12px14px16px18px

Elmira Axundova: “Beynəlxalq məhkəmələrə müraciət məsələsi yeni sənəddə öz əksini tapmalıdır”

00:59 / 13.04.2012
Müsahibimiz Milli Məclisin (MM) Sosial siyasət komitəsinin üzvü, yazıçı-publisist Elmira Axundovadır.

–Elmira xanım, məlum olduğu kimi, ətrafında neçə illərdən bəri dikussiyalar gedən “Mədəniyyət haqqında” yeni qanun layihəsi artıq parlamentin birinci oxunuşunun müzakirəsindən keçib. Bir parlamentari və yaradıcı şəxs olaraq, siz bu qanun layihəsi barədə nə fikirdəsiniz?
–Bilirsiniz, yeni qanun layihəsi müasir tələblərə uyğunluğu ilə qüvvədə olan qanundan əhəmiyyətli dərəcədə fərqlənir. Baxmayaraq ki, bu qanunlar həcm etibari ilə bir-birindən o qədər də fərqlənmir. Əksinə maddələrin sayı baxımından qüvvədə olan qanun daha böyükdür. Qanunun müsbət cəhətlərindən çox danışmaq olar. Amma vaxt almamaq üçün mən birbaşa qanunun konseptual məsələlərindən olan çatışmazlıqları qeyd etmək istərdim. İlk növbədə, məncə, bu qanunda mədəniyyət fəaliyyətinin iqtisadi tərəfləri dolğun şəkildə əks olunmayıb. Məsələn, qanunun mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri adlı 3-cü fəslində 9 böyük maddə var. Lakin yaradıcılıq ittifaqları və yaradıcı şəxslər haqqında danışılarkən gömrük, vergi, kommunal və sair məsələlər öz əksini tapmayıb. Belə ki, “Mədəniyyət haqqında” MDB Parlamentlərarası Assambleya tərəfindən hazırlanmış model qanunlarda konkret qeyd olunur ki, yaradıcılıq ittifaqlarının və yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətindən əldə olunan gəlir vergidən azad olunur. Həmçinin, MDB ölkələri daxilində idxal və ixrac olunan ədəbiyyat və incəsənət əsərləri gömrük ödəmələrindən azad edilir.
Eyni zamanda, mədəniyyət obyektlərinin yerləşdiyi torpaqların mülkiyyət məsələsi də qanunda mütləq nəzərdə tutulmalıdır. Ümumiyyətlə, bu maliyyə tutumlu məsələlərdən heç biri qanunda əks olunmur. Düşünürəm ki, bu məsələlər yaradıcılıq ittifaqları və yaradıcı şəxslər üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə mütləq nəzərə alınmalıdır. Xüsusən ona görə ki, yaradıcılıq ittifaqları və yaradıcı şəxslər haqqında ayrıca qanun mövcud deyil. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığa dair maddəyə də bir təklifim var. Belə ki, qanunsuz olaraq ölkədən çıxarılmış və ya oğurlanmış milli-mədəni sərvətlərin geri qaytarılması məsələsi. Həmçinin, dağıdılmış tarixi- mədəni obyektlərin və onların daxilində vaxtilə mövcud olmuş mədəni sərvətlərin sonrakı taleyi haqqında bənd və ya maddə mütləq olmalıdır. Bizim üçün bu, xüsusi aktuallıq kəsb edir...
–Konkret olaraq, nəyə görə?
– Çünki ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə yüzlərlə bu cür abidə və tarixi mədəni obyektlər dağıdılıb, milli-mədəni sərvətlər oğurlanıb. Bu qanunda beynəlxalq məhkəmələrə müraciət, bərpa, kompensasiya məsələləri mütləq öz əksini tapmalıdır. Həmçinin, həm xarici ölkələrin, həm də beynəlxalq mədəniyyət təşkilatlarının Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsasları da qanunda öz əksini tapmalıdır.
Təklifimin içərisində bir təklif də ondan ibarətdir ki, burada mədəniyyətin bütün növlərinə, hətta şou-biznes, multi-mediaya aid maddələr var, ancaq xalq yaradıcılıq sahəsinə aid, məsələn, folklor ansambları, özfəaliyyət dərnəkləri və sair, bunlara aid heç bir maddə nəzərdə tutulmayıb. Halbuki Azərbaycan üçün bu sahə çox böyük əhəmiyyətə malikdir. Bu qanunla dövlətin mədəniyyət fəaliyyətinə müdaxiləsi qadağandır. Başa düşürəm ki, biz demokratik cəmiyyətdə yaşayırıq və heç kəsin özünüifadə etmək hüququnu əlindən ala bilmərik. Amma mən sovet dönəmini xatırlayıram. Yaxşı yadımdadır ki, Yazıçılar Birliyində, nəşriyyatlarda qramafonlara qarşı necə sərt mübarizə aparılırdı. Bəli, hazırda biz zorakılığı, pornaqrafiyanı, narkomaniyanı qanunla qadağan edirik. Bəs mənəvi bəsitliyi, bayağılığı, eybəcər zövqü təbliğ edən və yayan kitab, film, şou-biznes proqramlarına qarşı necə mübarizə aparaq? Bu barədə isə qanunda heç nə deyilmir.
Bu baxımdan hesab edirəm ki, qanunda yaradıcılıq ittifaqlarının və yaradıcı şəxslərin üzərinə hər hansı öhdəlikmi, mənəvi vəzifəmi qoyulmalıdır ki, cəmiyyətdə belə zövqsüz cəmiyyətlə bərabər, belə zövqsüz və bayağı, dırnaqarası mədəniyyətin yayılmasının qarşısını ala bilək.
VAHAB





Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar