12px14px16px18px

Emin Həsənli: “Ordumuzun kadr potensialının artması, maddi-texniki bazasının yüksəlməsi göz önündədir”

14:34 / 18.04.2012
 
Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın torpaqlarını azad etməsi üçün güclü orduya ehtiyacı var. Bəs Azərbaycanda ordu quruculuğu sahəsində hansı addımlar atılıb və atılır? Silahlı Qüvvələrə ictimai nəzarət hansı səviyyədədir? Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli bu sahələrdə görülən işlərdən danışır...
– Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasındakı əməkdaşlığın səviyyəsini necə qiymətləndirmək olar? 
– Ümummilli lider Heydər Əliyev 1994-cü ilin may ayının 4-də Brüsseldə NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı imzaladı, Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlığa başladı. Bu istiqamətdə qardaş Türkiyə dövləti bizə dəstək verdi. 1997-ci ildə əvvəlcə NATO sülhyaratma tağımı, sonra bölüyü yaradıldı. Bizim bir tağım Kosovoda Türkiyə taborunun tərkibində Kosovada sülhyaratma əməliyyatlarında iştirak etdi. 1997-ci ildə hərbi təhsil sistemi ümumilikdə NATO sisteminə uyğunlaşdırıldı, 2001-ci ildə ilk buraxılış oldu. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də həmin buraxılış mərasimində iştirak edirdi. Türkiyə ulduzları da Bakıda şou göstərdi. Həmin buraxılışda ulu öndər Heydər Əliyev də iştirak edirdi. Ondan sonra ənənə yarandı, hər il Ali Baş Komandan olan prezident buraxılışda iştirak edir, kursantları özü şəxsən mükafatlandırırdı. Sonradan Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq Proqramına qoşuldu. Artıq Silahlı Qüvvələrimizin bütün ştat strukturları NATO standartlarına uyğundur, kadrlar NATO standartlarına uyğun hazırlanır. NATO ölkələri ilə ikitərəfli və hərtərəfli hərbi əməkdaşlıq var. Artıq Əfqanıstanda Azərbaycanın bir bölüyü Türkiyə taborunun tərkibində, İraqda 150 nəfərlik kontingentimiz ABŞ-ın yaratdığı koalisiya tərkibində sülhyaratma əməliyyatında iştirak edir. 
Hərbi tibb sahəsində də xeyli uğurlar var. Müasir tibbi avadanlıqlar alınıb, qardaş Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında bizim hərbi həkimlər hazırlanır. 
Bakıda tez-tez NATO təlimləri keçirilir, hərbçilərimiz NATO-nun ayrı-ayrı kurslarında iştirak edir. Bu proses get-gedə sürətlənəcək. Azərbaycanın iqtisadi gücü artdıqca hərbi büdcəsi də artır və bu yöndə islahatlar da aparılır. Bu, sevindirici haldır. Bəziləri deyir ki, bu proses sürətlənsin. Bu proses elmi əsaslarla aparılır. Bu gün Gürcüstanla Ukraynanın NATO ilə daha böyük sərhədləri var. Bizim NATO-ya üzv Türkiyə ilə cəmi 11 kilometr sərhədimiz var. Gürcüstanın isə NATO dövlətləri ilə həm dəniz, həm quru sərhədi var, daha yaxındırlar. Lakin NATO hələ də onları üzvlüyə qəbul etməyib. Azərbaycanın NATO ilə əməkdaşlıqda məqsədi odur ki, ordusunu gücləndirsin, dövlətimiz güclənsin, milli maraqlarımız qorunsun, müstəqil kurs aparılsın. 
– Bu siyasət özünü doğruldurmu? 
– Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, gələn ay BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nə qədər müstəqil siyasət apardığı ortadadır. Azərbaycan xarici siyasətdə necə balanslaşmış, hərtərəfli, milli maraqlarımıza uyğun siyasət aparırsa, hərbi siyasət də o cür aparılır. Sırf Azərbaycanın maraqları naminə dünyanın 50-dən artıq dövləti ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq edilir. 
– Silahlı Qüvvələrə ictimai nəzarət necə həyata keçirilir? 
– Silahlı Qüvvələrə ictimai nəzarət məsələsi də gündəmdədir. ATƏT-in Bakı ofisi və NATO nümayəndələri daim bu məsələni diqqətdə saxlayırlar. 2000-ci ildən Azərbaycanda bu proses başlayıb. Azərbaycanda baş redaktorlar, millət vəkilləri, hərbi yönümlü, insan hüquqları ilə bağlı QHT-lərin rəhbərləri, ombudsman, ayrı-ayrı təşkilatların rəhbərləri tez-tez hərbi hissələrdə olurlar. Müdafiə Nazirliyində, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyində qaynar xətt yaradılıb. Məlum nömrəsi, internet ünvanı var. Biz tez-tez hərbi qulluqçularla təmasda oluruq, onların sosial şəraiti, qidalanma, tibbi xidmət səviyyəsi ilə tanış oluruq. Eyni zamanda müharibə veteranları, şəhid ailələri, ehtiyata buraxılan hərbçilər daimi olaraq bu prosesdə iştirak edirlər. 
– Silahlı Qüvvələrə ictimai nəzarət hansı istiqamətləri əhatə edir? 
– Silahlı Qüvvələrə ictimai nəzarət iki istiqamətdən ibarətdir. Birincisi, orduda xidmət edənlərə, ikincisi, artıq orduda xidməti başa vurmuş insanlara diqqət və qayğını əhatə edir. Orduda xidmət də iki hissədən ibarədir. Birincisi, orduda məxfi sahələr var və təbii ki, hər bir dövlət kimi Azərbaycan dövlətinin də milli maraqları var. Məxfi sahə qorunur, daimi nəzarətdədir. Ancaq əsgərlərin yaşayışı, qidalanması, sağlamlığı, insan hüquqları ilə bağlı məsələlər, hərbi qulluqçuların, zabitlərin mənzil, əməkhaqqı məsələləri, tabeli münasibətlər, hüquq və azadlıqlar məsələləri daim nəzarətdə saxlanılır və ictimaiyyətin də diqqətində olur. Vaxtaşırı Silahlı Qüvvələrin rəhbərliyi məlumat verir. Biz də tez-tez cəbhə bölgələrində görüşlər keçirir, demək olar ki, bütün hərbi hissələrdə olur, bu məsələni daim diqqət mərkəzində saxlayırıq. Bu istiqamətdə bəzi sahələrdə problemlər də var, bunlar da zaman-zaman aradan qaldırılır.
– Söhbət hansı problemlərdən gedir? 
– Məsələn, ehtiyatda olan zabitlərin paltar pulu məsələsi vardı. Artıq Müdafiə Nazirliyi bir neçə ildir ki, bu pulu ödəməyə başlayıb, bu proses demək olar ki, yekunlaşır. Zabitlərin mənzil problemi vardı, prezident keçən il dekabrın 28-də fərman imzaladı. Fərmana əsasən 20 ildən artıq qulluq edən zabitlərə ev veriləcək. Bundan öncə də prezident bir çox zabitlərə mənzillərin orderini təqdim edirdi. Prezident hərbi hissələrdə olan zaman hərbi qulluqçuların bütün problemləri ilə maraqlanırdı. Ali Baş Komandan xüsusən cəbhəyanı bölgələrə gedəndə hərbi qulluqçularla tez-tez görüşürdü. 1-2 ilə demək olar ki, bütün zabitlərin mənzil problemi həll ediləcək. 
Artıq zabitlərin məzuniyyət pullarının verilməsi məsələsi gündəmdədir. Əvvəllər məzuniyyətdə olmayan, xüsusən döyüş vaxtı, atəşkəs dövründən sonra xidmət edib məzuniyyət pulu almayan zabitlər məzuniyyət pullarını alacaqlar. Elə məsələlər var idi ki, 3-5 il əvvəl bunu etməyə dövlətin iqtisadi gücü yox idi, amma indi iqtisadi gücü var. Qarabağ əlilləri, şəhid ailələri mənzil təmin edildi, onlara avtomobillər verildi. Çernobıl əlillərinin sağlamlığı, reabilitasiyası ilə bağlı məsələlər həllini tapıb. Artıq onlar kurortlara, sanatoriyalara da göndərilir, övladları üçün xüsusi düşərgə yaradılıb. Şəhid ailələri, Qarabağ əlilləri, Çernobıl əlilləri üçün prezident təqaüdü var. Milli Qəhrəmanlar üçün xüsusi prezident təqaüdü nəzərdə tutulub. Bir çox sahələrdə Qarabağ əlillərinə, şəhid ailələrinə, Çernobıl əlillərinə, müharibə veteranlarına dövlət xüsusi diqqət və qayğı göstərir, güzəştlər verilir. Bu sahə də daim bizim nəzarətimizdədir. Silahlı Qüvvələrə Nəzarət İctimai Birliyində böyük bir koalisiya var. Bu koalisiyada millət vəkilləri, hərbi yönümü, insan hüquqları ilə bağlı QHT-lər, jurnalistlər, mədəniyyət xadimləri, elm adamları bu koalisiyada iştirak edirlər. Tez-tez cəbhə bölgəsinə səfər edirlər. Bu yaxınlarda da belə səfərləri ardıcıl olaraq davam etdirəcəyik. 
Bütün bunlar bütövlükdə Silahlı Qüvvələrə ictimai nəzarəti təşkil edir. Biz tez-tez beynəlxalq tədbirlərdə oluruq. ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçən il də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bir tədbir keçirildi. Həmin tədbirə gələn qonaqlar içərisində Almaniya hərbi ombudsmanlığının, ATƏT-in Bakı ofisinin nümayəndələri iştirak edirdilər. Ondan öncəki təbirlərdə Kanadanın hərbi ombudsmanları iştirak edirdi. Onlar da çıxışlarında müqayisəli təhlil aparanda görürük ki, bu yöndə son illər Azərbaycanda da xeyli addımlar atılıb, işlər görülüb, proses davam edir. Biz arzu edirik ki, bu proses daha sürətlə getsin. Hesab edirəm ki, bu işlər bu il və gələn il xeyli sürətlənəcək və biz bu istiqamətdə xeyli nəticələr əldə edildiyini görəcəyik. 
Mən təmasda olduğum zaman həm ATƏT-in Bakı ofisinin, həm Silahlı Qüvvələrin rəhbərliyinin, həm baş redaktorların, həm də QHT rəhbərlərinin bu işə nə dərəcədə həssas yanaşdığını görürəm. Silahlı Qüvvələrin rəhbərliyi də ümumi işə töhfə vermək üçün çox maraqlıdır ki, əsgər və zabitlərin hər hansı problemi olarsa, müraciət etsinlər və vaxtında bu problemlər araşdırılaraq aradan qaldırılsın. 
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi də bu istiqamətdə tez-tez monitorinqlər keçirir. Bu monitorinqlər zamanı hansı məsələlər aşkarlanarsa, aidiyyatı yerlərlə əlaqə yaradaraq bu problemləri aradan qaldırırıq. Mən yenə Silahlı Qüvvələrdə xidmət edən əsgər və zabitlərə, onların ailələrinə mətbuat vasitəsi ilə müraciət edirik ki, əgər belə məsələlər varsa, biz həmişə olduğu kimi bu məsələlərə həssaslıqla yanaşmağa hazırıq. 
Ordu bizimdir, orduya müxalif gözü ilə baxmaq olmaz. Ordu nə müxalifətin, nə iqtidarındır. Ordu Azərbaycan dövlətinin, bizimdir. Biz orduda tənqidi məsələlərə də sevərək yanaşmalıyıq, nifrət edərək yox. Elə bir sahə yoxdur ki, orada çatışmazlıqlar, qüsurlar, problemlər olmasın. Təbii ki, hərbidə də bunlar var. Amma təəssüflər olsun ki, bir qrup orduya həmişə siyasi məqsədlərlə baxır, tənqid edir, hansısa xarici təşkilatların qrant layihələrini həyata keçirir. Qrant layihələrində də həmişə hansısa problemin qoyuluşuna maliyyə ayrılır. Xüsusən ordudakı “çatışmazlıqlar”, “nöqsanlar” ilə bağlı xüsusi qrantlar ayrılır. Bütün bunlar Azərbaycan dövlətinin güclənməsini, regionda nüfuzunun artmasını, ordusunun qüvvətlənməsini istəməyən qüvvələrin marağındadır. Təəssüflər olsun ki, həmin dairələrin maliyyələşdirdiyi təşkilatlar çox açıq tezislərlə Azərbaycan ordusunu gözdən salmaq istəyirlər. Azərbaycan ordusunda bir hadisə baş verərkən onu şişirdərək, böyüdərək cəmiyyətə təqdim edir və cəmiyyətdə orduya inamsızlıq yaratmağa çalışırlar. Ordu elə bir sahədir ki, hər bir kəsin yaxını, övladı orada qulluq edir. Bir daha qeyd edirəm ki, elə bir sahə yoxdur ki, orada fəaliyyət olsun, nöqsan və çatışmazlıqlar olmasın. Hər şey müqayisə ilə təhlil edilir. Qısa bir zamanda ordunun kadr potensialının artması, maddi-texniki bazasının yüksəlməsi göz önündədir. Bu yaxınlarda Azərbaycan İsraildən 1,6 milyard dollarlıq silah alıb. Bu silahlar təbii ki, Azərbaycan ordusunun güclənməsi üçün alınıb. Bu gün müdafiə sənayesi potensialımızı gücləndirmək istəyirik. Regiondakı dövlətlər, xüsusən Ermənistan yaxşı başa düşür ki, biz sabah ərazi bütövlüyümüzü təmin edəcəyik və bunun üçün ordumuzdan istifadə edəcəyik. Regionda balans dəyişir. İqtisadi gücümüz Ermənistandan 10 dəfə böyükdür, əhali resursumuz artıqdır, Azərbaycan günü-gündən dünyada daha çox tanınır və qəbul edilir. Ermənistanda regional tədbir də keçirilmir. Azərbaycanda elə ay yoxdur ki, idman, turizm, mədəniyyətlə bağlı beynəlxalq tədbir olmasın. Bu il Azərbaycanda “Eurovision” Mahnı Müsabiqəsi keçiriləcək. 2020-ci ildə olimpiya oyunlarını keçirmək istəyirik. Bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda qadınlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Bütün bunlar artıq Azərbaycanı dünyaya tanıdır. 10 il əvvəl Azərbaycanı dünyada az tanıyırdılarsa, indi daha çox tanıyırlar. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, gələn ay da Təhlükəsizlik Şurasına sədrlik edəcək. Ermənistan və Ermənistan havadarları da narahat olur ki, Azərbaycan ordusu silahlanır, müasir silahlar əldə edir. Dünyanın hərbi cəhətdən güclü olan dövlətlərindən, İsraildən və digər dövlətlərdən ən müasir silahlar alır və çox müasir hərbi sənaye kompleksimiz var. Bu da torpaqlarımızın işğaldan azad edilməsi üçün istifadə ediləcək. 5-10 il əvvəl bu nailiyyətlər möcüzə kimi görünürdü, bu gün bunlar reallığa çevrilib. Qısa müddətdən sonra torpaqlarımızın işğaldan azad edilməsi reallığa çevriləcək. Bunu istəməyənlər, Azərbaycanın güclü dövlət olmasını istəməyənlər bütün vasitələrlə Azərbaycanı, xüsusən ordunu daimi hədəfdə saxlayırlar. Biz məsələlərə yanaşanda Azərbaycanın yerləşdiyi regionu, Azərbaycan ordusunun hansı düşmən ordusu ilə üz-üzə olduğunu, həmin düşməni hansı qüvvələrin himayə etdiyini, bu gün də onu təcavüzkar kimi tanımadığını, ikili standartlardan yanaşdığını unutmamalıyıq. İnsan hüquqlarından, demokratiyadan danışanlar, dədə-baba yurdlarından qovulan 1 milyon insanın mülkiyyət hüquqlarının pozulmasını, Xocalı faciəsini niyə dilə gətirmirlər? Onlar hansısa çatışmazlıqları önə çıxararaq müxtəlif layihələri maliyyələşdirirlər. Bunlar da açıq şəkildə ortada hansı maraqların olduğunu göstərir. Ona görə də vətənpərvər qüvvələr məsələlərə bu prizmadan yanaşmalı, milli, dövlət maraqlarını qorumalıyıq.
Ramiz MİKAYILOĞLU
 



Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar