsində bu iş daha da gücləndirilib. Düşünürəm ki, Bakıda “Eurovision” mahnı müsabiqəsi çox yüksək səviyyədə keçiriləcək. Buraya gələn xaricilər də həqiqətləri öz gözləri ilə görəcək və heç vaxt qərəzli mövqeyin ardınca getməyəcəklər. Təbii ki, obyektiv rəyin formalaşmasında cəmiyyətimizin aparıcı qüvvəsi olaraq gənclərimizin səyləri və təşəbbüsləri də əhəmiyyətli rol oynayacaq.
KAMİL





Bu yazı ( 167 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar