12px14px16px18px

Elnur Aslanov: “Gənclərimiz ölkəmizin bugünkü uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas kadrlardır”

12:10 / 06.04.2012
Aprelin 6-7-də Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAIF-in) növbəti beynəlxalq konfransı keçiriləcək. Bununla bağlı sualları Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov cavablandırır.

– Elnur müəllim, ASAIF-in növbəti beynəlxalq konfransı haqda nə deyə bilərsiniz?
– Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun Macarıstan Respublikasının parlamentində keçiriləcək “Mən gənc səfirəm” adlı beynəlxalq konfransı azərbaycanlı gənclərin xarici ölkələrdə keyfiyyətli təhsil almaları ilə yanaşı, fəaliyyət imkanlarının yenidən dəyərləndirilməsini nəzərdən keçirəcək.
Konfransın rəsmi açılışında Macarıstan parlamentinin vitse-spikerinin, Macarıstan Milli Ehtiyatlar Nazirliyinin dövlət katibinin çıxışları gözlənilir. Tədbir müxtəlif mövzuları, xüsusilə xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor və lobbiçilik fəaliyyətinin formalaşdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu, Azərbaycanın gələcək inkişafında insan kapitalının əhəmiyyəti, gənclərin fəallıqlarının artmasında sosial şəbəkələrin və KİV-lərin rolunu əhatə edən panellərdə öz işini davam etdirəcək. Hər bir mövzu üzrə təyin edilən məruzəçinin çıxışı və geniş müzakirələr nəzərdə tutulmuşdur. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin deputatları, media nümayəndələri və özəl şirkətlərin rəhbərləri iştirak edəcəklər.
– Sizin bu konfransdan gözləntiləriniz nədir?
– Bilirsiniz, Azərbaycan müstəqilliyini 20 ildir ki, bərpa etmiş və bu illər ərzində çətin sınaqlardan keçib. Qonşu Ermənistanın təcavüzkar siyasəti, erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyəti, beynəlxalq birliyin nümayiş etdirdiyi ikili standartlar, əlbəttə, bütün bunlar təəssüf hissi doğurur. Bu gün Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşı, regional inkişafın əsas aparıcı qüvvəsidir. Azərbaycanın malik olduğu geniş imkanlar onun xarici siyasətini zəruri vasitələrlə təmin etmiş, fəaliyyət imkanlarını genişləndirib. Eyni zamanda, daimi tərəqqidə olan müasir dünyanın tələblərinə uyğun olaraq, Azərbaycan gələcək inkişafının möhkəm özüllər üzərində qurulmasını təmin etmək məqsədilə “neft kapitalının insan kapitalına çevrilməsi” prosesinə başlamış və onu uğurla davam etdirir.
Dünyanın bir çox ölkələrində müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı gənclər ölkəmizin bugünkü uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas kadrlardır. Digər tərəfdən, bu, azərbaycanlı gənclərin malik olduğu təhsil baqajı, onların beynəlxalq arenada, xüsusilə öz ixtisaslarına uyğun olan sahələrdə rəqabətədavamlı kadr kimi formalaşmasını təmin edir. Bu isə o deməkdir ki, onlar seçim edib təhsil aldıqları ölkədə də qalıb işləyə bilərlər. Belə olan halda biz onları itirmirik, onların simasında Azərbaycanın gələcək lobbi nümayəndələrini qazanmış oluruq. Hər bir insan müxtəlif məkanlarda yaşaya bilər, lakin o hər zaman əcdadlarının milli-mədəni irsinə, yaşadığı vətənə daim bağlılıq hiss edir. Bu, təbii bir hisdir, onu heç kim və heç bir qüvvə sındıra bilməz. Öz məqsədlərinə nail olmaqla, onlar ümumi işə töhfə vermiş olurlar. Qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan dövlətinin uzunmüddətli strategiyası, onun inkişaf etmiş iqtisadi sistemə əsaslanan rifah dövlətinin qurulmasına və beynəlxalq arenada mövqeyinin güclənməsinə xidmət edir. Bu gün isə konkret olaraq azərbaycanlı gənc tələbələr öz fəaliyyətləri ilə Azərbaycanın təbliğatçılarına çevrilir, onun haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına kömək edirlər. Avropanın müxtəlif ölkələrində təhsil alan 300-ə yaxın azərbaycanlı tələbənin qatıldığı hazırkı konfransı bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirirəm.
– Konfransdan öncə gənc tələbələrə və tədbirdə iştirak edəcək gənclərə hansı mesajları vermək istəyirsiniz?
– İlk mesajım, əlbəttə, Azərbaycan dövlətinin onlara göstərdiyi inam və etibarı doğrultmaq, təhsildə əldə etdikləri nailiyyətlərlə bizi sevindirməkdir. Onların əsas məqsədi yüksək keyfiyyətli təhsil almaqdır. Biz də bunu gözləyirik. İkinci mesaj isə ondan ibarətdir ki, tələbələr öz təhsilləri ilə yanaşı, asudə vaxtlarından səmərəli istifadə edərək, təşkilatlanma işini bir daha nəzərdən keçirməlidirlər. Onların öz maraq dairələrini əhatə edən sahələrdə Azərbaycan haqqında məlumatların yayılmasına töhfə vermək imkanları da müzakirə edilməlidir. Hazırda sosial şəbəkələr çoxsaylı insanların öz fikir və düşüncələrini, baxışlarını və müxtəlif məlumatları paylaşdığı məkana çevrilmişdir. Düşünürəm ki, azərbaycanlı tələbələr təhsil aldıqları ölkələrdə keçirilən elmi tədbirlərdə fəal iştirak etməli, Azərbaycan ilə bağlı müxtəlif mövzularda çıxış etməli, elmi məqalələr və əsərlər yazmalı, bilik və savadları ilə digər tələbələr üçün nümunə olmalıdırlar. Dünyanın bir çox ölkələrində Azərbaycan ilə bağlı informasiya qıtlığı vardır. Yazılan məqalələrin sayı azdır, bəziləri isə qərəzli şəkildə ermənipərəst müəlliflər tərəfindən qələmə alınmışdır. Azərbaycanlı gənc tələbələr bu məsələyə həssaslıqla yanaşmalı, həmin boşluğu doldurmaq üçün əllərindən gələni etməlidirlər. Onlar öz elmi potensiallarını vətənləri haqqında dolğun yazılara sərf etməli, növbəti tədqiqatlar üçün münbit zəmin yaratmalıdırlar. Elə etmək lazımdır ki, onlardan sonra gələn tələbələr və yaxud yerli tədqiqatçılar informasiya qıtlığından şikayət etməsinlər. Biz bu gün addım-addım öz yolumuzu təyin etməliyik. Keçiriləcək konfrans bu məsələləri tələbələrlə birgə müzakirə edəcək və onlara tövsiyələrini verəcəkdir.







Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar