12px14px16px18px

Azərbaycan kitabxanaları:milli informasiya seqmenti inkişaf etdirilir

00:53 / 03.04.2012
Müsahibimiz Milli Elmlər Akademiyasının Mərkəzi  Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

– Aybəniz xanım, ölkə prezidenti tərəfindən 2007-ci ildə təsdiq olunmuş “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncam və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” ötən illər ərzində kitabxanalarımızın fəaliyyətinə necə təsir edib? Ümumiyyətlə, yekunlaşmaq üzrə olan proqrama əsasən hansı işlər görülür?
– Son illərdə Azərbaycan kitabxanaları yeni inkişaf mərhələsinə qədəm qoyublar. Sözügedən sərəncam və Dövlət Proqramı ölkə kitabxanalarının müasirləşdirilməsi üçün real imkanlar yaradıb. Bütün kitabxanalarımızın, o cümlədən, AMEA Mərkəzi Elmi Kitabxanasının fəaliyyətində yeni istiqamətlər formalaşıb, kitabxanamızda son bir ildə elmi-tədqiqat işlərimizin planına əsasən “Kitabxanaşünaslığın nəzəri və təcrübi məsələlərinin elmi təşkili” və “Biblioqrafiyaşünaslıq: elmin biblioqrafik informasiya təminatı” adlı problemlər üzrə işlər aparılıb, 9 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu üzrə 39 işin müvafiq mərhələləri yerinə yetirilib.
Bildiyiniz kimi, 28 noyabr 2011-ci il tarixdə Prezident cənab İlham Əliyev Mərkəzi Elmi Kitabxana üçün yeni binanın təməlqoyma mərasimində iştirak edib və kitabxanamızın inkişafı ilə bağlı öz tövsiyələrini verib. Bu tarixi hadisə, bir daha sübut edir ki, kitabxanalarımızın tərəqqisi, dünya informasiya məkanına inteqrasiyası, dövlətin diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir. 2013-cü ilədək ölkəmizdə bir çox kitabxanaların ənənəvi prosesləri tam avtomatlaşdıracağı, elektron kataloq yaradacağı, milli elektron kitabxana yaratmaq üçün irihəcmli informasiya massivləri hazırlayacağı gözlənilir. Çünki 2008-ci ildən etibarən kitabxanalarımız bu istiqamətdə ciddi işlər görür, ən son texnologiyalarla təmin olunurlar. Son 4 ildə kitabxanalarımızın elektron informasiya resursları xeyli artıb, oxuculara xidmət işinin səviyyəsi yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sayəsində əhəmiyyətli dərəcədə yüksəlib. Bu isə bizə onu deməyə əsas verir ki, sərəncamdan irəli gələn bir çox məsələlər artıq həll olunub və bu istiqamətdə işlər davam etdirilir.
Mərkəzi Elmi Kitabxana klassik kitabxana işinin təkcə ənənəvi prinsiplərini yerinə yetirməklə kifayətlənmir. Kitabxanamız 2003-cü ildən elmi müəssisə statusu daşıdığından elmi tədqiqat fəaliyyətini daim inkişaf etdirir. Məsələn, 2011-ci ildə kitabxanamız Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarını, müvafiq Dövlət proqramlarını, AMEA-nın qərar və sərəncamlarını və digər elmi tələbləri, standartları əldə rəhbər tuturaq bir sıra elmi tədqiqat işləri aparıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən kitabxanamızda akademiklər Ziya Bünyadovun 90, Mirzə İbrahimovun və Abbas Zamanovun, eləcə də görkəmli jurnalist Nəsir İmanquliyevin 100 illik yubileylərinə həsr olunmuş ənənəvi və virtual sərgilər təşkil olunub. Bununla yanaşı həmin akademiklərimizin həyat və yaradıcılığını əks etdirən şəxsi biblioqrafik göstəricilər nəşrə hazırlanıb. Ədiblərimiz Mirzə Fətəli Axundzadənin və Mirzə Ələkbər Sabirin qarşıdan gələn yubileyləri ilə bağlı sərgilərin təşkilinə hazırlıq işləri görülüb. Həmiçinin, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq üzrə elmi-tədqiqat işlərinin I Ümumrespublika müsabiqəsi, “Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətləri” mövzusunda sərgi keçirilib, “Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nəşrləri” adlı annotasiyalı biblioqrafik göstərici və müəllifi olduğumuz “Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının elmi nailiyyətləri” adlı elmi məqalə hazırlanıb. “Turizm ili” ilə əlaqədar “Azərbaycanda turizm” adlı elektron məlumat bazası yaradılıb və kitabxanamızın veb kataloqunda ölkəmizlə, turizm sahəsilə bağlı materialların sayı artırılıb.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı isə “Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev” mövzusunda 2012-ci ildə keçiriləcək ümumrespublika sərgisinin plan-prospekti hazırlanıb.
– “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planına azərbaycanşünaslığın inkişaf etdirilməsi üçün bir sıra işlər daxil edilib. Bu istiqamətdə nə kimi fəaliyyətləriniz var?
– Biz, azərbaycanşünaslığı inkişaf etdirmək məqsədi ilə fondlarımızı ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla daim zənginləşdiririk. Təkcə ötən il Azərbaycanın tarixinə, iqtisadiyyatına, elminə, mədəniyyətinə, ədəbiyyatına və s. aid 3492 nüsxə ədəbiyyat əldə etmişik. Ölkəşünaslığa (azərbaycanşünaslığa) dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli Kitabxanasında, Kazan, Tbilisi şəhər və digər milli kitabxanalarda saxlanılan ədəbiyyatın (o cümlədən dövri mətbuatın) müəyyənləşdirilməsi və onların çatışmayan nüsxələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədi ilə adıçəkilən kitabxanalardan 80-ə yaxın ədəbiyyatı geri ala bilmişik. Bu həmin kitablardır ki, hələ XIX əsrin əvvəllərində ölkəmizdən çıxarılaraq xarici kitabxanaların fondlarına yerləşdirilib. Şübhəsiz ki, biz gələcəkdə də bu fəaliyyətimizi davam etdirəcəyik. Çünki keçmişimizin, mədəniyyətimizin, tariximizin ayrı-ayrı səhifələrini özündə cəmləyən bu qiymətli əsərlərin yenidən Vətənə qaytarılması bizim gələcək nəsillər qarşısında ən ümdə vəzifələrimizdən biridir.
Bunun davamı kimi qeyd edim ki, məsələn, son bir ildə biz xüsusi əhəmiyyətli çap sənədlərini, nadir kitabları, diyarşünaslığa aid nəşrləri qoruyub saxlamaq və nəsillərdən-nəsillərə ötürmək məqsədi ilə 1610 nüsxə belə sənəd vahidini elektronlaşdırıb elmi məlumat bazamıza yerləşdirmişik. “Azərbaycanşünaslıq” elektron informasiya mərkəzinin yaradılması işi davam edib və həmin bazaya 1756 yeni sənəd əlavə olunub. Kitabxananın fondları əsasında “Azərbaycanın kitab abidələri” adlı elektron məlumat bazasına isə 419 adda kitab daxil edilib.
Azərbaycanın kitab mədəniyyətinin qorunması və dünyada təbliği üçün “Azərbaycan folkloru və kitab mədəniyyəti” adlı monoqrafiya və “Azərbaycan folkloru. Biblioqrafik göstərici” adlı kitablarımız işıq üzü görüb. Kitabxanamızdakı nadir nəşrlərin qorunması üçün müstəsna əhəmiyyətə malik “Bərpa və Konservasiya Mərkəzi”nin yaradılması ilə bağlı layihə Elm Fonduna təqdim edilib.
– Aybəniz xanım, son dövrlərdə tez-tez belə bir fikir səslənir ki, kitabxanalar yeni informasiya vasitələrinin, İnternetin kölgəsində qalıblar. Doğrudanmı, informasiya cəmiyyətinin yenilikləri kitabxanaların ikinci plana keçməsinə səbəb olub?
– Mən bu fikirlə razı deyiləm. Çünki təkcə AMEA Mərkəzi Elmi Kitabxanasının daim mütailə edən, kitabxana ilə bilavasitə təmas quran 50 minə yaxın oxucusu, 3 milyona yaxın ədəbiyyat fondu var. Məlumat üçün bildirim ki, son ildə kitabxanamızın fonduna 17 209 nüsxə yeni ədəbiyyat daxil olub. İl ərzində 38 188 oxucu 705 974 dəfə kitabxanamızın fondlarına müraciət edib. Məsələn, 2011-ci ilin göstəricilərinə görə, Mərkəzi Elmi Kitabxana və AMEA Elmi tədqiqat müəssisələrinin kitabxana şəbəkəsi üzrə oxucuların ümumi sayı 52678 nəfər, davamiyyət 778 424, kitab verilişi 949 124 nüsxə ədəbiyyat olub. Fondların ümumi həcmi 3 468 650 nüsxəyə çatıb. Belə olan halda biz necə deyə bilərik ki, kitaba, kitabxanaya maraq azalıb? Sadəcə olaraq İnternet elə bir vasitəyə çevrilib ki, ondan istifadə etməklə informasiya əlyetərliyinin zaman və məkana görə fərqlənməsi problemi aradan qalxıb. Əlbəttə ki, biz də bu məqamı nəzərə alaraq fəaliyyətimizi informasiya cəmiyyətinin tələblərinə müvafiq qururuq. Saytımız vasitəsilə oxucular günün istənilən vaxtı, istənilən məkandan veb kataloqumuza daxil ola, elektron kitablarımızdan istifadə edə bilirlər. Bu il biz daha 20000 ədəbiyyatın elektron kataloqunu hazırlayaraq İnternet üzərindən oxucularımızın ixtiyarına vermişik. Bizim elektron məlumat bazalarımız isə 10000-dən artıq elektron kitabı, sənədi özündə cəmləyib. Bütün bunlar həm kitabxana daxilində, həm də İnternet üzərindən oxucularımıza yüksək səviyyədə xidmət etməyə imkan verir. Oxucularımız onlara İnternet vasitəsilə təqdim etdiyimiz 8 elektron məlumat bazası üzrə informasiya axtara bilirlər. Bundan başqa, Ulu öndər Heydər Əliyevin unikal dövlət və mədəni quruculuq təcrübəsinin, intellektual və mənəvi irsinin respublikanın və dünyanın rəqəmsal irs fondlarına daxil edilməsi ilə bağlı kitabxanamızın fondları əsasında “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” elektron məlumat bazasına 478 adda yeni material əlavə edərək onlayn şəkildə oxucu auditoriyasına təqdim etmişik.
Bütün bu prosesləri həyata keçirmək üçün istifadə etdiyimiz “İRBİS-64” adlı Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemini də daim yeniləyir və inkişaf etdiririk. Çalışırıq ki, sözügedən sistemi AMEA şəbəkə kitabxanalarında elektron kataloqun yaradılması məqsədi ilə istifadə edək və nəticədə korporativ elektron kataloqun yaradılmasına nail olaq. Məsələn, ötən il AMEA-nın Geologiya institutunda proqram təminatını yenilədik, İqtisadiyyat və Fizika institutlarında elektron kataloqun yaradılmasının monitorinqini həyata keçirdik. Nəticələr göstərir ki, tezliklə kitabxanamız AMEA şəbəkə kitabxanaları ilə birlikdə korporativ elektron kataloqun istismara verilməsinə nail olacaq.
– Söhbətimizin əvvəlində qeyd etdiniz ki, kitabxanaşünaslığın və biblioqrafiyaşünaslığın nəzəri və təcrübi məsələlərinin elmi təşkili fəaliyyətinizin özəyini təşkil edir. Bəs apardığınız tədqiqatların nəticələrini hansı formada ictimailəşdirirsiniz?
– Bu işdə kütləvi informasiya vasitələri, mətbuat daim bizə dəstək olur. Saytımız vasitəsilə də əldə etdiyimiz elmi nəticələri, yenilikləri oxucularımızla bölüşürük. Amma əsas informasiya yükünü nəşr etdiyimiz kitablara yönəldirik. Misal üçün deyim ki, son bir ildə kitabxanamız 19 elmi kitab nəşr edib. Əməkdaşlarımızdan professor A. Xələfovun “Kitabxana və cəmiyyət”, professor G. Əliyevanın “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal”, “Azərbaycan füzulişünaslığının qaynaqları” (3 cilddə), müəllifi olduğum “Milli-mənəvi dəyərlər: yaradanlar və yaşadanlar” adlı kitablar çapdan çıxıb. “Kitabxana-informasiya fəaliyyəti. Terminlər və təyinlər” məlumat kitabı, Mərkəzi Elmi Kitabxananın “Elmi əsərlər”inin 12-ci buraxılışı, “Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nəşrləri”, “Azərbaycan folkloru: biblioqrafik göstərici”, “Azərbaycanda müdafiə olunmuş dissertasiyaların biblioqrafik göstəricisi. İctimai və humanitar elmlər (1920-2007)” adlı elmi kitablar da nəşr etdiklərimiz sırasındadırlar. “Azərbaycanın elm və mədəniyyət xadimləri seriyası”ndan şəxsi biblioqrafik göstəricilərin də nəşrini davam etdiririk. Bir neçə ay əvvəl akademiklər Arif Paşayevin, Arif Mehdiyevin, müxbir üzvlər Namiq Əliyevin, Maqsud Qurbanovun, Zöhhak Abbasovun həyat və fəaliyyətini əks etdirən biblioqrafik göstəriciləri çapdan buraxmışıq. Akademiklər Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov və Nailə Vəlixanlının, müxbir üzv Abbas Zamanovun şəxsi biblioqrafik göstəriciləri isə bu günlərdə işıq üzü görəcək. Hazırda “Azərbaycan dünya mətbuatında (2005-2010)” biblioqrafik göstəricisinin 5-ci buraxılışını və “Azərbaycanın repressiya olunmuş alimləri” biblioqrafik göstəricisini nəşrə hazırlayırıq.
– Bir az da kitabxananızın son uğurlarından bəhs etmək istərdim. Bir neçə gün öncə Mərkəzi Elmi Kitabxana Avropa Şurasının yanında Avropa Elmi Kitabxanalar Assosiasiyasının tamhüquqlu üzvü seçilib. Bu münasibətlə Sizi və bütün kollektivinizi təbrik edirəm. Bu üzvlük kitabxananın fəaliyyətində nə kimi dəyişikliklərə səbəb olacaq?
– Təbrik üçün Sizə çox minnətdaram. Mərkəzi Elmi Kitabxana bu mötəbər quruma üzv olan ilk Azərbaycan kitabxanasıdır. Bu, təkcə kitabxana ictimaiyyətinin deyil, bütünlükdə elmimizin uğurudur. Çünki Avropa Elmi Kitabxanalar Assosiasiyasının üzvlüyü elmimizin Avropada təbliği, milli kitabiyyatımızın, mədəniyyət və tariximizin beynəlxalq səviyyədə tanıdılmasına təkan verəcək. Bu üzvlük bizə həm də Avropanın kitabxana həyatında daha fəal iştirak etməyə, elektron kataloqumuzu, elektron kitabxanamızı dünyanın digər kitabxanalarının oxucularına da təqdim etməyə şərait yaradacaq. Bununla yanaşı biz ötən il “Elektron kitabxanalar və Yeni informasiya texnologiyalarının yaradıcıları və istifadəçiləri Beynəlxalq Assosiasiyası”nın da üzv seçilmişik. Fəaliyyətimiz ölkəmizdə də layiqincə qiymətləndirilir. Məsələn, II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka görə kitabxanamız keçən il Diplomla təltif olundu, müəllifi olduğumuz “Azərbaycan folkloru və kitab mədəniyyəti” adlı monoqrafiya Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının Kiyev şəhərində keçirdiyi D.S.Lixaçev mükafatı uğrunda müsabiqənin nəticələrinə əsasən “Milli Kitab mədəniyyəti kontekstində Azərbaycan folklor kitabının öyrənilməsinə bəxş etdiyi qiymətli xəzinəyə görə” Diplomuna layiq görüldü, kitabxanamızın “Heydər Əliyev irsinin təbliği” şöbəsi Qafqaz Universitetinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı ilə keçirilən “Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı” mövzusunda müsabiqədə elmi məqalə ilə iştirak etdi, şöbənin müdiri professor Gülşən Əliyeva Heydər Əliyev irsinin təbliği və Müstəqil Azərbaycan dövlətinin 20 illik yubileyi ilə bağlı 4 mükafatla təltif olundu. Çalışacağıq ki, Azərbaycan elminin təbliği istiqamətində, kitabxana işinin müasirləşdirilməsi sahəsində göstərdiyimiz fəaliyyətləri bundan sonra da layiqincə davam etdirək.
GÜNEL



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar