12px14px16px18px

Məktəb direktorluğuna namizədlərin məlumat bazası yaradılır

01:05 / 18.05.2012
Təhsil Nazirliyi ölkənin orta məktəblərinin direktorluğuna namizədlərin məlumat bazasını yaradılması işinə start verib. Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda məlumat bazasının yaradılması üçün iş aparılır. Bazanın yaradılmasında əsas məqsəd daim ehtiyat kadrların olmasını təmin etmək, lazım olduqda onlardan istifadə etməkdir. “Təhsil haqqında” qanuna görə, təhsil müəssisələrinin rəhbərləri birbaşa nazirlik tərəfindən təyin edilir. Buna görə də direktorluğa namizədlərin adları rayon təhsil şöbələri tərəfindən nazirliyiə təqdim edilir. Direktor vəzifəsində çalışmaq istəyənlər kompüter vasitəsilə imtahan verərək işə qəbul olunurlar. İmtahanda suallar təhsil və əmək qanunvericiliyi, idarəetmə, informasiya-kommunikasiya texnologiyaları və məntiqlə bağlı olur. Məlumatda bildirilib ki, 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayana qədər bu müsabiqələrin keçirilməsi məqsədi ilə Kadr Təminatı və Təlim Mərkəzinin formalaşdırılmasına başlanılıb. Müəllimlərin işə qəbulu üçün imtahanlar bu il həmin mərkəzdə keçirilə bilər. Hazırda mərkəzin binasının müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılır. Ötən il müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsi üçün Təhsilin İnformasiyalaşdırılması İdarəsinin bazasından istifadə edilib. İndi isə məqsəd odur ki, bu işi müstəqil həyata keçirmək üçün ayrıca mərkəz yaradılsın. Nazirlikdən vurğulanıb ki, mərkəzdə işə qəbul üçün şəbəkə qurulacaq. Bu mərkəz yeni bir struktur olmayacaq, yəni o, daimi fəaliyyət göstərməyəcək. Mərkəzdən müəllimlərin işə qəbulu həyata keçirilən zaman istifadə ediləcəkdir. Buna baxmayaraq, ondan il ərzində təlimlərin keçirilməsi, direktorların işə qəbulu və sair məqsədlər üçün də istifadə oluna bilər. S.QARAYEVA


Bu yazı ( 75 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar