12px14px16px18px

Alman alimi Ziqlinde Hartmann: “Alman mifologiyasında Atilla əsilzadə və hökmdar olaraq xatırlanır”

00:04 / 14.04.2012

Orta çağ alman poeziyasının ən möhtəşəm abidəsi kimi dəyərləndirilən “Nibelunqlar nəğməsi”ni Azərbaycan oxucusu üçün əlahiddə vacib edən bir məqam da var: orda Hun imperatoru Atillanın hökmdar obrazı xalq yaddaşına söykənərək yaradılıb.
Elmi fəaliyyətini “Nibelunqlar nəğməsi”nin öyrənilməsinə həsr edən Almaniyanın Virzburg Universitetinin professoru, Osvald fon Volkenştayn elmi beynəlxalq cəmiyyətinin birinci sədri, Bakı Slavyan Universitetinin fəxri professoru xanım Ziqlinde Hartmann həm də bu nəğmə ilə “Kitabi-Dədə Qorqud” arasında paralellərin aparılması elmi layihəsinin aparıcısıdır. Artıq ikinci ildir Bakı Slavyan Universiteti ilə sıx əməkdaşlıq çərçivəsində Alman dili kafedrasında mütəmadi “Germanistika” ilə bağlı mühazirələr oxuyan alimlə söhbətləşməyimizdə və onu oxuculara daha yaxından tanıtma istəyimizdə bu amil rol oynadı.

– Xanım Hartmann, bilmək olarmı “Nibelunqlar nəğməsi”nə bu qədər sevginiz nədən qaynaqlanır? Yalnız elmi marağınızdanmı?
– Mənim adım Ziqlindedir...
– Elə bizim diqqətimizi də sizin adınız cəlb elədi.
– “Nibelunqlar nəğməsi”də Ziqfridin anası məhz belə adlanır. Bu, təbii ki, emosional bir bağlantıdır...
– “Nubelunqlar nəğməsi” ilə “Kitabi Dədə Qorqud” eposu arasında paralellik və ümumiyyətlə, Azərbaycan elmi ilə əlaqələrinizin qısa tarixçəsi maraqlıdır...
– Orta əsr eposu olan “Nibelunqlar nəğməsi” alman poeziyasının ən möhtəşəm şedevridir. Mən orta əsr ədəbiyyatşünaslığı ilə uzun illərdir peşəkar səviyyədə məşğul olduğum üçün əlbəttə ki, bu eposa yaxşı bələdəm və onu sevirəm. 4 il bundan əvvəl mən BSU-nun rektoru, professor Kamal Abdullayevdən “Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” eposu arasında paralel xüsusiyyətlərini müqayisə etmək təklifi ilə məktub aldım. Bu təklifə Mayns Universitetinin professoru, Şərqşünaslıq fakültəsinin dekanı Hendrix Buşoten də qoşuldu. Professor Kamal Abdullayevin təklifi mənə ilk baxışdan çox maraqlı gəldi. Daha sonra Azərbaycana dəvət aldım. Bakıya gəlişimdən sonra mənə təkcə layihə deyil, həmçinin insanlar çox maraqlı, səmimi və qonaqpərvər təsir bağışladı. Bunun nəticəsidir ki, biz artıq 2 uğurlu konfrans keçirmişik. Bunlardan biri 2009-cu ildə Bakı Slavyan Universitetində, digəri isə 2010-cu ildə Almaniyanın Mayns Universitetində baş tutub. İndi isə biz Azərbaycanda keçiriləcək III simpoziuma hazırlaşırıq. O ki qaldı paralelizmə, paralelizm ədəbiyyatın bir çox sahələrində mövcuddur, çünki qəhrəmanlıq obrazları bütün xalqlarda, onların mədəniyyətlərində və ədəbiyyatlarında eynilik təşkil edir.
– Azərbaycanda “Kitabi-Dədə Qorqud”la bağlı ciddi tədqiqat əsərləri yazılıb və Qorqudşünaslıq artıq ayrıca elm sahəsinə çevrilib. Bu elm sahəsi sizə araşdırmalarınızda hansı səviyyədə yardımçı ola bilir?
– Mən hər dəfə “Kitabi Dədə Qorqud” eposunun tədqiqatı barədə yeni-yeni məlumatlar alıram. Bu isə eposu araşdırmaqda bizim üçün növbəti uğurlu perspektivlər açır.
– “Nibelunqlar nəğməsi”ndə Hun imperatoru Atillanın adının xüsusi qeyd olunması xalqlarımız arasında mifologi dünyagörüş və mədəniyyət təmasları barədə hansısa təsəvvür yaradırmı?
– Atilla və Hun tayfaları Avropaya köçəri Asiya qəbilələri kimi gəlmişdilər. Lakin onlar V əsrdə artıq öz mövcudluğunu itirmişdilər. Qərb mədəniyyətində Atilla adı bir təxribatçı kimi, mənfi hallanırdı və bizimçün təəccüblü odur ki, hunların Avropaya gəlişindən 500 il sonra yaranan “Nibelunqlar nəğməsi”də Atilla əsilzadə və hökmdar kimi tanınır. Bu fenomen çox maraqlı formada tarixi mərhələdən mifik mərhələyə keçmiş və bu zaman onun xarakterində dəyişikliklər müşahidə olunmuşdur. Atilla Avropa tarixində mənfi obrazdan mifik yaddaşa müsbət obraz kimi daxil olub.
– “Nibelunqlar nəğməsi”ndə müsbət obrazda göstərilən Atillanın real tarixi əsaslarını hansı səviyyədə qiymətləndirirsiniz?
– “Nibelunqlar nəğməsi” mifik bir əfsanədir...
– Amma Avropa alimlərinin mifə konkret yanaşması var: mif – öz nüvəsində real tarixi həqiqətləri və dünyagörüşü gizləmiş xalq yaddaşıdır...
– Bəli, Atillanın “Nibelunqlar nəğməsi” eposunda iştirakı mifik olaraq əks olunsa da, əlbəttə ki, tarixi faktlara əsaslanmışdır.
– Xanım Hartmann, Osvald fon Volkenştayn elmi beynəlxalq cəmiyyətinin sədri kimi cəmiyyətin gördüyü işlər haqqındja da məlumat verməyinizi xahiş edirik.
– Osvald fon Volkenştayn elmi beynəlxalq cəmiyyətinin birinci sədri kimi mən iki ildən bir Almaniya, İsveçrə və Avstriyada beynəlxalq konqreslərin təşkilatı işləri ilə məşğul oluram. Bundan başqa mən elmi jurnal üçün məruzələr nəşr etdirirəm. Beləliklə mənim sədr kimi məsuliyyətim beynəlxalq konqreslərin, elmi layihələrin təşkil olunması və aktual mövzuları çap etdirməkdən ibarətdir.
– 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un Fridrix fon Dits tərəfindən elmə tanıdılmasının 200 illiyinə həsr olunmuş yubiley mərasimlərinin Bakı Slavyan Universitetin və digər filoloji mərkəzlərdə keçirilməsi nəzərdə tutulur və bildiyiniz kimi, bu, bizim üçün çox əlamətdar hadisədir. Bəs, Almaniya elmi ictimaiyyəti bu fakta necə yanaşır?
– Almaniyada ənənəvi olaraq Şərqşünaslıq istiqamətində böyük dəyişikliklər olur, dediyiniz istiqamət də bu bölmənin bir sahəsidir. Hələlik Osvald fon Volkenştayn elmi beynəlxalq cəmiyyəti Bakı Slavyan Universiteti ilə birgə bir məcmuə dərc edib. İşlərimiz davam edir, əlbəttə ki, bu hadisənin geniş tanıdılması bizə həvalə olunub.
– Son olaraq sizin qonaq kimi Bakı haqqında təəssüratlarınızı bilmək istəyərdik...
– Bakı çox möhtəşəm şəhərdir. O, sanki Xəzərin bir mirvarisidir. Və çox gözəldir ki, bu köhnə şəhər yenilənir. Yeni, qeyri adi, gözəl binalar bu ansambla ağlasığmaz bir töhfə verir. Bakı dünyanın ən gözəl şəhərlərindən biri olacaq.
Tərcümə etdi:
Alman filologiyası kafedrası:
b/m S.Ç.Miralayeva



Bu yazı ( 56 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar