12px14px16px18px

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları açıqlanıb

14:01 / 08.03.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını açıqlayıb. Dünən TQDK-da keçirdiyi mətbuat konfransında qəbul qaydaları haqqında məlumat verən Komissiya sədri Məleykə Abbaszadə deyib ki, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər. M.Abbaszadənin sözlərinə görə, bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil ediləcək. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından istifadə ediləcək. Həmçinin o qeyd edib ki, bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT və XH alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə Ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, tarixdə 2, riyaziyyat, ədəbiyyat və xarici dil fənlərinin hər birində 1 bal nəzərə alınacaq. M.Abbaszadə bildirib ki, 2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə tələbə qəbulu elan edilib. Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Müdafiə Nazirliyinin Ali Hərbi Məktəblərinə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Onun dediyinə görə, I mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənnlərdən TQDK tərəfindən keçirən test imtahanını verməlidir: “2012-2013-cü tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə ərizə və sənədlərin qəbulu martın 1-dən aprelin 10-dək aparılacaq. Ali Hərbi məktəblərə qəbul olmaq istəyən kursantlar aprelin 1-dən mayın 30-dək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər”. Həmçinin M. Abbaszadə əlavə edib ki, Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin hərbi həkim işi ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər. Tibb Universitetinin Hərbi Tibb Məktəbinə feldşer ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi tibb fakültəsi rəisinin adına ərizə təqdim etməlidirlər. Müdafiə Nazirliyinin hərbi litseylərinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi lisey rəisinin adına ərizə ilə müraciət etməlidir. M.Abbaszadə onu da bildirib ki, bu il magistraturaya sənəd qəbulu zamanı ilk dəfə olaraq yalnız bir nəfər elektron imza ilə sənəd verib. Həmin şəxs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin işçisidir: “Elektron imzalar indi fərdi şəxslərə 20-30 manata verilir. İmtahanda iştirak etmək üçün isə abituriyentlər 2 manat rüsum ödəyirlər. 2 manat rüsum ödəyən abituriyentə biz deyə bilmərik ki, 30 manata elektron imza alsın”. M. Abbaszadə ali məktəblərin bakalavriat və magistratura pillələrinə qəbul olmaq istəyənlərlə bağlı sənəd qəbulu üçün elektron imzaların fərqli tariflər verilməsi təklifi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət olunduğunu deyib. TQDK sədri hazırda bu layihə üzərində iş getdiyini deyib və qeyd edib ki, nazirliyin mərkəzləri də elektron imzaların kütləvi istifadəsinə hələ hazır deyil: “Ali məktəblərə qəbul zamanı da elektron imzası olanlar ondan istifadə edə bilərlər. Amma elektron imzaların sənəd qəbulu zamanı tətbiqi məcburi deyil. Çünki hələ elektron imzaların qiymətləri yüksəkdir. Amma kim elektron imza alıbsa, onu istifadə edə biləcək. Biz bu işə texniki cəhətdən hazırıq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mərkəzləri elektron imzaların kütləvi istifadəsinə hələ hazır deyillər”.
İlk sınaq imtahanları aprel ayında başlanacaq. “Abituriyent” jurnalının birinci sayında sınaq üçün model testlər verilib.
TQDK sədri vurğulayıb ki, məzunlar sınaq imtahanlarına həmin testlər vasitəsilə hazırlaşa bilərlər. O qeyd edib ki, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar bu il keçiriləcək imtahanların tarixləri müsabiqə ilə uyğunlaşdırılacaq. Yəni kütləvi tədbirlər olan günlər imtahanlar keçirilməyəcək. M.Abbaszadə bildirdi ki, sınaq imtahanlarının keçirilmə vaxtları ilə bağlı dəqiq cədvəl gələn həftə təsdiqlənəcək.
Onun sözlərinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Abituriyent” jurnalının birinci sayı nəşr olunub. Jurnalda 2012-2013-cü tədris ili respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta-ixtisas təhsil müəssisələrinə qəbul qaydaları və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramları verilib. Hər bir abituriyent tələbə qəbulunun hüququ əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan sənədlərlə diqqətlə tanış olub, öz işini onun tələblərinə uyğun qura bilər. Jurnalın bu sayında yeni test modelləri də dərc olunub. Abituriyent testləri vasitəsilə öz səviyyəsini yoxlaya və növbəti bölmədə həmin test tapşırıqlarının düzgün cavabları və balların hesablanması qaydasını öyrənə bilər.
Sevinc QARAYEVA



Bu yazı ( 239 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar