12px14px16px18px

Fənn olimpiadalarının nəticələrilə bağlı təhsil naziri əmr imzalayıb

01:10 / 18.05.2012
Təhsil naziri Misir Mərdanov məktəblilərin 2011-2012-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə əmr imzalayıb. Əmrdə qeyd olunub ki, 2011-2012-ci dərs ilində məktəblilərin fənn olimpiadalarından əldə edilən nəticələr əvvəlki illərlə müqayisədə daha yüksək olub. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fənn olimpiadalarının yekun turunda Naxçıvan Muxtar Respublikasının, Bakı, Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinin, Şəki, İsmayıllı, Tovuz, Şəmkir, Zaqatala, Qazax, Şamaxı, Cəlilabad, Quba, Hacıqabul, Siyəzən, Qax, Ucar, Ağdaş, Qəbələ, Abşeron, Yardımlı, Kürdəmir, İmişli, Beyləqan, Balakən, Göygöl, Salyan, Füzuli, Masallı, Lerik, Samux, Tərtər rayonlarından olan şagirdlər daha çox fərqlənib, mükafata layiq yerləri tutublar. Qaliblərin sayı baxımından “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri üstünlük təşkil ediblər. Həmin liseylərin 31 nəfər şagirdi I-IV yerlərə, o cümlədən 10 nəfər I, 8 nəfər II, 6 nəfər III, 7 nəfər IV yerə layiq görülüb.Fənn olimpiadalarının təşkili və keçirilməsində bir sıra rayonlarda səhlənkar yanaşma hallarına da yol verildiyi aşkarlanıb. Ağcabədi, Daşkəsən, Beyləqan, Qazax, Abşeron, Cəbrayıl, Xızı, Şabran, Sabirabad, Zəngilan, Ağstafa, Füzuli rayonlarından fizika və kimya fənlərindən, Samux, Gədəbəy, Ağdam, Qusar, Bərdə rayonlarından fizikadan, Xaçmaz, Neftçala, Qobustan, Göygöl, Salyan rayonlarından kimyadan, Cəbrayıl, Zərdab, Göygöl, Daşkəsən rayonlarından riyaziyyatdan, Şabran, Qubadlı rayonlarından riyaziyyat və biologiyadan, Laçın rayonundan biologiyadan olimpiadanın yekun turunda bir nəfər də iştirakçı olmayıb. Kəlbəcər və Xocavənd rayonlarının hər birindən isə yalnız 1 nəfər iştirak edib. İnformatika fənni üzrə olimpiadanın yekun turunda Gəncə, Şirvan, Naftalan şəhərlərindən, Abşeron, Xaçmaz, Neftçala, İmişli və Samux rayonları istisna olunmaqla digər rayonlardan iştirakçı olmayıb. Ağsu, Ağdam, Qobustan, Daşkəsən, Qubadlı, Kəlbəcər rayonlarından bir nəfər olsun belə mükafata layiq yer tutmayıb. I və II rayon (şəhər) turlarında seçim qeyri-obyektiv aparılıb. Nazir “Məktəblilərin 2011-2012-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə” əmrində çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Eyni zamanda, olimpiadalarda şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlər, olimpiadaların keçirilməsində xüsusi əmək sərf edən respublika münsiflər heyətinin sədrləri, üzvləri mükafatlandırılacaq. S.QARAYEVA


Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar