12px14px16px18px

Əli Məsimli: “Qanun yalnız 1992-ci il yanvarın 1-nə qədər olan əmanətlərə aiddir”

00:10 / 11.04.2012
Müsahibimiz Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlidir.

–Əli müəllim, Sovetlər dövründən əmanət banklarında yatıb qalmış əmanətlərin qaytarılması məsələsi nəhayət, bu yaxınlarda öz müsbət həllini tapdı. Bununla belə, maraqlıdır ki, bu mexanizm 1992-93-cü illərin əmanətlərinə və əmanətçilərinə şamil edilməyəcək , ancaq hansı ki, Azərbaycan vətəndaşları əmanətlərini daha çox məhz bu illərdə – özü də keçmiş SSRİ-yə məxsus əmanət kitabçaları vasitəsi ilə əmanət banklarına qoyublar. Bu baxımdan, bu əmanətlərin taleyi necə olacaq?
–Bilirsiniz, keçmiş əmanətlərin qaytarılmasına dair verilən fərmanda 1992-ci il yanvarın 1-nə qədər olan əmanətlərin qaytarılmasından söhbət gedir. Ona görə də bütün sənədlər, bundan sonra atılacaq addımlar yalnız 1992-ci il yanvar ayının 1-nə qədər olan əmanətlərə aiddir. Bu da onunla əsaslandırılır ki, o vaxta qədər inflyasiya olmayıb, – inflyasiya 1992, 93, 94 və 95-ci illər ərzində olub və həmin dövrlərdə əmanətlər dəyərdən düşüb. Odur ki, məlum fərmana əsasən belə qərara alınıb ki, hansılar bilavasitə inflyasiyanın təzyiqinə məruz qalmayan səviyyədə idi, o səviyyəni ölçməklə verilsin, yəni, 1992-dən sonrakı əmanətlərə şamil edilməsin.
Amma bizə də bu istiqamətdə kifayət qədər məktublar gəlir. Bildiyiniz kimi, bu fərmandan bir xeyli müddət öncə əmanətlərin qaytarılmasına dair müvafiq qanun layihəsi hazırlayıb təqdim etmişdim və o zaman da, ondan sonra da ANS, o cümlədən, digər televiziyalarda çıxışlarım zamanı bildirmişdim ki, insanlar tərəfindən daha çox 1992-ci ildən sonra qoyulan əmanətlərlə bağlı məsələlər qaldırılır. Yəni, bu barədə təhqiqat aparıb, prosesləri öyrənib, götür-qoy etmək var, amma bir daha qeyd edirəm ki, real sənədlərdə 1992-ci il yanvarın 1-nə qədər olan əmanətlərin qaytarılmasından söhbət gedir.
– Əgər bu yöndə qanun qəbul olunarsa, o zaman qaytarılma mexanizmi 1992-93-cü illərə də şamil olunacaqmı, oluna bilərmi?
– Bu qanun qəbul edilməyəcək. Çünki artıq məlum fərmanın verilməsi ilə bu yöndə qanunun qəbul edilməsi məsələsi gündəmdən çıxmış oldu.
– Bəs, heç olmasa bu məsələ sonradan – 1992-ci ilin yanvarın 1-nə kimi olan əmanətlərin qaytarılmasından sonra necə, öz həllini tapa bilərmi?
– Bir neçə məsələni deyim, mən hökuməti müdafiə etmək fikrində deyiləm. Hesab edirəm ki, mənim hazırladığım qanun layihəsi hökumətin irəli sürdüyü sənədlərdəki məqamlardan daha geniş çevrəni əhatə edirdi. Amma keçmiş SSRİ-yə daxil olan ölkələrin təcrübəsindən – 1995-ci il 26 oktyabr tarixli prezident sərəncamından çıxış edərək demək olar ki, bütün sənədlərdə 1992-ci il yanvar ayının 1-i göstərilib.
– Bu məqam sonradan hansısa narazılıqlara gətirib çıxarmaz ki?
– Narazılıqlar olacaq, amma o məsələnin indi baxılmasına inanmıram.
KAMİL






Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar