12px14px16px18px

Akif Aşırlı: “İndi jurnalistlər reportaja, araşdırmaya vaxt sərf etmək, əziyyət çəkmək istəmirlər”

“ŞƏRQ” QƏZETİNİN BAŞ REDAKTORU SON VAXTLAR AZƏRBAYCAN MƏTBUATINDA REPORTAJ VƏ ARAŞDIRMALARIN AZALMASINI ƏSASƏN MADDİ AMİLLƏRLƏ ƏLAQƏLƏNDİRİR

00:40 / 13.04.2012
– Akif bəy, “Şərq” qəzeti əvvəllər öz reportajlarıyla seçilirdi. Son dövrlərdə “Şərq”də və eləcə də, bütün mətbuatda reportajların, jurnalist araşdırmalarının sayının azalması nə ilə bağlıdır?
– Müşahidələrimə görə deyə bilərəm ki, qəzet redaksiyalarında peşəkarların sayı azalır. Nəinki bizim qəzet, bütün redaksiyalar peşəkar jurnalist baxımından əziyyət çəkirlər. Bundan əlavə, ümumilikdə müxbirlərin sayı azalır, onlar qəzetlərdən televiziyalara, dövlət qurumlarına, mətbuat xidmətlərinə gedirlər. Əvvəllər qəzetdə 17-18 nəfər çalışırdısa, indi bu rəqəm yarıya enib. Və bu da jurnalistlərin vaxt çatdıra bilməməsinə gətirib çıxarır. Biz hər gün müxbirlərdən 5-6 yazı tələb edirik. Bu peşəkarlığa uyğun olmasa da, vəziyyət elə tələb edir. Jurnalist də verilən tapşırıqları yerinə yetirmək və eyni zamanda qonorar qazanmaq üçün məcburdur ki, reportajlara, araşdırmalara əlavə vaxt ayırmasın. Əvvəllər qəzetlər arasında elə bir rəqabət vardı ki, hadisə yerindən kim daha yaxşı xəbər hazırlaya bilər. Reportajda hadisə yerindən şəkillər və hər qəzetin özünəməxsus üslubu olur. Amma indi jurnalistlər reportaj hazırlamağa, araşdırmalara vaxt sərf etmək, əziyyət çəkmək istəmirlər. Elə telefonla hadisə yerindən məlumatı öyrənərək yazırlar, ya da internetdən, saytların məlumatlarından istifadə edirlər. Reportyorluq çətindir, eyni zamanda böyük diqqət tələb edir. Araşdırma da çoxlu vaxt alır, həm də bəzi araşdırmalara müəyyən qədər maddi vəsait də lazımdır. Peşəkar araşdırma ortaya çıxarmaq üçün həftələrlə, bəzən aylarla vaxt tələb olunur. Jurnalist araşdırmaya da vaxt ayıranda sonda uyğun məbləğdə qonorar ala bilmir. Yəni bugünkü jurnalistikanın problemlərinin əsasını maddi problemlər təşkil edir.
– Bu gün mətbuatın problemləri arasında reketçilik, onunla təsirli mübarizənin vacibliyi də tez-tez vurğulanır.
– Əslində biz elə özümüz bu “reket” sözünü bu qədər gündəmə gətirməklə jurnalistikanın imicinə zərbə vurmuş oluruq. Reket jurnalistlərin peşəkar mətbuata qəti aidiyyəti yoxdur. Onların maliyyələşdiyi mənbələr var ki, onlar həmin qəzetlərin dövriyyədə qalması üçün şərait yaradırlar. Bütün sahələrdə reketçiliklə məşğul olan insanlar var, niyə məhz jurnalistikada bu qədər qabardılır? Özəl klinikalarda işləyən nə qədər savadsız, təsadüfi həkimlər var ki insan ölümlərinə səbəb olurlar, amma mətbuat insanın həyatını o dərəcədə təhlükə altına qoya bilməz. Mətbuat Şurasının reket qəzetlərə qarşı apardığı mübarizə, sadəcə ictimai qınaq statusu daşıyır. Ona görə də buna qarşı hüquqi müstəvisində mübarizə aparmaq lazımdır. Reketçilik cinayət məsuliyyəti daşıyır. Yəqin, tezliklə diffamasiya haqqında qanunun qəbulu ilə bu cür neqativ halların qarşısı alınar. Bu qanunla məsuliyyət artacaq, ən azından böyük məbləğdə pul cərimələri reketçiləri bu işdən yayınmağa vadar edəcək. Amma Azərbaycan mətbuatının ən böyük problemi bu deyil.
– Mətbuatın oxucu üçün daha maraqlı və oxunaqlı edilməsinə mane olan digər səbəblər hansıdır?
– Mətbuatda köklü islahatlara ehtiyac var. Qəzetlərin yayımını daha operativ və əhatəli etmək lazımdır. Həmçinin reklamların qəzetlərə düzgün paylanılmasını təmin etmək lazımdır. Reklamvericilər üçün müəyyən şərtlər aradan qaldırılmalıdır. Reklam və tiraj məsələsinin həllindən sonra mətbuatda peşəkarların çoxalmasını, redaksiyalarda jurnalistlərin yetişdirilməsi və onların saxlanılmasından söhbət eləmək olar. Peşəkar kollektivlərin qorunması bu gün əsas problemlərdən birinə çevrilib. Jurnalist qəzetdə peşəkar imici formalaşdırdıqdan sonra burdan daha yaxşı məvacibli yerə gedir. Bu proses elə sürətlə baş verir ki, peşəkarların yerini doldurmaq mümkün olmur. Yeni gələn jurnalistlərin bu mərhələni keçməsi isə uzunmüddət tələb edir. Heç bir jurnalist 3-4 aya peşəkarlaşa bilməz. Kimsə buna iddia edirsə, yalan deyir. Bunun üçün uzun müddət tələb olunur, jurnalist mənbələrlə işləməyi öyrənməlidir, informasiya qaynaqlarını seçməyi, ayırd etməyi bacarmalıdır. Jurnalistin nəzəriyyəsi nə qədər güclü olsa da, ilk vaxtlarda onu tətbiq etməkdə çətinlik çəkəcək. Bəlkə gənc jurnalist xəbərin hazırlanma formasını, reportajın tərifini nəzəri cəhətdən güclü bilir, amma biliklərinin tətbiqi üçün ona təcrübə lazımdır.
Mətbuatın problemlərini müzakirə etmək üçün baş redaktorların vaxtaşırı bir yerə yığışıb məsləhətləşməsinə ehtiyac var. Çünki mətbuatda bizim etmək istədiklərimizlə, istəklərimizlə imkanlar uzlaşmır. Məsələn, qəzeti rəngli kağızda çıxartmaq, redaksiya imkanlarımızın daha geniş olmasını istərdik. Paytaxtda çap olunan gündəlik və həftəlik qəzetlərin sayı çoxdur. Bəzi qəzetlər rəqabətə davam gətirə bilməsə də, maliyyə dayaqları hesabına dövriyyəsini uzun müddət saxlaya bilir. Düzdür, 3-5 ildən sonra yayımı dayandırılan çoxlu mətbu orqan var, amma onların süni rəqabəti peşəkar qəzetlərə həm maddi, həm mənəvi zərbə vurur.
– Sadaladıqlarınız problemlərin həlli gecikərsə çap mediasının tamamilə sıradan çıxması gözlənilirmi?
– Heç kim təkzib etmir ki, informasiya əsri olduğu üçün internet operativlik baxımından qəzeti və digər informasiya vasitələrini qabaqlayır. Xəbərin çatdırılmasında internet mediası ilə rəqabətə girmək mümkün deyil. Sadəcə, mətbuatda analitik yazılara, təhlillərə geniş yer ayırmaq lazımdır. İnanmıram ki, çap mediası tamamilə sıradan çıxsın. Çünki qəzetin iyini hiss edən insanlar var, ona da inanmıram ki bu insanlar getdikcə azalsın, əksinə oxucuların sayı, məncə, artmaqdadır. Çap mediasının bir sıra özəllikləri var ki, internet saytları bunu əvəz edə bilməz. Ona görə də, inanıram ki, Azərbaycanda mövcud qəzetçilik ənənəsi hələ uzun müddət yaşayacaq.
– Xarici mətbuatda Azərbaycan haqqında gedən informasiyalar ölkədə geniş müzakirə olunur, sizcə milli mətbuatın bu işdə rolu necə olmalıdır?
– Bildiyimiz kimi, bu yaxınlarda Bakıda “Eurovision” müsabiqəsi keçiriləcək. Bütün bu təzyiqlər də yarışmanıın siyasiləşdirilməsi, ölkənin nüfuzuna xələl gətirilməsi məqsədi daşıyır. Azərbaycanın problemlərini başqa yolla da həll etmək olar. Bu yarışma bir mədəniyyət hadisəsidir və onun siyasiləşdirilməsinin əleyhinəyəm. Yayılan dezinformasiyalara əsasən bizim internet resurslarımızdan da dəstək gəlir, bu hala mətbuatda rast gəlməmişəm. Azərbaycan uzun müddət sovet imperiyasının tərkibində olub, o dövrdə hər hansı milli uğurumuz ümumən ölkənin adına çıxılırdı və Azərbaycanın tanıdılması ləng gedirdi. İndi isə müstəqilik və “Eurovision” da ölkənin tanıdılması və təbliği üçün gözəl vasitədir. Bu işdə mətbuatın da rolunu unutmamaq lazımdır.
– “Şərq” qəzeti 16 il ərzində istəyinə nail olubmu və qarşıdakı məqsədləri nədir?
– Bu illər ərzində qəzet dövriyyəsini qoruyub saxlayıbsa, deməli, istəyinə nail ola bilib, qəzetçilik kursu uğurlu olub, müəyyən oxucu kütləsi tərəfindən sevilib, bir media orqanı kimi özünü təsdiqləyə bilib. “Şərq” qəzeti hər zaman öz obyektivliyini qoruyub və oxucularına qərəzsiz məlumatlar təqdim edib. Bundan sonra da öz prinsiplərimizə sadiq qalaraq qəzetin oxunaqlı olması üçün çalışacağıq.
Pərviz SADIQOV




Bu yazı ( 130 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar