12px14px16px18px

Şuşanın işğalının 20 illiyini YAP Gənclər Birliyi xüsusi aksiya ilə yad edəcək

00:40 / 01.05.2012
Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi yeni bir aksiyaya start verib. Birlikdən verilən məlumata görə, aksiya çərçivəsində ingilis dilində hazırlanan müraciət dünyanın müxtəlif dövlətlərinin parlamentarlarına, rəsmi şəxslərinə, beynəlxalq təşkilatlara və bu təşkilatların ayrı-ayrı nümayəndəliklərinə elektron poçt vasitəsilə göndəriləcək. Aksiya YAP GB ofisinin Bilgisayar Mərkəzində mayın 8-dək davam etdiriləcək. Birliyin Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar müraciətində şəhər və onun işğalı barədə məlumat verilir: “20 il öncə qədim Azərbaycan torpağı Qarabağın incisi olan Şuşa adlı bir şəhər vardı. Bu şəhər dünyanın mədəni irsi kimi qorunan muğam sənətinin, Qarabağ xalçalarının, mədəniyyətin beşiyi olub. Şuşanın muzeylərində bəşər tarixinin daş dövrü, kitabxanalarında dünya ədəbiyyatı inciləri, qalalarında Azərbaycan xalqının qəhrəmanlıq tarixi qorunurdu. Bizim ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa 20 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında məhv edildi. Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri 1992-ci il may ayının 8-də Şuşa şəhəri əhalisinə divan tutdu. Tarixi abidələr uçuruldu, muzeylər, kitabxanalar yandırıldı, heykəllər sanki canlı imiş kimi güllələndi. Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri erməni vandalizminin qurbanı oldu. Şuşanın dinc sakinlərindən yüzlərlə insan öldürüldü, ağır yaralandı, əsir və girov götürüldü. Azərbaycanın mədəniyyət beşiyi Şuşa 20 ildir ki, erməni hərbçilərinin işğalı altındadır. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqlar bu günə qədər heç bir nəticə verməyib. Vaxt ötdükcə erməni işğalçılarının nəzarətində olan Şuşa şəhəri də digər işğal olunmuş ətraf ərazilər kimi amansız istismara və dağıntılara məruz qoyulur. Bu ərazilərdən ermənilər qanunsuz silah və narkotik ticarəti üçün geniş istifadə edirlər. Nəticədə işğal altında olan bu ərazilər təkcə ölkə və region üçün deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın qorunması yolunda böyük təhlükə mənbəyinə çevrilir. Biz gənc olaraq BMT, AŞ, Aİ, İƏT və digər nüfuzlu təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq Sizə müraciət edirik. İnanırıq ki, Siz vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və Şuşa şəhərinin erməni silahlı qüvvələrinin işğalından tezliklə azad olunması üçün öz qətiyyətli mövqeyinizi ortaya qoyacaqsınız. Bu münaqişənin tezliklə həll edilməsi, minlərlə insanın öz doğma torpaqlarına geri dönməsi naminə əlinizdən gələni əsirgəməyəcəksiniz. Biz Yeni Azərbaycan Partiyasının gəncləri olaraq Sizə güvənir və ədalətin tezliklə zəfər çalacağına böyük ümidlər bəsləyirik” – deyə müraciətdə bildirilir.
S.QARAYEVA



Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar