12px14px16px18px

"Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" Şəkidə müzakirə edilib

12:01 / 02.05.2012
Dünən Şəkidəki R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirilib.
Konfransda təhsil naziri Misir Mərdanov, Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Təhsil Nazirliyinin nümayəndələri, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayon təhsil şöbələrinin müdirləri, metodistlər, məktəb direktorları və digər şəxslər iştirak ediblər.
Öncə 10 nömrəli tam orta məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra təhsil naziri Misir Mərdanov riyaziyyat müəllimləri Almaz Əsədovanın III, Səbuhi Qurbanovun IX sinifdə apardıqları "açıq dərs"lərdə iştirak edib.
Konfransı giriş sözü ilə açan Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayaraq elmi-praktik konfransın Şəkidə keçirilməsindən məmnunluğunu ifadə edib. Şəkinin milli-mənəvi dəyərlərindən söz açan E.Usubov şəhərin qədim mədəniyyət mərkəzlərindən biri olduğunu, hələ XIX əsrdən burada qəza və rus məktəblərinin fəaliyyət göstərdiyini nəzərə çatdırıb. İcra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Şəkidə 20 yeni məktəb binasının tikildiyi, 3 məktəbin isə əsaslı təmir olunduğu barədə məlumat verib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə dinlədiyi "açıq dərs"lərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Hər iki müəllimin peşəkarlığına diqqət çəkən nazir regionlarda təhsilin sürətlə inkişaf etdiyini söyləyib.
Son illər Şəkidə müşahidə olunan dinamik inkişafdan söz açan təhsil naziri ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. M.Mərdanov regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədi ilə qəbul olunan Dövlət Proqramının əhəmiyyəti və proqram çərçivəsində görülən işlər barədə fikirlərini bildirib.
Bölgələrdə belə tədbirlərin keçirilməsinin vacibliyini önə çəkən nazir konfransın əhatə etdiyi 6 rayonun təhsil göstəriciləri haqqında müvafiq statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb.
S.QARAYEVA



Bu yazı ( 59 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar