12px14px16px18px

Deputat Sədaqət Vəliyeva: “Rövnəq Abdullayevin xalası qızı deyiləm”

Milli Məclisin üzvü, 25 saylı Nizami II seçki dairəsinin deputatı Sədaqət Vəliyevanın APA-ya müsahibəsi

11:34 / 25.04.2012
Milli Məclisin üzvü, 25 saylı Nizami II seçki dairəsinin deputatı Sədaqət Vəliyevanın APA-ya müsahibəsi

– Siz bir gün ərzində Milli Məclisə, YAP-ın Nizami rayon təşkilatına və xəstəxanaya baş çəkə bilirsinizmi?
– Bu, işin vəziyyətinə baxır. Xəstəxanada baş həkim vəzifəsini icra edirəm. Gün ərzində partiyanın rayon təşkilatının qərargahında oluram, rəhbərliyin tapşırıqlarını, göstərişlərini həyata keçirirəm, müvafiq iş planına əsasən çalışıram. Təbii ki, millət vəkili olaraq Milli Məclisin plenar iclaslarına, komitə iclaslarına da qatılıram.
– Yəqin ki, deputat kimi qərargahınız yoxdur...
– Yoxdur. Seçiciləri partiyanın rayon təşkilatının qərargahında qəbul edirəm. Onlarla ərazidə də görüşürəm. Məsələn, 300-500 nəfərlik xeyir-şər evlərində, məhəllələrdə görüşlər keçirirəm. Onları narahat edən problemlərlə maraqlanıram. Çalışıram ki, aidiyyəti qurumlara müraciət edib problemləri bacardığım qədər yoluna qoyum. Eyni zamanda, qəbullar da təşkil edirəm. Bayram günlərində seçicilərin evlərinə açıqca göndərirəm, çünki insanları maddiyyatdan çox mənəviyyat maraqlandırır. Bizdə seçicilərimizin telefon nömrələri, ünvanları var. Təkcə bayram ərəfəsində yox, ad günlərində də zəng vurub təbrik edirik, açıqca göndəririk. Bu, sadə insanlara sevinc bəxş edir. Sakinlərimiz üçün imkan düşdükcə konsertlər də təşkil edirik. Parlamentin Sosial siyasət Komitəsinin üzvüyəm.
Seçicilərlə görüşlərimdə komitədə və parlamentin plenar iclaslarında müzakirəsi aparılan qanun layihələri barədə məlumat verirəm. Həm də onları dinləyirəm. Ümumiyyətlə, biz daha çox əlil, tənha, köməksiz, fiziki cəhətdən qüsurlu insanlara, şəhid və müharibə əlillərinin ailələrinə yardım göstərməyə çalışırıq. Məsələn, bu gün (dünən – red.) biz Pasxa bayramı münasibətilə rayon ərazisində yaşayan 250 nəfərə yardım payladıq.
– Bugünkü yardımı konkret hansı qurum, yaxud şəxs etdi? YAP-ın Nizami rayon təşkilatı, yoxsa deputat kimi Siz özünüz?
– Bizim rayonda üç millət vəkili fəaliyyət göstərir. Yardım bu deputatların, partiyamızın, Nizami rayon İcra Hakimiyyətinin adından edildi.
– Nizami rayonunun üç deputatı olaraq Siz, Rövnəq Abdullayev və 18 saylı Nərimanov-Nizami seçki dairəsinin deputatı Rasim Musabəyov rayonun problemlərini müzakirə etmək üçün birlikdə görüş keçirirsinizmi?
– Biz çox vaxt bir yerdə oluruq. Rayon İcra Hakimiyyətinin tədbirlərində iştirak edirik. Hətta başqa rayonun deputatları ilə də görüşürük.
– Seçicilər Sizə əsasən hansı məsələlərlə bağlı müraciət edir? Məsələn, pul istəyən olur?
– Bilirsiz, müraciətlər cürbəcür olur. İşlə, binanın problemləri ilə bağlı olur. Başqa sosial problemlər olur... İnsandır, inanır ki, gəlir. İstənilən halda biz onu dinləyirik, lazımdırsa əlaqədar adamlarla, qurumların nümayəndələri ilə danışıb onun problemini həll edirik. Hətta mənə bir nəfər müraciət etmişdi, dedi ki, işimə məhkəmədə baxırlar. Gedib məhkəmə prosesində iştirak elədim. Düzdür, məhkəmənin işinə müdaxilə etmək səlahiyyətim yoxdur, amma o adamın yanında oldum.
– Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserinin baş həkimi kimi maaş alırsınızmı?
– Xeyr, orada ictimai əsaslarla çalışıram.
– Sizin dispanserdə neçə nəfər xəstə qeydə alınıb?
– Dispanser həm bütün Sabunçu rayonunu, həm də Nizami rayonunun bir hissəsini əhatə edir, ümumilikdə 300 min nəfərə xidmət göstərir. Xəstələrin sayı hər il müxtəlif olur. Daha dəqiq məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ala bilərsiniz. Hər halda, bizim rayon üzrə xəstələrin sayında artım yoxdur.
– Mətbuatda daha çox Rövnəq Abdullayevin xalası qızı, yaxud yaxın qohumu kimi təqdim olunursunuz. Amma heç vaxt da bununla bağlı açıqlamanıza rast gəlməmişəm...
– Bu, yanlış məlumatdı. Mən Rövnəq müəllimin xalası qızı, qohumu deyiləm. Sadəcə. Biz bir regiondanıq, eyni məhəllədə böyümüşük. Mən yaşca ondan böyüyəm. Amma bu məsələnin müzakirə edilməsini də doğru hesab etmirəm. Qohum olmaq cinayət deyil ki... Azərbaycan xalqının hamısı bir-biri ilə qohumdur, elə siz də mənim qohumumsunuz. İnsanı vəzifəyə qohumluğa, tanışlığa görə təyin etmirlər, seçmirlər. Mənim yaşıma, əmək fəaliyyətimə baxsınlar. Bunu daha çox müxalifət mətbuatı yazırdı. Onlara qalsa, ölkəni başdan başlayıb, ayaqda qurtarar, istədiyi şeyi yazarlar. Görülən işlərə daim kölgə salmağa çalışırlar. Xalq bu gün onları dəstəkləmir. Biz bir olmalıyıq. Vaxtilə Azərbaycan xanlıqları birləşsəydilər, bəlkə də indi Azərbaycan bu halda – parçalanmış vəziyyətdə olmazdı. İki sözləri var: korrupsiya və Qarabağ. Mitinqlərdə başqa söz tapmırlar danışmağa. Onlara demək lazımdır ki, Qarabağ sizin günahınızdan getdi...
– Nizami rayonunun ərazisində müxalifət partiyalarının qərargahı varmı?
– Bəli var, çox sərbəst şəkildə fəaliyyət göstərirlər. Hətta qəzet də buraxırlar (“Yeni Müsavat” qəzetinin Nizami rayonu ərazisində yerləşən ofisi nəzərdə tutulur – red.).
– 2010-cu ildə keçirilmiş parlament seçkiləri zamanı Sizin müxalifətdən olan rəqibiniz də elə həmin qəzetin baş redaktoru idi – Rauf Arifoğlu...
– Rəqib deməzdim. Sadəcə olaraq o da namizəd idi. Onsuz da onların hamısı bir-birinə rəqib sayılır.
– Rəqibinizin sahibi olduğu qəzetin Sizin haqqınızda yazdıqlarını oxuyurdunuzmu?
– Arabir oxuyurdum.
– Ümumiyyətlə, mətbuatı izləyirsinizmi?
– Bəli. Dövlət qəzetlərini, partiyamızın qəzetini izləyirəm. Vaxt olanda bütün qəzetləri oxuyuram. Ziyalı insanıq, hətta xarici mətbuatla da maraqlanmalıyıq. Amma mən haqqımda yazılanlara reaksiya verən deyiləm. Əgər mənim haqqımda yazırlarsa, deməli, diqqət mərkəzindəyəm. Maraqlanıb yazırlar da... Bir dəfə yazmışdılar ki, Sədaqət xanım pul paylayır. Əvvəla, mən həkiməm, özü də vərəm kimi xəstəliyə yoluxmuş insanlara qulluq edən bir həkiməm. Atamdan da mənə var-dövlət qalmayıb. Əgər olsa, xalqımın hər nümayəndəsinə kömək etməyə hazıram. O yazını yazan vaxt Ahıllar Günü ilə bağlı İcra Hakimiyyətinin tədbirinə getmişdim. Onda hələ seçkilərə start verilməmişdi. Axı o yazını yazanlar da bu xalqın övladlarıdır. Heç olmasa bir dəfə Ahıllar Günü münasibətilə təbrik edərdilər. Ancaq təbrik də onların yadından çıxıb.
– Siz Milli Məclisin plenar sessiyalarında nadir hallarda çıxış edirsiniz, yəni aktiv deputatlardan deyilsiniz...
– Ola bilər ki, mən iclaslarda az danışıram. Amma az danışmaq heç də aktiv olmamaq demək deyil. Onsuz da deputatın işi danışmaqdır. Hətta “deputat” sözü də “danışan” sözündən götürülüb. Mənim bütün deputatlara böyük hörmətim var. Milli Məclisdə üç, hətta dörd çağırış deputat seçilmiş şəxslər var. Yəqin ki, onların təcrübəsi mənim təcrübəmdən daha çoxdur. Təbii ki, onlarla mənim aramda fərq olmalıdır. Çalışıram parlamentdə, üzvü olduğum Sosial siyasət Komitəsinin iclaslarında öz sahəmə aid məsələlərdən danışım: tibb, insanların sosial problemləri. Orada öz sözümü, fikrimi çatdırıram. Həmçinin, müvafiq şöbələrlə işləyirik. Yəni, plenar sessiyada az danışmaq o demək deyil ki, mən aktiv deyiləm.
– Milli Məclisin iclaslarında deputatlardan kiminlə yanaşı əyləşirsiniz?
– Rövnəq Abdullayevlə.
– Milli Məclisin xanım üzvləri arasında rəfiqəniz varmı?
– Mənim heç vaxt rəfiqəm olmayıb. Parlamentdə hamı ilə dostluq, qarşılıqlı hörmət münasibətindəyik.
– Ailəniz haqda az da olsa məlumat verməyinizi istərdik.
– Mənim bir övladım var, ali təhsillidir. Xarici Dillər Universitetini bitirib, ailəlidir.
– Nənə olmamısınız ki?
– Yox hələ...



Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar