12px14px16px18px

“Azərbaycan nümayəndə heyəti hər zaman AVRONEST PA-nın fəaliyyətinə ciddi yanaşıb”

04:12 / 10.04.2012
AVRONEST Parlament Assamleyasının (PA) Bakı sessiyasının nəticələriylə bağlı müxbirimiz Azərbaycanın AVRONEST Parlament Assamleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanova müraciət edib.

– Elxan müəllim, AVRONEST Parlament Assamleyasının Bakı sessiyasının nəticələrindən razı qaldınızmı?
– Nəinki mən, hətta sessiyaya qatılmış çoxsaylı nümayəndələr AVRONEST PA-nın Bakı şəhərində keçirilmiş ikinci sessiyasının işini yüksək qiymətləndirdilər. Bakı sessiyası sübut etdi ki, üzv dövlətlər arasında mövcud hər hansı bir problem siyasi iradə olarsa, AVRONEST-in məhsuldar işinə mane olmaq iqtidarında deyil. Biz, Azərbaycan nümayəndə heyəti olaraq, hər zaman AVRONEST PA-nın fəaliyyətinə ciddi yanaşmışıq və gələcəkdə də bu qurumun uğurlu fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.
– Bakıdan qayıdaraq mətbuat konfransı keçirən Ermənistanın AVRONEST PA-da nümayəndə heyətinin üzvləri bir sıra gözlənilməz açıqlamalar verdilər...
– Bəli, həmişə olduğu kimi, bu dəfə də erməni həmkarlarımız çirkin mübarizə vasitələrinə əl atdılar. Elə sessiya zamanı Ermənistan nümayəndə heyəti sessiya iştirakçıları arasında anti-azərbaycan xarakterli 3 kitab yaymışdılar, özlərinə siyasi dividend qazanmaq naminə geniş və qeyri-obyektiv şərhlər vermişdilər. Onlar hətta, Azərbaycan tərəfinin onları yüksək səviyyədə qarşılanmasını siyasiləşdirərək Azərbaycanlıların torpaq itkisiylə barışdığını qeyd etmişdilər. Bu yanaşma, subyektiv olmasıyla yanaşı, Azərbaycan tərəfinin ölkə daxilində nüfuzuna xələl yetirilməsinə yönəlmişdir. Belə nəticə çıxarmaq olar ki, Ermənistan tərəfi Azərbaycan tərəfinin radikallaşmasına, bununla da AVRONEST PA-nın bundansonrakı fəaliyyətinin iflic vəziyyətinə salınmasında maraqlıdırlar. Lakin, bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan tərəfi AVRONEST PA-nın budan sonra da uğurlu fəaliyyəti üçün əlindən gələni etməkdə israrlıdır. Biz həmişə tərəfdaşlarımızla sivil münasibətlərə üstünlük verəcəyik.
– Ermənilərin bu addımını nə ilə izah edirsiniz?
– Düşünürəm ki, ermənilər artıq bizimlə sivil mübarizədə uduzduqlarını başa düşüblər. Bizim hər uğurumuz onlarda böyük nifrətlə qarşılanır. Onların da bacardıqları yalandır, və onlar da bundan geninə-boluna istifadə edirlər. Qeyd edim ki, fevral ayında Yerevanda AVRONEST PA-nın sosial komitəsinin iclası keçirilmişdir. Ermənilərin də uğur qazanmaq üçün şansı var idi. Lakin onlar, o iclasdan da öz məqsədləri üçün istifadə etdilər – ev sahibləri iclas iştirakçılarını əsas etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan çıxışçılar, tarixi faktları saxtalaşdıran xəritələr və şəkillərlə əhatə etdilər. Onlar Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda daima iclaslar keçirirlər. Əlbəttə, sosial komitənin iclası keçirilən zalda belə bir xəritə yox idi və ola da bilməzdi, əks təqdirdə bizim nümayəndələrimiz iclasda iştirak etməzdilər. Lakin Ermənistan daimi olaraq Azərbaycan ərazilərini öz xəritələrində beynəlxalq prinsiplərə zidd göstərir və belə xəritələrə Ermənistanın hər yerində və müxtəlif mənbələrdə rast gəlmək olar.
AQİL




Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar