12px14px16px18px

Bakıda Gənclər evlərinin inşası layihəsinin təqdimatı olub

13:52 / 08.03.2012
Dünən Bakıda “Gənclər evləri gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsi üçün platformadır” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, Avropa Birliyi və UNİCEF Gənclər Təşkilatının Milli Şurası (NAYORA) ilə əməkdaşlıq edərək gənclərin ətraf mühitlə bağlı biliklərinin artırılması, onların təbii sərvətlərin müdafiəsi və idarə olunmasında fəaliyyətlərini gücləndirmək üçün səylərini birləşdirir. O deyib ki, layihə çərçivəsində gənclər evlərindən gənclər üçün qovşaq qismində istifadə ediləcək. Layihə 5 rayonu əhatə edəcək.
Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ronalq Kobia isə deyib ki, AB birlik daxilində və xaricində ətraf mühitin qorunmasına fəal şəkildə cəlb olunub. Onun sözlərinə görə, AB ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində ekoloji sahədə 6 layihə həyata keçirilir. Azərbaycanda ekologiya sahəsində siyasi idarəetməyə böyük əhəmiyyət verildiyini söyləyən R. Kobia qeyd edib ki, bələdiyyə və icmaların da ekologiya sahəsində görülən işlərə cəlb edilməsi vacibdir.
Gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev isə Azərbaycanda gənclər evlərinin tikintisinin davam etdiriləcəyini bəyan edib. Onun sözlərinə görə, 15 gənclər evinin tikintisi nəzərdə tutulur ki, onlardan 5-i Bakının rayonlarında, 10-u isə bölgələrdə inşa ediləcək. İ. Babayev gənclər evlərinin bütün gənclər təşkilatları üçün açıq elan edildiyini deyib.
S.QARAYEVA




Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar