12px14px16px18px

“O zaman dost olduğum bir neçə şəxs var ki, indi onlarla görüşə bilmirəm”

SABİQ RABİTƏ NAZİRİ SİRUZ ABASBƏYLİ: “HAZIRKİ QURUCULUQ İŞLƏRİNİN BİR PARÇASI OLMAQ İSTƏYƏRDİM”

00:31 / 14.04.2012


Müsahibimiz 1992-1997-ci illərdə rabitə naziri vəzifəsində çalışan Siruz Abasbəylidir. Öz zəhməti, işgüzarlığı, qərarlılığı ilə rabitə montyorluğundan nazir vəzifəsinə qədər yüksələn S.Abasbəyli bizimlə söhbətdə bir çox mühüm məsələlərlə bağlı bir-birindən maraqlı məqamlara toxundu.
S.Abasbəyli İranda doğulub. Uşaqlığı Tehran və Təbriz şəhərlərində keçib. Atası Hüseyn müəllim səfirlikdə işlədiyi üçün ailəsi qapalı həyat tərzi keçirib. İlk təhsilini mədrəsədə alıb. 1953-cü ildə, Azərbaycana qayıdaraq Gəncədə yaşayıblar. 1954-cü ildə orta məktəbə daxil olub. Yeddi illiyi bitirərək, 1962-ci ildə Bakıda Rabitə Texnikumunun tələbəsi olub. 1965-ci ildən “Azqosproyekt”, “Qiproazneft” institutlarının nəzdindəki ATS-lərdə, eləcə də Mərkəzi Komitədə və başqa dövlət vəzifələrində çalışaraq montyorluqdan rabitə nazirinin müavini və nazir vəzifəsinə qədər yüksəlib. Tez-tez səmərəli təkliflər verərək, yəni-yeni cihazlar icad edib. 50-dən çox səmərəli təklifli və ixtirası qeydiyyatdan keçib.


– Siruz müəllim 15 ilə yaxındır ki, vəzifədən getmisiniz. Aradan keçən bu zaman ərzində harada idiniz, nə işlə məşğul olurdunuz?
– Nazir təyin edilən zaman rabitə sistemimiz tamamilə iflic vəziyyətdə idi. İşə başlayan kimi yaratdığım hər bir şey bu gün fəaliyyətdədir. Mobil rabitə sistemi, optik kabellər, dicital-rəqəmsal telefon stansiyaları, ən nəhayət on illərdir ki, ilişib qalan televiziyya qülləsi məhz mənim vaxtımda yaradılaraq istifadəyə verildi. Qısa zaman kəsiyində bütün bunlarla yanaşı rabitə sahəsində digər mühüm işlər də gördüm.
Vəzifədən getdikdən sonra bir müddət Türkiyədə yaşadım. Bu zaman mənə “Türkcell”in MDB üzrə nümayəndəliyi vəzifəsi təklif edildi, lakin razılıq vermədim. Türkiyədə biznes şirkəti yaradaraq, iki ilə yaxın bu işlə məşğul oldum. Daha sonra şirkətimiz iflasa uğradı və mən Moldovada, Rusiyada biznes işləri ilə məşğul oldum. Bütün biznesimiz rabitə sahəsi ilə bağlı idi. Bir müddət sonra Bakıya qayıdaraq 4 ilə yaxın Texniki Universitetdə müəllim vəzifəsində çalışdım. Səhhətimdə müəyyən problemlər yarandığından bu işdən də çıxdım. Sonra isə musiqi bəstələməklə, kitab yazmaqla məşğul oldum. Son vaxtlar isə elmi işlərlə məşğul oluram. Bunun nəticəsi olaraq ötən ay Moskva Beynəlxalq Rabitə Akademiyasının akademiki seçilərək, diplom və fəxri fərmanla təltif edildim. Vəzifədən çıxdıqdan sonra mətbuatla da təmasda olmamışam. Düzdür, media nümayəndələri tərəfindən çoxlu zənglər olurdu, amma mən danışmaqdan imtina edirdim.
– Siz rabitə montyorluğundan nazir vəzifəsinə qədər yüksəlmisiniz. Montyor vəzifəsində çalışan zaman nə vaxtsa nazir olacağınızı gözləyirdinizmi? Və ya nazir olmaq məqsədləriniz arasında idi?
– Fikrimcə, həyatda nəyəsə nail olmağı düşünürsənsə, onu daha çox, ürəkdən istəməli, var qüvvənlə çalışmalısan. Montyor, texnik, mühəndis, idarə rəisi və başqa vəzifələrdə işlədim. Bu zaman bəlkə də mənim məqsədlərim arasında nazir vəzifəsinə qədər yüksəlmək yox idi. Ancaq yaşlı, təcrübəli mühəndislər hər zaman mənə “sən nazir olacaqsan” deyirdilər. Sara Semyenova adlı bir peşəkar mühəndis vardı, mən onun baş texniki işləyirdim. O, mənə dəfələrlə deyirdi ki, sən rabitə naziri olacaqsan. Hüseyn Mehrəliyev adlı radio jurnalisti vardı o da mənə hər zaman bunu hiss etdiyini bildirirdi. Bizim nazir vardı Rəsulbəyov. Xəstə idi, ona baş çəkməyə getmişdim, dedi ki, Siruz, halım pisdir, amma imkan tap məni teleqülləyə apar. Televiziya qülləsini tikməyə o başlamışdı. Sözündən çıxmadım və onu teleqülləyə apardım. Rəsulbəyov mənə dedi ki, teleqülləni istifadəyə verməyi çox arzulayırdım, amma xəstəlik imkan vermədi. Lakin eybi yox, sən nazir olarsan və bu teleqülləni istifadəyə verərsən. Məhz onlarla insanın mənə bunu söyləməsi beynimə damcı-damcı dolaraq, müəyyən fikir formalaşdırmışdı. Öz-özümə deyirdim ki, niyə də nazir olmayım. Və nazir olacağım zamanı nə edəcəyim barədə öz-özümə xəyallar qururdum. Planlarım çox böyük idi: beynəlxalq ATS-in tikintisi, Fiber optik kabellerin çəkilişi, Elektron ATS-in tikilməsi, mobil telefonların sistemlərinin Azərbaycana gətirilməsi, internet şəbəkəsinin yaradılması, on ildən çox tikintisi dayandırılmış televiziya qülləsinin tikintisinin başa çatdırılması və bir çox başqa layihələri həyata keçirmək bu sırada idi. Nazir olmazdan qabaq, artıq mən bu vəzifəyə özümü hazır hiss edirdim.
– Nazir olduğunuz ilk dövrlər müstəqilliyin ilk illərinə təsadüf edib. O zaman hansı çətinliklər vardı?
– Cəbhənin dövründə olan ən böyük səhvlərdən biri bəlkə də tələm-tələsik kimi gəldi nazir, digər yüksək vəzifələrə təyin etmək idi. Düzdür, onlara irad tutmaq mənim vəzifəm deyil. Ancaq bir reallıq var idi ki, o zaman vəzifələrə bunun öhdəsindən gələ bilməyən adamları təyin edirdilər. Bəzən kimin səsi daha çox çıxırdısa, bacarıb-bacarmamasından asılı olmayaraq, vəzifəyə elə onu qoyurdular. Amma mən siyasətə qoşulmadan rabitə sahəsində öz işlərimi görürdüm. O zaman demək olar ki, Azərbaycanda rabitə yox səviyyəsində idi. Naxçıvanla rabitə əlaqəsi isə ümumiyyətlə mövcud deyildi. Xarici ölkələrlə də beynəlxalq rabitə əlaqəsi kəsilmişdi. İstənilən beynəlxalq danışıq Moskva üzərindən həyata keçirilirdi. Məhz biz qısa zaman ərzində müstəqil rabitə sistemimizi yaratdıq. Bu işdə bizə Türkiyə böyük köməklik göstərdi. Qısa zaman kəsiyində rabitə blokadasını yararaq, İran üzərindən Naxçıvana rabitə verdik. Heydər Əliyevlə danışaraq, nazir təyin edildiyimi ona bildirdim və Naxçıvan üçün nə edə biləcəyimi soruşdum. O, mənə dedi ki, sən o vaxt gördüyüm arıq, qara oğlansan? Onun yaddaşı həddindən artıq güclü idi. O, məni Naxçıvana dəvət etdi. Heydər Əliyevin bu sözündən sonra rəhbərlikdən, yəni Əbülfəz Elçibəydən icazə alaraq Naxçıvana getdim. Naxçıvanda çox soyuq hava vardı, qar yağmışdı. Burada məni Xanbabayev qarşıladı və Heydər Əliyevin məni gözlədiyini bildirdi. İçəri keçəndə mən paltonu çıxarmaq istədim, dedilər ki, içəri soyuq olduğundan Heydər Əliyev paltonu çıxarmağa icazə vermir. Lakin otağa girən zaman onun bu soyuq otaqda tək pencəkdə oturduğunu gördüm. Dedim ki, Heydər müəllim məgər siz də otağı isitmək üçün bir şey tapmırsız? O, dedi ki, mən Naxçıvan xalqından artıq deyiləm. Buna görə də onlarla eyni həyat tərzini yaşamalıyam. Heydər Əliyev Naxçıvanın rabitəyə ehtiyacının olduğunu bildirdi. Camaatın rabitə dirəklərini kəsərək yandırdığını ona bildirdim. O, dedi ki, nə olsun kəsiblər, əksinə rabitə dirəklərini yandıraraq, öz balalarının istiliyini təmin edərək, onların sağlamlığını qoruyublar. Rabitə kabellərinin də sökülərək satıldığını söylədim. O, mənə bildirdi ki, bütün bunlar həll ediləsi məsələlərdir, əsas odur ki, camaat balalarını ac saxlamasın. Həqiqətən də, orada çox ağır vəziyyət vardı. İnsanlar hətta ağacları belə kəsərək, yandırmışdı. Naxçıvandan birbaşa Tehrana getdim və İranın rabitə naziri ilə məsələni müzakirə etdik, onlar bizə kömək edəcəyini bildirdilər. İran Naxçıvana işıqla yanaşı, həm də rabitə kanalı verdi. Lakin bunun qarşılığında bizdən mazut istədi. Vəziyyəti Elçibəyə danışdım və o, buna razılığını bildirdi. Məhz Azərbaycan rabitəsi üçün etdiyim işləri və işgüzarlığıma görə Heydər Əliyev prezident seçildikdən sonra dəfələrlə məndən razılığını dilə gətirirdi.
– Siruz müəllim, üç hakimiyyət – Sovet, Xalq Cəbhəsi və Yeni Azərbaycan Partiyasının dövründə yüksək vəzifələrdə çalışmısınız. Bu hakimiyyətlər, həmçinin dövrlər arasındakı müqayisəni necə aparardınız?
– Bu hakimiyyətlərin dövrləri bir-birindən tamamailə fərqli olub. Bütün SSRİ-yə daxil olan ölkələrin əksəriyyətində təhsil yüksək səviyyədə idi. Elmin hər sahəsindən, dünya tarixindən, ədəbiyyatından, musiqisindən xəbərimiz vardı. O zaman baxmayaraq ki, texnologiya indikindən geridə idi, lakin hər kəs, hətta fəhlə belə normal həyat tərzi sürürdü. İşsiz yox idi. İnstitutu qurtaran şəxslər mütləq işlə təmin edilir, bütün insanlar ev, maşın növbəsinə dura bilirdi. Ən azından bilirdin ki, 5 ilə olsa belə mənzil, maşın əldə edəcəksən. Geridə qalan sahələr, texnologiya və kənd təsərrüfatı idi. O zaman işləmək çətin idi, hər bir işin icazəsini Moskvadan almalı idin. İndiki dövrdə isə müstəqilik və istənilən şirkətlə, dövlətlə münasibəti azad şəkildə qururuq.
– Əvvəlki dostlarınızın nazir vəzifəsindən getdikdən sonra yəqin ki, sizə münasibəti dəyişər...
– Belələri var. O zaman dost olduğum bir neçə şəxs var ki, indi onlarla görüşə bilmirəm. Bəziləri isə mənə biganə yanaşır. Vəzifədə olan zaman villa tikmədim, yeni binalarda mənzillər almadım, övladlarıma nəsə bir şey etmədim. Bunu hər kəs bilir. Mühəndis olan zaman hansı mənzildə yaşayırdımsa, indi də orada yaşayıram. Mənim ən böyük çatışmazlığım yaltaqlığı bacarmamağımdır.
– Bunun üçün indi təəssüf hissi keçirirsinizmi?
– Yox, heç də təəssüflənmirəm. Bu gün də alnım açıq gəzirəm. Mən hər şeyi xalqım üçün etdim, özüm üçün hansısa sərvət toplamadım. Ölkəyə gətirdiyim mobil operatorlar mənə gəlirlərinin müəyyən faizini, habelə ilk şirkətlər ölkəmizdə şərait yaratdığım üçün mənə yüz minlərlə dollarlar təklif edirdilər. Ancaq hər zaman bütün bunlardan imtina etdim.
– Siruz müəllim vəzifədə olan zaman sözün həqiqi mənasında çox mühüm işlər görmüsünüz. Hazırda bu işin qarşılığını alırsınızmı və ya sizə lazımi diqqət göstərilirmi?
– Hörmətimi hər zaman saxlayırlar. Özümə qarşı bir diqqətsizlik hiss etməmişəm.
– Heydər Əliyevlə bağlı 4 kitabın müəllifisiniz. Bunları öz təşəbbüsünüzlə yazmısınız?
– Bəli, bu kitabların hamısını öz təşəbbüsümlə yazmışam.
– İndiki rabitə sistemini necə qiymətləndirirsiniz?
– Hər şey yaxşıdır. Əli müəllim çox yaxşı, mehriban insandır. Mən nazirliyə ən güclü rabitəçiləri toplamışdım. Sonra bu peşəkar rabitəçilər mənimlə işləyib deyə onların hamısı sözügedən sistemdən didərgin salındı. Ancaq Əli müəllim yenidən hər şeyi nizama saldı. İndiki rabitə sistemindən narazı deyiləm.
– Bu günlərə Moskva Rabitə Akademiyasının akademiki adını almısınız. Bu barədə hansı təəssüratlarınız var?
– Uzun müddətdir ki, onlarla işləyirdim, nəticədə əməyimi qiymətləndirdilər. Onlara Akademiyanın Bakı filialını açılmasını təklif etdim. Hazırda bu istiqamətdə iş aparıram. Belə bir akademiyanın filialının Bakıda açılması böyük bir hadisədir. Bu gerçəkləşərsə, rabitə sahəsində bir sıra mühüm addımlar atacağıq. Aprelin 19-da təşkil ediləcək tədbirdə Moskva Rabitə Akademiyasının prezidenti də iştirak edərək 10 nəfərə yaxın azərbaycanlı alimə akademik adını verəcək. Bu iclasda həmçinin Rabitə Akademiyasının Bakı filialının açılması ilə bağlı qərar veriləcək.
– Hazırda nə işlə məşğulsunuz?
– İndi Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyinin yaradılması üzərində iş aparıram. Bir sıra peşəkar insanları burada toplamaq və rabitə sahəsində əlimizdən gələn müəyyən işləri görmək istəyirik.
– Siruz müəllim, ümumiyyətlə Azərbaycanda bugünkü quruculuq işlərini necə qiymətləndirirsiniz?
– Sözün həqiqi mənasındı hazırda ölkənin bütün nöqtələrində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük quruculuq işləri aparılır. Bu quruculuq işlərində mən də iştirak etmək və onun bir parçası olmaq istəyərdim. Bu məsələlərdən kənarda qaldığım üçün təəssüflənirəm.
Aqil LƏTİFOV



Bu yazı ( 356 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar