12px14px16px18px

Ali və orta ixtisas məktəblərinə ərizə qəbulu prosesi davam edir

11:50 / 05.05.2012
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak üçün ərizə qəbulu aparılmaqdadır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, 2012-2013-cü tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalıdır. Mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı gəlincə, Azərbaycan bölməsi üzrə 53687 ərizə təsdiqlənib ki, bunun da 16905-i I qrup, 12172-si II qrup, 17148-i III qrup, 7462-i isə IV qrupun payına düşür. Rus bölməsi üzrə isə I qrupda 2806, II qrupda 2614, III qrupda 2649, IV qrupda 1023 nəfər sənədini təsdiqləyib ki, bu da ümumilikdə 9092 edir. Ali məktəblərə imtahan vermək üçün cəmi 62779 nəfər öz elektron ərizələrini təsdiqlədib ki, bunun da 19711-i I qrup, 14786-sı II qrup, 19797-si III qrup, 8485-i isə IV qrupun payına düşür. Ümumilikdə 62779 nəfər elektron ərizəsini təsdiqləyib ki, onlardan da 53687-si Azərbaycan, 9092-si rus bölməsi təşkil edir.
Komissiyadan bildirilib ki, ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalıdır. Abituriyentlər onu təsdiq etdirməli və seçdikləri ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) mayın 1–dən 18-dək komissiya tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər. Seçmə tur Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir. QİK-lər ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bakı şəhərində 6, regionlar üzrə isə 6 tədris müəssisəsində Qabiliyyət İmtahanı Komissiyası təşkil olunub. Qabiliyyət imtahanlarının cədvəli yaxın vaxtlarda TQDK-nın internet saytında veriləcək.
S.QARAYEVA






Bu yazı ( 182 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar