12px14px16px18px

Dilçilik İnstitutunda struktur dəyişikliyi edilməsi təklif olunacaq

01:44 / 26.05.2012
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu prezidentin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamının icrası ilə əlaqədar hazırlayacaqları təkliflərdə Dilçilik İnstitutunda struktur dəyişikliyinin aparılmasını təklif edəcək. Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlov bildirib ki, prezident tərəfindən belə sərəncamın verilməsi çox yüksək bir haldır. O bildirib ki, institutda bəzi köhnə şöbələr birləşdirilə bilər. Artıq institutda elmin tələblərinə cavab verən yeni şöbələrin yaradılması, kadr potensialının gücləndirilməsi, kadrların hazırlanmasına diqqətin artırılması, dilçiliyin yeni istiqamətləri üzrə tədqiqatların genişləndirilməsi, dissertasiyaların keyfiyyətinin yüksəldilməsi üçün işlərin aparılması təklif ediləcək. Bu məsələlərin dilçiliyin inkişafı üçün çox önəmli olduğunu deyən F.Veysəlov hesab edir ki, bunlar sərəncamın icrası ilə bağlı hazırlanacaq geniş fəaliyyət planında öz əksini tapa bilər. Alim bildirib ki, hazırda dilçiliyin inkişafı ilə bağlı müəyyən boşluqlar var. Bu sərəncam həmin boşluqları dolduracaq, Azərbaycan dilinin inkişafına, onun təbliğinin genişləndirilməsinə imkan verəcək. İnstitutun direktor əvəzi bildirib ki, hazırda Azərbaycanın telekanallarında, mətbuat orqanlarında dilin işlənməsi ilə bağlı çoxlu qüsurlar müşahidə olunur. Belə halların aradan qaldırılması üçün “Qaynar xətt” yaradıla bilər. F.Veysəlov hesab edir ki, dilin tələblərinin pozulması halı baş verdikdə bu barədə “Qaynar xətt”ə məlumat vermək və müvafiq qurumlardan belə hallara yol verilməməsini tələb etmək lazımdır: “İndi telekanallar deyirlər ki, biz sərbəstik, öz siyasətimizi yeridirik. Ancaq dil xalqın dilidir və xalqın heysiyyatına toxunmaq olmaz. Dilin bütün incəliklərini qorumaq və ona əməl etmək lazımdır”. Alim qeyd edib ki, Azərbaycan dilçiliyindəki şah əsərlərin xarici dillərə tərcüməsi lazımdır. O, buna görə də müasir nəzəri dilçilik ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi məsələsinə də diqqətin yetirilməsini vacib sayıb. F.Veysəlovun fikrincə, Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Nazirlər Kabineti yanında yaradılacaq Tərcümə Mərkəzi çoxfunksiyalı olmalı və müasir tələblərə cavab verməlidir. O, bütün tərcümə olunan ədəbiyyatların bu mərkəzlə razılaşdırılacağının gözlənildiyini də bildirib: “Hazırda nəşriyyatların sayı çoxdur. Onlar gəlir əldə etmək üçün dilin tələblərinə əməl etmədən ədəbiyyatları çap edirlər. Biz buna laqeyd qala bilmərik. Ona görə də bu məsələ diqqət mərkəzində olmalıdır”. S.QARAYEVA


Bu yazı ( 189 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar