12px14px16px18px

“Bütün sevgilərin bir səsi var – pıçıltı...”

09:27 / 18.06.2011


Pərvinin həmsöhbəti yazıçı-publisist Vahid Qazidir.
Pərvin: Salam, Vahid bəy. Ruhlar şəhərinə səyahətiniz davam edir?
Vahid Qazi:
Salam, Pərvin xanım! “Davam” sözü bətnində “bitirib, yenidən başlamaq” anlamını gəzdirir. Bu mənada dediyiniz ünvandakı mövcudluğum səyahət yox, qalıb yaşamaqdı.
Pərvin: Elə isə “Ruhlar şəhəri” kitabınızdan danışmaq istəyirəm. Kitabdakı ilk “On yeddi” adlandırığınız essedə itkilərin ən dözülməzinin Yurd itkisi olduğunu vurğulayırsınız. Məncə, sevgilərin də ən böyüyü Yurd sevgisidir. İnsanın əsas sevgi obyektini itirməsi başqa sevgilərinə təsir etmir ki?
Vahid Qazi:
Antik dövrlərdə müxtəlif allahlar vardı: günəş, dəniz, səma və s. Amma əslində Allah həmişə birdir. Mən sevgini də o şəkildə görürəm. Yurd sevgisi bütöv Eşqi tamamlayan sevgilərdən biridi. Allah, dünya, vətən, ata-ana, yar, bala və s. sevgisi o tamın hissələridi. Bəzən bizə elə gəlir ki, bir sevgi obyektinin itirilməsi o biri sevgiləri artırır, bu ötəri haldı, əslində bütün sevgilərin yaralanır. Bunu sonralar duyursan.
Pərvin: Müxtəlif hisslərin ifadəsi fərqli şəkildə olur. Bəs, indi əlçatmaz olan Yurda sevginin ifadəsi necə olmalıdı sizcə?
Vahid Qazi:
Bütün sevgilərin bir səsi var – pıçıltı! Ana balasına laylanı, bəndə Allahına duanı, aşiq məşuquna sevgisini pıçıltı ilə deyir. Heç bunları qışqıra-qışqıra edən görmüsünüzmü? Qışqırıqda pafos var. Bir yazımda belə yazmışdım: “Mübariz İbrahimov Vətəni sevməyin düsturunu göstərdi. Heç kimə heç nə demədən. Sevgisini dilinə gətirmədən, eləcə “...artıq ürəyim dözmür” yazdı. Sonra sakitcə durub Vətəni sevməyə getdi. Vətəni sevməyə gedənlər qayıtmır, o da qayıtmadı. Beləcə, İlahi Eşqə qovuşdu!”
Pərvin: Amma mənə elə gəlir ki, bəzən sənin olanı qorumaq, ona sahib çıxmaq xatirinə bütün səsinlə qışqırmaq, “Bu mənimdir!” demək olar... Və kimin bunu pafos, kimin səmimi hesab edəcəyini heç düşünmək də lazım deyil... Bəlkə elə uzun illərdir pıçıldadığımızdan dediyiniz Tam sevgimizin itirilmiş parçasına qovuşa bilmirik.
Vahid Qazi:
Yox, biz pıçıldamadıq, qışqırdıq. Pıçıltıda düşünmək var. Qışqıran adam isə düşünmür. Biz qışqırdığımızdandı ki, nə baş verdiyini düşünə bilmədik. İnsan özünün hesab etdiyi bir şey uğrunda dava anında qışqırmır, hayqırır. Sevgi kontekstindən yanaşanda “pıçıltı” “hayqırmaq”la sinonimdir. Hayqırmaq düşünüb gəldiyin nəticəyə nöqtə qoymaqdı. “Bu mənimdir!”i hayqırıb deyirsən, çünki hayqırtı içdəndi, qışqırığın ünvanı isə dərin deyil, o boğazdan gəlir.
Pərvin: XXI əsrdə hər şeyin maddiləşməsinin də bu hisslərə təsiri var. Bəzi dəyərlər itib gedir... Heç əlimizdə olmayanı da layiqincə qiymətləndirmirik...
Vahid Qazi:
XXI əsr adamının daxilində hansı proses gedir? Bu prosesin adı nədir? Hələ bilinmir. XX əsrdəki iki böyük Dünya müharibəsində o qədər ölümlər oldu, başqa faciələr baş verdi. Bunları insanlar elədilər. Ona görə də XX əsr cəhənnəm darvazasında basırıq əsridi, o əsrin insanı “cəhənnəm”likdir. Amma cəhənnəmin də öz dəyər ölçüsü var. Faciə odur ki, dəyər olmayan yerə düşəsən, səni nə cəhənnəm, nə də cənnət qəbul edə. Qorxum XXI əsr insanının məhz bu arada qalmasındandı.
Pərvin: Bu fikriniz pessimizmdən irəli gəlmir ki?
Vahid Qazi: Pessimizm ovqatdır. Ovqat isə dəyişkəndi. Müxtəlif anlarda fərqli ovqata düşərsən. Mən vərdişi, xarakteri, artıq oturuşmuş yaşam tərzini deyirəm. Özü də söhbət bir nəfər, bir millətdən getmir. Hər şey kimi ümidsizlik də qloballaşıb, sanki.
Pərvin: Bəs başqa millətlərdə torpaq itkisinə reaksiya necədir? Biz – şərqlilər daha emosional hesab olunuruq. Deyək ki, avropalı ilə bizim reaksiyalarımız arasında fərq çoxdurmu?
Vahid Qazi:
100 il əvvəlin Avropa xəritəsinə baxsaq, indiki ilə müqayisədə böyük fərqlər görərik. 20 il əvvəl ölkəmiz SSRİ idi. İndi buradır. 100 ildən sonra bu vətənin coğrafi sərhədləri necə olacaq? Bilən varmı? Sərhədlərə Avropa təfəkkürü ilə yanaşmaq başqa şeydir. Onlar sərhəd davalarından sonra indi sərhədsizləşmənin yolunu axtarırlar. Polşa ərazisinin bir hissəsi Almaniyadadırsa, Belarusun bir hissəsi də Polşadadır və bu daha heç kimi düşündürmür.
Bizdə isə sərhəd davası bitməyib. Vətən duyğusu hələ özünün ibtidai mərhələsindədir. İbtidai, ya ali, fərqi yoxdu, təfəkkürün harasında olmasından asılı olmayaraq, vətən duyğusu hamının qəlbində var. Vətən yeganə yerdir ki, oranı heç kim gülə-gülə, sevinə-sevinə tərk eləmir. Nə qədər sənə yaşamaq üçün çətin şərait olsa da, havasızlıqdakı kimi boğulsan da, vətəni tərk edəndə göz yaşları ilə tərk edirsən...
Pərvin: Sizcə, bütün bu dediyiniz duyğuları “Ruhlar şəhəri”ndə ifadə edə bilmisiz?
Vahid Qazi:
O yazılar yazılan müddətdə tamamilə fərqli bir ovqata düşmüşdüm. Xoş olduğu qədər də ağır idi. Yazmaq istədiklərimin heç onda birini yazmadım. Alınmadı. Daha fərqli, daha böyük kitab yazıla bilərdi. Bilmirəm, bir də haçansa qayıda bilərəm ora, ya yox... Kosmik orbit deyilən bir şey var. Yəni fırlanıb bir də həmin nöqtəyə, “orbitə”, ovqata düşsəm, daha dərin hisslərə baş vuraram, yəqin...
Pərvin: Vahid bəy, sovet dövründə əyalətlərdən paytaxta gələn adamların öz kəndlərinə aid xatirələri üzərində qurulmuş nəsr əsərləri yazılırdı. Belə əsərlər ikili effekt doğururdu. Əgər əsər bədii cəhətdən güclü olurdusa, təsvir olunan mühitə heç aidiyyəti olmayan oxucunu da cəlb edirdi. Amma sırf xatirələrin sadalanması ilə kifayətlənən yazar yalnız o mühitə aid adamı oxucusuna çevirə bilirdi. Siz bu esselərlə Qarabağlıların, Ağdamlıların yaddaşını təzələmək, yoxsa o mühitdən kənar oxucuya da təsir etmək istəmisiniz?
Vahid Qazi: Onu deyim ki, bu yazıları yazmaqda heç bir məqsədim yox idi. Elə-belə qaralamağa başlamışdım, amma özüm başladımsa, davamını dostlar istədilər. Onların təkidi az rol oynamadı. Bir sms-ləri ilə esselərin ardını yazmağa ruhlandıran adamlar var idi. Özümə qalsa bir az tənbələm yazı-pozu işinə. Sualınıza gəldikdə isə deyə bilərəm ki, hətta Ağdamı görməyən gənclərin rəyləri var məndə. Kitab haqqında rəylər kitabın öz həcmindən iki dəfə çoxdur. Hamısını arxivləşdirmişəm.
Bu esselərdən Ağdam sözünü götürsək, istənilən adam həsrətində olduğu şəhərini görə bilər orda. Əvvəl Qarabağlı olmayan oxucu üçün maraqlı olmayacağını deyirdilər. Amma belə oxucuların rəyləri bunun tamam əksini göstərdi.
Pərvin: Esselərin qeyri-adiliyi kiçik hadisələrin təsviri ilə böyük ağrılar verilməsindədir. Bütün hadisələr sizin uşaqlıq, yeniyetməlik xatirələrinizlə bağlıdır. Başqalarının xatirində Ağdam necə qalıb? O zamanlar ermənilər üçün, digər əyalətlər üçün Ağdam necə idi? Bu sualların cavabı yoxdur kitabda. Heç Ağdamın son illəri də təsvir olunmayıb...
Vahid Qazi: Vətən haqqında bir kitab qələmə almaq fikriylə yazmamışam bu esseləri. Ağdamı təqdim etmək məqsədi də yox idi. Mən yazıçı deyiləm. Ayıb olar bu iddiaya düşsəm. Bu yazdıqlarımı da sadəcə könül qeydləri hesab edirəm. İndi “Kuba dəftəri” silsiləsindən yazılarım dərc olunur. Dostlar onu bədii əsərə çevirməyimi məsləhət görürlər. Amma mənim buna vaxt, səbir və vərdişlərim yoxdur.
Ağdamın son illəri haqqında yazılmaması ilə bağlı müşahidəniz düzgündür. Bu illər ümumiyyətlə yaddaşımda yoxdur. Öz yaddaşımdakı Ağdamı yazmışam. Amma heç onu da tam yaza bilməmişəm. Məsələn, toyların, yasların keçirilməsi bir proses kimi “Mağar” adlı essedə olmalı idi, amma yazılmadı. Bilirsiz, yazmaq sapa mirvari yığmaqdır, zora salsan sap qırıldığı kimi yazının da nizamı pozulur. Neçə adam adlarını kitaba salmaq istəklərini açıq, ya üstüörtülü şəkildə deyirdi. Ürəyindən keçməyəni əsərinə əlavə edirsənsə, özünə xəyanət etmiş olursan. Kitabda hiss etmədən, duymadan yazdığım bir dənə də cümlə yoxdur.
Pərvin: Bəzən cəmiyyətdə elə adamlar olur ki, yazıçı deyil. Amma deyirlər elə ruhu, ilhamı, yaddaşı var, yaza bilsə, çox maraqlı əsərlər yaradar. Kitabda bizim tanıdığımız və tanımadığımız adamlardan yazmısız. Onlardan hansısa biri bu esseləri yazsaydı, Vahid Qazi necə təsvir olunardı sizcə? Ümumiyyətlə olardımı o adamların içərisində?
Vahid Qazi: Maraqlıdır. Heç o barədə fikirləşməmişəm. Bizim qonşuda Ağca xala var idi, beli bükülmüşdü. Uşaq vaxtı mənim ona və qonşularımıza xoş gələn hərəkətim zənbilini alıb düz evlərinə qədər aparmağım idi. Zənbilin çox ağır olmasına baxmayaraq, hər görəndə belə edirdim. Düşünürəm bəlkə bu hadisəni təsvir edə bilərdilər. Başqa elə bir qoçaqlığım olmayıb.
Pərvin: Sizcə yazdığınız Ağdam onu dərk etməyə kifayət edər?
Vahid Qazi: Dərk olmasa da, duymağa bəs edər. Bəlkə də dərk üçün əlavə detallar lazım olar. Amma müxtəlif yerlərdə keçirdiyimiz “Ağdam-Qafqaz Xirosiması və ruhlar şəhəri” sərgisi və onun kataloqu kitabla birlikdə müəyyən təsəvvür yaradar. Ona görə müxtəlif xarici ölkələrdə bu sərginin nümayişi üçün çox çalışırıq. Bu yolla Qarabağ həqiqətlərini dünyaya sadə dildə çatdırmaq olar. Şübhəsiz kitabın da tərcüməsi pis olmaz. Bunu mənə çox adam deyib. Düşünürəm ki, xarici auditoriya üçün müəyyən redaktələrə, əlavələrə ehtiyac olar. Bunu da çox qısa bir müddətdə edə bilərəm.
Pərvin: Günlərin birində sizdən başqa heç kimin Qarabağdan yazmayacağını eşidirsiniz, şərt budur ki, ancaq siz yazmalısınız, nə edərsiz? Bu mövzunu təkcə yazmağa güc yetərmi?
Vahid Qazi: Şərt olan yerdə işləyə bilmərəm. Məni sərbəst burax, özüm nəsə yazaram. Şərtlə, diktəylə səmimi bir şey yazmaq olmaz.
Belə bir yükü tək daşımaq mümkünsüzdü. Yük də faciə kimidi, paylaşdıqca yüngülləşir.
Pərvin: Hərə özünə uyğun yük götürməlidir. Kişinin kişi, qadının qadın yükü var, deyilmi?..
Vahid Qazi: Təbii iş bölgüsü olmalıdı. Yükün məsuliyyəti kimi məsuliyyətin də yükü var. Bu mənalarda qadınları çox yükləmək olmaz, onsuz da yükün ağırı kişilərin çiynindədir. Allah belə məsləhət görüb, bizlik bir iş yoxdu. Heç bağda işləmisinizmi? Fikir verirsinizmi, qadınlar adətən nəyə qulluq edirlər? Bir mövsümlük ömrü olan çiçəklərə, göyərti ləklərinə. Amma kişi suyu çoxillik böyük ağaca doğru çəkir. Bu misalı həm də məsuliyyətin miqyası üçün çəkdim. Qadın ailəni, kişi nəsli düşünür, hətta sonrakı törəmələri də.
Pərvin: Futbolu çox sevirsiz?
Vahid Qazi: Əvvəllər daha çox sevərdim.
Pərvin: Qarabağa aid söhbətimizin ortasında futboldan sual verməyim qəribə göründü yəqin...
Vahid Qazi: Yəqin esselərdəki futbolla bağlı məqamlara görə soruşursunuz?!
Pərvin: Düz tapmısız. Esselərdən birində uduzan komandanızın heyfini stolüstü futbol meydançasında necə çıxmağınızdan yazmısınız. Əslində bu məqamın fəlsəfəsi böyükdür. Uşaq acizliyindən irəli gələn hərəkətdir. Yəni uduzan komandasına kömək edə bilməyən uşağın xəyalən də olsa, onu qalib etməsi...
Vahid Qazi:
O cür xəyallarım indi də var. İlk illər yarıyuxulu, yarıoyaq məqamlarda snayperlərlə silahlanıb Qarabağa getməyim, partizanlıq etməyim olurdu. Amma hələ də diri qalan bir xəyalım var. Uşaq vaxtı biz Şuşada istirahət evində qalırdıq. İstirahət evinin həyəti qala divarlarınadək uzanırdı. Qala divarlarının üstünə çıxıb Qarabağın sonsuz, ucsuz-bucaqsız dağları, təpələri, düzəngahlarına baxırdıq. Tez-tez o qala divarlarından Ağdama sarı quş kimi uçuram.
Pərvin: Ağdama arzunuz...
Vahid Qazi: Deyirlər Qarabağı diplomatiya yoluyla alaq, təki elə olsun, amma unutmayaq ki, diplomatiyada hərbi güc qumarda xal kimidi. Kitabımın sonuncu essesi “Xəyal memarı”nda yazdığım kimi arzum Ağdamı geri qaytarmaq, sonra da tikməkdi.
Pərvin: Mənə arzunuz...
Vahid Qazi: Bir hekayənizdəki rəssam qəhrəmanınızı şüşə arxasında necə görüb şəklini çəkibsə, sevdikləriniz də sizi o cür görə bilsinlər.




Bu yazı ( 817 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar