12px14px16px18px

Səmayə Məmmədova:“Univision” mahnı müsabiqəsi istedadlı tələbələri üzə çıxarmağa kömək edəcək”

12:55 / 12.05.2012
Mayın 15-17-də ilk dəfə olaraq Bakıda Heydər Əliyev adına Sarayda “Univision” tələbə mahnı müsabiqəsi keçiriləcək. Yarışma Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə təşkil olunacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi, müsabiqənin media üzrə rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, bu gün Azərbaycanda sözün əsl mənasında hər bir sahədə istedadı, bacarığı ilə seçilən gənclər var. Gənclər və İdman Nazirliyi istedadlı gənclərin üzə çıxarılması, tanıdılması və onlara dəstək göstərilməsində bir çox layihələrə imza atmağı qarşısına məqsəd qoyub: “Tələbələrin arzu və istəkləri, onların maraqları bizim üçün önəmli rol oynayır. “Univision” tələbə mahnı müsabiqəsi də belə maraqlı və orijinal layihələrimizdəndir. İdeya Azərbaycan Dillər Universitetinin tələbəsi Natəvan Quliyevadan gəldi. Biz bu layihə reallaşdırmaqla bir neçə məqsədə nail oluruq. İlk olaraq istedadlı gənclərə dəstək olur, onları gələcək yaradıcılığa sitmullaşdırırıq. Daha sonra gənclərə gələcək də lazım olacaq səhnə vərdişləri və bacarıqlarını aşılayırıq. Kim bilir, bəlkə bu il “Univision” tələbə mahnı müsabiqəsinin qalibləri sabah ölkəmizi başqa mötəbər beynəlxalq musiqi yarışları və mədəniyyət tədbirlərində təmsil edəcəklər. Heç kəsə sirr deyil ki, “Eurovision 2011”in qaliblərindən biri olan Eldar Qasımov Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi “Tələbə Baharı” musiqi festivalının iştirakçısı olub”. Mətbuat katibi söyləyib ki, müsabiqə “Evrovision” formatında keçirilməsi planlaşdırılır: “Müsabiqədə hər bir ali təhsil müəssisəsini 1 komanda təmsil edə bilər. Artıq Bakı Musiqi Akademiyasıda Akademiya daxili seçim turuna start verib. İştirakçılar professor və müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və ölkə üzrə final mərhələsinə vəsiqə qazanacaqdır. Musiqilər canlı və ya minus şəklində ifa edilə bilər.Qaliblər qiymətli hədiyyələr və diplomla mükafatlandırılacaqdır”.
S.Məmmədova deyir ki, sözügedən musiqi yarışmasına Avropa Tələbələr Birliyinin nümayədələri dəvət olunub: “Bu yaxınlarda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Avropa Tələbələr Birliyinin tam hüquqlu üzvü oldu və bu ölkəmizin tələbələrinin Avropaya inteqrasiyasına öz müsbət təsir göstərəcək. Müsabiqədə iştirak edəcək avropalı qonalqlar yarışmanı seyr edəcək, onun gedişatı və strukturu ilə tanış olacaqlar. Növbəti mərhələdə, yəni gələn il yarışmanın ilk dəfə olaraq MDB məkanına çıxarılması nəzərdə tutulub. Daha sonra isə Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlərin aparılmasını planlaşdırmışıq. Gələn il isə müsabiqəyə MDB və Avropa ölkələrindən də iştirakçılar qatılacaq”.
S.Məmmədovanın dediyinə görə, texnikum və kolleclər bu dəfə “Univision” mahnı yarışmasına qatıla bilməyəcəklər. Ancaq gələcəkdə bu məsələni bir daha nəzərdən keçirib, onların da nümayəndələrinin yarışmaya qatılmasına imkan yaratmaq planlaşdırılıb: “Bu il “Univision” mahnı yarışmasında ali məktəblər iştirak edəcək. Ancaq gələcəkdə ölkədə fəaliyyət göstərən texnikum və kollecləri də “Univision” mahnı yarışmasına qatıla biləcəklər. Biz bu məsələni gündəmdə saxlayıb texnikum və kolleclərin də “Univision” mahnı yarışmasında iştirakını təmin etmək fikrindəyik”.
Münsiflər heyətinin gizli tərkibdən təşkil olunmasının səbəbləri haqda danışan S.Məmmədova bildirib ki, əsas səbəb ədalət prinsipinin maksimum qorunub, saxlanılmasıdır: “Gizli saxlanılan münsiflər heyətinin öhdəliklərindən biri də ondan ibarətdir ki, onlar özlərinin münsif olmaları haqqda heç bir məlumat yaymayacaqlar. Onların münsif olması məxfi saxlanılacaq. Təşkilat komitəsindən başqa heç kəs münsifləri tanımayacaq. Əgər münsiflərdən kimsə özünü bəlli etsə, özünün münsif olduğu haqqda informasiya yayımlasa, münsifin təmsil etdiyi ali təhsil müəssisəsi yarışmadan uzaqlaşdırılacaq. Bu ali təhsil müəssisəsinin yarışmada iştirakıda icazə verilməyəcək”.
Müsabiqənin media üzrə rəhbəri əlavə edib ki, 24 universitetdən müsabiqəyə qoşulan tələbələr çox istedadlıdırlar: “Müsabiqəni keçirməkdə əsas məqsədimiz, istedadlı, bacarıqlı tələbələri üzə çıxartmaqdır, “Univision” bu işə kömək edəcək. 24 universitetdən müsabiqəyə qoşulan tələbələr çox bacarıqlı və istedadlıdırlar. Bu da bizi çox sevindirir”.
“Univision” mahnı müsabiqəsi ölkədə səsverməsi “sms”siz keçirilən ilk yarışmadır. S.Məmmədova vurğulayıb ki, bu ənənənin qoyulması hansısa müsbət nəticələr verə bilər: “Musiqi canlı, biletlər isə pulsuz olacaq. Bu layihənin qalibləri “sms”siz bilinəcək. Bunu ona görə etmişik ki, nə Gənclər və İdman Nazirliyi nə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Univision” tələbə mahnı müsabiqəsinə kommersiya layihəsi kimi baxmır. Nazirlik və İttifaq bu layihəni sırf istedadlı gənclərin üzə çıxarılması üçün həyata keçirir. Beynəlxalq aləmdə ölkəmizin inkişafını, qüdrətini və Avropaya inteqrasiyaya sürətini göstərə biləcək gənclərimizin sayı çox olmalıdır. Mən inanıram ki, belə gənclər Azərbaycanın adını müxtəlif səhnələrdə daim 1-ci etməyə qadirdilər. Dünyanın müxləif ölkələrdə keçirilən yarışma və müsabiqələrə qatılan gənclərimiz qazandıqları uğurlarla bunu bir daha sübut ediblər. Düşünürəm ki, belə gənclərə istedadlarını göstərmək üçün şərait yaratmaq lazımdır”.
S.Məmmədovanın söylədiyinə görə, “Univision” mahnı müsabiqəsinin devizi artıq bəlli olub. Müsabiqənin yarımfinalı mayın 15-də keçiriləcək. Müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq deviz “Birinci ol” adlandırılıb. Devizin müəyyən olunması üçün aprel ayının 26-dan başlayan müsabiqəyə 10 gün ərzində ali təhsil ocaqlarının tələbələrindən 100-dən çox təklif daxil olub.
Tələbələr devizin seçimində daha çox tələbəlik və birincilik sözlərindən istifadə ediblər. Devizin seçimi ilə bağlı keçirilən müsabiqə zamanı ən çox fəallıq göstərən unversitetlər Bakı Slavyan, Bakı Dövlət, Azərbaycan Dillər, Xəzər və Dövlət İqtisad universitetləri olub. Təkliflər müzakirə olunub və yekun qərar qəbul edilib. Nəticə etibarilə verilən qərara əsasən deviz “Birinci ol” adlandırılıb. Bununla yanaşı, hazırda metrostansiyalarda və şəhərin mərkəzi küçələrində “Univision” layihəsi ilə bağlı bilbordların asılması işlərinə başlanılıb. Bilbordların tez bir zamanda metrostansiyalarda və şəhərin mərkəzi küçələrində asılması üçün gərgin iş gedir. Eyni zamanda, universitetlərdə tələbələr tərəfindən fəal şəkildə fan klublar yaradılır: “Univision” tələbə mahnı yarışmasına Azərbaycanın 24 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq. Qaliblərə yarışmanın və ittifaqın siması olmaqla bərabər, mükafat da veriləcək. Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. Səsvermə gizli tələbə şuraları tərəfindən gerçəkləşəcək”. S.Məmmədovanın dediyinə görə, “Univision” mahnı müsabiqəsinin qalibinin qazanacağı məbləğ də bəllidir. 1-ci yerin qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə, qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Digər qaliblər üçün də hədiyyələr müəyyən edilib.
S.Məmmədova vurğulayıb ki, hazırda “Univision” mahnı müsabiqəsinin iştirakçıları əməkdar artist Tünzalə Ağayevanın studiyasında müğənninin rəhbərliyi altında məşqlər keçirlər. T.Ağayeva məşğul olduğu tələbələrdən çox razı olduğunu deyir. Çünki tələbələr əməkdar artistin iradlarını düzgün qəbul edərək öz öhdələrinə düşən vəzifələrini bilirlər. Bununla yanaşı, layihəyə tanınmış stilist və imicmeykerlər də cəlb olunub: “Univision” mahnı yarışmasının yüksək səviyyədə keçirilməsi üçün həm Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən lazımi tədbirlər həyata keçirilib.
Biz çalışmışıq ki, müsabiqə yüksək səviyyədə keçirilsin. Layihəyə tanınmış stilist və imicmeykerlər, peşəkarlar cəlb olunub. İnanıram ki, yarışma yüksək səviyyədə təşkil olunacaq. Müsabiqə canlı olaraq “Muz TV” vasitəsi ilə yayımlanacaq. Müsabiqənin təşkilatçılarından biri “Qızıl qala” productiondur”.
S.Məmmədovanın söylədiyinə görə, artıq “Univision” mahnı müsabiqəsinin püşkatması olub. Püşkatmanın nəticələrinə görə, 24 universitetin sıra nömrələri bəlli olub: “Univision” mahnı müsabiqəsində Bakı Biznes Universiteti, Milli Aviasiya Akademiyası, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Kooperasiya Universiteti, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Musiqi Akademiyası, Odlar Yurdu Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyası, Təfəkkür Universiteti, Milli Konservatoriya, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Dövlət Neft Akademiyası, Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti (Gəncə), Xəzər Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Qərb Universiteti, Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Dövlət Aqrar Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri çıxış edəcəklər”.
Sevinc QARAYEVA



Bu yazı ( 143 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar