12px14px16px18px

Tələbələr arasında “Univision” mahnı müsabiqəsinin devizi – “Birinci ol!”

01:15 / 11.05.2012
Azərbaycanda ilk dəfə olaraq mayın 17-də Heydər Əliyev adına Sarayda keçiriləcək tələbələr arasında “Univision” mahnı müsabiqəsinin devizi artıq bəlli olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, müsabiqənin yarımfinalı mayın 15-də keçiriləcək. Müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq deviz “Birinci ol!” seçilib. Devizin müəyyən olunması üçün aprel ayının 26-dan başlayan müsabiqəyə 10 gün ərzində ali təhsil ocaqlarının tələbələrindən 100-dən çox təklif daxil olub. Tələbələr devizin seçimində daha çox tələbəlik və birincilik sözlərindən istifadə ediblər. Devizin seçimi ilə bağlı keçirilən müsabiqə zamanı ən çox fəallıq göstərən universitetlər Bakı Slavyan, Bakı Dövlət, Azərbaycan Dillər, Xəzər və Dövlət İqtisad universitetləri olub. Nəticə etibarilə verilən qərara əsasən deviz “Birinci ol” adlandırılıb. Bununla yanaşı, hazırda metrostansiyalarda və şəhərin mərkəzi küçələrində “Univision” layihəsi ilə bağlı bilbordların asılması işlərinə başlanılıb. Eyni zamanda, universitetlərdə tələbələr tərəfindən fəal şəkildə fan klublar yaradılır: “Qeyd edim ki, “Univision” mahnı yarışması Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçiriləcək. Gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində işlər görülür. “Univision” tələbə mahnı yarışmasına Azərbaycanın 26 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq. Qaliblərə yarışmanın və ittifaqın siması olmaqla bərabər, mükafat da veriləcək. Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. Səsvermə gizli tələbə şuraları tərəfindən gerçəkləşəcək”. S.Məmmədovanın dediyinə görə, “Univision” mahnı müsabiqəsinin qalibinin qazanacağı məbləğ də bəllidir. 1-ci yerin qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə, qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Digər qaliblər üçün də hədiyyələr müəyyən edilib. S.QARAYEVA


Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar