12px14px16px18px

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək

12:06 / 27.04.2012
2012-ci il mayın 2-də saat 10:30-da Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda III beynəlxalq elmi konfransın açılışı olacaq. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan bu konfrans AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Konfransın işinə Rusiya, Ukrayna, Belarusiya, Türkiyə, Çexiya, Qazaxıstan, Almaniya, Gürcüstan, Litva, İran, Misir, Polşa olmaqla dünyanın 12 ölkəsindən elm xadimlərinin qatılması nəzərdə tutulub. 48-i xarici ölkə nümayəndəsi olmaqla 200-dən çox mütəxəssis konfransda təmsil olunmaq üçün məqalə göndərib. Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq: 1) Heydər Əliyev və azərbaycançılıq ideyası; 2) Dilçiliyin aktual problemləri; 3) Ədəbiyyatşünaslığın aktual problemləri; 4) Fəlsəfə və mədəniyyətşünaslığın aktual problemləri; 5) Beynəlxalq münasibətlər; 6) Tarix, iqtisadiyyat və hüquq. May ayının 2-də konfrans çərçivəsində müasir rus yazıçısı B.T.Yevseyevin BSU-nun Filologiya fakültəsinin tələbələri üçün ustad dərsləri və Rusiyanın tanınmış tənqidçi, yazıçı, publisist və ədəbiyyatşünası L.A.Aninskinin Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat laboratoriyasında həyata keçirilən “Filoloqun kitabxanası-100” layihəsi çərçivəsində tərcümə olunmuş “Ceviz ləpəsi” kitabının təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. 3-ə may tarixində konfrans öz işini Novxanı qəsəbəsində yerləşən “Akva-Park” otelində davam edəcək. Həmçinin konfransa xaricdən qatılmış qonaqların 4 may tarixində Şamaxı şəhərinə səfəri və Şamaxıda yerləşən Heydər Əliyev Muzeyi, Diyarşünaslıq muzeyi, M.Ə.Sabirin ev muzeyi, Astrofizika Rəsədxanası və başqa görməli yerlərlə tanışlığı proqrama daxil edilib. Açılış mərasimində dünyanın və Azərbaycanın bır sıra nüfuzlu alimlərinin, Bakıdakı diplomatik korpus nümayəndələrinin, o cümlədən dövlət xadimlərinin iştirakı gözlənilir. Konfransın bağlanışı 5 may 2012-ci ildə saat 11.00-da AMEA-nın Rəyasət Heyətinin akt zalında baş tutacaq. S.QARAYEVA



Bu yazı ( 71 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar