12px14px16px18px

“Səhnədən başqa hər yerdə özüm oluram”

19:05 / 16.03.2012
 















 
Pərvinin həmsöhbəti Xalq artisti Fuad Poladovdur
Pərvin: Fuad müəllim, son günlərdə bir neçə müsahibənizi oxumuşam. Tamaşaçılarınıza özünüz haqda lazımi qədər informasiya vermisiz. Ona görə lap əvvəldən başlamayaq.
Fuad Poladov: Razıyam, Pərvin xanım! Doğrusu, “necə oldu ki, sənətə gəldiz” və “Dram teatrından niyə getdiz” suallarından yorulmuşam.
Pərvin: Müsahibələrinizdə “köhnə şəhərli”lərin ümumi dərdi açıq hiss edilir. Sizin Bakı obrazının sürətlə “səhnə”dən uzaqlaşdırılıb yenisi ilə əvəzlənməsi... Bu mövzu çox müzakirə olunur. Mənə əvvəlki teatrla indikinin fərqi daha maraqlıdı. Yəni şəhərimizlə birgə teatrımız da dəyişilirmi?
Fuad Poladov: Əlbəttə! Teatrdakı dəyişikliklər elə şəhərdəki qədərdir. Və bunlar bir-biri ilə əlaqəlidir. Çünki şəhərlə birgə adamlar, yəni tamaşaçı, onun səviyyəsi, sənətə baxışı dəyişilib. Bu da teatrın məsuliyyətini xeyli artırır. İşi elə yöndə qurmaq lazımdır ki, əvvəlki tamaşaçını da küsdürməyəsən, indikini də maraqlandırasan.
Pərvin: Sizcə, teatrlarımız bunu edə bilirlər?
Fuad Poladov: Buna tam nail olduğumuzu deyə bilmərəm. Bakı heç vaxt teatral şəhər olmayıb. Amma teatrın öz tamaşaçısı, sevənləri var. Təəssüf ki, bu sahəyə rəhbərlik edənlərin naşılığı ucbatından bir ara tamaşaçı teatrdan uzaqlaşdı. Bilirsiz, teatr 3-5 illik təmirə bağlana bilməz. Vaxt keçdikcə tamaşaçını teatra gətirən yolları ot basır.
Pərvin: Bu da tamaşaçı-teatr münasibətlərinin soyumasına səbəb olur...
Fuad Poladov: Şübhəsiz! Böyük teatral şəhərlərdə təmirə xüsusi hazırlıq gedir. Əvvəlcədən müvəqqəti bir səhnə hazırlanır, əhaliyə məlumat verilir və s. Amma biz tamaşaçını çox rahat şəkildə incidib, qapıları üzünə bağlayırıq. Teatr özü həddindən artıq mürəkkəb bir orqanizm olduğu üçün ona rəhbərlik edən adamlar da işlərinə həssaslıqla yanaşmalıdırlar.   
Pərvin: Teatr klassiklərindən biri deyirdi ki, həyatda qaranlıq zal və boş səhnənin magiyasından güclü heç nə ola bilməz. Düzü bu fikir bir az təəccübləndirir. Yəni bəlkə də tamaşaçı üçün gücün göstəricisi salonu lərzəyə gətirən gurultulu alqışlardı. Ümumiyyətlə, sizin üçün məhz o magiya, güc nədən ibarətdir?
Fuad Poladov: Maraqlı fikirdir. Doğrusu, ilk dəfə eşidirəm. Mən səhnənin magiyasını, gücünü onda hiss edirəm ki, zal ağzına kimi dolu olur, amma tamaşa zamanı elə bir aura yaranır sanki salon bomboşdur. Yəni tamaşaçı nəfəs dərmədən səhnəni izləyirsə, teatrın missiyasını yerinə yetirilmiş hesab etmək olar.
Pərvin: Dediyiniz yeni tamaşaçı ilə bu mümkündü?
Fuad Poladov: Mümkündü! Bu magiyanı hiss etdiyim tamaşalar olub.     
Pərvin: Dram teatrının səhnəsi nə qədər böyükdüsə, “İbrus” teatrının səhnəsi o qədər balacadı. Ümumiyyətlə aktyor üçün böyük və kiçik səhnə anlayışı var?
Fuad Poladov: Böyük səhnədə aktyor özünü əsl teatr mühitində hiss edir. Amma kiçik səhnə daha çox kino aurası, atmosferası yaradır. 600-700 nəfərlik tamaşaçı salonunda elementlər qabarıq olur. Məsələn, böyük teatr səhnəsində elə danışmalı, elə hərəkət etməlisən ki, sonuncu sırada oturan tamaşaçı da hər şeyi aydın eşitsin, görsün. Amma kiçik səhnədə səs, jest, baxış yığcamlaşdırılır, kompakt hala salınır.
Pərvin: Bunlardan hansı sizin ruhunuza daha yaxındı? 
Fuad Poladov: Böyük səhnədə müəyyən vərdişlərə yiyələnəndən, peşəkarlığa çatandan sonra heç biri çətin olmur. Özümü daha çox teatr aktyoru hesab edirəm. Ona görə yəqin ki, böyük səhnə daha yaxındı ruhuma. Al Paçino kino ilə teatrı çox gözəl müqayisə edir: “Teatrda oynamaq havada, kəndir üzərində sığortasız gəzmək, kinoya çəkilmək isə yerdə, kəndir üstündə sığortayla addımlamaq kimidir...” Səriştəli aktyor kəndir üzərində nəinki sığortasız gəzir, hətta “tryuk”lar da edir.
Pərvin: Bəs aktyorun ancaq bir sahədə püxtələşməsinə münasibətiniz necədir? Bəzən dramatik aktyora komedik rol tapşırılanda, obraz çox “duzsuz” alınır. Bu dediyiniz peşəkarlığın çatışmamasından irəli gəlir?       
Fuad Poladov: Məncə, sənətkar hərtərəfli olmalıdır. Əgər bu sənətə tam yiyələnmək istəyirsənsə, həm dramatik, həm də komedik rolların öhdəsindən gəlməlisən. Mən lap əvvəldən qarşıma məqsəd qoymuşam ki, bütün janrlarda rollarım olsun. Çalışmışam hər   profildə inkişaf edim, bir ampluada qalmayım. Məsələn, Teatr Xadimləri İttifaqında “Svetok kaktusa” komediyasında da oynamışam, “Afinalı Timon” faciəsində də. Belə faktlar çoxdur.   Aktyor həqiqətən AKTYORdusa, istənilən rolu oynamağı bacarmalıdır.
Pərvin: Fuad müəllim, dünya teatr səhnələrində məhz bir aktyor üçün qurulan tamaşalar olur. Bəs bizim rejissorlarda aktyora belə xüsusi yanaşma var?
Fuad Poladov: Vaxtilə bizim teatrlarda da aktyorun perispektivi haqqında çox düşünürdülər. Təəssüf ki, getdikcə bu ənənə azaldı. Bu aktyorların inkişafı, püxtələşməsi üçün vacib məqamdı. Teatr rəhbərliyi bu məsələni daim nəzarət altında saxlamalıdı. Rejissor aktyorun yaşına, imkanlarına baxıb onu hansısa rolda görməli və o tamaşanı hazırlamalıdı.
Pərvin: Məhz sizin üçün hazırlanan tamaşalar olub?
Fuad Poladov: Bəli! Azərpaşa Nemətov dəfələrlə “Hamlet”, “Afinalı Timon” tamaşalarını, Rüstəm İbrahimbəyov İbrus teatrında “Bunin” tamaşasını mənim üçün hazırladıqlarını dəfələrlə vurğulayıblar.   Rus Dram Teatrında “Napaleon” və “Sezar” tamaşaları da mənim üçün hazırlanıb.
Pərvin: Mükafatlara, fəxri adlara aid fikrinizi bilmək istərdim... Nobel mükafatına layiq görülmüş yazıçı Bernard Şou deyirdi ki, Alfred Nobelə dinamitin kəşfini bağışlamaq olar, amma Nobel mükafatının təsisini yox. Siz də “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına layiq görülmüsüz. Necə düşünürsüz, mükafatlar sənətdən yayındırır, ya stimul verir?
Fuad Poladov: Mükafatların əleyhinə deyiləm. Amma bizdəki qədər ifrat həddə çatdırılmasını da düzgün saymıram. Adam var ki, sənətə gəlməzdən əvvəl mükafatı düşünür və bütün fəaliyyətini də bu istəyinə uyğun qurur. Belələri asan yolla gedib müəyyən nailiyyətlər əldə edirlər, amma o sənət olmur və yaşamır. Lakin bayaq dediyimiz kimi səhnənin magiyasını hiss edib bura gələn adam öz işiylə məşğul olur, əziyyətlərlə, çabalarla yaşayır və bundan zövq alır. Mükafat belə adamı onsuz da tapır. Və əgər sənətkar, aktyor sənəti deyib gəlibsə, heç bir mükafat onu yolundan yayındıra, sapdıra bilməz.
Fikirləşəndə ki, bu adı keçmişdə böyük sənətkarlar daşıyırdı məsuliyyət artır. Amma indi “filankəs” də daşıyır... O zaman Bernard Şou ilə razılaşmalı oluram. 
Pərvin: “Filankəs”lərin mükafat alması, fəxri ada layiq görülməsi bəlkə də bu adları, mükafatları adiləşdirir. Amma onsuz da əsl sənəti dəyərləndirən tamaşaçı bilir kim kimdir...
Fuad Poladov: Bəli, Pərvin xanım. Tamaşaçının gözündən heç nə yayınmır.
Pərvin: Teatrda axırıncı rolunuz “Boy çiçəyi”ndə Həsənzadə, filmdə isə “Aktrisa”da Vaqif obrazlarıdı. Məncə, Həsənzadə ilə Vaqif arasında müəyyən paralellik var...
Fuad Poladov: (gülür) Əksinə. Buna paralellik deməzdim. Vaqif və Həsənzadə tamam fərqli adamlardı. Həsənzadə kimilər indiki zamanda yox dərəcəsindədir, amma Vaqifləri nə qədər istəsəz, görmək olar. Həsənzadə bu günki tamaşaçı üçün təəccüblüdür, hətta inandırıcı da deyil. Amma Vaqif çox normal qəbul olunur. Ona görə Həsənzadəni oynamaq daha çətin idi, nəinki Vaqifi...
Pərvin: Siz mənim sualımı qabaqladız, Fuad müəllim. Vaqifin daha real görünməsi aydındır. Amma Vaqif XXI əsrin adamıdı. Sizcə, İlyas Əfəndiyev “Boy çiçəyi” pyesini bu gün yazsaydı, o cür sonluqla bitirərdi?
Fuad Poladov: Əlbəttə, bu zamanın adamları arasından Həsənzadənin prototipini tapmaq çətin olar. Buna görə bəlkə də dramaturq əsərə bu cür son verməkdən çəkinərdi. Amma Həsənzadə kimilərinə indiki zamanda ehtiyac çoxdur. Bu günün insanının bir baxış bucağı var. Amma Həsənzadənin böyüklüyü ondadır ki, hadisəyə hər tərəfdən baxa bilir. İndi çox dəbdə olan bir söz var: Praqmatizm. Həsənzadə heç vaxt praqmatik olub, özünü düşünə bilməzdi. Vaqifin isə bir meyarı var, o da puldur. Belələri pulla hər şeyin alınmasının mümkünlüyünü düşünür. Həsənzadə də maddi cəhətdən təmin olunmuş adamdı, amma onun üçün pul hakimiyyət, bacarıq demək deyil.
Pərvin: Fuad müəllim, axı Vaqif də ruhsuz deyildi. Öz kitabxanası vardı, mütaliə edirdi. Sevdiyi qadının nazını da çəkirdi, hətta o yaşında tanqo da oynayırdı xanımının arzusuyla. Təkcə elə tanqosu ilə özünü, ruhunu ifadə edə bilmişdi...
Fuad Poladov: Kim dedi ki, Vaqif ruhsuzdu? Razıyam, onun ruhu var. Amma bu ruh da qarışıq və maddiyyata meyillidir.
Pərvin: Nədənsə indiki dövrdə Həsənzadə rolunu oynamaq riskli göründü mənə. Yəni hər şeyin bu qədər dinamikləşdiyi, sürətləndiyi zamanda belə lirik tamaşalara maraq yaratmaq asan deyil...
Fuad Poladov: Dediyiniz riski mən özüm də hiss edirdim. Amma risk sevən olduğumdan bu rolu oynamaqdan çəkinmədim. Tamaşada apardığım xətt ülgücün üzərində gəzməyə bənzəyirdi. Fasiləsiz olaraq düşünürdüm ki, balans pozulmasın, yıxılmayım və yaralanmayım. Balaca bir səhv jest, mimika, söz, pafos tamaşaçıda ironik gülüş yarada bilərdi. Dünya Həsənzadələrin çiynində dayanır. Onu inandırıcı etmək üçün rola çox yüksək həssaslıqla yanaşmışam.
Pərvin: Adətən insan hər hansı istəyinə nail olanda həmin arzu adiləşir onun üçün. Dramatik aktyorların çoxu müəyyən səviyyəyə çatandan sonra Hamletə doğru yol gedirlər. Bu rolu oynamaq istəyirlər. Siz Hamleti çox gözəl ifa etmisiz. Sizin üçün o adiləşmədi ki?
Fuad Poladov: Yox, Pərvin xanım! Hamlet necə adiləşə bilər?! Əgər aktyor üçün Hamlet adiləşirsə, deməli o sənətdə təsadüfi adamdır. Hamlet zirvədir. Onun məsuliyyəti də həddən artıqdır. Çünki hər bir tamaşaçının öz Hamleti var. Düşünürəm ki, həmin rolu neçə dəfə oynamışamsa, eyni məsuliyyət, eyni həyəcanla yanaşmışam ona.              
Pərvin: Fuad müəllim poeziyaya münasibətiniz necədir? Sizin ifanızda Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Vaqif Səmədoğlunun şeirlərini dinləmişik. Gözəl də alınıb. Amma deyəsən bədii qiraəti çox da sevmirsiz? 
Fuad Poladov: Poeziyanı çox sevirəm, oxuyuram. Amma özümü bədii qiraətçi hesab eləmirəm. Şeiri öz qəlbimdən, ruhumdan keçirib oxuyuram və məlum olur ki, şair də elə belə yazıbmış... Bəxtiyar Vahabzadə, Məmməd Araz, Vaqif Səmədoğlu haqqında çəkilən televiziya filmləri üçün şeirlərini oxumuşam. Bəxtiyar Vahabzadənin çəkiliş vaxtı ifamda şeirini dinləyib kövrəlməsini, “sanki bu şeirləri indi yazıram” – deməsini heç unutmuram.
Dünən Mövlud Süleymanlı ilə küçədə rastlaşdıq, öz şeir kitabını mənə hədiyyə edib dedi ki, mən şair deyiləm, amma bu şeirləri səni dinləyərək, sənin səsin üçün yazmışam.
Pərvin: Artıq sizin üçün nəinki tamaşa hazırlanır, hətta şeirlər də yazılır...
Fuad Poladov: (gülür) Amma bir daha deyirəm ki, özümü bədii qiraət ustası hesab etmirəm.
Pərvin: Son olaraq soruşmaq istəyirəm ki, səhnədən kənarda da aktyorluq edirsiz?
Fuad Poladov: Xeyr! Aktyorluğu yalnız səhnədə edirəm. Səhnədən başqa hər yerdə özüm oluram. Bu söhbətimizdə də həmçinin.  



Bu yazı ( 541 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar