12px14px16px18px

“Həyatı bütün çılpaqlığıyla yazmaq istəyirəm...”

PƏRVİNİN HƏMSÖHBƏTİ YAZIÇI, TƏRCÜMƏÇİ İMDAT AVŞARDIR

01:51 / 03.03.2012


















 
Pərvin: İmdat bəy, ötən ilin yayında Övliya Çələbinin səyahət etdiyi Azərbaycan torpaqlarını gəzib “Səyahətnamə” yazmaq məqsədiylə ölkəmizə səfəriniz olmuşdu. Lakin siz Azərbaycan ədəbiyyatı ilə daha əvvəldən tanışsınız. Bir çox ədəbi nümunələri tərcümə də etmisiniz. Bilmək istərdim ki, səyahətiniz zamanı Azərbaycanın təbiəti ilə ədəbiyyatı arasında nə kimi oxşarlıqlar və fərqlər gördünüz?
 
İmdat Avşar:  Pərvin xanım, sənəti formalaşdıran amillərdən biri onun yarandığı iqlim və coğrafiyadır, yəni vətəndir. Azərbaycan dünyada Qafqazlar adlandırılan bir bölgədə hər millətə nəsib olmayacaq dərəcədə gözəl bir ölkədir. (Onu deyim ki, mən də özümü bu torpağa aid hiss edirəm, bura mənim də vətənimdir) Azərbaycanın başından duman, qar əksik olmayan ulu dağları, hər mövsüm ayrı rəngə bürünən güllü-çiçəkli çəmənləri, yaşıl, qızılı naxışlı ormanları, Göygöl, Yanardağ kimi təbiət möcüzələri, baharda çağlayıb axan və keçdiyi hər yerə bərəkət saçan Kür, Araz çayları, nazlı-nazlı dalğalanan Xəzəri var. Və bu naxışları, rəngləri, möcüzələri ədəbiyyatda da aydın görmək olur.
 
Pərvin: Təbii ki, bütün sadaladıqlarınız illər boyu yazıçı və şairlərimizin ilham mənbəyi olmuşdur. Bəs, sizcə, həmin gözəlliklər ədəbiyyatımızda kifayət qədər öz əksini tapıbmı?
 
İmdat Avşar: Əlbəttə! Azərbaycanın Türk şeirində Qafqaz dağlarının zirvəsitək uca olan Sabir, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə kimi şairləri, Ümumtürk ədəbiyyatına Kür, Araz bərəkəti bəxş edən Mirzə Cəlil, Mirzə Fətəli Axundzadə, Mövlud Süleymanlı, Anar, Elçin kimi yazıçıları var. Dalğalı Xəzərin ahəngitək rəngli səslər, inləyən nəğmələr bağışlayan Üzeyir Hacıbəyli, Qara Qarayev kimi bəstəkarları var. Hesab edirəm ki, Azərbaycanın təkrarsız təbiəti bu sənətkarların yaradıcılığında lazımi qədər əks olunmuşdur.
 
Pərvin: İmdat bəy, bəzən insan bir məkanın təsvirini hansısa əsərdə oxuduqdan sonra həmin yerə gedəndə içində elə hiss olur, sanki orda yaşayıb, gəzib, oranı tanıyır! Siz ədəbiyyatımız, musiqimiz, incəsənətimizi kifayət qədər bilən adam kimi yəqin ki, səyahətiniz zamanı özünüzü qərib hiss etmədiniz...
 
İmdat Avşar: Doğrudur, Pərvin xanım! Mən səfərimdən çox-çox əvvəl Əhməd Cavadın “Qafqazlardan əsən yellər”ini duymuş, Abdulla Şaiqin “Vəzifə” hekayəsində uca dağlardan əsən Xəzrinin məni alıb aparacağını sanmış, Elçinin bir povestində əsərin qəhrəmanı Cavanşirlə birlikdə dağlara çökən duman içində batıb qalmış, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında bağ evlərinin eyvanından Xəzərə doyunca baxmışdım... Elçin Hüseynbəylinin hekayələrində Arazboyu kəndləri görmüş, Əkrəm Əylislinin povestində Kürqırağı meşələri gəzmişdim... Mən Yusif Səmədoğlunun “Astana” hekayəsində Qobustan qayalarına heyrətlə tamaşa etmiş, Rəsul Rzanın “Çinar ömrü” şeirində Göyçayın ulu çinarlarından birinin altında dincəlmiş, Anarın filmlərində İçəri şəhəri, Şuşanı seyr etmiş, Rəşid Behbudovun nəğməsində yazın əvvəlində Gənçə çölündə açan lalələrdən çələng hörmüşdüm.  
Siz çox dəqiq deyirsiniz... Mən doğrudan da bu gözəl diyarı səfərimdən öncə Azərbaycan ədəbiyyatı nümunələrində gəzdim, tanıdım. Ona görə səyahət edərkən heç olmadığım yerlərə ilk dəfə getdiyimdə belə oranı görmüşəm kimi bir hissə qapılırdım. Və bir daha əmin olurdum ki, Azərbaycan ədəbiyyatı bu torpaqlarda doğulmuş, onun   beşiyi, laylası da təbiət olmuşdur.
 
Pərvin: Haqqında danışdığımız səyahətinizdən bəhs edən “Övliya Çələbinin izində Azərbaycan” kitabınız artıq işıq üzü görüb, sizi bu münasibətlə təbrik edirəm. Yadınızdadırsa, səfərinizin başlanğıcında söhbət etmişdik və onda demişdiniz ki, 400 il öncəki Azərbaycanla indiki Azərbaycan arasındakı fərqlərdən yazmaq istəyirsiniz. Sizcə, məqsədinizə, istəyinizə nə dərəcədə nail ola bilmisiniz?
 
İmdat Avşar: Çox təşəkkür edirəm. Bəhs etdiyiniz kitabım ötən ilin dekabrında işıq üzü görüb.
Bilirsiniz ki, 2011-ci il bizim böyük səyyahımız Övliya Çələbinin 400 illiyi ilə əlaqədar olaraq Övliya Çələbi ili elan edilmişdi. Mən də bir layihə çərçivəsində Övliya Çələbinin 400 il öncə gəzdiyi və səyahətnaməsində qələmə aldığı yerlərin bu günkü durumunu görmək və yazmaq üçün Azərbaycanı seçdim.
 
Pərvin: Amma əfsuslar olsun ki, Övliya Çələbinin gəzdiyi yerlərin bir qismi bu gün Azərbaycan sərhədlərindən kənarda qalıb. Yəqin ki, bunun özü məqsədinizə çatmaq üçün maneə idi?
 
İmdat Avşar: Bəli! Məhz buna görə məqsədimə tam nail olduğumu söyləyə bilmərəm. Həm də səyahətim 12 gün sürdü. 12 günə Azərbaycanı başdan-başa dolaşmaq mümkün deyil. Mən kəndlərdə də olub onların şairləri, yazarları, aşıqları ilə söhbətləşmək, xalqla qaynayıb-qarışıb, insanlarla dərdləşmək istəyirdim, amma vaxtım çatmadı. Bütün bunlara rəğmən Şabran, Xaçmaz, Nabran, Quba, Bakı, Şamaxı, Pirqulu, Şəki, İsmayıllı, Lahıc, Bərdə, Gəncə, Şəmkir, Gədəbəy kimi yerləri görmək, oralardakı tarixi və doğal gözəllikləri tanımaq imkanım oldu.
Övliya Çələbinin təsvir etdiyi yerlərin çoxunun zamanın acımasızlığına qurban getdiyini təəssüf hissiylə müşahidə etdim. Çayların üstündəki köprülər, şəhərləri çevrələyən qalalar tamamən yox olub gedib. Onun anlatdığı ehtişamlı Bərdə, Gəncə, Şamaxı qalalarının yerində yellər əsir indi. Bu səyahətnamə başlanğıcdı. Kitabıma əlavələr edərək sanballı bir Azərbaycan kitabı hazırlamaq niyyətindəyəm, bəlkə o zaman istəyimə nail olaram.
 
Pərvin: İmdat bəy, azərilərin qonaqpərvərliyini bura gələnlər çox deyiblər, yazıblar. Onlarla razısınız?
 
İmdat Avşar: Bəli, tamamilə razıyam. Mən bütün səfərim boyunca hər yerdə isti, xoş münasibət gördüm. Kitabımı da yazmağımda ustad Anarın, sevgili dostlarım Rəşad Məcid, Elçin Hüseynbəyli, Eyvaz Zeynalovun, eyni zamanda Şabranın icra başçısı Novruz Nəcəfoğlunun və Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin böyük yardım və dəstəklərini hiss elədim. “525-ci qəzet” vasitəsiylə onlara bir daha öz təşəkkürlərimi bildirirəm.
 
Pərvin: İstərdim bir az da bədii yaradıcılığınızdan danışaq. Bilirik ki, ədəbiyyata 2007-ci ildə gəlmisiz. Qısa vaxt ərzində “Türk dünyasına xidmət” mükafatı, “Türk mədəniyyətinə xidmət” ödülü almısız. Yunis Əmrənin xatirəsinə həsr olunmuş hekayə yarışmasında birinci yeri tutmusuz, Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmisiz... Bu cür sürətlə tanınmağın, irəliləməyin səbəbi nədir? Yazıçı taleyi, bəxti? Yoxsa çalışqanlıq, zəhmətkeşlik?
 
İmdat Avşar: Maraqlı sualdır, Pərvin xanım! Beş il ərzində ədəbiyyatda qət etdiyim məsafənin yazıçı taleyi, bəxti ilə əlaqəsi varmı? İnanın, bunu özüm də bilmirəm. Əslində, bəlkə də bir yazıçı kimi bəxtim gətirməyib.
2007-ci ilə qədər qayğısız, azad bir oxucu idim. Mənim yazarlığım İqdırda işləyəndə Əli Akbaş ilə tanışlıqdan sonra birdən-birə başlayıb.  
2007-ci ilin oktyabr ayında onun tövsiyəsi ilə yazdığım ilk hekayəm “Qardaş Qələmlər” dərgisində yayımlandı. Bu ilk hekayə də ədəbi çevrələrdə geniş müzakirələrə səbəb oldu. Sonralar da bir tərəfdən hekayələr yazır, digər tərəfdən türk ləhcələrindən, özəlliklə Azərbaycan ədəbiyyatından tərcümələr edirdim. Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin düzənlədiyi iki yarışmaya qatıldım, ikisində də yazılarım birincilik ödülünə layiq görüldü. Bu 5 il ərzində Türkiyədə 2, Azərbaycanda 1 hekayələr toplusu kitabım, 1səyahətnamə və 8 tərcümə kitabım işıq üzü görüb. Bütün bunlar da gərgin əməyim, zəhmətim hesabına başa gəlib. Düşünürəm ki, bir yazar və tərcüməçi kimi qısa zamanda tanınmağıma yazıçı bəxti deyil, məhz çalışqanlıq səbəb olub.
 
Pərvin: Bu günlərdə Azərbaycan dilində hekayələr kitabınız dərc olunub. Hekayələrinizdə uşaqlıq xatirələriniz, düşüncələriniz, real hadisələr, real adamların təsviri üstünlük təşkil edir. Sizcə hər bir həyat hekayəsini ədəbiyyat nümunəsinə çevirmək mümkündü?
 
İmdat Avşar: Dəyərli elm adamı, professor Nurulla Çətin yazılarımla bağlı məqaləsində mənim realist və hətta naturalist hekayəçi olduğumu vurğulamışdı.
Mən əziz müəllimimin də dediyi kimi, həyatın içindən, real hadisələrdən, öz yaşantılarımdan çıxış edərək yazıram. Əslində insan oğlu, “həyat” deyilən böyük bir əsərin içində “ömür” deyilən kiçik bir hekayəni yaşayır. Və məhz bu hekayə parçalarını ədəbiyyat nümunəsinə çevirmək istedadlı, seçilmiş insanların sayəsində olur. Mənsə ömrümün bəzi parçalarını ədəbiyyata çevirə bilənlərdənəm. Həyatda olan qəhrəmanlarım, bir tərəfdən öz ömürlərini yaşarkən, digər tərəfdən də bir hekayə qəhrəmanı kimi ədəbiyyat dünyasında yaşayırlar.
 
Pərvin: Maraqlıdır, amma yəqin ki, sırf fantaziya, xəyal məhsulu olan yazılarınız da var...
 
İmdat Avşar: Bəli, var! Bu cür hekayələrimi hələ çap etdirməmişəm. Səbəbini deyə bilmərəm ... Amma həmin hekayələr və onların qəhrəmanları digərlərində olduğu kimi yaxın, doğma deyillər mənə.
 
Pərvin: Ümumiyyətlə, hekayələrinizi maraqlı edən cəhətlərdən biri də fərqli, qarışıq hissləri yazmağınızdır. Ağrı-acını nə qədər təsirli dillə təsvir edirsinizsə, o qədər də yumorla yanaşırsınız hadisələrə. Hətta bəzi əsərlərinizdə, məsələn, “Hamdi Kirvə”, “Anamın saatları”, “Evin yıxılsın, Hacı”, “Bizim evin qibləsi”, “Allah görür” və başqalarında hüznlə yumor paralel verilir...
 
İmdat Avşar: Dəqiq müşahidədir! Bu sualı çox oxucularım mənə verirlər. Misal üçün, filan hekayənizi oxudum, çox duyğulandım, kövrəldim, hətta ağladım, amma filan hekayənizi oxuyub gülməkdən uğundum – deyirlər. Əsl oxucunu maraqlandıran məsələ iki zidd durumun eyni əsərin içərisində yer almasıdır... 
 
Pərvin: Bəlkə də bu, reallığı, yaşadıqlarınızı qələmə almağınızdan irəli gəlir...
 
İmdat Avşar: Haqlısınız. Az öncə dediyim kimi mən reallığı yazıram və bütün bu hisslər, yəni ağrı, acı, kədər, dərd, yumor, zarafat həyatda paralel yaşanır. Həyatı bütün çılpaqlığıyla yazmaq istəyirəm, sadəcə.
 
Pərvin: Azərbaycanla bağlı dəyərli işlərinizdən biri də “Qarabağ qaçqınları” hekayənizdir. İstərdim bir az bu hekayənin yaranma tarixçəsindən danışasınız...
 
İmdat Avşar: Qarabağ hadisələri XX yüzilliyin sonlarında dünyanın gözü önündə yaşanan böyük bir fəlakətdir. Orada törədilən dəhşət sadəcə Azərbaycan türklərinin deyil, Dünya Türklüyünün də faciəsidir.
Qarabağ qaçqınlarından bir qızla evlənib xanımının ailəsini də Türkiyəyə gətirən, sonra boşanıb o adamları ortada buraxan pisniyyətli insanlar gördüm. 1999-cu ildə İqdır vilayətində müfəttiş işləyirdim. Hekayəsini yazdığım o ailə ilə də həmin vaxtlarda tanış olmuşdum. Qadının ehtiyacdan qapımı döyərək dilənməsi, “oğlum, bir kömək elə” – deməsini heç unuda bilmirəm. Hekayədəki tarzən qızımın oynadığı bir rəqs qrupuna başçılıq edib çörək pulu qazanırdı. Yəni bunlar real hadisələrdir. Millətimizin başına gətirilən böyük faciələrin kiçik təsvirləridir. Hesab edirəm ki, bu mövzuda əsərlərin yazılması lazımdır. Qarabağ hadisələriylə bağlı çoxlu hekayə və roman oxumuşam. Hətta Aqil Abbasın “Dolu” romanını Türkiyədə “Bengü yayınlar”ı vasitəsilə biz çap etmişik.
 
Pərvin: Hazırda Azərbaycanda “Dolu” romanı əsasında film çəkilir. Məncə, sizin də hekayəniz kinoya uyğun üslubdadır... 
 
İmdat Avşar: Bəli, mən Azərbaycandaykən Aqil müəllimin bu romanı əsasında film çəkilişi başlamışdı artıq. Bilirsiz, Pərvin xanım, bütün bu hadisələri ədəbiyyatın mövzusuna çevirmək vacibdir, ancaq dövrümüzün dili kinodur. İstərdim ki, bu hekayə əsasında da bir film çəkilsin və tale rüzgarının Türkiyəyə sovurduğu bir qaçqın ailəsinin yaşadığı faciəvi durum, ermənilərin törətdikləri dəhşətlərin nəticələri bütün dünyanın gözü önünə qoyulsun. Kim bilir, bəlkə də olar...
 
Pərvin: İmdat bəy, xatırlayıram ki, ötən söhbətimizdə “Ustad Anarın “Kərəm kimi” romanını tərcümə etməyimlə fəxr edirəm” – demişdiniz. Anar müəllimin “Türk dünyasında ilin ədəbiyyat adamı” ödülü alması ilə əlaqədar olaraq çalışdığınız “Qardaş Qələmlər” dərgisinin 2012-ci il yanvar sayı ona həsr edildi. Yəqin bu hadisə də sizin üçün fərəhli və əlamətdardı... 
 
İmdat Avşar: Şübhəsiz! Bu bütün Azərbaycan və Türkiyə üçün fəxrediləcək, öyünüləcək bir hadisədir. Çünki Anar türk dünyasının hər yerində müdrik ağsaqqal, böyük yazar, ədəbiyyat adamı olaraq tanınır.
 IV Türk Dünyası Ədəbiyyat dərgiləri konqresi ötən ilin oktyabr ayında Şimali Kipr Türk Cümhuriyyətində toplanmışdı. Həmin Konqresdə Türk dünyasında ilin ədəbiyyat adamı seçilməsi ilə bağlı müzakirələr oldu. Bu ödülə konqresə Qazaxıstan, Kərkük, ŞKTC və başqa ölkələrdən qatılan yazarların namizədliyi irəli sürülmüşdü. Bu yazarlarla da bağlı müxtəlif fikirlər səsləndi, ancaq Anar yekdilliklə Türk dünyasında ilin ədəbiyyat adamı seçildi və elan olundu. Orda bir daha gördük ki, ustad Anar türk dünyasında birləşdirici gücə malik yazıçıdır.
Həmin Konqresdən sonra Yaqub Dəliöməroğlu və redaktorumuz Əli Akbaşla müzakirələr edib “Qardaş Qələmlər” dərgisinin yanvar sayını Anar müəllimə həsr etmək qərarına gəldik, tərtibat işlərini mənə həvalə etdilər və 4 ay çalışıb Anarla bağlı özəl nömrəni hazırladıq.
 
Pərvin: Həmin sayda türk dünyasının bir çox elm, ədəbiyyat adamlarının Anar müəllimlə bağlı yazılarını oxuduq. Sizin “Anarın ömür yolu” adlı məqaləniz həmin sayda dərc olunmuşdu ki, bu da çox böyük maraqla qarşılandı...
 
İmdat Avşar: Dediyiniz yazıda Anarın ömür yolu ilə bağlı önəmli məlumatları bədii üslubla qələmə almışdım. 2012-ci il fevral ayında Elaziq-Bakı Mədəniyyət görüşündə həmin məqaləm əsasında 20 dəqiqəlik sənədli film hazırlanmışdı. Anar müəllim başda olmaqla bütün izləyicilər bu filmi bəyəndilər.
Ustad Anarla bağlı yeni bir layihəmiz də olacaq. Biz hər il Türk Dilləri arası Tərcümə Simpoziumu keçiririk. Hər il həmin Simpoziumda türk dünyasının bir yazar yaxud şairinin əsərini türk dillərinə tərcümə edib sonda iştirakçı olan yüzlərlə elm adamı, yazar, şair, tərciməçiyə paylayırıq.
Bu ilki simpozium Qırğızıstanda keçiriləcək. Bu dəfə böyük türk şairi Yunis İmrənin şeirlərini və Anar müəllimin “Yaxşı padşahın nağılı” povestini fərqli dillərə çevirib yayımlayacağıq. Bir kitabda bu əsərin rus, türk, azəri, qazax, qırğız, tatar, başqırd, türkmən, qaqauz və başqa dillərdə variantları toplanacaq.
Bundan əlavə Mehmet Akif Ersoy Universitetindən mənim sevgili dostum Doktor Gökhan Tunç Anarın yaradıcılığı ilə bağlı bir kitab hazırlayacaq ki, inşallah bu il içində o da işıq üzü görəcək.  
 
Pərvin: İmdat bəy, bu sadaladığınız işlər Azərbaycan ədəbiyyatının təbliğatı, tanınması baxımından olduqca faydalıdır. Bunlara görə sizə təşəkkür edirik.
 
İmdat Avşar: Azərbaycan ədəbiyyatı ilə bağlı planlarımız, işlərimiz çoxdur. İndi Azərbaycanın qüdrətli şairlərindən olan Məmməd İsmayılın şeirlər toplusunu çapa hazırlayıram, bu kitab “Bengü yayınları” vasitəsilə çıxacaq. Bir də bu il istedadlı yazar Elçin Hüseynbəylinin 50 illik yubileyi ilə bağlı onun bizdə hekayələr toplusu işıq üzü görüb, bir romanını da tərcümə edib çapdan çıxardıqdan sonra Türkiyədə kitablarının təqdimatını keçirəcəyik.  
 
Pərvin: Maraqlı söhbət üçün təşəkkür edirəm, İmdat bəy. Gələcək işlərinizdə uğurlar diləyirəm.
 
İmdat Avşar: Buyurun, Pərvin xanım. Mən də sizə və “525-ci qəzet”ə öz minnətdarlığımı bildirirəm.  
 
 
 



Bu yazı ( 497 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar