12px14px16px18px

“Münaqişənin danışıqlar yolu ilə həllinə daha çox üstünlük verirəm”

STEPAN SƏFƏRYAN: “TƏRƏFLƏRİN İŞTİRAKI İLƏ MÜNAQİŞƏNİN HƏLLİ ÜÇÜN CİDDİ İRƏLİLƏYİŞ GÖZLƏMƏK MÜMKÜN DEYİL”

13:11 / 07.04.2012
Avronest Parlament Assambleyasının üzvü,Ermənistan parlamentinin deputatı Stepan Səfəryan “Azadinform”un suallarını cavablandırıb.

– Sizcə Azərbaycanla Ermənistanın Avronest PA kimi beynəlxalq qurumda birgə üzvlüyü nə verə bilər?
– Biz hesab edirik ki, istənilən halda bütün problemlərin həlli qarşılıqlı əməkdaşlıqdadır. Düşünürəm ki, hər iki ölkədə – Azərbaycan və Ermənistanda bunun üçün siyasi mühit var. Şəxsən mən sülhün tərəfdarıyam və hesab edirəm ki, Azərbaycanla Ermənistan arasındakı münaqişəni həll etmək üçün bir sıra mexanizmlər var. Hazırkı zamanda mənim də üzv olduğum Avronestdə iki ölkənin təmsil olunması kontekstində bu məsələ ilə bağlı iki baxış bucağı var. Bunlardan biri hər iki tərəfin Avropa ilə əməkdaşlığıdır. Çünki Azərbaycan və Ermənistan assosiativ sazişlə bağlı hazırda danışıqlar mərhələsindədirlər. Vizaların sadələşdirilməsi və sair məsələlər də bura daxil olmaqla Avropa ilə əlaqələrimiz dərinləşir. İkincisi isə odur ki, Avronestdə təmsil olunmağımız Azərbaycan və Ermənistan arasında tərəfdaşlığın yaranmasına gətirib çıxara bilər. Bu tərəfdaşlığın da aparılmasından ötrü kifayət qədər istiqamətin müəyyənləşdirilməsi üçün baza var.
– Azərbaycanın 20 faiz torpaqları, Dağlıq Qarabağ zəbt olunub və bu səbəbdən Ermənistanla münasibətlər yox səviyyəsindədir. Artıq 20 ildir ki danışıqlar aparılsa da, nəticə hasil olmur....
– Hesab edirəm ki, münaqişənin həlli ilə bağlı yüksək səviyyədə təkrarlanan görüşlərin heç bir əhəmiyyət kəsb etməməsi fikri doğru deyil. Əslində, danışıqların indiki vəziyyəti problemin həlli üçün çox yaxşı arqumentdir. Çünki bu gün Ermənistan üçün regionda kommunikasiya vasitələrinin genişləndirilməsi çox vacibdir və Azərbaycan tərəfi də bunun münaqişənin həllindən sonra mümkün olacağını bəyan edib. Ona görə də mən münaqişənin danışıqlar yolu ilə həllinə daha çox üstünlük verirəm və arzu edərdim ki, tərəflər kompromislə nəticələnəcək konkret vasitələrə mümkün qədər tez nail olsunlar.
– Belə çıxır ki, münaqişənin həllində yeganə vasitəçi olan ATƏT-in Minsk qrupunun fəaliyyəti sizi qane edir?
– Əlbəttə ki, Azərbaycan da, Ermənistan da maraqlarından irəli gələrək münaqişənin həllində mümkün qədər daha çox irəli getməyə çalışırlar və tərəflər özlüyündə öz maraqlarını prinsip götürürlər. Lakin regiondakı mövcud durumu nəzərə alsaq, yalnız tərəflərin iştirakı ilə münaqişənin həlli üçün ciddi irəliləyiş gözləmək mümkün deyil. Vəziyyət özü vasitəçilərin missiyasından çox şey tələb edir və hesab edirəm ki, Minsk qrupu bu məsələdə alternativsiz missiyadır. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin çox böyük əhəmiyyət kəsb etməsi də bu missiyanın roluna ehtiyac yaradır.
– Dağlıq Qarabağ münaqişəsinin yaranmasına qədər və sonrakı dövrdə Ermənistan iqtisadiyyatını müqayisə edirik. Nəticələr sizin üçün çox arzu edilməz görünür....
– Doğrudur, istənilən münaqişə ölkənin iqtisadi potensialını məhv ediləcək vəziyyətə qədər gətirir. Bu bizdə də ola bilər. Amma onu deyim ki, bu gün Ermənistan iqtisadiyyatı ilə bağlı Azərbaycan tərəfdən olan qiymətləndirmənin səbəbləri Dağlıq Qarabağ müharibəsi deyil, bu, hazırda dünyada baş verən böhranla bağlıdır...
– Amma gördüyünüz kimi dediyiniz böhran Azərbaycanda hiss olunmadı...
– Azərbaycanın təbii resursları buna imkan vermir və çoxları da hesab edir ki, zəif düşmüş Ermənistan təbii resursları çox olan Azərbaycan qarşısında daha çox güzəştə gedəcək. Məncə, bu, düzgün fikir deyil.
– Niyə?
– Çünki Dağlıq Qarabağ mövzusu artıq qlobal siyasəti əhatə edən məsələyə çevrilib və bu da ancaq danışıqlar masasında mümkün kompromislərlə həll oluna bilər. Bunun daha dərin detallarını isə rəsmi qurumlar daha yaxşı bilirlər.




Bu yazı ( 214 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar