12px14px16px18px

Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” kitabının təqdimatı olub

“BU ÜÇ CİLDLİK FUNDAMENTAL TƏDQİQAT ƏSƏRİ TƏHSİL TARİXİMİZLƏ BAĞLI ELMİ ARAŞDIRMALARIN UĞURLU NƏTİCƏSİ VƏ BU SAHƏDƏ MÜHÜM NAİLİYYƏT KİMİ QƏBUL EDİLMƏLİDİR”

00:52 / 04.05.2012
Dünən Bakıda təhsil naziri, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkilləri Fəttah Heydərov, Qənirə Paşayeva, Gülər Əhmədova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, universitet rektorları və digər ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər. Tədbirdə çıxış edən hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycanın təhsili bu gün yeni inkişaf mərhələsinə çatıb. Azərbaycanda çoxtəhsilli, müasir dünyanın fəal üzvünə çevriləcək gənclərin formalaşdığını deyən Əli Əhmədov bildirib ki, burada Azərbaycan məktəblərinin böyük rolu var: “Məhz bu zəmində Azərbaycan təhsilinin öyrənilməsinə, tarixinin araşdırılmasına ehtiyac var. Çünki tarixin əhəmiyyətli hissəsi olan təhsil tarixinin araşdırılması sahəsində müəyyən boşluqlar var. Azərbaycanda ən az tədqiq olunan sahə təhsil sahəsidir. Bu sahədə ciddi araşdırmaların aparılmasına ehtiyac duyulur”. M.Mərdanovun müəllifliyi ilə hazırlanan kitaba yüksək qiymət verən Ə.Əhmədov bildirib ki, bu vəsaitlər sadəcə bir tədqiqatçının araşdırmaları deyil, bu ən təcrübəli təhsil idarəedicisinin təhsilə verdiyi qiymətdir”. Milli Məclisin vitse-spikeri Bahar Muradova bu tədqiqatın aparılmasının tarixə, varisliyə və müasirliyə əsaslandığını söyləyib: “Azərbaycan təhsilinin tarixi ilk dəfədir ki, bu cür əhatəli və sistemli şəkildə oxuculara təqdim olunur. Görkəmli maarif fədailərinin, mütəfəkkirlərin və pedaqoqların həyatı, onların xalqın maariflənməsi yolunda qeyri-bərabər mübarizədə göstərdikləri dözüm, cəsarət haqqında qısa oçerklər bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir”. Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, müəllifi olduğu kitab 3 cilddədir və kitabların hazırlanmasına ümummilli lider Heydər Əliyevin tapşırığı ilə başlanılıb: “Mən 10 il ərzində bu kitabların üzərində işləmişəm. Prezidentin razılığı və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə həmin kitabların təqdimatına toplaşmışıq. Kitabın 3 cildi hazırdır, 4-cü cildi isə artıq mətbəədə yığılır. Kitabın birinci cildində 1920-ci ilədək Azərbaycanın təhsil tarixi ilə bağlı məlumatlar əks olunub. Kitabın ikinci cildi sovet dövründəki təhsil tarixi ilə bağlıdır. Kitabın üçüncü cildində isə Azərbaycanın müstəqillik illərində ölkəmizin təhsil tarixi, keçdiyi yollar, görülən işlər barədə geniş məlumatlar verilib. Təəssüf ki, I cild digərlərindən az səhifəli və az məlumatlıdır. Çünki arxivdə o qədər də ciddi məlumatlar tapa bilmədik. Əgər gələcəkdə bizim və digər naşirlərin, yaxud müəlliflərin imkanı olarsa, daha geniş tədqiqat apara bilərlər”. M.Mərdanovun sözlərinə görə, “Təhsil” nəşriyyatı tərəfindən çap olunan çoxcildlik Azərbaycan təhsilinin çətin və şərəfli inkişaf yolunu əks etdirən salnamə kimi səciyyələndirilə bilər. “Azərbaycanın təhsil tarixi” çoxcildliyi böyüməkdə olan nəslin təhsil və tərbiyəsi ilə bağlı xalqın min illər boyu yaratdığı , zamanın, tarixin yaddaşına həkk etdiyi, milli-mənəvi dəyərlərə çevrilmiş sərvətin böyük bir hissəsini özündə ehtiva edir: “Otuz ildir ki, təhsilin təşkili və idarə olunması sahəsində çalışıram. Bu şərəfli yolda addım-addım irəlilədikcə, təhsilimizin istinad etdiyi mənəvi dəyərlərə və prinsiplərə daha dərindən bələd olduqda, məndə Azərbaycanın təhsil tarixini yazmaq arzusu yarandı. Yaxşı yadımdadır, 1998-ci ildə müəllimlərin növbəti qurultayı üçün məruzə hazırlayarkən araşdırdığım materiallardan mənə aydın oldu ki, 1925-ci ildə keçirilən və Ümum Azərbaycan müəllimlərinin birinci qurultayı adlanan qurultay heç də bu sahədə ilk təcrübə deyil. Sovet hakimiyyəti qurulana qədər Azərbaycan müəllimlərinin taleyüklü qərar və qətnamələr qəbul etmiş üç qurultayı keçirilmişdir. Amma sovet rejiminə sadiq olan məmurlar, hətta bu sahənin tədqiqatçıları belə həmin qurultaylar haqqında heç nə yazmamağı, susmağı üstün tutmuşlar. Azərbaycanın təhsil tarixində belə qaranlıq məqamların olması hələ o vaxt məndə dərin təəssüf hissi oyatdı və bu, xalqımızın təhsil tarixi ilə bağlı həqiqətləri üzə çıxarmaq üçün bir təkan oldu. Ulu öndər Heydər Əliyevin ziyalılara müraciətdə dediyi: “Azərbaycanın təhsili, məktəbləri sona çatan XX əsrdə çox böyük nailiyyətlər əldə edib. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir şəxsləri, maarifçiləri, ziyalıları, müəllimləri xalqımızı savadsızlıqdan, ətalətdən çıxarmaq, maarifləndirmək, təhsili inkişaf etdirmək üçün çox işlər görmüşlər. Əgər Azərbaycanın təhsil tarixi yazılsa, şübhəsiz ki, hər mərhələdə görülən işlər orada əksini tapacaq və öz qiymətini alacaqdır” – sözləri isə arzumun gerçəkləşməsinə əlavə stimul verdi. Elə o vaxtdan mütəxəssislərlə məsləhətləşib kitab üzərində işləməyə başladım və buna hər şeydən əvvəl dövlətin təhsil siyasətini həyata keçirən bir şəxs kimi öz vəzifə borcum hesab etdim. Təhsil sahəsindəki çoxillik fəaliyyətim zamanı onu da yəqin etmişəm ki, milli təhsil quruculuğunda tarixilik, varislik, müasirlik prinsipinə əsaslanmaqla, yəni ötən əsrlərdə xalqımızın təhsil sahəsində malik olduğu zəngin irsi, maarifçi ziyalıların və görkəmli şəxsiyyətlərin mütərəqqi ideya, fikirlərini öyrənməklə, onlardan müasir dövrün tələblərinə uyğun bəhrələnməklə böyük nailiyyətlər qazanmaq mümkündür. Ona görə də biz, ilkin olaraq təhsil tariximizi, xalqımızın təlim və tərbiyə təcrübəsini mükəmməl öyrənməli, milli qaynaqları üzə çıxarmalıyıq”. M.Mərdanov vurğulayıb ki, təhsil sahəsində aparılan hər bir yeniləşmə və təkmilləşmə, ilk növbədə milli zəmin üzərində qurulmalıdır. Bununla yanaşı, təhsildə köklü məzmun islahatları apararkən yalnız öz bilik və təcrübəmizə deyil, həm də bəşəriyyətin yaratdığı təcrübəyə, dünyagörüşünə, həyat fəlsəfəsinə söykənməliyik. Çünki milli-ənənəvi təcrübə ümumbəşəri təcrübə ilə inteqrasiyada müasirlik mahiyyəti daşıya bilər. Bəşəriyyətin təcrübəsi zəngin mənəviyyat xəzinəsidir. Həmin xəzinənin qiymətli bir hissəsini Azərbaycan türklərinin ta qədimdən bu günə qədər təhsil və tərbiyə sahəsində yaratdığı nəzəriyyə, konsepsiyalar, eləcə də onların əməli fəaliyyətləri təşkil edir. Bunların öyrənilməsi və milli təhsil quruculuğuna gətirilməsi önəmli bir vəzifə kimi qarşımızda dururdu: “Bu gün çoxillik zəhmətimin, yuxusuz gecələrimin bəhrəsi olan “Azərbaycanın təhsil tarixi” nin nəşr sevincini sizinlə bölüşməkdən məmnunluq hissi keçirirəm. Bu tarix mənim təhsil naziri kimi Azərbaycan təhsili ilə bağlı istək və arzularımın böyük bir hissəsinin aynasıdır. Onu yazarkən çalışmışam ki, Azərbaycan təhsil tarixinin şərəfli keçmişini, bugünkü nailiyyətlərini aydın göstərim. Qoy hər bir vətəndaş ötən əsrlərdə ziyalılarımızın necə çətinliklərlə qarşılaşdığını, millətin balalarını təhsilə cəlb etmək üçün hansı məhrumiyyətlərə dözdüyünü bilsin”. M.Mərdanovun sözlərinə əsasən, kitabın ilk fəslinin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyəti illərində Azərbaycanda ümumi orta təhsilin inkişaf istiqamətlərinin təhlilinə həsr olunub. Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə geniş məktəb quruculuğu işləri aparıldı. 1970-1980-cı illərdə 683,1 min şagird yerlik 1191 ümumtəhsil məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki göstəricilərdən iki dəfə çox idi: “Kitabın üçüncü fəsli Azərbaycanda internat tipli təhsil müəssisələrinin, xüsusi məktəblərin təşəkkülündən və inkişafından bəhs edir. “Azərbaycanın təhsil tarixi” adlı kitabın dördüncü fəsli orta ixtisas təhsilinin sovet hakimiyyəti illərindəki inkişaf mərhələlərindən bəhs edir. Qori Müəllimlər Seminariyasının ənənələrini Azərbaycanda yaşadanların taleyinə və pedaqoji fəaliyyətlərinə işıq salınır. Qazax, Nuxa, Bakı və Gəncədə fəaliyyət göstərən, tədrisin milli dildə aparıldığı ilk pedaqoji seminariyaların işindən, onların müəllim kadrlarının hazırlığındakı rolundan danışılır. Kitabda Naxçıvan Müəllimlər Seminariyası, Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Texnikumu, Bakı Məktəbəqədər Pedaqoji Texnikumu, Şuşu Maarif Texnikumu, İncəsənət təmayüllü orta ixtisas məktəbləri, Teatr Texnikumu, Xoreoqrafiya məktəblərinin hər biri haqqında ayrıca oçerk verilib. Orta ixtisas təhsilinin idarə olunması ilə bağlı dövlət qərar və sərəncamları da diqqətdən kənarda qalmamışdır. Belə qərarlardan biri də 50-ci illərin sonuna təsadüf edir. 1959-cu ilin iyununda SSRİ Nazirlər Soveti “SSRİ-nin ali və orta ixtisas təhsili müəssisələrinə rəhbərliyin yenidən qurulması haqqında” qərar qəbul etdi. Azərbaycan SSRİ Nazirlər Sovetinin həmin qərara uyğun olaraq, verdiyi digər bir qərarla Azərbaycan Ali və Orta İxtisas Təhsili Komitəsi yaradıldı. 10 ali və 48 orta ixtisas müəssisəsi həmin Komitənin tabeliyinə verildi. 1962-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Komitəsi Nazirliyə çevrildi. Həmin vaxtdan etibarən Azərbaycan Ali və Orta İxtisas Təhsili Komitəsi də nazirlik adlandırıldı. Bu fəsildə sənaye, kənd təsərrüfatı və tibb kadrları hazırlayan orta ixtisas məktəblərinin onilliklər üzrə inkişaf dinamikası və həmin məktəblərdə digər müttəfiq respublikalar, xarici ölkələr üçün kadr hazırlığı ilə bağlı kifayət qədər ətraflı məlumat verməyə çalışmışam”. Nazir qeyd edib ki, kitablar Azərbaycanın bütün kitabxanalarına, o cümlədən ali və orta məktəblərin kitabxanalarına göndərilib və bu iş davam etdirilir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın fikrincə, “Azərbaycan təhsil tarixi” adlı 3 cildlik fundamental tədqiqat əsəri təhsil tariximizlə bağlı elmi araşdırmaların uğurlu nəticəsi və bu sahədə mühüm nailiyyət kimi qəbul edilməlidir. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, bu dəyərli elmi əsər təhsil tariximizin şanlı salnaməsi hesab oluna bilər: “Əsərdə bütövlükdə şərq tarixinin, türkdilli xalqların tarixinin, müsəlman ölkələri tarixinin, ədəbiyyatının, mədəniyyətinin, elminin ən maraqlı məqamları vəhdətdə verildiyindən daha böyük əhəmiyyət kəsb edir”. Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla və digər çıxış edənlər də “Azərbaycan təhsil tarixi” haqqında fikirlərini bölüşüblər.
Sevinc QARAYEVA


Bu yazı ( 129 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar