12px14px16px18px

BSU-da “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

01:49 / 03.05.2012
Dünən Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və İctimai elmlər bölməsi və BSU-nun birgə təşkilatçılığı ilə “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda III Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş elmi konfransda 11 ölkədən – Türkiyə, Rusiya, Ukraniya, Almaniya, Çexiya, Litva, Misir, Yunanıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Polşa və İrandan 46 qonaq, eləcə də AMEA-nın müxtəlif institutlarının, ölkənin ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev H.Əliyevin ruhuna layiq şəkildə öz işinə başlayan konfransı Azərbaycanın elmi mühiti üçün çox önəmli bir hadisə adlandırdı. Rektor konfransa gələnlərin Heydər Əliyevin işığına toplaşdığını vurğulayıb.
Təhsil naziri Misir Mərdanovun təbriklərini konfrans iştirakçılarına çatdıran nazir müavini Qulu Novruzov “elm bayramı” adlandırdığı konfransı Azərbaycan təhsilinin böyük uğuru, beynəlxalq əməkdaşlıq nümunəsi kimi dəyərləndirib: “Xarici qonaqlar Azərbaycanın təhsil sistemi, elm adamları, tarixi və mədəniyyəti ilə yaxından tanış olacaq ki, bu da ölkə həqiqətlərinin dünyaya yayılmasında çox önəmlidir”.
Nəsimi rayon İcra hakimiyyətinin başçısı Nəsib Məhəmməliyev Ümummilli liderimizin müstəqil Azərbaycanın inkişafına töhfələrindən danışıb. O vurğulayıb ki, Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq ideologiyası Azərbaycanın tərkibindəki bütün xalqların, eləcə də xaricdə yaşayan azərbaycanlıların daha möhkəm birləşməsinə şərait yaratdı. “H.Əliyev Azərbaycan tarixinin əvəzolunmaz və fenomen şəxsiyyətidir. Bu gün təşkil olunmuş elmi konfrans da bunun bariz nümunəsidir”.
Daha sonra konfransda Yunanıstanın Azərbaycandakı səfiri İ.Metaksas, Ukrayna Respublikasının Azərbaycandakı səfiri A.P.Mişenko, Moskva Dövlət Linqivistik Universitetinin professoru A.P.Bondarev, Türkiyənin Balıkesir Universitetinin professoru A.Duymaz, AMEA-nın Şərqşünaslıq İnstitunun direktoru, professor G.B.Baxşəliyeva, Dağıstan Dövlət Universitetinin professoru N.N.Qarunova, Çex Respublikası Çarles Universitetinin professoru Tomas Lane, Tbilisi Dövlət Universitetinin professoru D.Z.Qotsiridze, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun direktoru, professor İ.R.Məmmədzadə, Qazaxıstan Milli Texniki Universitetinin professoru K.Beqalinova, Litva Edukologiya Universitetinin professoru V.Kavalyaskas, Uzaq Şərq Dövlət Humanitar Universitetinin professoru V.Mehdiyev çıxış etdilər.
Tbilisi Dövlət Universitetinin professoru D.Z.Qotsiridze gələn il Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda növbəti Beynəlxalq Elmi Konfransın Gürcüstanda keçirilməsini təklif edib. H.Əliyevi müasir Azərbaycanın qurucusu kimi qiymətləndirdilər və H.Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş III Beynəlxalq Elmi Konfransın Azərbaycan həqiqətlərinin yayılmasında önəmini vurğulayıblar.
Konfrans çərçivəsində Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmaları, Rusiya, Polşa, Ukrayna, Yunan Mədəniyyət Mərkəzlərində bölmə iclasları oldu. Yazıçı B.T.Yevseyevin BSU-nun filologiya fakültəsinin tələbələri üçün “Müasir rus novellasının janrları” mövzusunda ustad dərsi keçirilib.
BSU-nun “Tərcümə problemləri” elmi-tədqiqat laboratoriyasında həyata keçirilən “Filoloqun kitabxanası-100” layihəsi çərçivəsində Rusiyanın tanınmış tənqidçi, yazıçı, publisist və ədəbiyyatşünası L.A.Aninskinin Azərbaycan dilinə tərcümə olunmuş “Ceviz ləpəsi” kitabının təqdimatı tələbələrin böyük marağına səbəb oldu. Professor M.Qocayev və yazıçı E.Başkeçidin tərcümə etdikləri kitabı iştirakçılara yazıçı B.T.Yevseyev təqdim edib.
Qeyd edək ki, mayın 5-ə kimi davam edəcək konfrans çərçivəsində bir sıra elmi məruzələr dinləniləcək, qonaqlar Bakının, eləcə də Şamaxının görməli yerlərində olacaqlar.
S.QARAYEVA



Bu yazı ( 170 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar