12px14px16px18px

Bakıda Distant Təhsil Mərkəzinin açılışı olub

00:37 / 24.05.2012
Dünən Bakıda Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı keçirilib. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir.
Açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov, qeyd edib ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə daha yaxından cəlb olunması ilə əlaqədar “Elektron təlimləndirən sistemlər” adlı layihə işlənib hazırlanıb. Layihə haqqında məlumat verən nazir qeyd etdi ki, əsas məqsəd məsafədən təhsilin inkişafı, layihəyə cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsilalma imkanlarının yaxşılaşdırılması, kompüter, elektron resurslardan istifadə bacarıqlarının artırılması, Azərbaycan təhsil səbəkəsinə və İnternetə çıxış imkanlarının yaxşılaşdırılmasından ibarətdir.
Nazirin sözlərinə görə, “Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompyuter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və İnternetə çıxış imkanlarının yaradılmasıdır: “Məlumat üçün bildirim ki, layihə çərçivəsində 30 şagird və 7 müəllimə Apple şirkətinin istehsalı olan Macbook noutbukları verilib, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, yüksək sürətli İnternet bağlantısı ilə təmin edilib”.
M.Mərdanov vurğulayıb ki, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrılan tədris məkanının yüksək sürətli fibro-optik İnternet və İntranet bağlantılarla təchiz olunması təmin ediləcək. “Elektron təlimləndirən sistemlər” təlim məsafəsi əsasında 16 təlimçi müəllimin hazırlanması təmin olunacaq: “Yeni hazırlanmış təlimçilər tərəfindən məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməyi ilə “Elektron təlimləndirən sistemlər” təlim məsafəsi əsasında təlimlərin təşkil olunması planlaşdırılıb. Nəhayət, müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün yeni portalın yaradılması da nəzərdə tutulur. Bu işi görərkən şagirdlərin daha yaxşı təlim almasına, müasir təlim texnologiyalarından istifadə olunmasına diqqət daha da artırılacaq”.
M.Mərdanov layihənin həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fonduna və bu işdə əməyi olan bütün təşkilatlara təşəkkürünü bildirib.
Tədbir çərçivəsində www.mesafedenmekteb.edu.az İnternet portalının da təqdimatı keçirilib.
S.QARAYEVA




Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar