12px14px16px18px

“Fransa kimi bir ölkədə diaspor təşkilatları birləşməli, vahid Azərbaycan diasporu yaradılmalıdır”

VAZEH ƏSGƏROV: “BİRLİYİN OLMASI, MÜBARİZƏMİZİN DAHA ÇOX SƏMƏRƏ VERMƏSİ DEMƏKDİR”

01:13 / 05.04.2012
Strasburqda fəaliyyət göstərən Fransadakı Azərbaycanlı Tələbələr Cəmiyyəti (FATA) 1999-cu ildə yaradılıb. Təşkilatın yaradılmasında əsas məqsəd Fransaya yeni gələn azərbaycanlı tələbələrə yardım etmək olub. Müsahibimiz cəmiyyətin sədri Vazeh Əsgərov ötən müddət ərzində cəmiyyətin genişləndiyini, fəaliyyətinin daha da aktivləşdiyini bildirib.

–Bu cəmiyyəti yaratmaqda bir məqsədimiz də Fransanın digər təşkilatlarına inteqrasiya və həmin təşkilatları Azərbaycan həqiqətlərinin fransız ictimaiyyətinə çatdırılması işinə cəlb etmək idi. Hesab edirəm ki, fəaliyyət göstərdiyimiz 10 ildən artıq bir vaxtda bu istiqamətdə uğurlarımız da var və hazırda bu işimiz davam edir. Təşkilatın yaradıldığı illərdə Avropada Azərbaycanın tələbə gənclər təşkilatları yox dərəcəsində idi. 2003-cü ildən Fransaya, xüsusilə Strasburq şəhərinə Azərbaycandan böyük tələbə ordusu gəldikdən sonra həmin tələbələrin bir arada toplaşması, fransız cəmiyyətində toplum halında fəaliyyət göstərməsi üçün fəaliyyətə başladılar və qısa zamanda buna nail olunduq. Bu gün azərbaycanlı tələbələrin inteqrasiya məsələsində demək olar ki, heç bir problem yaşanmır. Strasburq və bura yaxın olan şəhərlərə gələn tələbələrin səviyyəsi magistr, yaxud ondan bir pillə aşağı olduğuna görə inteqrasiyada problem olmur. Hətta dil problemləri olan tələbələr bir ilə böyük nailiyyətlər göstərirlər. Hazırda Strasburqda doktorant dərəcəsi üzrə təhsil alan tələbələrin sayı magistrdan daha çoxdur. İndi gəncliyimizin, o cümlədən Azərbaycan diasporunun Fransada kök salması prosesi sürətlənir. Bizim fəaliyyət prinsiplərimiz Azərbaycan gəncliyini Fransada öz ətrafımda birləşdirmək və Azərbaycan üçün önəmli olan məsələləri Fransa ictimaiyyətinə çatdırmaqdır ki, bu məsələdə də tələbələrimizin rolu böyükdür.
–Bəs Azərbaycanın təbliğatı necə qurulub?
–Təbliğat işlərimizə Azərbaycanın müstəqillik illərini, tariximizə iz qoyan günləri xatırlamaqla fransız ictimaiyyətinə çatdırmaq, bunun üçün jurnallar, dərgilər yayımlayaraq, diasporun güclənməsinə dəstək olmaq daxildir. Hazırda bu işlərimiz davam edir və Azərbaycanı fransız ictimaiyyətinə tanıtdırırıq. Fransada yaşayan azərbaycanlıların, həmçinin gənclərin fransız cəmiyyətinə inteqrasiya prosesində assimilyasiyaya uğramaması üçün də işlər həyata keçiririk. Belə ki, bu istiqamətdə azərbaycanlı ailələrin övladlarının Azərbaycan mədəniyyətinə yaxınlığını, dilinə bağlılığını yüksəltmək üçün Azərbaycan dilini öyrədən dil kursları, şahmat kursları, rəqs kursları açmışıq, bununla yanaşı, mədəniyyətimizi təbliğ edən dərnəklərin də fəaliyyət göstərməsini təmin edirik. Bu həm azərbaycanlıların assimilyasiya olunmasının qarşısını alır, həm də bir növ Azərbaycan mədəniyyətini Fransada təbliğ edir.
Bunun nəticəsi olaraq deyə bilərəm ki, əgər 10 il öncə Fransada Azərbaycan sözünü deyəndə informasiya azlığı var idisə, bu gün fransızlar Azərbaycanı Afrikanın hansısa ölkəsi kimi deyil, inkişaf edən və müstəqil bir dövlət olaraq tanıyırlar. Bunun bir sıra səbəbləri var. Təbii ki, 10 il öncə Azərbaycan bugünkü qədər inkişaf etməmişdi. Bu gün isə Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmiz haqqında informasiya genişliyi yaradıb, o cümlədən, bu informasiyalar müsbət istiqamətdə formalaşıb. Bununla yanaşı, ötən il “Avroviziya” müsabiqəsində qələbə qazanmağımız dünyanın əksər ölkələri kimi, Fransada da Azərbaycan haqqında geniş məlumat bazası yaratdı. Buna səbəb olan digər amil Fransadakı diaspor təşkilatlarımızın fəal işləməsidir. Artıq diaspor təşkilatlarımız da əvvəlki illərə nisbətən, daha fəaldır. Hesab edirəm ki, diaspor təşkilatı olaraq bizim də bu işdə rolumuz var. Biz gənclər hər zaman çalışmışıq ki, Fransada Azərbaycanın siması olaq.
Dağlıq Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının təbliği, ermənilərin törətdiklərinin faktlarla Fransa ictimaiyyətinə çatdırılması istiqamətində də fəaliyyət göstəririk. Bunun erməni icmasının güclü olduğu bir ölkədə nə qədər çətin olmasına baxmayaraq, səylə çalışırıq. Mütəmadi olaraq Azərbaycan həqiqətlərini müxtəlif vasitələrlə fransız ictimaiyyətinə çatdırırıq. Görülən işlərin nəticəsində fransızlarda Azərbaycan haqqında müsbət rəylərin yaradılmasına nail olmuşuq. Buna misal kimi artıq yerli media Qarabağ hadisələri, erməni vəhşilikləri barəsində məlumat almaq üçün bizə özləri müraciət edirlər. Əgər 5 il öncə bu təşəbbüsü biz edirdiksə, bu gün belə təşəbbüs fransızlardan gəlir. Bu gün Fransanın yerli media orqanları erməni yalanlarının üzə çıxmasına səy göstərir. Bunun üçünsə, Fransadakı azərbaycanlılara müraciət edir, onlardan məlumatlar alırlar. Hesab edirəm ki, bu, diasporumuzun uğurudur.
–Azərbaycanın Fransadakı səfirliyi və digər diaspor qurumları ilə münasibətləriniz hansı səviyyədədir?
–Azərbaycanın Fransadakı səfirliyinin və Strasburqda Avropa Parlamentində fəaliyyət göstərən daimi nümayəndəliyi daim bizə dəstək göstərir. Kimsə maliyyə yardımı etmirsə, bu o demək deyil ki, o dəstək göstərmir. Sırf maliyyə yardımı ilə bağlı diaspor fəaliyyətində heç də dövlətə maraq göstərməyi qəbul etmirəm. Çünki, diaspor müstəqil formalaşmalıdır. Bizim Fransa ictimaiyyəti və digər qurumlardan maliyyə yardımı almaq imkanlarımız var. Hətta 10 ildən artıq fəaliyyətimizi nəzərə alaraq Avropa Şurasına, yaxud digər beynəlxalq qurumlara maliyyə ilə bağlı müraciət edə bilərik. Amma hər hansı fəaliyyət üçün böyük bir maliyyə tələb olunmur. Misal üçün, Azərbaycanla bağlı hansısa tədbir keçiririksə, yüksək məbləği tələb kimi qarşımıza qoymamalıyıq. Kiçik bir məbləğ də bəs edər ki, bunu da Fransada da tapa bilərik. Uğura nail olmaq üçün sadəcə istək, arzu və bunların eyni hədəfə vurması lazımdır.
Biz türk diasporu ilə də gözəl əməkdaşlıq edirik. Qondarma “erməni soyqırımı”nın inkarına görə, qanunun qəbul edilməməsində türk diasporu ilə yanaşı, Azərbaycan diasporunun da rolu böyük oldu. Türk qardaşlarımız bizə daim dəstək verdikləri kimi, biz də bu məsələdə onlara yaxından dəstək verdik. Bizim tərəfimizdən bu məsələyə etiraz təkcə erməni məsələsinə görə deyil, həm Türkiyəyə dəstək kimi önə çəkilmişdi. İstər Parisdə, istərsə Strasburqda təşkil olunan tədbirə, demək olar ki, Fransada yaşayan azərbaycanlıların əksəriyyəti sıravi vətəndaş kimi qatılmışdı və nəticə bizim xeyrimizə oldu.
–Fransada erməni diasporu güclüdür. Bunun başlıca səbəbini nədə görürsünüz?
– Fransada ermənilərin sayı yarım milyondan çoxdur. Azərbaycanlılar isə 70 minə qədərdilər. Onlar da daha çox Cənubi Azərbaycandan və Türkiyədən gedənlərdir. Təbii ki, aradakı rəqəm fərqi öz sözünü deyir. Bununla yanaşı, ermənilərin Fransada lobbiçilik fəaliyyəti daha qədimdir. Hesab edirəm ki, bu fərqi aradan qaldırmaq və ermənilərin əsl simasını ortaya çıxarmaq üçün lobbi yaradılmalıdır ki, bunun üçün də daha çox çalışmalıyıq. Fransadakı mübarizə yenidir, onun davamlı olması üçün səylərimizi birləşdirməliyik. Hesab edirəm ki, Avropanın əsas dövləti olan Fransa kimi bir ölkədə diaspor təşkilatları birləşməli, vahid Azərbaycan diasporu yaradılmalıdır. Çünki birliyin olması, mübarizəmizin daha çox səmərə verməsi deməkdir.
PƏrvanƏ





Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar